PDF Oxu

MİA

  • 4 597

İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində qəbul edilmiş qanunlar

image

Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı sahəsində bir çox qanunlar və qanun qüvvəli aktlar qəbul olunmuşdur. Qanun qüvvəli aktlar sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı''nı qeyd etmək olar. Bu aktlarla insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı və müdafiəsi sahəsində bir çox tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuş və həmin tədbirlər dönmədən həyata keçirilməkdədir.

Azərbaycan dövləti beynəlxalq hüququn tamhüquqlu subyekti kimi bu sahədə bir çox tarixi və xüsusi əhəmiyyətli beynəlxalq aktlara qoşulmuşdur. Bunlardan "İqtisadi, sosial və mədəni hüquqlar haqqında", "Vətəndaşlıq hüquqları və siyasi hüquqlar haqqında" beynəlxalq paktları və digərlərini göstərmək olar.

Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı müddəalar işlənib hazırlanarkən bir çox beynəlxalq konvensiyalara, aktlara istinad edilmiş və həmin sənədlərdəki müddəalar əsas götürülmüşdür. Mühüm beynəlxalq sənədlər sayılan "İnsan hüquqlarının ümumi bəyannaməsi", "Mülki və siyasi hüquqlar haqqında" beynəlxalq paktlar, protokollar və onlara əlavələr deyilənlərə əyani misal ola bilər. Hüquqşünas Elməddin İbrahimovun fikrincə, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi dövlət qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, mövcud konstitusiyamızda mütərəqqi amillərdən biri kimi təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinə əsasən hakimiyyətin hər üç qolu - qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarını hər bir halda qorumalı, bu, onların ümdə vəzifələrindən biri və əsası olmalıdır. Ona görə ki, yuxarıda qeyd olunduğu kimi, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir və bu hüquqlar hər hansı bir normativ hüquqi aktla və ya hər hansı vəzifəli şəxs tərəfindən ləğv edilə və ya məhdudlaşdırıla bilməz.

İnsan və vətəndaş hüquqları və azadlıqlarının qorunması sahəsində mühüm dövlət orqanlarından biri də məhkəmələrdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında konstitusiya müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, insan və vətəndaş hüquqları və azadlıqlarının daha effektiv şəkildə qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sədrliyi ilə hüquqi islahatlar komissiyası yaradılmışdır. Bu komissiyanın fəaliyyəti nəticəsində həyata keçirilən hərtərəfli demokratik islahatlar, o cümlədən də məhkəmə-hüquq islahatları nəticəsində respublikamızda beynəlxalq standartlara uyğun bir sıra mütərəqqi qanunlar qəbul edilmiş, bir çox demokratik təsisatlar yaradılmışdır. Bu qanunlar içərisində "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" və digər qanunları misal göstərmək olar. Respublikamızda aparılan ardıcıl və demokratik-hüquqi islahatlar nəticəsində müstəqil üçpilləli məhkəmə hakimiyyəti yaradılmışdır ki, onların da əsas fəaliyyəti insan və vətəndaş hüquqları və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatı təsbit edilmişdir. Həmin müddəaya əsasən "Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər".

E.Məmmədov yazır ki, Konstitusiyada təsbit edilmiş bu müddəa insan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq aktların tələblərinə əsaslanmaqla insan və vətəndaşların həm konstitusiyada, həm də digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi altında olduğunu göstərir. Konstitusiyanın göstərilən müddəasının icra edilməsi ilə əlaqədar "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" 1999-cu il 11 iyun tarixli Qanun qəbul edilmişdir. Həmin Qanun Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquq və azadlıqları pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayətvermə qaydalarını, habelə hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir. Həmin Qanunun 4-cü maddəsinə görə vətəndaşlar dövlət və yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin hüquq və azadlıqlarını pozan, həmçinin də onların həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən, habelə belə qərar və hərəkətlərin qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdirlər.

Bundan əlavə, Azərbaycan Respublikasının yeni qəbul edilmiş Mülki Prosessual Məcəlləsi ilə də vətəndaşların məhkəməyə şikayətetmə qaydaları ilə əlaqədar müddəalar təsbit edilmişdir. Belə ki, həmin məcəllənin 25-ci fəsli seçki hüquqlarının müdafiəsi haqqında ərizələrə dair icraata, 26-cı fəsli müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq- pozmalara dair qərarları ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata, 27-ci fəsli müvafiq icra hakimiyyəti orqanlarının, yeni özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərar və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar icraata həsr edilmişdir.

Hüquqşünas Elməddin İbrahimov yazır ki, insan və vətəndaş hüquqları və azadlıqlarının məhkəmə təminatı ilə əlaqədar, həmçinin onu da qeyd etmək zəruridir ki, məhkəmə və hakimlərin əsas fəaliyyət istiqamətlərini müəyyən edən "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Bu, müddəanın təsbit edilməsi əvvəlki qanunvericilikdən fərqli olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin yeni üsulu kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 442-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələr hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrini (o cümlədən, ailə həyatının, yazışmalarının, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və kommersiya sirrini özündə əks etdirən məlumatlaıla bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdiınatlara, eləcə də cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarına dair şikayətlərə baxır. Bu o deməkdir ki, qətimkan tədbiri qismində həbs, qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, qanunla nəzərdə tutulmuş hallarda tutulma, habelə digər prosessual məcburiyyət tədbirləri yalnız məhkəmənin qərarı ilə tətbiq edilir. Bundan başqa, bir sıra instintaq hərəkətləri - yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış. Axtarış, götürmə, tutulmuş və ya həbs edilmiş şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi, əmlak üzərinə həbs qoyma, poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi və digər istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı ilə həyata keçirilir. Bundan əlavə, bir sıra əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən də məhkəmə qərarının alınması tələb olunur. Məsələn, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, insanların güdülməsi və s.

"Polis haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirirlər. Prokurorluğa məhkəmə nəzarəti isə "Prokurorluq haqqında" Qanunun 45-ci maddəsində təsbit edilmişdir.

Qeyd olunan səlahiyyətlər məhkəmə-hüquq sahəsində islahatların aparılması nəticəsində qəbul edilmiş yeni qanunlarla məhkəməyə verilən yeni səlahiyyətlərdir.

Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, yeni qanunvericiliyə uyğun olaraq birinci instansiya məhkəmələri cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından verilən şikayətlərə də məhkəmə nəzarəti qaydasında baxırlar. Bu isə o deməkdir ki, cinayət icraatı üzrə təqsirləndirilən şəxs (şübhəli şəxs), onun müdafiəsi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər təhqiqatçının, müstəntiqin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qanunsuz və ya əsassız qərar və ya hərəkətlərindən məhkəməyə şikayət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası CPM-in 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulması və həbsdə saxlanması, tutulmuş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işi başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması məsələləri ilə bağlı məhkəməyə şikayətlə müraciət edə bilərlər. Məhkəmə müvafiq şikayətlər üzrə qərar və ya hərəkətlərin qanuniliyini yoxlayarkən barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya qərar və ya hərəkətin qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Bu sahədə məhkəmə təcrübəsindən danışarkən, qeyd etmək lazımdır ki, ötən ildə Qax rayon məhkəməsi tərəfindən məhkəmə nəzarətinin göstərilən sahəsi üzrə 3 şikayətə baxılmış, onlardan 2-si təmin edilməmiş, digəri isə əsaslı olduğundan təmin edilərək cinayət prosesini həyata keçirən orqanın - müstəntiqin hərəkəti qanunsuz hesab edilmişdir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər