Eramızın VII yüzilliyində meydana gəlmiş islam dini mühüm əxlaqi sərvətlərlə yanaşı, insanların hüquq və azadlıqlarının müdafiəsini, onlar arasında haqqın, ədalətin də həmişə mövcud olmasını zəruri həyati və bəşəri prinsip qismində elan edir. Bunu islam dininin yaradıcısı, möhtərəm Peyğəmbərimiz Məhəmmədin kəlamlarından da görmək mümkündür. "İslami ədalət" Yer üzündə insanlığa hörmət və ehtiramın əzəmətli təntənəsidir.
Məhəmməd peyğəmbər hamını və hər kəsi düzlüyə, haqqı və ədaləti unutmamağa, bir işi görərkən, bir işə müdaxilə edərkən axirət dünyasını yaddan çıxarmamağa çağırmışdır. Həmin hikmətamiz kəlamların bir qismi aşağıdakılardan ibarətdir.
"Qiyamət günü ən şiddətli cəzaya məruz qalacaq adam, hökmü altında olanlara zülm edən imamdır".
"Həqiqətən də əmr verən, adamları itaətdə saxlamaq üçün öz gümanına əsaslanıb və hər şeyə şübhə ilə yanaşıb hərəkət edərsə, insanların əxlaqını pozar".
"Ümmətimin başına onu doğru yoldan sapındıran adamların keçməsindən qorxuram".
"Ədalət gözəldir, lakin bu ədalət əmrlərdə ifadə olunursa, daha gözəl olur...".
"Xalqa qarşı zorakılıq edənlərin və belələrinə yardım göstərənlərin yeri cəhənnəmdir".
"Allahım, ümmətimdən biri iş başına keçəndən sonra adamlara qarşı zorakılıq edirsə, sən onu məşəqqətlərə uğrat; ümmətimdən biri iş başına keçəndən sonra ümmətimə yaxşılıq edirsə, sən ona mərhəmət göstər".
"Hakimlər, hökmdarlar üç qismdir: ikisi cəhənnəmdədir, biri cənnətdə. Keyfi istədiyi kimi hökm verən cəhənnəmdədir, həqiqəti bilmədən hökm verən də cəhənnəmdədir. Həqiqəti öyrənib bilən və buna uyğun olaraq hökm verən isə cənnətdədir".
"Hökm verərkən ədaləti gözləyin, öldürəndə belə çox əziyyət verməyin, ağır işgəncələrə atmayın; şübhə yox ki, Tanrı mərhəmət sahibidir, insaflıları sevir".
"Şahidlərə hörmət et, çünki Ulu Tanrı haqq-ədaləti onların vasitəsi ilə üzə çıxarır, onların vasitəsi ilə zülmü dəf edir".
"Allahdan qorxun, övladlarınıza qarşı ədalətli olun, birini o birindən üstün tutmayın".
Məzmunlarından göründüyü kimi, Məhəmməd Peyğəmbərin kəlamları nəsihət tərzində ifadə olunur. Bu kəlamların böyük dəyəri ondan ibarətdir ki, onlar hər bir dövrlə səsləşir, köhnəlmir, əksinə, həmişə yeniləşir. Tədqiqatçı Aqşin Quliyev yazır ki, Məhmməd Peyğəmbərin sosial ədalət məsələsini əhatə edən kəlamları ayrıca məcmuə şəklində rus və inglis dillərində də nəşr edilmişdir. Məcmuə sonralar fars dilinə də tərcümə edilmişdir.
İngilis və ərəb dillərini mükəmməl öyrənib fəlsəfəyə çox böyük maraq göstərən, Kəlküttə Universitetində hüquq, filologiya və fəlsəfə elmləri üzrə doktorluq-alimlik dərəcəsini almış hind tədqiqatçısı Əbdullah Söhrəvərdi (1882-1935) "Məhəmməd Peyğəmbərin kəlamları" toplusunu ilk dəfə 1905-ci ildə nəşr etdirmişdi. Toplu onun vəfatından yeddi il sonra - 1942-ci ildə qardaşının səyilə ingilis dilində Londonda dərc edilmişdi. Məcmuə çox tezliklə Qərb dünyasının mütərəqqi görüşlü ziyalılarının diqqətini özünə cəlb etmişdi. Həmin toplunun sosial ədalətə aid olan seçmələri aşağıdakılardır:
1. İki dostun arasında ədalətə riayət etmək sədəqədir.
2. Bütün əməllərlə onları törədən səbəblərlə mühakimə olunur.
Səbəb isə əməlin meyarıdır.
3. Borcun ödənilməsini əsassız təxirə salmaq sənə əl tutan yaxşı adama zülmün nişanəsidir.
4. Başqalarına rəhm edin ki, sizə də rəhm etsinlər. Özgələrini bağışlayın, qoy sizi də bağışlasınlar.
5. Zalım və ya məzlum olmasına baxmayaraq, qardaşınıza kömək edin.
6. Müsəlmanlar dini qardaşlar hesab olunurlar. Buna görə də rəva deyil ki, bir-birinə zülm edib kömək etməkdən çəkinsinlər, ya da kin saxlasınlar. Ədalətin oturacağı ürəkdir. Buna görə ədalətin zahir olduğu yer, yəni ürək müsəlmanın kinini saxlamamalıdır.
7. Allah başqasına rəhm etməyən insana rəhm etmir.
8. Rəiyyətlərinə ədalətlə rəhbərlik və yaxşılıq edən adil sultanlar inadlıqlar məkanına daxil olmaq imkanına malik olurlar.
9. Allahın ən böyük düşməni İslamı qəbul etsə də, alçaq işlər görənlər və bəşər qanını tökənlərdir.
10. Bilin ki, Allahın bəndələrinin ən yaxşısı bilikli və ədalətli başçılar, onların ən pisi zalım və cahil rəhbərlərdir.
11. Ədalətsizliklə əsir olunanları azad edin.
12. Yaxşı əməllərdə təkidli olun.
"Məhəmməd Peyğəmbərin kəlamları" ilə Ə.Söhrəvərdinin tərcüməsində tanış olan Mahatma Qandi yazırdı: "Məcmuəni mütaliə edib, ondan çox şey öyrəndim. Bu qiymətli kəlamlar təkcə müsəlmanların bilik xəzinəsinə deyil, bütün bəşəriyyətə mənsub olan xəzinəyə rövnəqdir' Kəlküttə, 24 mart, 1938-ci İ1".?
Lami ədalətin hər bir insanın həyat tərzinin ayrılmaz tərkib hissəsi olması, ədalətin fərdin əxlaqı ilə bağlılığı müsəlman dünyası üçün bütün dövrlərdə səciyyəvi cəhət olmuşdur. Yalnız ədalətli və hər cür zülmü, zorakılığı rədd edən, nanəcib əməllərə qarşı barışmaz olan insan əsl əqidə sahibi ola bilər. Ədalət hissi olmayan insanın dini-imanı da olmaz. İslam dini bunu öz varlığının ilk günlərindən öyrədir.
Quranda təsbit edilmiş bərabərlik, hər şeydən əvvəl, Allah qarşısında bərabərlik, bərabər məsuliyyət daşımaq deməkdir. Cəmiyyətdə mövcud olan haqsızlıqları, ədalətsizlikləri, çirkinlikləri və özbaşnalıqları da məhz bərabərlik aradan qaldırır. Bərabərlik ədalətə, azadlığa və humanizmə yol açır. Ona görə də sosial bərabərsizlik həmişə ədalətsizlik, zülm və zorakılıq doğurmuşdur. Çünki ədalət yalnız bərabərlər, azadlar arasında mövcud ola bilər. Təsadüfi deyildir ki, bəşər cəmiyyətində sosial ədalətin təmin edilməsində islamın tarixi rolunun xüsusi yeri vardır.
"Nəhcül-bəlağə" islam aləmində Qurandan sonra ikinci kitab hesab olunur. "Nəchül-bəlağə"nin ("Gözəl nitqin işıqlı yolu") əsas müəllifi İbn Əbil-Hədid saylılır. Kitab dünyanın bir çox dillərinə, o cümlədən onun Həzrət Əlinin kəlamlarından bəhs edən hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Həzrət Əlinin dəyərli kəlamları içərisində ədalətə aid olan aşağıdakı hikmətamiz fikirlər də vardır:
1. Zalım üçün ədalətli məhkəmə qurulan gün, onun məzluma verdiyi əziyyətli gündən ağır olar.
2. Dost və düşmənə qarşı ədalətli ol.
3. Hər kəs haqq ilə vuruşsa, haqq onu yerə sərər.
4. Zülm və sitəm edən üçün, barmağını dişləyən gün gələr.
5. Haqdan uzaqlaşanın ömrü qısalar.
6. Haqqı dərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq xətadır.
7. Acizə zülm etmək ən böyük zülmdür.
8. Ağıllı üçün ədaləti güzəşt, kötək yeməkdən ağırdır.
9. Zülm edən şəxs özünü məhvə doğru aparır.
10. İnsaf və ədaləti düşmənin üçün saxla.
11. Ədalət dörd qisimdir: anlayışda dərinə varmaq, bilikdə dərin olmaq, aydın hökmlə qərar vermək, elmdə dirənmək.
12. Allah şahidliyi bəndələrin haqlarını yerinə yetirmək üçün buyurdu.
13. Tövhid - Allahı fəhmlə tövsif etməmək, ədalət isə Onu hikmət və ədalətə zidd şeylərlə töhmətləməməkdir.
14. Bildiyim, tanıdığım andan bəri haqqı inkar etmədim. Mənə göstərildiyi andan bəri haqq barəsində şübhəyə düşmədim, yalan söyləmədim.
15. Biz haqqa çağıranlarıq; haqqın imamlarıyıq; həqiqət diləyirik.
16. Haqdan və haqq əhlindən ayrılma.
17. Zalıma gəlib çatacaq ədalət günü məzlumun uğradığı cövr və cəfa möhnətindən çətindir.
18. Zalım şəxsin üç əlaməti vardır: günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər.
19. Nəfsinə zülm edən başqasına qarşı necə ədalətlə rəftar edə bilər?
20. Məzluma yardımçı ol, zalıma düşmən kəsil.
21. Yaxşılığa əmr et, pisliyi nəhy.
22. Şərdən çəkinən şəxs xeyir iş görənə bənzər; günahdan ehtiyat edən kişi yaxşılıq edənə dönər.
Kəlamlarından göründüyü kimi, Həzrət Əlinin fikirləri Günəş qədər odlu və aydın, ümmanlar qədər dərin və mənalıdır. Peyğəmbərimiz əbəs yerə deməmişdir ki, "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır". Həzrət Əlinin kəlamları insanı saflaşdırır, qəlblərə insanpərvərlik və xeyirxahlıq toxumu əkir.
İnsan və şəxsiyyət amili islamın dini-fəlsəfi təlimində, eləcə də onun siyasi-hüquqi ideologiyasında həmişə mərkəzi yerlərdən birini tutmuşdur. İnsanı "bütün yer üzünün əşrəfi" kimi qiymətləndirən islam bəlkə də dünyada monoteist dinlərin ən birincisidir. İslam və onun müddəaları üçün cahanşümul olan insan Tanrının ən böyük əsəri, bəşəriyyətin ən dəyərli canlısı, təbiətin və cəmiyyətin ən müəmmalı sirlərinə nüfuz edə bilən, ən çətin mətləblərin açarına malik olan yenilməz və qüdrətli bir varlıqdır.
A.Quliyev yazır: "İnsanın cəmiyyətdəki yeri və rolu, ilk növbədə onun şəxsiyyətinin tutumu, mənəvi zənginliyi və əxlaqi gözəllikləri ilə müəyyən olunur. Ona görə də insana qiymət zahiri görkəminə, qamətinə və libasına görə deyil, daxili aləminə və əxlaqi keyfiyyətlərinə görə verilir. İnsan barəsində bütün bu məziyyətləri daim rəhbər tutan islam gözəl insan dedikdə, pak əməlləri ilə seçilən, hətta dilindən saçılan kəlmələrin məntiqiliyi ilə fikir və düşüncə dünyasını bəzəyən, əməlləri ilə insanlığın xoşbəxtliyinə xidmət edən və insana yad olan nə varsa hamısına nifrət bəsləyən bir əzəmətli vicdan daşıyıcısı, bir fərd kimi yanaşır.
Bütün bunların nəticəsidir ki, islam təlimi həmişə yaxşı və pis, ədalətli və ədalətsiz, diqqətli və laqeyd, sadiq və xain, fədakar və yaramaz, mərd və qorxaq, insanpərvər və cəllad, mərhəmətli və qəddar, əxlaqlı və pozğun, şəfqətli və rəhmsiz, sadə və lovğa, qədirbilən və xudpəsənd, əməksevər və tüfeyli, namuslu və əyyaş, xeyirxah və bədxah, xoşniyyət və pisniyyət, fəzilətli və qəbahətli, qoçaq və fərsiz, nəcib və xəbis, igid və satqın və s. insanları fərqləndirmişdir.
Ən diqqətəlayiq cəhətdir ki, islam təlimi insanlara milli mənsubiyyətinə, irqinə, dininə və dilinə görə fərq qoymamışdır. İslam təlimi bütün insanların azad və bərabər olduğunu daim təbliğ etmişdir. Ona görə də insan azadlığı problemi islamı və onun ardıcıllarını dərindən düşündürən ən qlobal problemlərdən biri olmuşdur".
A.Quliyevin fikrincə, insan azadlığı təkcə islam təlimində deyil, fəlsəfi, sosial-siyasi və hüquqi fikir tarixində həmişə kəskin problemlərdən biri olmuşdur. İslam təlimi azadlığı insan üçün ən böyük nemət hesab edir. Bununla yanaşı, haqqısevər insanlar üçün böyük nemət olan azadlıq, həm də uğrunda neçə-neçə insan nəslinin qurban getdiyi çətin mübarizə meydanının heç də həmişə əl çatmayan zirvələrindən biri olmuşdur. Belə ki, azadlıq öz həyatını ən saf və ülvi həqiqətlər, yüksək amallar və sarsılmaz məqsədlər üzərində qurmaq istəyənlər üçün əzablı və zillətli yolların yolçusu olmuşdur.
İslam təlimi insan azadlığını, tək-tək fərdlərin, yaxud ayrıca bir millətin deyil, bütün dünya xalqlarının bərabərliyini və demokratiyanı bir-birindən ayırmır. Azadlıq, bərabərlik və demokratiya bir-birini həmişə tamamlayır. Ona görə də islam sosial sferada həmişə belə bir ardıcıl mövqedən çıxış edir ki, cəmiyyətin inkişafının və bütövlükdə bəşəriyyətin sosial-siyasi tərəqqisinin ən başlıca meyarları və irəliyə doğru təkanvericiləri azadlıq, bərabərlik və demokratiyadır. İslam təliminə görə bütün insanlıq yalnız o halda uzunömürlü olur və sabit ahəngdarlıqla tərəqqi edir ki, azadlıq, bərabərlik və demokratiya vahid istiqamətdə şəriksiz hökmranlıq edir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru