PDF Oxu

MİA

  • 2 033

Azadlıqdan məhrumetməyə yol verən hallar

image

Geniş mənada yuxarıda göstərilən altı hal ya cinayət-prosessual hüquqa aiddir, ya da inzibati tutulma adlandırıla bilən anlayışa aiddir, bu zaman bəzi hallarda cəza elementi olduqda belə, o, aparıcı element olmur. Sonuncu halla bağlı daha mürəkkəb məsələlər meydana çıxır, çünki inzibati tutulma çox vaxt sosial müdafiə və ya nəzarət tədbiridir və bu halda cəmiyyətin qayğısına qalmaq (məsələn, QİÇS kimi xəstəliklərin qarşısının alınması) bu və ya başqa dərəcədə təqsirsiz olan fərdin qayğısına qalmaqla (məsələn, ruhi sağlamlıq məsələsi və ya şəxslərin eyni vaxtda həm nəzarətə, həm də yardıma ehtiyacı olan sosial hal) ziddiyyətə girə bilər.

İtaliyaya qarşı qaldırılan iki işlə əlaqədar 5-ci maddənin 1-ci bəndinin bəzi yarımbəndlərinin tətbiqinin mümkünlüyü məsələsi ortaya çıxdı. Hər iki halda ərizəçilərə "təhlükəsizlik və ictimai mənəviyyat baxımından təhlükə törədən şəxslər" barəsində təyin edilən "xüsusi nəzarət" tədbirləri tətbiq edilmişdi. Belə şəxslər qrupuna elələri aid edilirdi ki, ya onların davranışı və ya həyat tərzi həmin şəxslərin birbaşa və ya dolayısı ilə cinayətkar gəlir hesabına yaşadıqlarını göstərir, ya da onların nümayişkaranə davranışı onların cinayətkar meyilli olmalarını zənn etmək üçün kifayət qədər əsas verir. Mövcud qanunvericiliyə əsasən, ilkin tədbir qismində polis rəisi həmin şəxsdən öz davranışında düzəlişlər etməyi tələb etməklə, ona xəbərdarlıq edə bilər, bu, bir nəticə vermədikdə, ona yuxarıda adı çəkilən "sosial nəzarət" tədbirləri tətbiq edilə bilər. Bu işlərin hər birində ərizəçilərə mafiya üzvü kimi, ya da mafioz fəaliyyətdə iştirak edən şəxslər kimi baxılmışdı.

Qudzardinin işində ərizəçi kiçik bir adada həbsxanaya salınmışdı və onun hərəkət sərbəstliyi hətta həmin adada da məhdudlaşdırılmışdı. Məhkəmə ərizəçinin hərəkət azadlığına qoyulan məhdudiyyətlərlə bağlı amilləri təhlil edərək müəyyən etdi ki, onlar Konvensiyanın 5-ci maddəsilə tənzimlənməli olan azadlıqdan məhrumetmədir. Sonra Məhkəmə İtaliya hökumətinin azadlıqdan məhrumetməyə haqq qazandırmaq üçün irəli sürdüyü müxtəlif əsasları araşdırdı.

Məhkəmə qabaqcadan İtaliya hökumətinin belə bir dəlilini rədd etdi ki, ərizəçi avaraların, narkomanların və başqa bu kimi şəxslərin tutulmasını tənzimləyən 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinə əsasən tutulub. O, həmçinin bu qərara gəldi ki, ərizəçi faktiki olaraq hüquq pozuntusunda ittiham edilmədiyinə görə, "a" yarımbəndinə əsasən tutula bilməzdi. Həmin tutulma "b" yarımbəndinə də uyğun gəlmirdi, çünki öz davranışını dəyişmək barədə xəbərdarlığa, yerinə yetirilməli olan "hüquqi öhdəlik" kimi baxıla bilməz. Nəhayət, "c" yarımbəndinin tətbiqinin mümkünsüzlüyünə gəldikdə, Məhkəmə, ilk növbədə qeyd etdi ki, bu müddəa tutulmanın həqiqi əsaslarını ifadə etməyə daha çox yaxındır, lakin bununla yanaşı, aşağıdakıları qeyd etdi:

Nəzərdən keçirilən ifadə mafiozlar kimi cinayət törətməyə daim meyilli olduqlarına görə təhlükə törədən fərdə və ya fərdlər kateqoriyasına ümumi xəbərdarlıq etmək siyasətilə uzlaşmır; o, razılığa gələn dövlətlərə yalnız konkret hüquq pozuntusunun qarşısını almaq vasitəsini verir.

Məhkəmə bu qərara gəldi ki, sözügedən məhdudiyyətlər müdafiəyə ehtiyacı olan azadlıqdan məhrumetmədir, çünki bu halda mümkün əsasların tam siyahısının heç bir müddəası tətbiq edilə bilməz. Bu işlə analoji qaydada, Çiullanın işində Məhkəmə 5-ci maddənin pozuntusunu aşkar etdi; həmin pozuntu bir tərəfdən cinayət işinə başlama, digər tərəfdən isə, təyin edilən azadlıqdan məhrumetmə arasında konkret əlaqənin olmamasından ibarət idi .

a) Səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması.

5-ci maddə üzrə yol verilən tutulmanın birinci kateqoriyası cəza çəkən və ya buna oxşar vəziyyətdə olan məhbusa aiddir və bu zaman qanuni tutulma onun səlahiyyətli məhkəmə tərəifndən "təqsirli sayılmasına" əsaslanmalıdır. Adətən bu, cəza qismində həbsxanaya salınmağa aiddir, hərçənd ki, burada bu ifadələrin birindən istifadə olunmur. Bu müddəa, həmçinin ittiham hökmünə əsasən rejimi təmin etmək məqsədilə tutulmanı əhatə edir.

Həbsdə saxlama yolu ilə azadlıqdan məhrumetmə bütün ölkələrdə mövcuddur, özü də bu cür cəzanın təyin edilməsi üçün başlıca şərtlər tutulmanın qanuniliyindən, azadlıqdan məhrumetmənin təyin edilməsi üçün əsas olan ittihamın yekun xarakterindən və ittiham hökmünü çıxaran məhkəmənin səlahiyyətindən ibarətdir. Bu meyarların heç biri dəqiq deyil, əksinə, onlar kifayət qədər dağınıqdır.

Bəzi hallarda dövlətin 5-ci maddə üzrə davranışını qiymətləndirərkən nəzərə alınan amillər Konvensiyanın digər müddəasına əsasən təqdim edilən müdafiə tədbirlərilə qismən üst-üstə düşə bilər. Məsələn, Konvensiyanın 5-ci maddəsi cinayət mühakimə icraatının qərəzsizliyinə aid təminatlara əməl edilməsini tənzimləmir. Bu cür təminatlar Konvensiyanın 6-cı maddəsilə müəyyən edilib.

Qeyd edək ki, öz məzmununa görə 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndi həbsə alma tədbirini seçmək üçün ittizamın öz-özlüyündə qanuni olmasını tələb etmir. Məsələn, Krjikinin işində Komissiya bu nəticəyə gəldi ki, məhkəmə hökmünün apellyasiya instansiyasında ləğv edilməsi faktı həmin hökmün icrasını təmin etmək üçün təyin olunmuş həbs cəzasını qanuni xarakterdən məhrum etmir. İstənilən başqa nəticə Məhkəmədən faktlara və bütövlükdə işin aparılmasına yenidən nəzər salmağı tələb edərdi, bunu isə dördüncü instansiyada yenidən baxılma kimi qiymətləndirmək olardı. Bununla da həmin məsələ Konvensiya orqanlarının səlahiyyəti çərçivəsindən kənara çıxardı.

Analoji qaydada, "onun təqsirli sayılması əsasında" ifadəsi o demək deyil ki, məhkəmə qərarı hökm çıxarılana qədər yekun qərar olmalıdır. Hətta təqsirli sayılma barəsində və ya hökm barəsində yuxarı məhkəməyə şikayət verildikdə də, tutulmanı 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndilə əsaslandırmaq olar. Bəzi ölkələrdə bu cür apellyasiyanı gözləyərkən həbsxanada saxlanmaya ilkin həbs kimi baxılır və hətta şəxs apellyasiya nəticəsində bəraət aldığı və ya təkrar məhkəmə araşdırmasının həmin nəticəyə gətirib çıxardığı hallarda belə, sözügedən nəticələri gözləyən zaman onun həbsdə saxlanması əvvəlki kimi 5-ci maddə baxımından qanuni sayılacaqdır.

Monnel və Morrisin işində apellyasiya məhkəməsi müəyyən etmişdi ki, təqsirləndirilən şəxslərin işlərinə apellyasiya məhkəməsində baxılması üçün verdikləri şikayətin nəticəsini gözləyərkən həbsdə olduqları müddət hökmün icra müddətinə hesablanmamalıdır. Ərizəçilər iddia edirdilər ki, apellyasiya məhkəməsinin qərarına əsasən, onların həbs cəzasını çəkdikləri müddətə hesablanmayan tutulma müddətləri 5-ci maddənin 1-ci bəndi ilə icazə verilən tutulmanın heç bir kateqoriyasına daxil deyil. Məhkəmə şikayətçiyə elan edilən ittihamla xeyli vaxt itkisindən sonra onun tutulması arasında qanuni əlaqə tapmalı idi. O, bu nəticəyə gəldi ki, belə əlaqə, həqaqətən mövcud olub və bu, apellyasiyaların ləngidilməsində və apellyasiyaların ağlabatan müddətdə aparılmasının təmin edilməməsində ifadə olunub.

Həbs cəzası kimi cəzanın icrası, bir qayda olaraq, sonrakı qərara qədər təxirə salınır, həmin qərar artıq məhkəmə tərəfindən yox, ittiham tərəfindən və ya həbsxana müdiriyyəti tərəfindən qəbul edilir. Beləliklə, cəzanın çəkilməsi barədə faktiki qərar "səlahiyyətli məhkəmə" tərəfindən çıxarıla bilməz, özü də bu zaman tutma istənilən halda 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndinə əsasən qanuni olacaqdır.

Müvafiq şərtlərin pozulması yerdə qalan cəza müddətini çəkmək üçün yenidən həbsxanaya salınmağa, yaxud təhlükəsizlik məqsədlərilə tutulmağa səbəb olarsa (məsələn, Kristinenin işində on bir il sonra baş verdiyi kimi), hətta şərti azad edilmədən sonra da əvvəlki cümlədə qeyd edilənlər qüvvədə qalır. Lakin heç də həmişə belə olmamalıdır. Bu, xüsusən o hallara aiddir ki, ittiham hökmü çıxarıldıqdan xeyli müddət sonra hakimiyyət orqanlarının azadlıqdan məhrumetmə barədə qərar çıxarmaqda geniş imkanları olsun.

Belçika qanunvericiliyinə əsasən, "hökumətin sərəncamına" verilmiş Van Droogenbrekin işində hökumətin geniş hərəkət azadlığı vardı və o, on il ərzində təkrar həbs etməyə əl ata bilərdi; həmin səlahiyyətlərdən ittiham hökmü çıxarıldıqdan yeddi il sonra və ərizəçi iki illik həbsdən azad edildikdən xeyli müddət sonra istifadə edildi. Beləliklə, yeni hərəkətlər nəticəsində (onların həyata keçirilməsi üçün ərizəsinin təqsirli sayılması məcburi deyildi) ərizəçi yalnız ona görə bir neçə il azadlıqdan məhrum edilməyə məruz qalmışdı ki, əvvəlki hökm hələ də qüvvədə idi. Lakin bu qərar belə bir halı istisna etmir ki, ilkin ittihamla əlaqə olduqca dumanlıdır.

İttiham hökmünü icra etmək üzrə hakimiyyət orqanlarına ötürülən səlahiyyətlər onların əl-qolunu açarsa və onlar başqa məqsədlər güdərlərsə, məsələn, sonradan törədilmiş hüquq pozuntularilə bağlı yeni məhkəmə araşdırması zamanı baxılmalı olan səbəblərə görə insanı həbsxanaya salmaq - bu cür tutulma 5-ci maddənin 1-ci bəndi baxımından qanuni sayılmamalıdır. Uiksin işində "ittihamla azadlıqdan məhrumetmə arasında yetərli səbəb əlaqəsi" şübhə altına alınmışdı. Bu iş üzrə ərizəçi ömürlük həbs cəzasına məhkum edilmiş, lakin xüsusi icazəyə əsasən on il sonra azad edilmişdi, həmin icazə on beş ay sonra daxili işlər naziri tərəfindən ləğv edildi. Diskreditasiya hüququnu həyata keçirərkən nazirin güddüyü məqsəd, yəni xüsusi icazə ilə müvəqqəti azad etmə və ya həbsxanaya qaytarma Cinayət-mühakimə İcraatı haqqında 1967-ci il Qanununda göstərilməyib, lakin hökmləri çıxaran hakimlərin fikrincə, "ərizəçiyə ömürlük həbs cəzası barədə" hökm dedikdə, nazirin ərizəçinin davranışına nəzarət etməsinə və o, cəmiyyət üçün, yaxud özü üçün təhlükəli şəxs hesab edilmədiyi təqdirdə, onu azad etməsinə imkan verən "qeyri-müəyyən" hökm nəzərdə tutulurdu.

Hüquq pozuntusunun ciddiliyi üzündən ömürlük həbs cəzası haqqında hökm çıxarılan haldan fərqli olaraq, azadlıqdan məhrumetmə haqqında qərar qəbul etmənin səbəbləri öz xarakterinə görə zaman keçdikcə dəyişə bilər. Van Droogenbrekin işi üzrə qərarda Məhkəmə bu prinsipləri tətbiq etdi və qeyd etdi ki, 1966-cı ildə cənab Uiksin ittiham edilməsilə onun təkrar həbsxanaya göndərilməsi arasında formal hüquqi əlaqə, etiraza səbəb olan tutulmağa on il sonra 5-ci maddənin 1-ci bəndilə haqq qazandırmaq üçün öz-özlüyündə kifayət deyil. Həbsdən azad etməmək və ya təkrar tutmaq barədə qərar, hökmü çıxaran məhkəmənin məqsədlərilə bir araya sığmayan əsaslara görə qəbul edilsəydi, zəruri səbəb əlaqəsini qırılmış hesab etmək olardı. Məhkəmə bu nəticəyə gəldi ki, hökmü çıxarmış hakimlər bilməli idilər ki, cənab Uiksin ömürlük azadlıqdan məhrum edilməsi haqqında hökmün əsasında onun azadlığının hökmün icraçısından ömürlük azadlığı durur və 5-ci maddəsinin kontekstinə görə, Məhkəmə ilkin hökmün ədalətliyi məsələsinə baxmamalıdır.

Bir ölkədə çıxarılan qərar bəzi hallarda başqa ölkələrdə icra edilə bilər, məsələn, Cinayət İşləri üzrə Məhkəmə Qərarlarının Beynəlxalq Qüvvəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq, məhbus məhz bu məqsədlə həmin ölkəyə təhvil verildikdə, bu, baş verə bilər. Lakin hər halda bu, qanuna əsaslanan azadlıqdan məhrumetmə ola bilər, çünki "səlahiyyətli məhkəmə" anlayışı hökmən cəza çəkilən ölkənin məhkəməsini nəzərdə tutmur. Lakin araşdırma aparılan ölkədə hüququn aliliyi prinsipinə əməl edilib-edilməməsi barədə şübhə yarandıqda, bu məsələdə müəyyən fikir ayrılıqları meydana çıxır.

b) Məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması.

5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi iki situasiyada azadlıqdan məhrumetməyə icazə verməklə, həmin maddənin digər yarımbəndlərilə müqayisədə daha az konkret xarakter daşıyır:

1) qanuni məhkəmə əmrini, məsələn, məhkəmə qadağanı və ya həbsdə saxlama haqqında əmri yerinə yetirməməyə görə;

2) qanunda nəzərdə tutulan istənilən öhdəliyin yerinə yetirlməsini təmin etmək məqsədilə.

Bu, məsələn, məhkəmə şahiddən dinləmədə iştirak etməyi tələb etdikdə, şahidə aid ola bilər, atalıq müəyyən edilərkən qanın analizinin götürülməsinə, habelə psixiatr müayinəsinin keçirilməsinə aid ola bilər. Məhkəmənin rolu, sadəcə ərm verməklə bitir. Daha sonra, əgər fərd həmin əmri yerinə yetirmirsə, digər orqan, məsələn, polis orqanı həbs və ya tutulma barədə əmr verə bilər. Nə qədər ki, qanuniliyin bu ümumi tələbləri yerinə yetirilir, həmin kateqoriya praktikada elə bir problem yaratmır.

Eyni kateqoriyaya aid işlərin digər qrupu daha mürəkkəbdir, çünki "qanunda nəzərdə tutulan istənilən öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədilə" həbsin və ya tutmanın mümkünlüyü geniş mənada ümumi xarakterli müddəa kimi şərh edilə bilər. Məsələn, bu müddəada kimin qərar qəbul etmək səlahiyyətinə malik olması göstərilmir. İstənilən qanunla səlahiyyət alan hər hansı orqan hər hansı şəxsi həbs etmək yolu ilə istənilən öhdəliyin yerinə yetirilməsini təmin edə bilirsə, bu, hüququn hökmranlığı prinsipinə əməl edilməsi çərçivəsindən kənara çıxan daha geniş hüquqlarda "polis dövləti" yaratmağa, yaxud ən azı "inzibati tutulmaya" və ya "qabaqlayıcı (ilkin) tutulmaya" imkan verir. Xoşbəxtlikdən, hüquq normalarına aid qaydada əməl olunması bu şəkildə təmin edilə bilməz.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər