Dünya birliyinin insan sivilizasiyasının gələcəyinə qayğısının təzahürü kimi hər bir insanın yüksək fiziki və psixi sağlamlıq səviyyəsinə olan hüququnun tanınması olmuşdur (maddə 12). Bu hüququn tam həyata keçirilməsi üçün Pakt dövlətlərə uşaq ölümünün azaldılması və uşaqların sağlam inkişafının təmin edilməsi, ətraf mühitin və əmək gigiyenasının sağlamlaşdırılması, bütün ehtiyacı olanlara tibbi yardımın təşkilinə dair tədbirlərin görülməsini tövsiyə edir. Artıq qeyd olunduğu kimi, BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixdə qəbul etdiyi İkinci Beynəlxalq Müqavilə olan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda geniş huquq və azadlıqlar təsbit edilmişdir. Həmin Paktda sadalanan hüquq və azadlıqlar onun 2-ci maddəsinin 1-ci bəndində göstərildiyinə görə, hər bir iştirakçı - dövlət tərəfindən onun ərazisində və yurisdiksiyası altında olan bütün şəxslərə hər hansı bir ayrı-seçkilik qoyulmadan təqdim olunmalıdır. Həmin maddənin 2-ci bəndində isə deyilir ki, bu məqsədlə iştirak edən dövlətlər öz konstitusiya proseduralarına müvafiq olaraq Paktda qəbul olunan hüquqların həyata keçirilməsi üçün qanunvericilik və digər tədbirlərin görülməsini öz öhdələrinə götürürlər.
Paktın müasir dünyada qadın statusunu müəyyən edən 3-cü maddəsi böyük əhəmiyyət kəsb edir. İctimai tərəqqinin vacib göstəricisini ifadə edən bu maddədə iştirakçı dövlətlər Paktda nəzərdə tutulan bütün vətəndaş və siyasi hüquqlardan istifadə edilməsində kişi və qadınların bərabər hüquqlarının təmin olunmasına öhdəçilik verirlər.
Paktın III hissəsində hər bir dövlətdə təmin olunmalı vətəndaş və siyasi hüquqların konkret siyahısı verilir: yaşamaq hüququ (maddə 6), işgəncələrin, qul ticarəti və məcburi əməyin qadağan edilməsi (maddə 7 və 8), hər kəsin azadlıq və şəxsi təhlükəsizlik hüququ (maddə 9), bütün adamların qanun qarşısında bərabərliyi və heç bir ayrı-seçkilik olmadan qanunun bərabər müdafiəsinə olan hüququ (maddə 26), hər kəsin fikir, vicdan və din azadlığı (maddə 18) və s.
Paktın 25-ci maddəsində hər bir vətəndaşın siyasi hüquqlarına aid olan hüquqlar - birbaşa, həm də özünün azad seçilmiş nümayəndələri vasitəsilə dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; gizli səsvermə yolu ilə ümumi və bərabər seçki hüququ əsasında keçirilən və seçkilərin öz iradəsini azad ifadə etməsini təmin edən vaxtaşırı seçkilərdə seçmək və seçilmək hüququ; öz ölkəsində ümumi bərabərlik şəraitində dövlət xidmətinə buraxılmaq hüququ və imkanları bəyan edilir.
Paktın bəzi maddələri həmçinin iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda tənzimlənən məsələlərə aiddir. Belə ki, 22-ci maddəyə görə, hər bir insanın başqaları ilə assosiasiya azadlığı hüququ vardır, buraya həmkarlar ittifaqları yaratmaq və onlara üzv olmaq hüququ da daxildir.
Paktın 23 və 24-cü maddələri ailə, uşaq və nikah haqqında məsələlərə aiddir. Belə ki, 23-cü maddədə bəyan olunur ki, ailə cəmiyyətin təbii və əsas özəyi olmaqla cəmiyyət və dövlət tərəfindən müdafiə olmaq hüququna malikdir. Bu maddələr ər və arvadın hüquq və vəzifələrinin bərabərliyini, hər bir uşağın ailə, onun azyaşlı kimi vəziyyətində tələb olunan cəmiyyət və dövlət tərəfindən müdafiəsi tədbirlərinə olan hüququnu bəyan edirlər.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın IV hissəsində tərkibi 18 nəfərdən ibarət olan insan hüquqları üzrə komitənin yaradılması, onun üzvlərinin seçilməsi qaydaları və funksiyaları müəyyən olunmuşdur. Buna müvafiq olaraq 1976-cı ildə tərkibi iştirakçı dövlətlər tərəfindən öz vətəndaşları sırasından seçilmiş və yüksək əxlaqi keyfiyyətlərə və insan hüquqları sahəsində tanınmış bacarıqlara malik olan 18 ekspertdən ibarət olan insan hüquqları üzrə komitə yaradılmışdır. Baş Məclisin köməkçi orqanı olan bu komitənin əsas funksiyalarına iştirakçı-dövlətlərin Paktda qəbul olunan hüquqların həyata keçirilməsinə dair onların keçirdikləri tədbirlər və bu hüquqların istifadə olunmasında nail olunan tərəqqi barədə məruzələrinin baxılması, onlara iradların tutulması və həmin ümumi iradlarla birgə təqdim edən dövlətə qaytarmaq və s. daxildir. Bundan başqa, komitə iştirakçıların bu və ya digər dövlət tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirməməsi barədə şikayətlərinə baxır (maddə 41). Öz növbəsində, Paktın iştirakçısı olan hər bir dövlət komitəyə onun iradlarına öz rəyini göndərə bilər. Komitə, həmçinin ayrı-ayrı şəxslərin onun yurisdiksiyası altında olan dövlət tərəfindən hüquqlarının pozulması haqqında şikayətlərinə baxmaq səlahiyyətinə də malikdir.
Hazırda BMT üzvləri olan dövlətlərin əksəriyyəti mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın iştirakçısıdır. Hər il komitə İqtisadi və Sosial Şura vasitəsilə BMT Baş Məclisinə görülmüş işlər barədə məruzə təqdim edir.
Mülki və Siyasi Hüquqlar haqqında Pakt işlənərkən mürəkkəb və mübahisəli məsələ olan ayrı-ayrı şəxslərin şikayətlərinin baxılması prosedurası haqqında məsələ uzun müddət müzakirə olunmuşdur. Bunun da nəticəsində qərara alınmışdır ki, ayrı-ayrı şəxslərin şikayətlərinin baxılmasına dair müddəalar Mülki və Siyasi Hüquqlar haqqında Pakta daxil edilməsin və bu məsələ xüsusi müqavilədə - Pakta aid qeyri-məcburi protokolda həll edilsin. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta aid qeyri-məcburi protokol həmin Paktla birgə BMT Baş Məclisi tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul olunmuşdur. Protokolun 1-ci maddəsində göstərilir ki, həmin protokolun iştirakçısı və Paktın iştirakçısı - Dövlət İnsan Hüquqları üzrə Komitənin yurisdiksiyasında olan və həmin dövlət tərəfindən Paktda sadalanan hər hansı hüququn pozulması qurbanı olduğunu təsdiq edən şəxslərdən məlumatları qəbul etmək və baxmaq səlahiyyətlərini tanıyır. Paktın iştirakçısı olan, lakin Protokolun iştirakçısı olmayan dövlətə aid olan heç bir məlumatı komitə qəbul etmir. 3-cü maddəyə görə, anonim şikayətlər komitə tərəfindən qəbul olunmur. Qəbul olunmuş şikayətlərin baxılması qaydaları 4-cü və 5-ci maddələrdə müəyyən olunmuşdur.
Ədəbiyyatda göstərildiyi kimi, insan hüquqları üzrə komitə öz fəaliyyəti dövründə yüzlərlə məlumatlara baxmış və onlar üzrə müvafiq tövsiyələr çıxarmışdır ki, onların da əksəriyyəti dövlətlər tərəfindən icra üçün qəbul olunmuşdur. Beləliklə, insan hüquqlarının müdafiəsini ilk növbədə məhkəmələr də daxil olmaqla milli orqanlar təmin etməlidirlər. Lakin dövlət orqanları tərəfindən səmərəli hüquqi müdafiə təmin edilmədiyi halda fərd bilavasitə İnsan Hüquqları Komitəsinə müraciət edə bilər.
Təcrübə göstərir ki, bütövlükdə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta aid qeyri-məcburi protokol prosedurası pozulan hüquqların bərpasında və eləcə də milli qanunların, bir tərəfdən, onların həyata keçirilməsi təcrübəsinə, digər tərəfdən isə, beynəlxalq normalara uyğunsuzluğunun üzə çıxarılmasına səmərəliliyini göstərmişdir. İnsan Hüquqları Ümumi Bəyannaməsi və hər iki Beynəlxalq Paktlar hər kəsin yaşamaq hüququnu bəyan etsələr də, ölüm hökmünü qadağan etmirdilər. Mülki və Siyasi Hüquqlar haqqında Pakt yalnız kimi isə əsassız olaraq yaşamaqdan məhrum etməyi qadağan edirdi. Bununla əlaqədar Paktın 6-cı maddəsində qeyd olunurdu: "Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla mühafizə olunur. Heç kəs əsassız olaraq həyatdan məhrum edilə bilməz..."
Bu cəza yalnız səlahiyyətli məhkəmə tərəfindən çıxarılmış qəti hökmün icrası naminə həyata keçirilə bilər. Dövlətlərarası münasibətlərin inkişafı nəticəsində əvvəllər dövlətlərin daxili səlahiyyətlərinə aid məsələlərdən biri olan ölüm cəzası məsələsinin beynəlxalq hüquqi tənzimlənməsinə mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta aid İkinci Qeyri-Məcburi Protokol yönəlmişdir. Bu sənəd BMT Baş Məclisinin 44/128 saylı 15 dekabr 1989-cu il tarixli qətnaməsi ilə qəbul olunmuşdur.
İkinci Qeyri-Məcburi Protokolun preambulasında qeyd olunur ki, protokol qəbul olunarkən onun iştirakçısı olan dövlətlərə İnsan Hüquqları Ümumi Bəyannaməsinin 3-cü maddəsinə, mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə istinad etmişlər. İştirakçı-dövlətlər, həmçinin əmin olduqlarını bildirmişlər ki, ölüm hökmünün ləğvinə dair bütün tədbirlərə yaşamaq hüququnun təmin edilməsində tərəqqi kimi baxmaq lazımdır. Bütün bunlar da sənədin ümumi razılıqla qəbul edilməsini şərtləndirmişdir. Protokolun elə 1-ci maddəsində ümumi razılıqla qəbul olunmuşdur ki, bu protokolun iştirakçısı - dövlətin yurisdiksiyasında olan heç bir şəxs ölüm cəzasına məruz qala bilməz və hər bir iştirakçı - dövlət öz yurisdiksiyası çərçivəsində ölüm cəzasının ləğv edilməsi üçün bütün zəruri tədbirləri görəcəkdir.
İkinci qeyri-məcburi protokol yalnız müharibə vaxtı törədilmiş daha ağır cinayətlərə görə ölüm hökmü istisna olunmaqla həmin protokola dövlətlər tərəfindən hər hansı bir düzəlişin aparılmasını yolverilməz hesab edir. Protokolun maddələrinə müvafiq olaraq onun müddəalarına iştirakçı-dövlətlər tərəfindən riayət edilməsinə nəzarət mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 28-ci maddəsinə uyğun yaradılmış İnsan Hüquqları üzrə Komitənin üzərinə qoyulur (maddə 3-5). 3-cü maddəyə görə Paktın 40-cı maddəsinə əsasən iştirakçı dövlətlər komitəyə təqdim etdikləri məruzəyə bu protokolun həyata keçirilməsi üçün gördükləri tədbirlər barədə informasiyanı daxil edirlər.
İnsan hüquqları və azadlıqları probleminin beynəlxalq aspektləri təqdiq edilərkən məlum olmuşdur ki, bu sahədə mövcud olan beynəlxalq sənədlər elmi ədəbiyyatda onların xarakterinə görə bir neçə istiqamətlər üzrə qruplaşdırılır. Belə ki, bu baxımdan əsas qrupu universal xarakterli beynəlxalq sənədlər təşkil edir. Onlar insan hüquqlarına ümumi hörmət və onlara riayət edilməsi prinsipini ifadə edən, hüquq və azadlıqlara üstünlük verməklə onları dövlətlər və vəzifəli şəxslərin özbaşınalıqlarından müdafiə edən beynəlxalq sənədlərdir. Bu qrupa aid edilən BMT Nizamnaməsi və İnsan Hüquqları haqqında Beynəlxalq Bill bizim tərəfimizdən artıq təhlil edilmişdir. Bundan başqa bu qrup sənədlərə tədqiqatçılar beynəxalq konfransların müvafiq qərarlarını, xalqların hüquqlarını təsbit edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənədləri aid edirlər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru