PDF Oxu

MİA

  • 33 602

Xaqani yaradıcılığında insan haqqı, azadlığı və ədalət ideyası

image

Əsərləri ilə dünya mədəniyyəti xəzinəsini bəzəyən Əfzələddin Xaqani Şirvaninin yaradıcılığı bəşəriyyətin mənəvi inkişafına, insanlığın daxili aləminin zənginləşməsinə xidmət etmişdir. Xaqani yaradıcılığında nəzərə çarpan bəşərilik və insanlığa dərin istək onu təkcə öz xalqının deyil, bir çox xalqların doğma mütəfəkkirinə çevrilmişdir. H.Araslı çox haqlı olaraq yazır: "Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların yaratdığı sənət əsərləri tək öz xalqının deyil, bir çox xalqların fikri inkişafına təsir göstərərək, əsrimizə qədər yşamış və öz müəlliflərinin şərəfli adını yaşatmışdır. Dahi Azərbaycan şairi Əfzələddin Xaqani də dünya ədəbiyyatının belə ölməz simalarındandır".

A.Quliyev göstərir ki, Azərbaycan İntibahının ilk görkəmli nümayəndələrindən hesab olunan Xaqaninin sosial-siyasi görüşləri Nizamiyəqədərki siyasi və hüquqi fikrimizin humanist və demokratik məzmunlu ideyalarının dəyərli nümayəndəsidir. Xaqaninin yaradıcılığında lirika başlıca yer tutsa da, onun dərin sosial-siyasi məzmun daşıyan əsərləri də çoxdur. Bunu daha çox mütəfəkkirin qəsidələri haqqında söyləmək olar.

Xaqaninin feodalizm quruluşunun qüsurlarına və özbaşınalıqlarına qarşı barışmaz mövqeyi, siyasi idealının demokratikliyi, siyasi-hüquqi görüşlərinin humanist məzmunda, ruhda olması məşhur "Töhfətül-İraqeyn" əsərində əks olunur. Mütəfəkkirin müasir olduğu cəmiyyətə baxışlarında zəmanənin zülmkarlığı ilə özünün insanpərvərliyi arasında dərin bir uçurum olduğu aydın nəzərə çarpır. Öz mövqeyi ilə istedadsız müasirlərinin mövqeyi arasında keçilməz sədd görən Xaqani özünü sanki həqiqətlə yalan, mərdliklə namərdlik, işıqla zülmət əhatəsində hiss edir.

M.İbrahimov yazır ki, "Töhfətül-İraqeyn" orta əsrlər Azərbaycan ədəbiyyatının güclü ictimai motivlərlə, işıqlı humanist fikirlərlə, realist bədii təfəkkürün əks etdirdiyi həyati lövhələrlə parlanan əsərlərdəndir. Şair səfər zamanı rast gəldiyi hadisələrə və bütün gördüklərinə ictimai ədalət, haqq və düzgünlük mövqeyindən qiymət verir, oğurluğu, karvanların qabağını kəsən quldurları, "insanlığa, azca da olsa, hörməti olmayanları", "duyğusuz ürəkləri", "gecə adam yeyən, gündüz İsa ilə oturub-duran aşpazları" pisləyir. O öz zəmanəsi üçün və ictimai zülmə əsaslanan bütün quruluşlar üçün səciyyəvi olan bir sıra sağalmaz yaraları ürək ağrısı ilə açıb göstərir.

Xaqani "Töhfətül-İraqeyn" əsərində saray mühitilə əlaqədar fikir və mülahizələrini, gündəlik müşahidələrini, bəzən saatbasaat şahidi olduğu mənzərələri ümumiləşdirərək, onların bir qismini sosial-siyasi müstəvi üzərinə çıxarmışdır. Mütəfəkkirin gəldiyi ilk qənaətlərdən biri hökmdar sarayında özünə möhkəm yer etmiş yalandır. Yalanın törətdiyi bəlalar nadanları o qədər şirnikləndirmişdir ki, bəziləri onu özünə peşə etmişdir. Yalan nadanların əlində artıq şüara çevrilmişdir. Rüşvətxorluq, haram mal yemək də məhz yalanın və onun daşıyıcılarının cinayətkar əməllərinin nəticəsidir.

A.Quliyev yazır: "Məlum olduğu kimi, Xaqaninin ömrünün xeyli hissəsi səyahətlərdə keçmişdir. Mütəfəkkir ayaq basdığı ölkələrin tanınmış alim və ziyalıları ilə söhbətlərindən mənəvi zövq aldığı qədər, şahidi olduğu haqsızlıqlardan da bir o qədər kədərlənmişdir. Orta əsr feodal mühitinin əsl təbiətini açıb göstərməyə səy edən Xaqani mövcud zülmü və haqsızlıqları insanlığın ümumi dərdi və bütün bəşəriyyətin faciəsi kimi dərk etmişdir. Elmi, mədəniyyəti, adət və ənənələri ildə yaxından tanış olduğu bütün ölkələrdə ədalətsizliklərlə üzləşən mütəfəkkir sadə insanların simasında sonsuz tərəddüd və ümidsizlik cizgiləri görmüşdür. Böyük haqsızlıqlar insanlarda dərin qorxu hissləri yaratmışdır. İnsanlar üçün ədalətsizliklər ocağına çevrilmiş dünya evinin nə vaxt düzələcəyi Xaqaninin özündə ümidsizlik yaratmışdır".

Nəzərə almaq lazımdır ki, Xaqani öz zəmanəsinin oğlu idi və islami dəyərlər ona heç vaxt yad, o isə bu dəyərlərə laqeyd olmamışdır. Şübhəsiz ki, görkəmli mütəfəkkir müasiri olduğu dövrdə artıq özünə vətəndaşlıq qazanmış islam dininə dərin rəğbət bəsləmişdir. Lakin Xaqaninin dünyagörüşündə islam dininə münasibətin və ictimai-siyasi görüşlərində ona müraciətin özünəmxsus spesifikliyini də görməmək mümükün deyil. H.Araslı yazır: "Orta əsr şəraitində ölkənin hökmdarları ilə ən nüfuzlu saray xadimləri və onların tərəfini saxlayan ziyalılarla mənəvi-fikri mübarizədə şairin doğruluq və ədalət tələbi şübhəsiz ki, bir sıra ruhani dairələrin köməyi olmadan öz təsirini göstərə bilməzdi. Onun tez-tez Məhəmmməd peyğəmbərə və dövrünün məşhur din xadimlərinə müraciəti də məhz buradan irəli gəlirdi. Yunan fəlsəfəsi və İbn Sina görüşlərinə böyük əhəmiyyət verən mütəfəkkirin... bəzi hallarda antik fəlsəfəyə və Əbu Əli İbn Sina görüşlərinə mənfi münasibəti də bu baxımdan anlaşılmalıdır. Xaqani bir çox əsərlərində Ərəstunun, Əflatunun adını hörmətlə çəkir. O, əmisinin dərin bilikli bir adam olmasını göstərmək istəyəndə, onu zəmanəsinin Ərəstunu, Büqratı adlandırır".

A.Quliyev yazır: "Xaqaninin ictimai-siyasi fikirlərinin dərin humanizmi, onun yaradıcılığında yoxsul xalq kütlələrinin mənafeyinin müdafiəsi, zülmə və istibdada, hüquqsuzluğa və ədalətsizliyə qarşı çevrilmiş mübarizə ruhu, habelə ümumbəşəri ideallar məhdud milli çərçivənin hüdudlarını aşaraq, dünyanın bir çox haqqsevər xalqlarının sonsuz hörmətini qazanmışdır. Bütün bunlar böyük iftixar hissi ilə söyləməyə əsas verir ki, Xaqani yalnız Yaxın və Orta Şərqin deyil, dünya Renessansının ilk böyük nümayəndələrindən biridir".

Göstərmək zəruridir ki, Xaqani müstəbid hökmdarları, haqsızlığa bürünmüş hökmdar saraylarını və ədalətsizliklər yuvası olmuş səltənətləri tənqid edənlərin ön cərgəsində getmişdir. H.Araslı çox haqlı olaraq yazır ki, "Xaqanı Yaxın Şərq ədəbiyyatı tarixində sarayları, şahlığı, saray mühitinin çirkinliklərini ilk dəfə kəskin tənqid atəşinə tutan böyük sənətkardır. Şair uzun müddət sarayda yaşayıb, orada baş verən hadisələri, zülm, əsarət, xəyanət və ədalətsizlikləri gözü ilə görmüş, ikiüzlü saray əyanları ilə çox qarşılaşmışdı. Odur ki, çox zaman şəxsi həyatı ilə bağlı hadisələrdən çıxış edən mütəfəkkir gördüyü haqsızlıqları qələmə alırdı".

Qərbi Avropada hələ XIV yüzilliyin sonu XV yüzilliyin başlanğıcından formalaşmağa başlamış İntibahın nümayəndlələrindən, xüsusən də humanistlərindən təqribən IV əsr əvvəl Xaqani insanın təbii hüquqları, ümumiyyətlə, insan həyatının ziddiyyətli və görünməyən cəhətləri ilə bağlı məsələlərə ciddi diqqət yetirmişdir. O öz dövrünün böyük humanisti kimi, insanın səadəti və tükənməz dərdləri haqqında düşünməklə məhdudlaşmamış, bütün bunların həqiqi mahiyyətini dərk etməyə səy göstərmişdir. Xaqani sözün həqiqi mənasında, yorulmaz ədalət axtarıcısı kimi, hətta Ulu Tanrının mərhəmətinə sığınmış, Ondan insanlıq üçün xoş güzəran, xoşbəxtlik və səadət arzulamışdır:

Dünyanın haqsızlıqlarının, dövrün sosial bəlalarının və ümumiyyətlə, ictimai qüsurların kəskin tənqidi Xaqaninin sosial-siyasi ideyalarının nüvəsini təşkil edir və onun görüşlərinin bu spesifikliyi böyük mütəfəkkirə ümumdünya şöhrəti qazandırmışdır.

Xaqaninin məntiqinə görə, insanların sosial bərabərliyi təbii bərabərlikdir, çünki bütün isanlar bərabər doğulurlar. Hökmdar da, sadə yoxsul da öz mənşəyi etibarilə bərabərdir. Bununla belə, xalqın ağır vəziyyətinin köklü səbəbləri mütəfəkkirə bütün təfərrüatı ilə məlum deyildi və bu, onu dərindən kədərləndirirdi. Dünyada insaf və mürvətdən heç bir əlamət qalmamışdır. Qəm, kədər və səfalət xalqın nəsibi olmuşdur:

Sosial ədalətin, azadlığın olmadığı bir cəmiyyətdə mənəvi rəzalətlər həyatın demək olar ki, bütün mərhələlərində özünü büruzə verməlidir. Xaqaninin dahiliyi, humanizminin əzəmətli və insan şəxsiyyətinə dərin ehtiramı özünü cəmiyyətin ədalətsizliklərinə qarşı tutduğu mübariz mövqeyində bütün parlaqlığı ilə göstərirdi. Artıq qeyd olunduğu kimi, mütəfəkkir sosial bəlaların köklü səbəblərinin müəyyən edilməsində aydın təsəvvürlərə malik deyildi. Onu yetirən zəmanənin özü bu səbəblərin həqiqi köklərini üzə çıxarmaqda aciz idi. Lakin bununla belə, Xaqani cəmiyyətdə mövcud olan ədalətsizliklərin səbəbini insanın anadangəlmə naqisliyində, insan təbiətinin qəbahətli keyfiyyətlərində, insanın həyat şəraitini dözülməz vəziyyətə salan sosial quruluşun özünün haqsızlığında görürdü. Ümumiyyətlə isə o, bütün sosial bəlaların varlığını zəmanənin özünün təbiəti ilə əlaqələndirirdi:

Xaqaninin sosial-siyasi ideyaları, müəyyən məqamlarda bu ideyalardakı ittiham xarakterli fikirlər təsirsiz ötüşməmişdir. Belə ki, mütəfəkkir "...tarixə müraciətlə zalım müasirlərinin ədalətsiz işlər üçün cavab verəcəklərini bildirmir, uzun illər xalqın qanını soran tacidarları böyük fəlakətlərin izlədiyini göstərmişdir. Xaqani obrazlı ifadələrin köməyilə eyş və əyləncəni Zöhhakın qaniçən, insanlara əziyyət verən ilanlarına bənzədir, ədaləti isə hər iki ilanı öldürən Firudin qoşunu kimi mənalandıraraq, zülmdən çəkinməyə, ədalətli olmağa çağırırdı". Vəziyyətin dözülməzliyi nöqteyi-nəzərindən zəmanənin rəzil adamları, hakim qara qüvvələr qarşısında mərdanə dayanmağı, fəal mübariz olmağı, zindan qorxusuna və həyatın digər iztirablarına əzmkarlıqla sinə gərməyi dönə-dönə təkrar etsə də, aşağıdakıları da öz müasirlərinə tövsiyə edirdi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər