İngiltərədə burjua quruluşunun formalaşması dövründə kralın üzərinə təbəələrin kral adminstrasiyasının özbaşınalıqlarından müdafiəsi üçün müəyyən vəzifələr 1628-ci ildə Hüquq haqqında Petisiyada qoyulmuşdur. İnsan hüquqlarının təmin olunması yolunda bundan sonrakı addım 1678-ci ildə qəbul olunmuş Xabeas korpus aktı olmuşdur ki, burada şəxsiyyətin toxunulmazlığına təminat, təqsirsizlik prezumpsiyası prinsipi, şəxsiyyətin hüquqlarının müdafiəsi üçün vacib olan digər müddəalar müəyyən edilmişdir.
İnsan hüquqlarının tərifinin verilməsində XVII-XVIII əsr liberalizminin nümayəndələri olan Lokk (o, təbii hüquqlar ideyasının banisi sayılır), Monteskye, Russo, Kant, Cefferson və başqalarının xüsusi xidmətləri olmuşdur.
İngiltərə mütəfəkkiri C.Lokk "Dövlət idarəetməsi haqqında iki traktat" əsərinin müəllifi, hesab edir ki, dövlət adamlardan o qədər səlahiyyət alır ki, nə qədər hər kəsin vətəndaş maraqlarını (yaşamaq, sağlamlıq, azadlıq "və pul, torpaq, ev, ev əşyaları və s. kimi xarici rifahlara sahib olmaq") təmin etmək, qorumaq və reallaşdırmaq imkanlarının olması üçün zəruridir. Xalqın suverenliyini onun yaratdığı dövlətin suverenliyindən üstün tutan Lokkun fikrincə, xalq despot hökmdarlara qarşı zor işlətməlidir.
C.Lokk hesab edirdi ki, azadlığın etibarlı təminatçısı hakimiyyət bölgüsüdür və böyük məqsəd olan azadlıq rejiminə dövlətdə hakimiyyət səlahiyyətlərinin bərabər bölüşdürülməsi yolu ilə nail olmaq olar, Lokk yazırdı ki, "siyasi hakimiyyəti başa düşmək və onun yaranması mənbəyini müəyyən etmək üçün biz bütün adamların hansı təbii durumda olmasına baxmayaraq, bu isə (təbii durum) onların öz hərəkətləri və mülkiyyətinə dair tam azad olması vəziyyətidir... Bu, həm də bərabərlik vəziyyətidir...".
C.Lokk tərəfindən dövlət həyatının hüquqi təşkili, hakimiyyət bölgüsü və qanunun aliliyi əsasında insanın təbii ayrılmaz hüquq və azadlıqları doktrinası işlənilmişdir.
"Demokratiya: Gediləsi uzun bir yol" kitabında göstərir ki, ingilis filosofu Con Lokk haqlı olaraq liberal demokratiyanın atası hesab edilir. Hobbsun siyasi fəlsəfəsini Birinci İngiltərə inqilabının nəzəri təhlilinin nəticəsi kimi qiymətləndirmək olarsa, Lokka parlament quruluşunu bərqərar etmiş (ikinci, yaxud şanlı İngiltərə inqilabının ideoloqu kimi baxılmalıdır.
Lokk orta səviyyəli protestant ailəsində doğulub. Atası əqidəli demokrat idi və Birinci İngiltərə inqilabında parlament tərəfində vuruşub. Lokk Oksfordda yaxşı təhsil alıb. Monarxiyanın bərpasından sonra II Karlın vaxtında diplomatik xidmətdə olub. Lakin o, həmişə Viqlər Partiyasına (Britaniyanın gələcək Liberal Partiyası) rəğbət bəsləmişdir. Bu partiya kral hakimiyyətinin məhdudlaşdırılmasının tərəfdarı idi. Viqlorin II Karla qarşı üsyanı amansızlıqla yatırılır və Lokk 1683-cü ildə Hollandiyaya qaçmalı olur. 1689-cu ildə şanlı inqilabın qələbəsindən sonra Lokk yeni kral Oranlı Vilhemlə birlikdə vətənə dönərək təntənə ilə qarşılanır və tezliklə viqlərin qəbul etdiyi intellektual liderə çevrilir.
Lokk Hobbsdan fərqli olaraq, ictimai müqavilə nəzəriyyəsinin başqa bir istiqamətini yaratmışdır.
O, bu nəzəriyyədən cəmiyyət tərəfindən mütləqiyyətin məhdudlaşdırdığı dövlət hakimiyyəti də, Hobbsun iddia etdiyi kimi, mütləq deyil, o, insan haqları ilə məhdudlaşdırılmalıdır və insan dövlətin zorakılığına şərtsiz müqavimət göstərmək haqqına malikdir. Aydındır ki, bu nəzəriyyə mütləqiyyətlə ideoloji mübarizənin əsasını təşkil etmişdir. Lokku hətta o da çəkindirmirdi ki, bu nəzəriyyə vətəndaş müharibəsinə aparır. Onun fikrincə, bu halda öz haqlarını müdafiə edənləri yox, vətəndaşların haqlarını tapdalayanları əsaslandırmaq üçün istifadə edib, liberal demokratiya və konstitusiyaçılığın ilkin nəzəri şərtlərini yaradıb.
Lokkun başlıca əsəri üzərində on ildən artıq işlədiyi "İdarəetmə haqqında iki traktat" kitabıdır. Burada Lokk "təbii hüququn teoloji şərhinə" qarşı çıxır. Bu şərhə əsasən, mütləqiyyətin sarsılmazlığı haqqında müddəa ortaya atılırdı. İnsanı eqoist varlıq hesab edən Hobbsdan fərqli olaraq, maarifçilik dövrünün ideallarına sadiq olan Lokk inanırdı ki, insan xeyirin daha sərfəli olduğunu dərk etməyə qadirdir. Qorxu deyil, ağıl insanları dövlətdə birləşməyə məcbur edir. İnsanın "təbii vəziyyətindən" çıxaraq dövlətə verdiyi yeganə "təbii hüququ" ümumi razılıqla qəbul olunmuş qanunlar əsasında öz vətəndaşını mühakimə etmək və cəzalandırmaq haqqıdır. Cəmiyyətdə insanların iradəsi ümumi razılıqla qəbul olunmuş qanunlardan başqa heç nə ilə əngəllənmir. Dövlət insanların həyatı, azadlığı və mülkiyyətini qorumalı, cəmiyyəti xarici təcavüzdən müdafiə etməlidir. Dövlət qanunlara əməl olunmasına nəzarət etməli və insanların mübahisələrinin həllində yalnız arbitr kimi xidmət etməlidir.
Lokkun dəqiq və başadüşülən şəkildə əsaslandırdığı klassik liberalizm prinsipləri tezliklə Qərbdə populyarlıq qazanır və yüz ildən sonra Amerika və Fransa inqilablarının əsas sənədlərində öz əksini tapır. Lokkun təsiri indi də zəifləmir. Onun formalaşdırdığı prinsiplər öz avtoritar keçmişindən yaxa qurtarmağa çalışan cəmiyyətlərdə siyasi fikrə xüsusilə güclü təsir göstərir.
"İdarəçilik haqqında ikinci traktat" haqqında yazır: "Deməli, hər hansı saydakı insan cəmiyyət halında elə birləşəndə ki, onlardan hər biri ona təbii qanunla verilmiş icraedici hakimiyyətdən imtina edir və onu cəmiyyətə verir, bıı halda, yalnız bu, halda siyasi, yuxud mülki cəmiyyət mövcud olur".
Artıq sübut edildiyi kimi, insan dünyanın hər hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun bütün hüquq və imtıyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələnmək hüququ ilə birgə doğulur və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu pozduqda onları mühakimə etmək, onun fıkrincə, həmin cinayətin layiq olduğu cəzanı vermək və əməlin rəzaləti buna layiq olduqda, hətta ölümlə cəzalandırmaq hakimiyyətinə malikdir.
Siyasi cəmiyyətin özünün öz mülkiyyətini qorumaq və bu məqsədlə bu üzvlərini cinayətlərə görə cəzalandırmaq hüququ olmasa, o, mövcud olub yaşaya bilməz; belə cəmiyyət yalınz o yerdə ola bilər ki, orada onun üzvlərindən hər biri bu təbii hakimiyyətdən imtina edərək, onu (həmin üzvün bu cəmiyyətin təyin etdiyi qanundan müdafiə ummasına maneçilik törətməyən bütün hallarda) cəmiyyətin ixtiyarına vermiş olsun.
Və beləliklə, cəmiyyətin hər bir ayrıca üzvünün hər cür şəxsi məhkəməsi istisna olunur və cəmiyyət "münsiflər məhkəməsinə" çevrilərək qərəzsiz və hamı üçün eyni qaydalar təyin edir və cəmiyyətdən səlahiyyətlər almış insanların köməyilə bu qaydaları həyata keçirir, bu cəmiyyətin hər hansı üzvləri arasında hər hansı hüquqi məsələ barədə yarana biləcək bütün ixtilafları həll edir, eyni zamanda bu cəmiyyətin hər hansı üzvünün cəmiyyətə qarşı cinayətini qanunun müəyyən etdiyi cəzalarla cəzalandırır.
Bunun nəticəsində siyasi cəmiyyətdə kimin bir yerdə olub-olmadığını asanca müəyyən etmək olur. Bir yumruq halında birləşənlər, öz ümumi qanunları, müraciət edə biləcəkləri və aralarındakı mübahisələri həll etmək və cinayətkarları cəzalandırmaq hakimiyyətinə malik məhkəmə iddiaları olanlar mülki cəmiyyətdə yaşayırlar; belə bir məhkəmələri olmayanlar isə (mən dünyanı nəzərdə tuturam) hələ də təbii vəziyyətdə yaşayırlar, elə bir vəziyyətdə ki, hər kəs başqa birisi olmadığından özü həm hakimdir, həm də cəllad, bu isə, büsbütün təbii vəziyyətdir.
Con Lokkun fikrincə, dövlət bu cəmiyyətin üzvlərinin törətdiyi müxtəlif pozuntulara görə hansı cəzanın verilə biləcəyini və onların cəzaya layiq olduqlarını təyin etmək ixtiyarını qazanmış olur (bu, qanunverici hakimiyyət deməkdir), o, habelə onun üzvlərindən hər hansına bu cəmiyyətin üzvü olmayanlardan hər hansının vurduğu zərərə görə cəzalandırmaq ixtiyarına malikdir (bu, hərb və sülh məsələlərini həll etmək hakimiyyətidir) və bütün bunlar cəmiyyətin bütün üzvlərinin mülkiyyətini mümkün qədər qoruyub saxlamaq üçündür.
Lakin mülki cəmiyyətə daxil və deməli, hansısa dövlətin üzvü olmuş hər bir şəxs bununla təbii qanuna qarşı törədilən cinayətləri şəxsən cəzalandırmaqdan və öz şəxsi ədalət mühakiməsini həyata keçirməkdən imtina etmiş olsa da, hər halda, bununla o özünün qanunverici hakimiyyətə təhvil verdiyi cinayətlərə görə mühakimə hüququ ilə birgə dövlətə dövlət hökmlərinin icrası üçün onun gücündən buna ehtiyacı olduğu bütün hallarda istifadə hüququnu verib; axı bu hökmlər həm də onun öz hökmləridir, belə ki, bu hökmləri onun özü, yaxud onun nümayəndələri çıxarır.
Biz burada ilkin olaraq mülki cəmiyyətin qanunverici və icraedici hakimiyyətinin ilk əsası ilə rastlaşmış oluruq, bu hakimiyyət daimi qanunlar əsasında dövlət daxilində törədilən cinayətlərin hansı ölçüdə cəzalandırılacağını təyin etməli, habelə dövlətin bayırından vurulmuş zərərin hansı ölçüdə ödənilməsi barədə hər dəfə mövcud işin halları əsasında qərar qəbul etməli və hər iki halda tələb olunduğu zaman cəmiyyətin bütün üzvlərinin gücündən istifadə etməlidir.
Deməli, hər hansı saydakı insan cəmiyyət halında elə birləşəndə ki onlardan hər biri ona təbii qanunla verilmiş icraedici hakimiyyətdən imtina edir vo onu cəmiyyətə verir, bu halda, yalnız bu halda siyasi, yaxud mülki cəmiyyət mövcud olur. Bu o zaman baş verir ki, təbii vəziyyətdə yaşayan hər hansı saydakı insan cəmiyyətə daxil olur ki, ali hökumətin hakimiyyəti altında vahid xalq, siyasi vücud təşkil etsin, yaxud bu, o zaman baş verir ki, hər hansı insan onlara qoşulur və artıq mövcud olan dövlətə daxil olur. Bununla, o, cəmiyyəti, yaxud onun qanunverici hakimiyyətini (fərqi yoxdur) vəkil edir ki, onun üçün cəmiyyətin rifahının tələb etdiyi qanunları yaratsın; o, bu qanunların yerinə yetirilməsinə öz şəxsi qanunlarına kömək edirmiş kimi kömək göstərməlidir. Bu da insanları təbii vəziyyətdən dövlətə köçürür, belə ki, yerdə bütün mübahisələri həll etmək və dövlətin hər hansı bir üzvünə vurula biləcək hər hansı zəruri ödəmək hakimiyyəti olan hakim peyda olur; bu hakim qanunverici hakimiyyət, yaxud onun təyin etdiyi vəzifəli şəxsdir. Əgər hər hansı bir saydakı insan, hətta bir-birləriylə bağlı olsalar da, onların müraciət edə biləcəkləri qərarlar qəbul edən bu cür hakimiyyətləri yoxdursa, deməli, bu halda onlar hələ də təbii vəziyyətdə qalmaqdadırlar".
C.Lokkun qeyd etdiyi kimi, çoxlarının dünyada yeganə idarəçilik forması hesab etdiyi mütləq monarxiya, əslində mülki cəmiyyətlə bir araya sığmır və deməli, ümumiyyətlə, mülki idarəçilik forması ola bilməz. Axı mülki cəmiyyətin məqsədi hər insanın öz şəxsi işində hakim olmasından doğan təbii vəziyyətin labüd narahatlıqlarından yaxa qurtarmaq və bunların yerini doldurmaqdan ibarətdir. Bu, məlum hakimiyyət orqanının qurulması yolu ilə əldə edilir ki, cəmiyyətin hər üzvü hər hansı bir zərəri çəkdikdə, yaxud hər hansı bir mübahisə halında həmin orqana müraciət edə bilər və cəmiyyətin hər bir üzvü bu orqana tabe olmalıdır. O hallarda insanlar varsa, lakin onların öz aralarındakı ixtilafları həll etmək üçün müraciət edə biləcəkləri belə orqanları yoxdursa, deməli, bu insanlar hələ də təbii vəziyyətdə qalmaqdadırlar vəə hər bir hakimi-mütləq onun hakimiyyəti altında olanlara nisbətdə bu cür təbii vəziyyətdədir.
Axı belə güman olunur ki, o və yalnız o, mütləq hakimiyyətə - həm qanunverici, həm də icraedici hakimiyyətə malikdir, ondan başqa heç bir hakim yoxdur, elə adam yoxdur ki, kömək üçün ona müraciət edəsən və o, zəruri səlahiyyətləri olan şəxs kimi işi ədalətli və qərəzsiz şəkildə həll edə bilsin, onun çıxardığı qərarlardan kömək və hökmdarın ya özünün, ya da əmrinin vura biləcəyi hər hansı bir zərərin, yaxud pisliyin əvəzini ödəməyi ummaq mümkün olsun. Beləliklə, bu cür insan necə adlanılmasından (çar, sahib, senyor, yaxud daha başqa cür) asılı olmayaraq, o, hakimiyyəti altında olanlarla nisbətdə necə təbii vəziyyətdədirsə, bütün qalan insanlıqla nisbətdə də eyni dərəcədə təbii vəziyyətdədir. Axı iki insanın daimi qaydaları, kimin haqlı olduğu barədəki mübahisələrini həll edəcək dünyada ümumi hakimləri yoxdursa, deməli, onlar hələ də təbii vəziyyətdədirlər və bunun bütün narahatlıqlarını duyurlar, təbəə üçün, daha düzgün desək, hakimi-mütləqin qulu üçün bir kədərli fərqlə ki, adi təbii vəziyyətdə o öz hüququ barədə danışmaq və onu var gücüylə qoruyub-saxlamaq cəhdində tam azaddır; indi isə onun mülkiyyətinin taleyi hökmdarın iradəsindən və şıltağından asılı olduğundan, o, nəinki heç yerə müraciət edə bilmir, həm də şüurlu varlıqların adi vəziyyətindən də bir pillə aşağıda durubmuş kimi, öz hüququ barədə danışmaq və onu müdafiə etmək azadlığından məhrumdur; beləliklə də o, heç nə ilə məhdudlaşmayan təbii vəziyyətdə yaşayan, üstəlik də təriflərlə və hakimiyyətlə pozulmuş adamdan gözlənilə biləcək hər cür fəlakət və narahatlıqlar qarşısında büsbütün acizdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru