PDF Oxu

MİA

  • 10 931

Azərbaycan ictimai-siyasi hərəkatlarında insan haqları, azadlığı və ədalət ideyası

image

Azərbaycan xalqının çoxəsrlik tarixinin zülmkarlara qarşı öz zənginliyi ilə ölkəmizi və xalqımızı tanıyanlara çoxdan məlumdur. Bu da təsadüfi deyil, çünki Azərbaycan xalqının tarixi, onun öz istiqlaliyyəti uğrunda mübarizə tarixidir. Xürrəmilər hərəkatı bunun bariz nümunələrindəndir.

A.Quliyevin fikrincə, Azərbaycanın istiqlaliyyəti uğrunda azad hərəkatının parlaq səhifələrindən biri olan xürrəmilik Ərəb Xilafətinə qarşı 60 ildən artıq mübarizə aparmışdır. Bu mübarizə irili-xırdalı qanlı döyüşlərlə çox zəngindir. Həmin mübarizə ona görə ədalətli idi ki, xürrəmilər Babəkin rəhbərliyi altında şirin nemət olan azadlıq uğrunda vuruşurdular. Xürrəmilik həm də bidətçilik hərəkatlarından biri kimi, dünyanın siyasi və hüquqi fikir tarixində özünəməxsus yeri olan əzəmətli hadisələrdəndir. O, eyni zamanda işğalçılara qarşı silahlı mübarizə yolunu seçmiş ideya-fikir cərəyanı kimi Azərbaycanın sosial-siyasi və hüquqi fikir tarixinin zənginləşməsində müstəsna rol oynamışdır. Əgər məzdəkilik hərəkatı V yüzilliyin sonu və VII yüzilliyin birinci qərinəsində feodal zülmünə və hakim təbəqələrin firavan həyat tərzinə qarşı çevrilmişdirsə, xürrəmilik yerli feodal zülmündən daha çox Ərəb Xilafətinin əleyhinə mübarizə, ədalətli müharibə aparmışdır.

A.Quliyev yazır: "Azərbaycanı ərəblərin işğalından azad, onun istiqlaliyyətini bərpa etmək, onu yadelli işğalçıların qarət və talanlarından qaytarmaq xürrəmilərin başlıca idealı idi. Əslində isə bu, yer üzündə sosial ədalətin təntənəsinə yönələn mübarizə, ədalətli insanların taleyi ilə sıx əlaqələndirən və onu hər kəsin, hamının idealına çevirən bir hərəkat idi.

Xürrəmilər islam dininin ehkamlarını rədd edir və öz qədim dini adət-ənənələrini ona qarşı qoyurdular. Xürrəmilər elə güman edirdilər ki, dünya daimi mövcud olduğu kimi insanların ruhu da əbədidir. Dünyada iki qüvvə - Xeyir və Şər arasında fasiləsiz mübarizə gedir, həm də bu mübarizədə Xeyirin qalib gələcəyi labüddür. Bununla da özlərinin haqq işinə bəraət qazandıran xürrəmilər apardıqları ədalətli mübarizənin hədər getməyəcəyinə dərindən inanır, Azərbaycanın bir gün istiqlaliyyət qazanacağına böyük ümid bəsləyirdilər. Xurrəmiləri döyüşdən-döyüşə aparan da məhz bu inam və ümid idi".

Xürrəmilərin sosial-siyasi ideyaları erkən orta əsrlər Azərbaycanında, eləcə də Yaxın və Orta Şərqin bir sıra ölkələrində yayılmış dini-fəlsəfi fikir, hər şeydən əvvəl, zərdüştiliyin ideologiyası əsasında formalaşmışdı. Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər nemətləri, o cümlədən istehsal vasitələrini və ümumiyyətlə, insan əlilə yaradılan hər şeyi xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodal asılılığından azad etməkdən ibarət idi.

Sosial bərabərlik, insan haqları və azadlığı uğrunda əzmkar mübarizliyi, maddi nemətlərin onların istehsalçıları və cəmiyyət üzvləri arasında bərabər bölgüsü tələbi, bütün təbəqələrdən olan insanlar üçün istisnasız nikah hüququ azadlığı şüarı xürrəmiləri məzdəkilərin mövqeyinə yaxınlaşdırırdı. Məhz bu nöqteyi-nəzərdən bir sıra orta əsr müəllifləri və onlara istinad edən Qərb tədqiqatçıları, ayrı-ayrı şərqşünaslar xürrəmiliyi məzdəkiliyin varisi kimi qiymətləndirirlər. Belə mülahizələrlə müəyyən mənada razılaşmaqla yanaşı, belə bir cəhəti qeyd etmək zəruridir ki, xürrəmilik həm öz məzmununa, həm də miqyasına görə məzdəkiliklə müqayisədə daha əzəmətli hərəkat idi. Hər iki hərəkatın mövqe yaxınlığı, oxşarlığı qabarıq nəzərə çarpsa da, xürrəmilik daha da mükəmməl mübarizə proqramına malik olmuş və ilk növbədə Azərbaycanin xarici işğalçılardan təmizlənməsinə yönəlmişdi. Xürrəmilik müəyyən mənada ümumbəşəri ideallar uğrunda mübarizə yolunu seçmiş hərəkat idi. Lakin onu da qeyd etmək lazımdır ki, məzdəkilərlə xürrəmilər arasında yaxınlıq, ideya birliyinə əsaslanır. Bu da təsadüfi deyildir.

A.Quliyev yazır ki, xürrəmilər məzdəkilərin mübarizə yolunu (ölkə daxilində) davam etdirərək torpaq və digər mülkiyyət növləri üzərində xüsusi mülkiyyəti qabiliyyətlə rədd edir, sosial bərabərlik, o cümlədən əmlak bərabərliyi, əmlaka ümumi sahiblik ideyasını irəli sürürdülər. Xürrəmilərin rəhbəri Babək isə azadlıq carçısı olması ilə şöhrət qazanmışdı.

Xürrəmilərin sosial-iqtisadi proqramı aydın məzmuna malik idi. Bu, torpaq üzərində feodal mülkiyyətini və istismarını ləğv etməkdən, cəlladları və avar-dövlət sahibliyi üzərində öz hakimiyyətini bərqərar etmiş bütün təbəqələri inqilabi yolla devirməkdən, azad yoxsulları və zəhmətkeş xalqı sosial zülmdən xilas etməkdən, hamının hüquq və əmlak bərabərliyinə nail olmaqdan və istiqlaliyyəti (o cümlədən şəxsi azadlıqları) bərpa etməkdən ibarət idi. Deməli, demokratiklik və hümanizm, vətənpərvərlik və sosial ədalət xürrəmiliyin sosial-siyasi ideologiyasının ayrılmaz tərkib hissəsi olmuşdur.

Ərəb Xilafətini lərzəyə salan və kökündən sarsıdan (Xilafət Babəkin rəhbərliyi altında aparılan 20 ildən aparılan müharibədən sonra bir də heç vaxt öz əvvəlki qüdrətini bərpa edə bilməmişdi) xürrəmilər hərəkatı baş verdiyi vaxtdan bizim zəmanəmizədək ən dərin problemli əsas tədqiqat obyektlərindən biri olmuş və olaraq qalır. Həmin tədqiqatların bəzilərində xürrəmilərin sosial ədalət və azadlıq uğrunda mübarizəsinin bir çox məqamlarının təhrifinə yol veriisə də, onlar bütövlükdə bu möhtəşəm hərəkatın və onun sosial-siyasi ideyalarının üzərinə kölgə sala bilməmişdir. Çünki xürrəmilik bəşəriyyətin bu gün də arzusunda olduğu bir çox nemətiləri təqribən on iki əsr bundan əvvəl cəsarətlə irəli sürmüşdür.

A.Quliyev yazır: "İnsanların şəxsi azadlığı, sosial bərabərlik və hüquq bərabərliyi, qadın azadlığı və onların kişilərlə hüquq bərabərliyi, maddi nemətlərin cəmiyyət üzvləri arasında bərabər və ədalətli bölgüsü, maddi nemətlərdən, ilk növbədə onların istehsalçılarının bəhrələnməsi, istiqlaliyyət uğrunda daimi və dönməz mübarizə, insan haqlarının qorunması, vicdan azadlığı, etiqad sərbəstliyi, azad fikirlilik və s. xürrəmiliyin sosial-siyasi və hüquqi ideologiyasının əsas müddəalarıdır. VII-X yüzilliklərdə Azərbaycanın sosial-siyasi ideologiyasında islam mədəniyyəti regionu sferasına daxil olan qeyri-ortodoksal və antiortodoksal fikir cərəyanları ilə yanaşı, dini ideologiya əleyhinə geniş miqyas alan və ölkədə mövcud olan xristianlığa və islama qarşı yönələn cərəyanlarla meydana gəlmişdir".

Şimali Azərbaycanda ortodoksal xristianlıq əleyhinə yönələn mühüm bidətçilik hərəkatlarından biri pavlikanlıq idi. Pavloikanlıq həm də Bizansda böyük yeretik hərəkat kimi meydana gəlmişdir. Bizansda pavlikanların öz adını pavlikanlıq ideologiyasından götürdükləri güman edilir.

Pavlikanlıq orta əsrlərdə Yaxın və Orta Şərqdə nisbətən uzun sürən kütləvi bidətçilik hərəkatı kimi müəyyən fasilələrlə iki yüz ilə qədər davam etmişdir. Pavlikanlar iri torpaq sahiblərinə, mövcud kilsə ayinlərinə və kilsə iyerarxiyası əleyhinə mübarizə aparan sosial-siyasi qüvvə kimi formalaşmışdı.

A.Quliyevin fikrincə, pavlikanların dünyagörüşünün əsasında iki başlanğıcı - Xeyir və Şəri əbədi mübarizədə təsəvvür edən dualizm dururdu. Pavlikanlıq təlimi Xeyiri mənəvi aləmin və göylərin, Şəri isə maddi aləmin və dünyəvi həyatın mənbəyi hesab edirdi. Bu iki başlanğıcın birliyi insan idi. Bu, kamilləşmə yolu ilə Xeyir başlanğıcın qələbəsinə nail olmağa qadir olan insan idi. İnsana verilən ən əsas tələblərdən biri ədalətli olmaq idi. Pavlikanlıq ədaləti insanın mənəvi dünyasının mühüm elementi hesab edirdi.

Pavlikanlar belə hesab edirdilər ki, xeyir, xoşbəxtlik göylərdə deyil, elə yer üzündədir. Onların fikrincə, hamı həm əmlakca, həm də hüquqca bərabər olmalıdır. Şər allahının hakimiyyəti məhv edildikdən sonra yer üzündə Xeyir allahının hakimiyyəti bərqərar olur. Pavlikanların təliminə görə, İsa mələklərdən biri və Xeyir allahının oğludur.

Pavlikanlar məhz insanların sosial və əmlak bərabərliyi mövqeyindən yerli feodallar və Ərəb Xilafətinin feodalları ilə mübarizə aparırdılar. Onlar özlərinin müstəqil icmalarını yaradaraq, nə feodallara, nə də kilsəyə tabe olmurdular. Pavlikanlar sosial bərabərsizliyin və iri torpaq sahiblərinin ləğvi iddiası ilə çıxış edirdilər.

Pavlikanların ictimai-siyasi təlimi öz ideoloji mənbəyini manilikdən və məzdəkilikdən götürmüşdü. Lakin məzdəkilərdən fərqli olaraq pavlikanlar xeyirin qələbəsinə inanırdılar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər