PDF Oxu

MİA

  • 2 388

Həyatdan məhrumetmədə istisnalar

image

Məhkəmə öz qərarında, həmçinin, ərizəçinin saxlandığı həbsxanada ölüm cəzasına məhkum edilənlərin saxlanma şəraitini qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan qadağanın (Konvensiyanın 3-cü maddəsi) pozuntusu kimi müəyyən etməklə kifayətləndi.

7-ci maddəyə əsasən, cinayətə görə cəza təyin edilən anda verilməlidir. Bundan başqa, 14-cü maddəyə görə, ölüm hökmü çıxarılarkən və icra edilərkən və ya əfv barədə qərar qəbul edilərkən, heç bir ayrı-seçkiliyə yol verilməməlidir.

Nəhayət, 2-ci maddə dolayısı ilə Konvensiyanın 8-ci maddəsi ilə - məsələn abort və evtanaziya ilə əlaqədar şəxsi həyatla bağlı işlərin kontekstində - əlaqədardır. Bu cür işlər belə bir sual doğurur ki, 2-ci maddənin mənası baxımından həyat nə zaman başlayır və nə zaman qurtarır.

Təminat verilən hüquq və azadlıqların çoxu barəsində olduğu kimi, 2-ci maddəyə əsasən yol verilən istisnalar hüqunun və ya azadlığın qeyri-məhdud müddətini nəzərdə tutmur. Başqa sözlə, Konvensiya yaşamaq hüququnu həmişə və bütün hallarda müdafiə etmir. Doğrudan da, hüquqa uyğun hərbi əməliyyatlar nəticəsində və ya müharibə ilə bağlı ölüm cəzaları nəticəsində həyatdan məhrumetmə istisna olunmaqla (Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndi və Protokolun 3-cü maddəsi), dövlət 2-ci maddənin və 6 saylı Protokolun müddəalarından (ölüm cəzasının ləğvi haqqında), heç vaxt geri çəkilməməlidir. Bu hal da, şəxsin dövlət orqanı tərəfindən həyatdan məhrum edilməsinə yol verən situasiyaların və şərtlərin olduğunu təsdiq edir.

Müxtəlif növ dörd situasiya sadalanır ki, bu zaman həyatdan məhrum etməyə yaşamaq hüququnu pozma kimi baxılmır. Bunlardan birincisi 1-ci bəndin ikinci cümləsində, qalan üçünü isə 2-ci bənddə tapmaq olar. Bu bənddə, həmin müddəaların bilərəkdən və ya bilmədən həyatdan məhrumetməni, yaxud bunların ikisini əhatə etməsi barədə dəqiq göstəriş yoxdur.

2-ci maddənin 2-ci bəndində deyilir:

Həyatdan məhrumetmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, maddənin pozulması hesab edilmir:

a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmaşının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.

Konvensiya qeyd etdi ki, həyatdan məhrumetmənin bilərəkdən və ya bilmədən baş verməsindən asılı olmayaraq, 2-ci bənd ehtiyac olmadan hakimiyyət orqanları tərəfindən həyatdan məhrumetməyə gətirib çıxaran qüvvə tətbiqini qadağan edir. Hər hansı başqa şərh, çətin ki, Konvensiyanın predmetinə və məqsədinə, yaxud yaşamaq hüququnu müdafiə etmək üzrə ümumi öhdəliyin dəqiq şərhinə uyğun olsun.

2-ci maddənin mətni ümumən 2-ci bənd, ilk növbədə fərdi qəsdən öldürməyə icazə verilən situasiyaları yox, zor tətbiq etməyə icazə verilən elə situasiyaları müəyyən edir ki, bu, qəsd olmadan həyatdan məhrumetməyə səbəb ola bilər. Bu cür zor tətbiq etmə 2-ci maddənin 2-ci bəndinin "a" - "c" yarımbəndlərində qeyd edilən məqsədlər üçün tam zəruri olmalıdır. Zor tətbiq etmə, qarşıya qoyulan qanuni məqsədə ciddi surətdə mütənasib olmalıdır. Mütənasiblik, güdülən məqsədin və bu cür şəraitdə həyat üçün yaranan təhlükənin xarakteri, həmçinin zor tətbiqinin həyatdan məhrumetməyə gətirib çıxarmasilə bağlı risk nəzərə alınmaqla, qiymətləndirilməlidir. 2-ci maddənin 2-ci bəndindəki "zərurət" sözünün "mütləq" sözü ilə məhdudlaşdırılması ondan xəbər verir ki, zərurilik meyarına daha ciddi yanaşmaq lazımdır.

Makken və başqalarının işində məhkəmə hökumət orqanlarının hərəkətlərinə həmin ciddi standartların işığında yanaşdı. Sözügedən halda, hərbi qulluqçular Böyük Britaniyanın Cəbəlüttariqdəki təhlükəsizlik qüvvələrinin tərkibinə verilən hərbi qulluqçular İrlandiya Respublikaçılar Ordusunun fəaliyyətdə olan bölmənin üç hərbi qulluqçusunu güllələmişdilər. Öldürülənlərdən biri partlayıcı maddələr üzrə mütəxəssis, başqaları isə, əvvəllər bombaların tətbiqilə bağlı hüquq pozuntularına görə məhkum edilmiş şəxslər idi. Qətl zamanı Böyük Britaniyanın bu rayondakı hakimiyyət orqanları bilirdilər ki, Cəbəlüttariqdə terror hücumu baş verəcəkdir.

Beləliklə, hakimiyyət orqanları Cəbəlüttariqdəki insanların həyatını müdafiə etmək üzrə öz borclarını belə bir tələbə uyğunluğunu təmin etməli idilər ki, həmin borcun yerinə yetirilməsi üçün ölümlə nəticələnən zor tətbiqi "mütləq zəruri olan miqdardan artıq olmamalıdır". Eyni zamanda, vaxtından əvvəl edilmiş xəbərdarlıq onlara mümkün cavab təlbirlərini planlaşdırmağa və Cəbəlüttariqin yerli hakimiyyət orqanları ilə koordinasiya etmələrinə geniş imkanlar açdı.

Məhkəmə ayrıca baxılması tələb olunan iki məsələni seçdi: hərbi qulluqçuların tətbiq etdikləri qüvvə insanları qanunsuz zorakılıqdan müdafiə etmək məqsədinə ciddi surətdə mütənasib idimi və hakimiyyət orqanları antiterror əməliyyatlarını elə planlaşdırmışdılarmı ki, ölümlə nəticələnə bilən zor tətbiqi imkanını minimuma endirsinlər və həmin əməliyyatı nəzarətdə saxlasınlar. Hərbi qulluqçuların hərəkətlərinin mütənasibliyinə gəldikdə, onlara təlimat verilmişdi ki, hakimiyyət orqanları şübhə edilən şəxslərə meydan oxusaydılar, avtomobildəki bombanın dərhal partlamasını gözləmək olardı.

Məhkəmə hərbi qulluqçuları məsuliyyətdən azad edərək, aşağıdakı qərarı çıxardı: "Məhkəmə hesab edir ki, hərbi qulluqçular vicdanlı surətdə hesab edirdilər ki, onların aldıqları informasiyaya əsaslanaraq, şübhə edilən şəxslərin bombanı partlatmalarına imkan verməmək üçün və bununla da, çoxlu sayda insanın ölümünə səbəb olmamaq üçün atəş açmaq lazım idi... Beləliklə, onlar hesab etmişdilər ki, yuxarı rəhbərliyin əmrlərinin icrası naminə onların etdikləri hərəkətlər təqsirsiz insanların həyatının mühafizəsi üçün tam zəruri idi".

Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndində qeyd edilən məqsədlərdən birinə nail olmaqdan ötrü dövlət nümayəndələrinin ölümlə nəticələnən zor tətbiq etmələrinə həmin müddəa ilə haqq qazandırmaq olar, bu şərtlə ki, zor tətbiq edilməsi sözügedən anda ən xoş niyyətlərlə bu cür hərəkətlərin düzgünlüyünə olan həqiqi inama əsaslansın, lakin sonradan onun yanlış olması aşkara çıxsın. Əks halda, dövlətin və onun hüquq-mühafizə orqanlarının üzərinə, ola bilsin ki, öz həyatları və ya başqalarının həyatı bahasına öz borclarını yerinə yetirən zaman, real olmayan yük qoymaq lazım gələrdi.

Buradan belə nəticə çıxır ki, bu cür şəraitdə hakimiyyət orqanlarının düşdüyü çətin vəziyyəti nəzərə alaraq, hərbi qulluqçuların hərəkətləri öz-özlüyündə sözügedən müddəanın pozulması barədə danışmağa əsas vermir .

Məhkəmə bütövlükdə antiterror əməliyyatına nəzarət və əməliyyatın təşkili məsələsinə daha tənqidi yanaşaraq qeyd etdi ki, planlaşdırıldığı kimi, şübhə edilən şəxslər sərhəddə həbs edilsəydilər, onların Cəbəlüttariqə daxil olmalarına imkan vermək daha asan olardı. Məhkəmə, habelə başqa Cəbəlüttariq vətəndaşlarını mümkün terror aktından müdafiə etmə vasitələrinin olmasına dəlalət edən başqa amilləri xatırlatdı. Bundan başqa, hücumun mümkün formasına hökumətin verdiyi qiymət İRO-nun terror hərəkətlərinə dair əvvəlki təcrübəyə əsaslanırdı, lakin alternativ variantlar, məsələn, qurbanların gəlişinin kəşfiyyat məqsədi daşıya biləcəyi nəzərə alınmamışdı.

Atışma zamanı növbəti səhvlərə yol verildi. Məsələn, atışmada iştirak edən hərbi qulluqçulara avtomobildə bomba olmasını təsdiq edən informasiya çatdırıldı, halbuki ilkin məlumatda yalnız bu deyilirdi ki, maşında həmin bombanın olmasını istisna etmək olmaz. Bu səhvlər onunla mürəkkəbləşirdi ki, hərbi qulluqçulara hədəfə atəş açmağa hazır olmaq tapşırılmışdı, əks halda, şübhə edilən şəxslər arasındakı istənilən bombanı partlada bilərdilər.

Məhkəmə bunu 2-ci maddənin müddəalarının pozuntusu hesab etdi. Şübhə edilən şəxslərin yaşamaq hüququna hörmətlə yanaşmaq və malik olduqları informasiya hərbi qulluqçulara (onların odlu silah tətbiq etməsi avtomatik olaraq hədəfin vurulmasına səbəb olmalı idi) verməzdən əvvəl ətraflı şəkildə qiymətləndirmək öhdəliyi daşıyırdılar.

Aydın deyil ki, (hərbi qulluqçular) hədəfi yaralamaq üçün odlu silahın tətbiqində, həbs məqamında üzləşdikləri konkret hallarla haqq qazandırılmasını qiymətləndirmək üçün hazırlıq keçmişdilərmi və ya bu barədə onlara təlimat verilmişdimi.

Hətta söhbət şübhə doğuran təhlükəli terrorçulardan getsə belə, bu cür əhəmiyyətli situasiyada odlu silahın tətbiqi üzrə cavab hərəkətlərində, demokratik cəmiyyətdə hüquq-mühafizə orqanlarından gözlənən müəyyən ehtiyatlılıq çatışır və həmin hərəkətlər polislərin odlu silahı tətbiq etmələri üzrə təlimatda yer alan silahla davranma normaları ilə hiss olunacaq dərəcədə ziddiyyət təşkil edir; bu, hərbçilərin diqqətinə çatdırıldı və toqquşma anındakı şərait nəzərə alınmaqla, ayrı-ayrılıqda hərbi qulluqçuların hər birinin hüquqi məsuliyyəti qeyd edildi.

Hakimiyyət orqanlarının bu cür uğursuz hərəkətləri, həmçinin saxlama əməliyyatlarına nəzarətin və bu əməliyyatların təşkilinin lazımi qaydada həyata keçirilməsilə bağlı çatışmazlıqlardan xəbər verir.

Bu, yeganə haldır ki, məhkəmə 2-ci maddənin pozulduğunu təsdiq etdi.

a) İstənilən şəxsi hüquqa zidd zorakılıqdan müdafiə etmək üçün

2-ci maddənin 2-ci bəndində təsvir edilən üç situasiya içərisində özünümüdafiə və ya bağışlana bilən (haqq qazandırıla bilən) özünümüdafiə yeganə müdafiə növüdür ki, istənilən halda həm dövlət nümayəndələrinə, həm də fərdlərə hərəkət etməyə imkan verir. Lakin bu maddənin məzmunu şərh üçün müəyyən potensial problemlər yaradır, yəni o, hətta "zor" (qüvvə) barədə giriş müddəasilə birgə oxunarsa, belə bir situasiyanı qabaqcadan asanlıqla görmək olar ki, zorakılıq təhlükəsi qanunsuz olsa da, bu zaman adamöldürmə həmin təhlükəyə qarşı qeyri-mütənasib reaksiya ola bilər. Məsələn, bu maddədən aydın olmur ki, cinayətin qarşısını almaq üçün adamöldürmə yeganə vasitə olarsa, hər hansı şəxs onu, ola bilsin ki, sadəcə hücum etməklə hədələyən başqa bir şəxsi öldürə bilərmi?

Bu cür sual Farrelin işində ortaya çıxdı; həmin işdə qadın ərinin ingilis hərbi qulluqçuları tərəfindən hüquqa zidd olaraq öldürülməsinə görə şikayət vermişdi. Dövlətdaxili andlılar məhkəməsi adam öldürməni qismən ona görə qanuni hesab etdi ki, həmin adamın banka bomba qoymağa cəhd etməsindən şübhələnmək üçün hərbi komandirin əsaslı səbəbi vardı. Komissiya həmin "əsaslılıq" meyarının 2-ci maddədəki tam zərurət meyarına uyğun gəlib-gəlməməsi məsələsini öyrənməkdən ötrü bu işə baxmağı mümkün hesab etdi. İş dostcasına nizamlama ilə həll olundu və bu məsələ açıq qaldı.

Məsələyə başqa nöqteyi-nəzərdən yanaşsaq, qeyd etmək lazımdır ki, Malta hökuməti bu bənd barədə belə bir qeyd-şərt qoyub ki, hər hansı şəxs müəyyən hallarda mülkiyyətini müdafiə edərkən başqa şəxsi öldürə bilər.

b) Qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla saxlanmış şəxsin qaçmasının qarşısını almaq üçün

Mütənasiblik məsələləri 2-ci maddənin 2-ci bəndinin "b" yarımbəndinin şərhi zamanı da yaranır. Bu gün yalnız Farrellin işində bu maddə üzrə dövlətdaxili andlılar məhkəməsinin verdiktinin düzgünlüyünü şübhə altına alan sual yaranır; həmin verdiktə görə, şübhə edilən şəxsin qanuni həbsini həyata keçirən zaman polisin hədəfə atəş açmaq üçün əsası vardı. Bu işdə dostcasına nizamlamaya nail olundu, əri Şimali İrlandiyada ingilis hərbi qulluqçuları tərəfindən öldürülən dul qadın isə könüllü kompensasiya aldı. Böyük Britaniya hökuməti Konvensiyanın hər hansı pozuntusuna yol verməyərək və ərizəçinin ərinin ölümündən acınacaqlı səhv olduğunu qeyd edərək, bu kompensasiyanı mərhəmət hissinə görə ödədi.

c) Qanuna müvafiq olaraq iğtişaş və qiyamın yatırılması üçün fəaliyyət.

2-ci maddə üzrə məhkəmə mübahisələrinin çoxu bu müddəa ilə əlaqədar yaranır. Konvensiya üzrə o qədər də çox olmayan dövlətlərarası işlərdən birinə - Kipr Türkiyəyə qarşı işə baxarkən, komissiya aşkar etdi ki, sənədlərlə təsdiq edilən ən azı on iki halda türk ordusu 2-ci maddəni pozmaqla mülki şəxsləri öldürüb. Komissiya, həmçinin aşkar etdi ki, mürəkkəb sübutlar belə bir məntiqi nəticəyə gətirib çıxarır ki, Türkiyə çoxlu sayda qanunsuz adamöldürmə hallarına görə təqsirkardır. Birləşmiş Krallığa qarşı işdə ərizəçi qadın şikayət edirdi ki, hökumətin adından hərəkət edən ordu 2-ci maddənin 2-ci bəndini pozub, çünki onun oğlu Şimali İrlandiyada ictimai iğtişaşlar zamanı rezin güllə ilə öldürülüb.

Əvvəlcə komissiya hesab etdi ki, 2-ci maddənin 2-ci bəndində, situasiyanın bilərəkdən həyatdan məhrumetməyə gətirib çıxarmasından asılı olmayaraq, zor tətbiqinə yol verən situasiyalar təsvir edilir. Sonra Komissiya adamöldürmə ilə bağlı faktları araşdırdı və qərara gəldi ki, ordu yalnız "mütləq zərurətin nəticəsi" olan və 2-ci maddənin 2-ci bəndinin "c" yarımbəndinə uyğun olan qüvvədən istifadə edib.

Komissiya başqa bir işdə də analoji fikrə gəldi; həmin işdə qiyamı yatırtmaq üçün hökumətin CS (Si-Es) qazından istifadə etməsi şübhə altına alınırdı.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər