PDF Oxu

MİA

  • 13 020

Azərbaycan folklorunda xalqın hüquq və azadlıqlarının ədalətli müdafiəsi ideyası

image

Dünyanın bir sıra qədim xalqları kimi, Azərbaycan xalqı da özünün mifik təfəkkürü, folkloru və şifahi xalq yaradıcılığı ilə dərin qürur və iftixar hissi keçirə bilər. Azərbaycanın şifahi xalq yaradıcılığında xalq müdrikliyi, el-oba və Vətən təəssübkeşliyi, ictimai həyatın sosial-siyasi mənzərəsi xalqın hüquq və azadlıqlarının ədalətli müdafiəsi ideyaları öz parlaq əksini tapmışdır.

Şifahi xalq yaradıcılığı xalqımızın ən qədim tarixi keçmişi, onun məişəti, sosial həyatın müxtəlif təzahürlərini, əlamət və hadisələrini ayrı-ayrılıqda deyil, bütöv bir tam kimi kompleks şəkildə öyrənməyə imkan verir. Folklorumuz ulu əcdadlarımızın ictimai-siyasi həyata baxışlarını əks etdirməklə yanaşı, onların ən ülvi hisslərini, istək və arzularını, sosial həyat hadisələrinə özünəməxsus münasibətini ifadə edir.

A.Quliyev qeyd edir ki, dünya folklorunun ən qiymətli incilərindən hesab olunan Azərbaycan nağıllarında xalqımızın milli xüsusiyyətləri, adət-ənənələri uğrunda mübarizə ruhu, gündəlik qayğıları və ənənəvi həyat tərzi təsvir olunur. El yaradıcılığının bu qiymətli sərvətləri azərbaycanlıların dünyagörüşünü, həyata və bütövlükdə insanlığa münasibətini, gələcək haqqında milli və bəşəri arzularını, azadlıq, müstəqillik uğrunda fədakar mübarizəsini, insan iradəsinə və onun yaradıcı qüvvəsinə, ədalətin qələbəsinə sonsuz inamını əks etdirir.

"Şəms və Qəmər", "Məlikməmməd", "Hatəmin nağılı", "Qaradaş", "Ax-vax", "Sehrli üzük" və s. bu kimi nağıllarda qəhrəmanların sehrli qüvvələrin köməyi ilə zülm və zorakılıq, yağı düşmən və digər qara, qorxunc qüvvələr üzərində çaldığı qələbə və zəfərlər təsvir olunur.

Əfsanəvi, qeyri-adi yerlərdə, zülmətlər aləmində və hətta axirət dünyasında baş verən qorxulu, vahiməli və həm də maraqlı macəralar özünü xalqın əzmkar mübarizəsinin, əzab və iztirablarının, işıqlı gələcək haqqında ümidlərinin, düşmənlərə nifrətinin interpretasiyası kimi büruzə verir. Azərbaycan nağıllarında qəhrəmanlara arxa və dayaq olan, onlara güc və qüvvət verən sehrli qüvvələr heç də mistik səciyyə daşımır. Tilsimlərin qırılması və ya sındırılması, bədheybət canlıların məhv edilməsi və bədxah, şər qüvvələr üzərində qələbə çalınması real həyat gerçəklikləri kimi təqdim olunur. Bunlar insanların qəmli və ələmli, məşəqqətli günlərindən doğan və nail olmaq istədikləri təxəyyülün təzahürüdür. Mütəfəkkir yazıçı Y.V.Çəmənzəminli özünün "Azərbaycan nağıllarının əhval-ruhiyyəsi" əsərində sehrli nağılların spesifik xüsusiyyətlərini özündə ehtiva edən "Məlikməmməd" nağılı üzərində müşahidələr apararaq göstərirdi ki, bu nağılda ulu əcdadlarımızın materialist təfəkkürünün izləri vardır. Mütəfəkkiri, hər şeydən əvvəl, bu nağılda qədim azərbaycanlıların zərdüştiliklə əlaqədar etiqadları maraqlandırırdı: "Məlikməmməd"dəki fikir haqqın nahaqqa qələbə çalmasından ibarətdir. Onun fəlsəfəsi təbiətdəki ikiliyi təsvir eləyir. Bir tərəfdən Hörmüzd və onun xəlq etdiyi nur, əbədi həyat, haqq və ədalət, o biri tərəfdən də Əhrimən və onun güruhu, büxl, həsəd, fəna fikirlər. Bir-birilə əbədi çarpışmada olan bu iki qüvvə Hörmüzdün qələbəsi ilə nəticələnir".

Azərbaycan folklorunun mühüm bir qolunu məişət nağılları təşkil edir. Belə nağılları sehrli nağıllardan fərqləndirən əsas əlamətlər onların daha çox real həyatla, sosial mühitlə, xalq məişəti və onun həyati fəaliyyəti ilə bağlıdır. Məişət nağıllarındakı mənfi tiplər əsasən iri mülk və var-dövlət sahiblərindən, xanlardan və tacirlərdən ibarətdir. Lakin bu tiplərin təqsiri onların varlı, yaxud mənsəb sahibi olmaları ilə əsla bağlı deyildir. Həmin tiplər xalqın zəhməti hesabına varlandıqları, haqqı və ədaləti tapdaladıqları, sadə və əməkçi insanlara yuxarıdan aşağı baxdıqları və xalqa zülm etdikləri üçün qınaq obyektinə çevrilmişdir. Onların xalqın taleyinə biganəliyi, xalq malını mənimsəməsi və bunun müqabilində onunla qeyri-insani rəftarı xalq yaradıcılığı nümayəndələrinin həmişə diqqət mərkəzində olmuşdur.

A.Quliyevin fikrincə, insan təbəqələşməsini qanuniləşdirən iyerarxiya nərdivanı, sosial ayrı-seçkilik, ictimai bərabərsizlik, sərvət aludəçiliyi, yoxsulluq, zülm və zorakılıq, səfalət, ehtiyac, özbaşınalıq və haqsızlıqlar məişət nağıllarında bütün dolğunluğu ilə ifadə edilmişdir. "İlyasın nağılı", "Padşah və dilənçi", "Yeddi nar çubuğu", "Yoxsul qoca və vəzir", "Keçəlin məhkəməsi", "Baftaçı şah Abbas" belə nağıllardandır.

Azərbaycan xalqının nağıl yaradıcılarını səciyyələndirən cəhətlərdən biri ondan ibarətdir ki, folklorun bu janrında nikbin ruh hökmranlıq edir. Qəhrəmanların keçdikləri həyat və mübarizə yollarında çətin maneələr onları qorxutmur, ümidlərini qırmır, əksinə, onları daha da fəallaşdırır dözümlü və mətin edir. Bədbinliyə və ümidsizliyə qapılmaq bu qəhrəmanlara yaddır. Ədalətin zəfər çalacağına dərin və möhkəm inam onların başlıca idealıdır. Xalqımızın nağıl yaradıcılığında qəhrəmanların məqsədi qismində təzahür edən ülvi ideallar sosial-siyasi və hüquqi fikrimizin mütərəqqi ideyalarının formalaşmasında əvəzsiz rol oynamışdır. Bir qədər də dəqiq desək, siyasi-hüquqi fikrimizin mayasını, onun tərəqqi etmə nüvəsini məhz folklorumuzun sosial-siyasi və hüquqi motivləri təşkil edir. Belə mənəvi sərvət yer üzünün çox az xalqlarına nəsib olmuşdur. Bu baxımdan Azərbaycan xalqı dünyanın ən sivil və zəngin mənəvi sərvətlərə malik olan xalqlarından biridir. Həmin mənəvi sərvətlərin tükənməzliyi xalqımızın elmi kamillik qüdrətinin artmasına xidmət etmişdir və bu gün də etməkdədir.

Azərbaycan nağıllarında əsas müsbət qəhrəmanlar xalqın içərisindən çıxmış keçəl, muzdur, çoban, nökər və əkinçi kimi sadə insanlardır. Adətən, nağılın əvvəlində zəif və bacarıqsız təsvir olunan bu qəhrəmanlar süjet inkişaf etdikcə mətinləşir, ağıllı və bacarıqlı, öz işində ədalətli və əməlisaleh, hətta tədbirli bir hökmdar dərəcəsinə qalxan insana, şəxsiyyətə çevrilirlər. Belə nağıllara diqqət yetirərəkən görürük ki, zəhmətkeş xalqın ağıl, zəka qüvvəsini, tədbirli olmaq qüdrətini təmsil edən bu qəhrəmanlar müstəbidlərdən, hətta bəzən hökmdarlardan da müqayisəyəgəlməz dərəcədə yüksəkdə dururlar.

A.Quliyev yazır: "Azərbaycan xalqının nağıl yaradıcılığında qəhrəmanların cəmiyyətin aşağı zümrəsinə mənsub olan insanlar içərisindən seçilməsi təsadüfi səciyyə daşımamışdır. Tam bilərəkdən seçilən həmin qəhrəmanlar ali məqsədə çatmaq uğrunda mübarizə aparan insanların bütün istək və arzularına cavab verirdilər. Xalqın uzaqgörən nümayəndələri olan nağıl yaradıcıları öz sözlərini ancaq onların dili ilə ifadə edə bilərdilər. Cəmiyyətin əsilzadələri isə belə məziyyətlərə malik deyildilər. Xalqın sözünü yalnız ona mənsub olan fərd deyə bilərdi. Əsilzadələr isə heç vaxt xalqın rəyi və iradəsi ilə barışmayıblar".

A.Quliyev yazır: "Beləliklə, nağıl qəhrəmanı xalqın azadlıq, haqq-ədalət və xoşbəxtlik uğrunda çoxəsrlik mübrizəsni əks etdirən ifadəçisidir. Nağılın müsbət və ideal qəhrəmanları dəyanətin, mərdliyin və fədakarlığın təmsilçisi qismində təqdim olunurlar. İnsanları müxtəlif bəla və bədbəxtliklərdən, hökmdarların qəddarlığından və ədalətsizliyindən, habelə cəmiyyətdə hökm sürən haqsızlıqlardan qorumaq, mühafizə etmək nağıl qəhrəmanlarının yüksək amalı kimi səciyyələndirilir.

Nağıl qəhrəmanının ideallaşdırılması üsulu kimi özünü göstərən qeyri-adi, möcüzəli doğulmuş motivi ilə qəhrəmanın yenilməzliyi əsaslandırılır. Göründüyü kimi, burada sehrli nağılları uyduran, düzüb-qoşan xalq təxəyyülü ikiqat iş görmüş olur. Qəhrəman doğuluşundan qeyri-adidir, qüvvətlidir, güclüdür. Çünki o, xalqın istəyi yolunda, xalq idealı uğrunda çarpışmalıdır. Burada qəhrəmanı fövqəladə qüvvələrlə bağlayan xalq təfəkkürü həm də öz ədalət axtarıcılığını, öz haqq istəyini ideallaşdırır. Başqa sözlə, xalqın yaratdığı qəhrəman onun haqq və ədalət uğrunda mübarizəsinin yenilməz qüvvəsinə çevrilir əslində, həmin mübarizənin önündə gedən qəhrəmanı arxasında xalq dayanır. Əgər qəhrəman xalqın mübarizə sütunudursa, xalq isə onun möhkəm bünövrəsi, dayağıdır. Sütun bu dayağa arxalandığı, onun üstündə yüksəldiyi kimi, dayaq da sütunun qüdrətinə və əzəmətinə sığınır".

Ədalətlə haqsızlığın, xeyirxahlıqla bədxahlığın qarşılaşdırılması nöqteyi-nəzərindən xalq yaradıcılığında mənfi qəhrəmanların olmadığı, belə tiplərin müsbət qəhrəmanlarla qarşılaşdırılmadığı sehrli nağıla təsadüf olunmur. Sehrli nağılların mənfi tipləri bütün bəlaların və bədbəxtliklərin, bədxahlıqların, ədalətsizliyin və qəddarlığın mənbəyi, daşıyıcıları kimi təqdim olunurlar. Belə tiplər insan səadətinə, haqqın və ədalətin təntənəsinə qənim kəsilmiş qara və qorxunc qüvvələrdir.

A.Quliyevin fikrincə, Azərbaycan folklorunun tədqiqatçıları sehrli nağılların mənfi qəhrəmanlarını şərti olaraq aşağıdakı iki qrupa ayırırlar:

1) sehrli aləmlə bağlı şər qüvvələri təmsil edən obrazlar - div, əjdaha, təpəgöz və başqaları;

2) real aləmlə bağlı şər qüvvələri təmsil edən obrazlar - şah, analıq, paxıl qardaşlar və başqaları.

Azərbaycanın sehrli nağıllarında təsvir olunan şah obrazlarının böyük əksəriyyəti müstəbidliyi və ədalətsizliyi əks etdirirlər. Səciyyəvi cəhət ondan ibarətdir ki, qəddar şahlar həmişə sadə insanlar tərəfindən insaflı olmağa, haqq yoluna gəlməyə və rəiyyətlə xoş rəftar etməyə dəvət olunurlar. Əslində isə, bu, onlara verilən ibrət dərsi təsiri bağışlayır. Nağıllarda şahları tərbiyə etməyə səy göstərən obrazlar qismində, adətən müsbət qəhrəmanın özü, yaxud ağıllı və tədbirli vəzir, əksər hallarda isə keçəl, çoban, ixtiyar qoca və yoxsul zümrənin nümayəndələri çıxış edirlər. Azərbaycan nağıllarının nikbin sonluqla bitməsi baxımından şahlar əksər hallarda xalqın nəsihətlərindən ibrət götürür və ona ədalətlə xidmət edəcəklərinə söz verirlər.

Azərbaycanın sehrli nağıllarında müsbət qəhrəmanın yuxarıda adları çəkilən mənfi tiplərlə qarşılaşması sanki bir aksiomdur. Sehrli nağılların əsas süjet xəttini də məhz bu qarşılaşmalar təşkil edir. Belə qarşılaşmalarda və dialoqlarda müsbət qəhrəmanın insani, mənfi tiplərin isə qeyri-insani keyfiyyətləri bütün dolğunluğu ilə üzə çıxır.

Məlum olduğu kimi, bir çox xalqların, o cümlədən Azərbaycan xalqının folklorunda Günəş qız şəklində təsvir olunur, divlər isə zülməti, qaranlığı təmsil edirlər. Deməli, divlərin qızları oğurlaması folklor təsəvvüründə işıq-qaranlıq, həyat-ölüm, xeyir-şər qarşıdurmasının və onlar arasında gedən əbədi mübarizənin ifadəsidir. Ümumiyyətlə isə, dualizm Azərbaycan folkloru üçün mühüm səciyyəvi cəhətlərdən biridir.

Azərbaycan nağılları sosial-siyasi fikrimizin ən ilkin rüşeymlərindən biri kmi cəmiyyətin dünyagörüşünə və təfəkkür tərzinin formalaşmasına təsir gücünü bu gün də saxlamaqdadır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər