Loulesin işindən başlayaraq, praktika göstərir ki, bu müddəa kifayət qədər ümumi ifadələrlə formulə edilib və həmin formulları şərh edərkən, konteksti və məqsədi nəzərə almaq lazımdır. Məsələn, Engelin işilə bağlı Məhkəmənin fikrincə, bu qayda yalnız o halda tətbiq edilir ki, "şəxsi indiyədək yerinə yetirmədiyi dəqiq və konkret öhdəliyi yerinə yetirməyə məcbur etmək üçün qanun onun tutulmasına icazə verir" .
Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin başqa müddəalarında olduğu kimi, qanuni məhkəmə əmrini yerinə yetirməyə məcbur etmək üçün, yaxud qanunla nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün azadlıqdan mərhumetmənin yol verilən hüdudları məhduddur. Nisbətən konkret dövlətdaxili hüquq normaları olmadıqda, dövlətdaxili orqanlar, həmçinin aydın olmayan əsaslara görə fərdi azadlıqdan mərhumetməyə haqq qazandırmaq üçün bu müddəaya istinad edə bilməzlər. Bu, ümumən qanunilik tələbinə (bu zaman fərd qanunun tələbini bilməli və onu pozmağa görə cəzalandırılacağını başa düşməlidir) və azadlığın əsas anlayışına eyni dərəcədə aiddir, belə ki, dövlət qanunsuz azadlıqdan mərhuğetməkdən ictimai nəzarət vasitəsi kimi istifadə edə bilməz.
5-ci maddənin 1-ci bəndində ifadə edilən prinsipi qısa şəkildə belə ifadə etmək olar: "qanunla nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədilə" sözləri yalnız o hallara aiddir ki, qanun şəxsin "yerinə yetirmədiyi dəqiq və konkret öhdəliyi" yerinə yetirməyə onu məcbur etmək üçün onun tutulmasına icazə verir. Bu anlayışın daha geniş şərhinə yol verilmir. Bundan başqa, tutulma öhdəliyin yerinə yetirilməsini təmin etməyə yönəlməli, yaxud buna bilavasitə yardım göstərməlidir və əvvəlki davranışa görə cəza rolunu oynamamalıdır.
1-ci bənd üzrə kimisə tutmaq hüququ 5-ci maddə ilə tənzimlənməyərək, dövlətdaxili hüququn ixtiyarına verilir, bu şərtlə ki, o, qanunla müəyyən edilən qaydada, qanuni şəkildə tətbiq edilsin. Lakin sui-istifadə hallarına yol verməmək qanunsuz tutulmuş hər hansı şəxsin azad edilməsini təmin etmək üçün Konvensiyanın 5-ci maddəsinin sonrakı bəndlərində bu cür hüquqa nəzarətin müxtəlif formaları nəzərdə tutulur.
Cinayət prosessual hərəkətləri və azadlıqdan mərhumetmənin başqa hallarını fərqləndirmək vacibdir. Lakin 5-ci maddənin 2-5-ci bəndlərindəki prosessual təminatların çoxunu hər iki sahədə tətbiq etmək olar. Bu təminatlar həbsin və ya tutulmanın səbəbləri haqqında məlumat almaqla, azadlıqdan mərhumetmə üzərində məhkəmə nəzarətinə və 5-ci maddəyə zidd olaraq azadlıqdan mərhumetməyə görə kompensasiyaya aiddir. Burada azadlıqdan məhrum edilən şəxsin heç də bütün tələbatları əhatə olunmur. Məsələn, 5-ci maddədə hüquq yardımı almaq hüququ aydın şəkildə nəzərdə tutulmayıb. Başqa tələbatlar, məsələn, azadlıqdan mərhumetmə zamanı insani rəftar və adi şəraitin yaradılması da həmin maddədə dəqiq nəzərdə tutulmur.
Məhbusun ətraf aləmlə ünsiyyətdə olmaq hüququna malik olub-olmaması məsələsi, məsələn, öz ailəsinə xəbərlər göndərilməsi, dostlarına məktublar yazılması Konvensiyanın başqa müddəalarından asılıdır. Komissiyanın işinin ilk illərində belə fikir bildirməyə meyil var idi ki, azadlıqdan məhrumetmənin, "ona xas olan nəticələri" olmalıdır; məqsəd isə bu idi ki, məsələn, görüşmək və ya başqa təmaslarda olmaq hüququnu tələb etmək mümkün olmasın. Hazırda bu nəzəriyyədən və praktikadan imtina edilib.
De Vilde, Oms və Versipin işində (avaralıq barədə) və sonralar Qolderin işində Məhkəmə "səciyyəvi xüsusiyyətlər" nəzəriyyəsini rədd etdi və bu qərara gəldi ki, hər bir məhdudiyyətə, Konvensiyada aydın şəkildə qeyd edilən bu və ya başqa əsasa görə haqq qazandırmaq baxımından nəzər salmaq lazımdır.
Həbsin səbəbləri və irəli sürülən istənilən ittiham barədə məlumat almaq hüququ.
5-ci maddənin 2-ci bəndində aşkarlıq prinsipi kimi mühüm prinsip yer alıb; bunsuz 5-ci maddənin başqa müddəaları etibarsız olardı. Həmin bənddə deyilir: "Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir".
Əgər kimsə həbsə məruz qalırsa, bunun səbəbi ona deyilməldiir. Güman edilir ki, belə mürəkkəb vəziyyətdə, bu, onun maraqlarına uyğundur və onun başqa hüquqlarının həyata keçirilməsi üçün zəruri ola bilər. 5-ci maddənin 2-ci bəndinə əsasən, bütün hallar barədə ona dərhal başa düşdüyü dildə məlumat verilir. Cinayət törədilməsinə dair şübhə olduğu halda, mətndə daha sonra deyilir: "... və ona qarşı irəli sürülən istənilən ittiham..."
Yetkinlik yaşına çatmayanlar və ruhi xəstələr də sözügedən informasiyanı almaq hüququna malikdirlər, hərçənd ki, hüquqi və faktiki baxımdan bu hüquqdan istifadə etmək onlar üçün daha çətin olar. Burada tələb edilənlər bir çox amillərdən asılıdır və bunun üçün müəyyən forma yoxdur. Əgər polis əcnəbi şəxsi həbs edirsə, bunu, küçədə olmasa da, polis bölməsində mümkün qədər tez əsaslandırmaq lazımdır. Yazılı şəkildə informasiya vermək və ya həbs üçün order təqdim etmək vacib deyil. Bu məsələdə dövlətdaxili hüquqda daha ciddi tələblər ola bilər, lakin bu müddəaların pozulması Konvensiyanın pozulmasına bərabər deyil.
Komissiyanın və Məhkəmənin fikrincə, sadəcə həbsin fövqəladə qanunvericiliyə əsasən həyata keçirildiyini söyləmək kifayət deyil. Burada əlavə təfsilatlar olmalıdır. Prosesin bir qədər sonrakı mərhələlərində, məsələn, ittiham irəli sürülərkən, şəxsin "ona qarşı sürülən ittihamın xarakteri və əsası barədə daha ətraflı məlumat almaq hüququ" vardır (6-cı maddənin 3-cü bəndinin "a" yarımbəndi), lakin ilkin mərhələdə bundan da az informasiya kifayət edə bilər. İnformasiyanın məzmunu tutulmanın növündən asılı olmalıdır. Məsələn, 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndinə əsasən, deportasiya və ya geriyə yollama məqsədilə həbs etmə, şəxsə ylanız icraatın aparılmasından xəbərdar olmaq hüququnu verir, lakin bunun səbəblərini bilmək hüququnu vermir.
Şəxs informasiyanı başa düşmək iqtidarında deyilsə, onun adından hərəkət edən başqa şəxs bu cür informasiyanı almaq hüququna malik olmalıdır. X-in işində Məhkəmə 5-ci maddənin 2-ci və 4-cü bəndləri arasında sıx əlaqəni qeyd etdi. Tutulmasının qanuniliyi haqqında məsələni operativ həll etmək üçün məhkəmədə iş qaldırmaq hüququna malik olan istənilən şəxs, azadlıqdan məhrum edilməsinin səbəbləri barədə dərhal və lazımi şəkildə məlumatlandırılmayıbsa, həmin hüquqdan səmərəli istifadə edə bilməz .
Van der Leyerin işində Məhkəmə bu qərara gəldi ki, ruhi xəstəxanaya yerləşdirilməsi haqqında ərizəçi qadına məlumat verilməməsi 5-ci maddənin 2-ci bəndinin pozulmasına bərabərdir. Yəqin ki, qanuni azadlıqdan məhrumetmənin altı kateqoriyasından hansının tətbiq ediləcəyinin aydın olması üçün informasiya ən azı kifayət qədər ətraflı olmalıdır. Bu praktiki aspekt böyük əhəmiyyət daşıyır və əgər şəxsə, onun barəsində heç bir şübhənin olmadığı və lakin ona cinayət barədə suallar veriləcəyi deyilirsə, o zaman onun həbsi 5-ci maddənin 1-ci bəndinə zidd olacaqdır və onun bunu bilməsi vacibdir. Polis ya həmin şübhələri açıqlamalı və ona qarşı ittiham irəli sürməli, ya da onu həbs etməkdən vaz keçməlidir. Əgər ittiham yoxdursa, öz hüquqlarını bilən şəxs üçün 5-ci maddənin 1-ci və 2-ci bəndləri birlikdə kifayət qədər səmərəli müdafiəni təmin edirlər. Komissiya bu qərara gəldi ki, səbəblər aşkardırsa, məsələn, şəxs həbs edilənə qədər dindirilibsə və başqa şübhə edilən şəxslə üz-üzə gəlibsə, ona həbsin səbəbləri barədə və ona qarşı irəli sürülən ittihamların xarakteri barədə tam məlumat verilməlidir və bundan sonra hansısa dəqiq informasiya vermək vacib deyil.
5-ci maddənin 2-ci bəndinə əsasən, informasiya "ləngidilmədən" verilməlidir. Bir qayda olaraq, belə informasiya həbs zamanı ümumi formada verilir və həbsin hüquqi əsasına aid olur. Həbsi həyata keçirən şəxs həbs edilən şəxsin dilində danışmırsa, 5-ci maddənin 2-ci bəndinə əsasən, sözügedən informasiyanın dövlət ittihamçısı və ya magistrant tərəfindən çatdırılması kifayətdir, bu şərtlə ki, həbs edilən şəxs dərhal onun yanına aparılmış olsun.
5-ci maddənin 2-ci bəndi vəkillə ünsiyyəti təmin etmir və informasiya konkret formulə edilməiəlidir və hətta onun yazılı formada olması da məcburi deyil. 5-ci maddənin başqa müddəalarında olduğu kimi, "ləngidilmədən" anlayışı birinci dərəcəli əhəmiyyətə malikdir. Adətən, istənilən ittihamla bağlı, həbsin vaxtilə informasiya təqdim etmənin vaxtı arasındakı bir neçə saat ərzində şəxsin tutularaq saxlanması, həbs edilən şəxsin dindirməyə məruz qalıb-qalmamasından asılı olmayaraq, 5-ci maddənin 2-ci bəndinin pozuntusu deyil.
İlkin tutulmaya məruz qalan fərdlər barəsində prosessual müdafiə tədbirləri (5-ci maddənin 3-cü bəndi).
Belə güman etməyə kifayət qədər əsaslar olsa ki, şübhə edilən şəxsin hüquq pozuntusu törətməsinin qarşısını almaq üçün və onun həmin pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün tutulma zəruridir, o halda Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin "c" yarımbəndi hər hansı şəxsi hüquq pozuntusu törətməkdə "əsaslı şübhəyə görə" həbs etməyə və ya tutmağa icazə verir. Lakin bu əsaslar tutulan və ya həbs edilən şəxs səlahiyyətli məhkəmə orqanına vermək barəsində dövlətin müvafiq öhdəliyi ilə uzlaşdırılır. 5-ci maddənin 3-cü bəndində dövlətin bu öhdəliyi inkişaf etdirilir və tamamlanır.
Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.
Bu müddəanın şərtlərindən aydın olur ki, 5-ci maddənin 3-cü bəndi ölkədən çıxarma və ya təhvil vermə haqqında onların icrasını gözləyərkən həbsdə saxlanmağa tətbiq edilmir. Linasın işində Komissiya bu qərara gəldi ki, Konvensiyanın formulundan aydın nəticə çıxır ki, tutulmanın müddəti yalnız 5-ci maddənin 3-cü bəndində göstərilir və bu müddəa yalnız 1-ci bəndin "c" yarımbəndinə əsasən tutulmaya aiddir və təhvil verməyə dair xahiş barəsində çıxarılacaq qərarı gözləyərkən tutulub saxlanma hallarına aid deyil. Bundan başqa, o, qeyd etdi ki, araşdırma lazımi səylə aparılmırsa, yaxud tutulma hakimiyyətdən sui-istifadənin nəticəsidirsə, o zaman ona 5-ci maddənin 1 f bəndi ilə haqq qazandırmaq olmaz.
Bir çox ölkələr dəqiq müddət müəyyən edirlər ki, tutulan şəxs həmin müddətdə müvafiq məhkəmə orqanı qarşısında dayanmalıdır. "Ləngidilmədən" tələbi çox vaxt onu ifadə edə bilər ki, hakimlər bazar günləri və bayram günləri öz yerlərində olmalıdırlar, lakin bu, o demək deyil ki, onlarla bütün sutka ərzində görüşmək mümkün olmalıdır.
Avropa ölkələrinin dövlətdaxili qanunvericiliyində sözügedən müddət, adətən 24 saatdan 48 saata qədər təşkil etsə də, Komissiya və Məhkəmə 5-ci maddənin 3-cü bəndi barədə sərt zaman çərçivəsi müəyyən etmirlər. Şübhəli bilinən bu və ya başqa şəxs tərəfindən törədilməsi güman edilən hüquq pozuntusunun xarakteri "ləngidilmədən" tələbinin yerinə yetirildiyi halların müəyyənləşdirilməsində öz rolunu oynaya bilər.
Terror cinayətlərinin araşdırılmasından söhbət gedən Broqan və başqalarının işində Komissiya hökumətin bu dəlilləri ilə razılaşdı ki, adi cinayətlərin araşdırılmasına nisbətən burada daha uzun müddətə tutulub saxlanmağa yol vermək olar. Məhkəmə prinsipcə terror cinayətlərinin araşdırılmasının mürəkkəbliyilə bağlı təəssüfünü bildirsə də, hər halda həmin ərizəçilər barəsində 5-ci maddənin 3-cü bəndinin pozulduğunu aşkar etdi. Məhkəmənin fikrincə, hakimin və ya məhkəmədəki başqa vəzifəli şəxsin yanına aparılmadan tutulub saxlanmanın bu qədər uzun müddətə haqq qazandırmaq üçün bu işin xüsusiyyətlərinə belə əhəmiyyət verilməsi "ləngidilmədən" sözünün adi mənasının yolverilməz şəkildə geniş şərhi demək olardı. Bu cür şərh 5-ci maddənin 3-cü bəndindəki prosessual təminatı fərdin ziyanına olaraq ciddi surətdə zəiflədəcək və həmin müddəa ilə müdafiə edilən hüququn mahiyyətini zəiflədən nəticələrə gətirib çıxaracaqdır.
Ləngidilmədən məhkəmə dinləməsinin aparılmasına hazırlığın imkanları, əlbəttə ki, məhduddur və burada hər hansı ətraflı sübutlar və ittihamlar tələb etmək olmaz. Bununla yanaşı, əksər ölkələrdə bu mərhələdə tutulan şəxslərin hüquq yardımı almaq hüququ olsa da, Konvensiyada bu, nəzərdə tutulmayıb. Həmin şəxslə birgə məhkəməyə müdafiəçi gələ bilər, lakin onun müdafiəçiyə malik olmaq istəyi dinləməni ləngidə bilər.
"Hakim və ya qanunla məhkəmə funksiyalarını həyata keçirmək səlahiyyətinə malik olan başqa vəzifəli şəxs" anlayışı o deməkdir ki, həmin şəxsə təkcə səlahiyyətlər verilmir, o, həm də məhkəmə səlahiyyətlərini faktiki həyata keçirir.
Şisserin işində Məhkəmə qeyd etdi ki, 5-ci madənin 3-cü bəndinə əsasən, həm prosessual tələblər, həm də mahiyyət üzrə tələblər mövcuddur. Prosessual tələblər "vəzifəli şəxsin" üzərinə öhdəlik qoyur ki, yanına gətirilmiş fərdi özü dinləsin..., mahiyyət üzrə tələblər onun üzərinə öhdəlik qoyur ki, tutulmanın lehinə və əleyhinə olan halları nəzərdən keçirsin, tutulmaya haqq qazandırmaq üçün səbəblərin olub-olmadığını məhkəmə meyarlarına istinad etməklə həll etsin və əgər belə səbəblər yoxdursa, şəxsin azad edilməsi haqqında qərar qəbul etsin.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru