PDF Oxu

MİA

  • 34 714

Azad sahibkarlıq hüququ

image

Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etməklə demokratik xarakterli ilk konstitusiyasını qəbul etmiş və bununla da cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı islahatların aparılmasına başlanılmışdır. Məhz həmin islahatlar nəticəsində mülkiyyətin müxtəlif formaları içərisində xüsusi mülkiyyətin çəkisi artmış, xüsusi mülkiyyətçilər təbəqəsi təşəkkül tapmış və ilkin kapital yığımı prosesi yüksək sürətlə getməkdədir. 1995-ci ildən başlanmış hüquqi islahatlar nəticəsində həyati əhəmiyyətli çoxsaylı qanunvericilik aktları qəbul olunmuş və qüvvəyə minmişdir. Həmin qanunvericilik aktlarında demokratik və hüquqi dövlət prinsipləri ümumiləşdirilmiş və onlar beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Eyni zamanda, həmin qanunvericilik aktlarında Avropa dövlətlərinin təcrübəsi nəzərə alınmış və onlara bir sıra yeni institutlar daxil edilmişdir. Həmin institutlardan biri isə sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində azad sahibkarlıq hüququ haqqında aşağıdakılar göstərilmişdir: "Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər."

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə, aşağıdakı hüquqlara malikdir:

İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

Dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının və əmlak hüquqlarını qanunvericiliyə müvafiq olaraq tamamilə və ya qismən əldə etmək;

Başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

İşçiləri isə qəbul etmək və qanunvericiliyə müvafiq olaraq onları işdən azad etmək;İşçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

Təsərrüfat-maliyyə fəaliyyətini müstəsna həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehsalçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

Öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tarixlər) müəyyənləşdirmək;Pul vəsaitinin saxlanılması, hesablanma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək.Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfətin bölüşdürülməsi qaydasını bağlaşmaya müvafiq müəyyən etmək;

Məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək (vergi və sosial ayırmaları verəndən sonra);

Dövlət sosial təminatlı sistemindən istifadə etmək;

Hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

Xarici iqtisadi münasibətlərdə iştirak etmək və valyuta əməliyyatları aparmaq;

İcitmai fondlara, səhiyyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlər, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

Həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək;

Dövlət sığorta fonduna, habelə, işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

Qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək.

Sahibkarın əmlak məsuliyyəti.

Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilməsi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır.

Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.

Sahibkarlığın dövlət tərəfindən hüquqi tənzimlənməsi və dövlət nəzarəti

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq düzəlişlər sistemini müəyyənləşdirir.

Dövlət sahibkalığa kömək məqsədilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikasının Milli Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir. Vergi, antiinhisar, sanitariya, ekologiya və s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər - qanunçuluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə, dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir. Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sahibkardan əsassız olaraq məcburi surətdə vergi və digər ödəmələr tutularsa və ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır və ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.

Sahibkarlıq hüquqlarının hüquqi nizamlanması

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər - qanunçuluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından açılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə, dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir.

Sahibkarlıq fəaliyyətinin dayandırılması və xitamı

Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.

Sahibkar vəfat etdikdə, onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

* bağlaşmanın müddəti başa çatdıqda;

* tərəflərin qarşılıqlı razılığı ilə;

* məhkəmənin qərarı ilə;

* bağlaşmada və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Hər kəsin sahibkarlıq sahəsində iqtisadi fəaliyyəti onun şəxsi azadlığının təzahürü kimi xarakterizə edilir və azad iqtisadi fəaliyyət prinsipi inkişaf etdirilir.

Sahibkarlıq fəaliyyəti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Azərbaycan Respublikasında Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin huquqi müdafiəsi istiqamətində böyük işlər görülmüşdür. Son illərdə də sahibkarların dövlətin iqtisadi və sosial təhlükəsizliyi modelində yeri və rolu nəzərdən qaçırılmamış və bu istiqamətdə radikal xarakterli tədbirlər həyata keçirilmişdir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru