PDF Oxu

MİA

  • 9 678

Bəşər ictimai-siyasi fikir tarixində azadlıq, insan haqları və sosial ədalət ideallarının rolu

image

Azadlıq, insan haqları və sosial ədalət bəşər övladının ən əzəli istək və arzularından biri olmuşdur. O, bu gün də tərəqqipərvər bəşəriyyəti dərindən düşündürən mühüm və qlobal problemlərdən biridir. Bu problemlər nəinki qocaman tarixin yüzilliklər boyu ağrı - acısını dadmış sadə insanları və bütöv xalqları, eyni zamanda da mütəfəkkirləri, o cümlədən filosofları, hüquqşünasları, ayrı-ayrı sənət və peşə sahiblərini, şair və yazıçıları həmişə dərindən düsündürmüşdür. A.Quliyev haqlı olaraq yazır: "O, müxtəlif xalqların el qəhrəmanlarının, ictimai-siyasi hərəkatlarının rəhbərlərinin və ayrı-ayrı dövrlərdə yaşamış siyasi xadimlərin ən əzəmətli şüarlarından biri olmuşdur".

Azadlıq, insan haqları sosial ədalət ictimai şüurun elə bir formasıdır ki, onun ətrafında dolaşan fikir və mülahizələrdə bir-birini inkar edən mövqelərə təsadüf etmək çətindir.

Azadlıq, insan haqları sosial ədalət problemi ictimai-siyasi fikrin, müxtəlif ideya cərəyanlarının, ayrı-ayrı konsepsiyaların mərkəzi mövzularından biri olmuşdur. İctimai-siyasi fikir tarixi sahəsində aparılan tədqiqatlar göstərir ki, sosial ədalət ideyası bütün sivilizasiyalarda sadə insandan tutmuş müdrik filosoflaradək heç zaman diqqətdən yayınmamışdır. Deməli, "ədalət" çağırışları, ədalət uğrunda mübarizə, nəhayət, ədalət tələbi insanın yaşıdıdır.

A.Quliyevin fikrincə, siyasi və hüquqi təlimlər tarixi cəmiyyət, dövlət, hüquq, qanun, qanunvericilik, siyasət və s. sosial hadisələrə dair nəzəriyyələri, təlimləri öyrənən və tədqiq edən tarixdir. Siyasi və hüquqi fikrin yaranması, formalaşması, zənginləşməsi və inkişafinda xüsusilə də antik və erkən orta əsrlər dövrü filosoflarının rolu danılmazdır. Məhz həmin filosoflar içərisində ədalətdən danışmayan mütəfəkkir tapmaq çətindir. Bununla belə, siyasi və hüquqi fikrin bir elm kimi formalaşmasında hüquqşünasların da fəaliyyətini danmaq olmaz. Əgər filosoflar bu fikrin, yəni siyasi və hüquqi təlimlər tarixinin böyük nümayəndələridirsə, hüquqşünaslar onun klassikləridir. Qədim Roma hüquqşünaslarından başlamış XX yüzilliyin əvvəllərinədək olan dövr ərzində yaşayıb-yaratmış hüquqşünasların böyük əksəriyyəti sosial ədalət məsələsinə toxunmuş, ədalətli qanunlar qəbul olunmasını qanunvericinin ən öncül vəzifələrindən biri hesab etmişdir.

Azadlıq, insan haqları və sosial ədalətlə bağlı qədim dünyanın və orta əsrlərin mənəvi irsinə müraciət olunması, yeni və müasir dövrlə keçmiş dövr arasındakı oxşarlıqları, bir-birindən uzaq olan yüzilliklərin ədalət kimi problemə münasibətində yaxınlığı, bir sıra məqamlarda isə eyniliyi görməmək qeyri-mümkündür. Sosial ədalətə dair ən qədim dövrlərin və müasir dövrün ideyalarının müqayisəli təhlilinin özü keçmişlə indiki dövr arasında sanki uzun bir körpü salır. Bunu ədalət körpüsü də adlandırmaq olar. Çünki sosial ədalətdən danışarkən, ulu keçmişin ideyalarını dərindən öyrənməməyin özü böyük ədalətsizlik olardı.

Azadlıq, insan haqları və sosial ədalət ideyasının yaşının son dərəcə qədim olmasına baxmayaraq, o öz qlobal əhəmiyyətini bu gün də itirməmişdir. Sosial ədalət problemi indi də sosial həyatın əksər ziddiyyətli, münaqişəli və mürəkkəb məqamlarının həllində öz aktuallığını saxlamaqdadır. Sosial həyatın elə bir sferası yoxdur ki, orada sosial ədalət tələbi meydana çıxmasın. Cəmiyyət tərəqqi etdikcə, yeni-yeni ictimai münasibətlərin formalaşması insanların qarşılıqlı əlaqələrində ədalət prinsiplərinə əməl olunmasının yeni formaları təzahür edir.

A.Quliyev yazır: "İctimai-siyasi fikir tarixinin inkişaf pillələrindən məlum olur ki, sosial ədalət təkcə bir fərdə aid olan problem deyildir. Ədalətlilik hər hansı bir fərddən yalnız insan qrupu, kollektivi və ya birliyi hüdudlarında tələb oluna bilər. Deməli, ədalətlilik böyük bir insan kollektivinə və bütövlükdə cəmiyyətə verilən mənəvi tələbdir. Sosial ədalət prinsipləri. Həmin prinsiplərə əməl olunması tələbi insanla insan, şəxsiyyətlə cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlər sferasında təzahür edən əxlaqi keyfiyyət göstəricisidir.

Ədalət prinsipləri yazılmamış prinsiplərdir. Ədalət prinsiplərinə hamının əməl etməsi hökmü, əslində tələb deyil, bir növ tövsiyə xarakterli təklif, nəsihətdir. Qədim cəmiyyətlərdə isə bu, hər şeydən əvvəl, istək və arzu kimi təzahür etmişdir. Məhz elə bu nöqteyi-nəzərdən də kimisə ədalətsizlikdə təqsirləndirmək və ya bunu başqasına irad tutmaq nə hüquqi sanksiyaya, nə də ictimai məzəmmətə səbəb olmamışdır. Ona görə də hər hansı ədalətsizlik cəmiyyətdə həmişə yalnız etirazlar doğurmuş və ya ümidləri puça çıxarmışdır. Başqa sözlə, hər hansı ədalətsizlik ümidsizliyi artırmaya bilməz. Ədalətsizlik inamı qırır, nüfuza xələl gətirir. İfrat ədalətsizlik isə çox zaman qəzəb və nifrət hissləri doğurur. Belə anlarda öz haqq səsini həmişə birinci olaraq cəmiyyətin qabaqcıl fikirli ziyalıları, o cümlədən şair və yazıçılar, jurnalistlər, bəzi hallarda isə mütəfəkkir - alimlər qaldırırlar".

Müxtəlif xalqların, millətlərin və etnik qrupların ictimai fikrinə dair tarixi araşdırmalardan və ayrı-ayrı istiqamətlərdə aparılan tədqiqatlardan məlum olur ki, ədalət haqqında ideyaların kökləri bəşər cəmiyyətinin mifik təsəvvürləri (əsatirlər, əfanələr, nağıllar, dastanlar, etnoslar) ilə sıx surətdə bağlıdır.

Azərbaycanın görkəmli filosofu, dünya xalqlarının əsatirlərinə, mifoloji dünyagörüşünə dair çoxsaylı tədqiqat əsərlərinin müəllifi professor A.M.Şükürov yazır: "Bəşər cəmiyyəti müasir dövrə qədər böyük bir inkişaf yolu keçmişdir. Təbiətdən asılılıq-təbiətin qüvvələrinə - Günəşə, Aya, küləyə, suya, daşlara etiqad etməyə gətirib çıxarmışdır. Xeyir və şər qüvvələrinin təbiətə aid edilməsi, təbiət qüvvələrinin hər şeyə qadir olmasına inam formalaşdırmışdır. Miflər hər şeyi izah edirdi: Günəş niyə çıxır və niyə batır? İnsanlar nə üçün xəstələnir və ölürlər? Nə üçün yayı qış əvəz edir? İnsanlar bütün bunları başa düşməyə və təsəvvürlərinə müvafiq olaraq izah etməyə çalışırdılar. Axı həmin dövrdə mifoloji dünyanı dərk etməyin üsullarından biri idi".

Demək olar ki, bütün xalqların, o cümlədən qədim azərbaycanlıların ictimai fikri öz inkişafının ən erkən mərhələsində mifoloji səciyyə daşımışdır. Bu nöqteyi-nəzərdən Yaxın Şərq xalqlarının da ictimai-siyasi fikri istisna olunmur. Əslində, Yaxın Şərq ilkin mifoloji təsəvvürlərin təşəkkül tapdığı ilk regionlardan biri hesab olunur.

Fərat və Dəclə çaylarının vadisindəki qədim şəhərlərin yerləşdiyi yerlərdə aparılan arxeoloji qazıntılar göstərmişlər ki, Şumer və Akkad adı ilə məlum olan bu region hələ eramızdan əvvəl 4000-ci ildə əhali ilə məskunlaşmışdır. Bəzi alimlər hesab edirlər ki, burada əhalinin məskunlaşmasının daha qədim izləri mövcuddur. Lakin Ur, Uruk və Kiş kimi şəhərlərin yerində aşkar olunan izlər buraların tam inkişaf etmiş sivilizasiyalar olduğuna şübhə yeri qoymur.

Yaxın və Orta Şərq xalqlarının mədəniyyətinin zəngin xəzinəsini təşkil edən müxtəlif məzmunlu rəvayətlər, əsatirlər, nağıllar və dastanlar dünya xalqlarının mifik təfəkkürünün formalaşmasında və mifloloji fikirlərinin inkişafında mühüm rol oynamışdır. Dünya xalqlarının mifologiyası arasında bir çox oxşarlıqlar, bəzi mifoloji mətnlərin məzmun və mahiyyətinin eyniliyi də məhz bundan irəli gəlmişdir.

Azadlıq, insan haqları və sosial ədalət ideyasının mifoloji kökləri Qədim Şərq xalqlarının ictimai şüurunda həyati hadisələrin səbəblərini bilmək, öyrənməklə bağlı formalaşmış ən bəsit və ibtidai təsəvvürlərlə bağlıdır. Lakin ictimai həyat hadisələrinin mifoloji cəhətdən differensiyası antik dövrlə bağlıdır.

Artıq qeyd edildiyi kimi, qədim xalqların cəmiyyətə baxışları özünün ən erkən inkişaf mərhələsində bütövlükdə mifoloji xarakter daşımışdır. Bu nöqteyi-nəzərdən qədim yunanların da cəmiyyətə dair ictimai görüşləri istisnalıq təşkil etmir. Antik dövrdə cəmiyyətə və sosial həyatın müxtəlif hadisələrinə dair ictimai, o cümlədən də siyasi-hüquqi görüşlər hələ insan idrakının, onun təfəkkürünün nisbi müstəqil sahəsinə differensiasiya olunmamışdı. Həmin görüşlər sinkretik mifoloji dünyagörüşün bir hissəsini təşkil edirdi. Mifoloji təsəvvürlərə uyğun olaraq yerdəki qaydalar ilahi mənşəyə və mənaya malik olan ümumdünyəvi (kosmik) qaydaların ayrılmaz tərkib hissəsindən ibarət idi. Y.M.Meletinskinin fikrincə, kosmosun (kosmoqoniyanın) və allahların (teoqoniyanın) mənşəyinə dair müvafiq mifoloji fərziyyələr fikiryaradıcı kontekstində və eyni zamanda izahedici prinsip qismində təzahür etmişdir. Məhz fikiryaratma kontekstində və izahedici prinsiplərin köməyilə insanların yerdəki həyatı, onların ictimai quruculuğu, allahlarla əlaqələri və bir-biriləri arasında münasibətləri mifoloji mətnlərdə işıqlandırılmışdır.

Hadisələrin kosmoqonik və teoqonik səpkidə mifoloji cəhətdən təsvir edilməsi keçmişin hadisələri haqqında, sadəcə olaraq nəql etmədən deyil, həm də şeylərə ümumməcburi baxışlardan ibarət idi. Keçmiş haqqında informasiyanın özünəməxsus forması olan mif, eyni zamanda da indi və gələcəkdə qeyd-şərtsiz icra edilməli olan məcburi norma və qaydaların mənbəyidir.

Antik dövrdə mifin müddəaları insan münasibətlərinin müvafiq quruluşu nöqteyi-nəzərindən imperativ modelə xidmət edir və həmin münasibətləri yüksək nüfuz, "Allahın sanksiyası" ilə işıqlandırırdılar. Yerdəki qaydaların ilahi (kosmik, səma) mənşəyi haqqında mifoloji görüşlər mərhələsində mif digər təsəvvürlərin, baxışların, nöqteyi-nəzərin və s. şəxsində rəqabətə malik olmayan hökmran total ideologiya rolunu oynayırdı. Mifə şübhəli yanaşma ondan, onun rasionallaşdırılmasından imtina etmənin başlanğıcı idi. Lakin bu, son dərəcə uzun sürən bir inkişafın nəticəsi olmuşdur.

Sosial-siyasi və hüquqi təlimlər bu anlayışın ciddi və xüsusi mənasında erkən sinifli cəmiyyətlərin və dövlətlərin varlığının yalnız kifayət qədər uzun sürən prosesində təzahür etmişdir. F.X.Kessidi yazır ki, siyasi təlimlərin (siyasi nəzəriyyənin) təşəkkülü nəzəri planda insan idrakının rasionallaşması və fəlsəfənin genezisinin ümumi prosesi zəminində baş verir. A.N.Canışevin fikrincə, bu proses çərçivəsində inkişaf edən hüquqi və siyasi görüşlər mifin ümumdünyagörüşlü müddəalarının ilkin aspektləridir.

A.Quliyev qeyd edir ki, mifdə hakimiyyəti və qaydanın mövcud münasibətlərinin ilahi (səma, fövqəltəbii) mənşəyi haqqında təsəvvür hökmranlıq edir. Bununla belə, primitiv cəmiyyətlərdə mif sosial normaları legitimləşdirmə (qanuniləşdirmə) funksiyasını yerinə yetirir. Mifin yerdəki qaydaların ilahi mənşəyi haqqında müddəaları hüququn, qanunun, ədalətin və s. xarakteri barəsində daha konkret təsəvvürlərin əsasında durur.

Cəmiyyətin inkişafının dini-mifoloji təsəvvürlər mərhələsində hüquq, qanun və ədalət nə sosial normaların, nə də siyasi-etik kateqoriyanın hələ xüsusi sferasına ayrılmamışdılar. Bu sosial-etik hadisələr dini-mifoloji aspektdən ayrılmaz halda mövcud idilər. Bu dövrün həm qanunlarında, həm də ədalətə dair təsəvvürlərində dini-mifoloji, əxlaqi, etik sosial-siyasi və digər məqamlar sıx şəkildə üst-üstə qalaqlanmışdı. Qanunvericinin özü bütövlükdə ilahi mənbəyə arxalanırdı. İstər qanun, iəstərsə də, ədalət birbaşa allahların adı ilə və ya onların yerdəki nümayəndələri - hökmdarlarla əlaqələndirilirdi. Hökmdarlar əsatirlərdə dövlətlərin əfsanəvi təsisçiləri və ya qəhrəman qanunvericilər, ədalətin carçıları və daşıyıcıları qismində təsvir edilirdilər. Misirlilər, babillər, hinduslar və yəhudilər kimi qədim yunanlar da qanunların və ədalətin, ədalətli qanunların allahlardan gəldiyini, Yer üzünə allahlar tərəfindən göndərildiyini təsəvvür edirdilər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər