Faktlar göstərir ki, XX əsrin əvvəllərində Türkiyə ərazisində 2,5 milyon xristian yaşamışdır kı, onun yalnız 1 milyonu qriqoryan olmuşdur. Bir milyonluq əhalinin iki milyonluq soyqırımını yaratmaq bacarığı yalnız ermənilərə xas "istedaddır".
XXI əsrin əvvəli dünyada türkçülüyün oyanış, tarixi köklərə, milli haqlara qayıdış dövrü kimi diqqəti cəlb edir. Azərbaycanın quzeyində öz tarixi müstəqillik haqqını bərpa edən Azərbaycan Respublikası dünyanın ictimai-siyasi birliklərinə, iqtisadi qurumlarına inteqrasiya etdikcə, bu müstəqillik möhkəmlənir, dönməz xarakter alır.
Professor Nizami Xudiyev yazır: "Ümummilli Liderimiz Heydər Əliyevin regionda yaxın və uzaq qonşularla balanslaşdırılmış siyasəti müstəqil Azərbaycanı tezliklə Avropanın, eləcə də dünyanın aktiv inkişaf fazasına qədəm qoymuş dövlətləri sırasına çıxartdı. Həm Şərqi, həm də Qərbi eyni dərəcədə razı salan bu müdrik dövlətçilik xətti dünya azərbaycanlılarını vahid vətən sevgisi ilə coşdurdu, lobbiçilik hərəkatına, milli özünüdərk prosesinə təkan verdi. Azərbaycan rəhbərliyinin son 10-11 ildə yeritdiyi ümummilli siyasət, yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlının qarşısına vətəninin tarixi taleyi ilə maraqlanmaq, dostunu-düşmənini tanımaq, müstəqilliyimizə qarşı ardıcıl siyasət aparanların, ərazi iddiaları ilə torpaqlarımıza soxulanların cinayətini dünya xalqlarına çatdırmaq və bu kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirmək vəzifəsi qoydu".
Tarixi ədalətsizlik üzündən təxminən 200 il əvvəl ikiyə bölünmüş Azərbaycanın güneyində də bu siyasi fəallıq son 10-11 ilin dinamik boy artımı ilə nəzəri cəlb etməkdədir. Yaxın Şərqdə müstəqilliyini ilk olaraq əldə etmiş Azərbaycan məhz XX əsrin sonu - XXI əsrin əvvəllərində Heydər Əliyev fenomeni ilə öz azadlıq, müstəqillik bayrağını ucalara qaldıra bildi. İndi dünyanın hər yerində olduğu kimi, Güney Azərbaycanda da bu müstəqillik soydaşlarımız tərəfindən dəstəklənir, ölkəmizin inkişafına və çiçəklənməsinə sonsuz arzular, ümidlər ifadə olunur. Əgər əvvəllər azad vətən hissi təkcə məişət xarakterli tədbirlərlə məhdudlaşıb qalırdısa, bu gün siyasi fəallıq mətbuat, dərgilər, tarixi araşdırma və təhlillərdə geniş yer alır. Milli tarixi haqların bərpasında, xalqımızın dostlarını və düşmənlərini tanıtmaq işində son illər Güneydə işıq üzü görən qəzet və jurnalların, xüsusən, tələbə nəşrlərinin əhəmiyyəti böyükdir. Bu, bir tərəfdən ictimai fikrin kütləviliyini, miqyasını tanıdırsa, digər tərəfdən gəncliyin yeni quruculuqda perspektivlərini diqqətə çatdırır. Çoxillik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq 36 milyon azərbaycanlı vətəndaşı olan İranın işğalçı Ermənistanla xeyli isti siyasi-iqtisadi münasibətləri, Güneydəki soydaşlarımızın bu işə loyal yanaşması müstəqil Azərbaycanda ən azı təəccüb doğururdu. Lakin son faktlar göstərir ki, Güneydə də tarixi erməni hiyləgərliyinin, düşmənçiliyinin ifşası istiqamətində bir sıra əməli işlər görülməkdədir.
Ermənistanın işğal etdiyi və separatçı "DQR" rejimi yaradılmış Azərbaycan ərazisi hazırda bir sıra terror təşkilatlarının "vətən"inə çevrilmişdir, burada cinayətkar fəaliyyət - narkobiznes, silah alveri və s. üçün hər cür şərait yaradılmışdır.
Hazırda beynəlxalq terrorizm qlobal hal almış və beynəlxalq terror birlikləri yaranmışdır. Bu, təkcə terror təşkilatlarının bütün dünyada fəaliyyət göstərdiyinə dəlalət etmir. Burada, ilk növbədə o fakt nəzərə alınır ki, son onilliklər ərzində dünyanın müxtəlif hissələrində strateji planlaşma, maliyyələşmə, yaraqlıların hazırlığını həyata keçirən müxtəlif terror təşkilatlarının fəaliyyətini əlaqələndirən mərkəzlər yaranmışdır ki, onlar da aktiv fəaliyyət göstərməkdədirlər.
Ramiz Sevdimalıyev yazır: "Müasir terrorizmə xas cəhətlərdən biri də onun beynəlmiləlləşməsidir və bu terror təşkilatları arasında əlaqələrin qurulması və möhkəmlənməsi, hansısa bir "dünya terror birliyi"nin formalaşması kimi meyillərlə səciyyələnir. Böyük inamla demək olar ki, XX-XXI əsrlərin qovuşağında narkobiznes, insan və silah alveri, cinayətkar fəaliyyətin başqa növlərilə sıx bağlı terrorizm beynəlmiləl hal almışdır. Qeyd edək ki, fəaliyyətinin gizliliyi terrorçu qrupları kəmiyyətcə məhdudlaşdırır və bu durum onları beynəlxalq əlaqələr axtarmağa təhrik edir".
Görünür, buna görə də ideoloji cəhətdən yaxın olan terror təşkilatları həyata keçirdikləri əməliyyatların səmərəliliyini daha optimal etmək üçün müntəzəm olaraq özlərinin fəaliyyətlərini beynəlxalq səviyyədə razılaşdırmaq cəhdlərinə təşəbbüs göstərmişlər. Məsələn, FAT, Əhməd Cibril və Abu Nidalın qruplaşmaları da daxil olmaqla, çoxsaylı sol təmayüllü Fələstin terror təşkilatları, İRO irland təşkilatı, "Qırmızı Ordunun Fraksiyası" alman təşkilatı və "Aksyen direkt" fransız təşkilatı ilə sıx əməkdaşlıq edirlər. Qeyd edək ki, bu təşkilatların yaraqlıları Beyrutda SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin agenti Stiq Berqlinqin rəhbərliyi altında təlim keçirdilər.
Bu gün dövlətlərdən fərqli olaraq terror təşkilatları öz fəaliyyətlərinin səmərəliliyini gücləndirmək üçün çox asanlıqla dünyanın müxtəlif guşələrindəki başqa analoji qruplaşmalarla əməkdaşlığa gedir, burada öz bölmələrini və bazalarını yaradır, tərəfdaşları ilə fəaliyyətlərini əlaqələndirirlər. Müasir terror təşkilatlarının regional və beynəlxalq səviyyədə analoji strukturlarla məxfi əlaqələr qurmaq bacarığı, eləcə də hansısa terror birlikləri formalaşdırması, fikrimizcə, beynəlxalq terrorizmin güclü tərəfidir. Faktlar göstərir ki, əvvəllər yerli səviyyədə hərəkət edən qruplar vahid transmilli sistemdə birləşir və bununla da real və çox təhlükəli qüvvəyə çevrilmiş olurlar.
N.Xudiyev mənbələrə əsaslanaraq göstərir ki, XIX əsrdə qısa vaxt ərzində Qafqaza, qismən də Qarabağ torpaqlarına köçürülən 35 min erməni elə ilk vaxtlardan yerli azərbaycanlılarla milli zəmində münaqişələr törədir, rus havadarlarının hesabına ərazilərini genişləndirirdilər. Azərbaycan və Türkiyə torpaqları hesabına Böyük Ermənistan yaratmaq xülyasına girişən ermənilər tezliklə təşkilatlanırlar. XX əsrdə 2 milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması bu siyasətin nəticəsidir. Müəllifin ürək ağrısı ilə dilə gətirdiyi faktların arxasında xalqımıza qarşı sonsuz zülm və işgəncələr, ağır deportasiyalar, qanlı qırğınlar özünü nişan verir. Məsələ burasındadır ki, qanlı cinayətlər sahibi ermənilərin məkri, ədalət tərəfdarı azərbaycanlıların sadəlövhlüyünü həmişə üstələyir. Hətta bu avantüradan Osmanlı dövləti də baş aça bilmir, Ana Yasanın etnik azlıqlara verdiyi hüquq ermənilərin millətçilik planlarının sürətlənməsinə yardımçı olur. Osmanlı dövlətinin 1839-cu il Konstitusiyasında "Xətti-şərif" adlı Fərman (buna əlavə olunmuş "Xətti-humayun") Türkiyə ərazisindəki xristianlara əyalət şuralarının təşkilində iştirak etmək hüququ verirdi. 1876-cı ildə təzələnən Konstitusiya onlara geniş mətbuat azadlığı da bəxş etdi ki, xüsusən, ermənilər bu azadlıqlardan milli, irqi ayrı-seçkilik üçün istifadə etməyə girişdilər. Osmanlıya düşmən olan Rusiya, İngiltərə və Fransa dövlətlərinə casusluq edən ermənilər öz niyyətlərini həyata keçirmək məqsədilə antitürk koalisiya qüvvələrindən yararlanırdılar. Bu vaxt Daşnaqsütyun Partiyasının üzvləri gizli fəaliyyətdən açıq cinayətlərə keçir, Bakıda qırğınlar törətməklə fəaliyyətlərinin ikinci fazasına - terrora başladıqlarını bəyan edirlər. 1905-ci ildə qısa vaxt ərzində 10 mindən çox azərbaycanlını qətlə yetirirlər, 158 kənd yandırılır və qarət olunur. Bu qırğınları müvəqqəti olaraq səngidən Yaponiyanın Rusiya üzərində qələbəsi olur. M.S.Ordubadi bu faciələri "Qanlı sənələr" kitabında bütün reallıqları ilə əks etdirməyə çalışmışdır. Analoji nəticələri ilə bu gün Bakıda rastlaşdığımız missionerlik faktlarının səhnə arxasındakı fəaliyyətinin 1917-ci il martın 17-də ermənilər tərəfindən Urmiyada böyük faciələr törətdiyini bu məqalədən oxuyub öyrənirik. Qəribəsi budur ki, ermənilər tərəfindən Urmiyada törədilən qırğınlara Rusiya konsulu Nikitinlə Amerikanın dini işlər missioneri Ştin rəhbərlik etmişdir. Bu isə tarixdə 10 mindən çox azəri türkünün qətli ilə yadda qaldı. Urmiya, Səlmas, Xoy, Maku şəhərlərini talan edən ermənilər cinayətlərini ört-basdır etmək məqsədilə bu işə İrandakı qeyri-müsəlman xalqları, o cümlədən assuriləri də qoşurdular. Bu qanlı faciəni Əhməd Kəsrəvinin "18 il Azərbaycan tarixi" kitabına istinadən oxucunun diqqətinə çatdıran müəllif göstərir ki, 10 min insanın qətliamı "Gün doğandan gün batana kimi icra olunmuşdur".
Məqalədə bu qətliam haqqında, həmçinin Azərbaycan demokratik hökumətinin rəhbəri Seyidcəfər Pişəvərinin mülahizələri də öz əksini tapıb: "Mən daşnakların vəhşiliyini 18 mart 1918-ci ildə gördüm. O günlər saysız-hesabsız adamlar karvansarada yandırılır və kömürə dönürdü. Bu cinayəti şüursuz erməni xalqı heç bir səbəbə arxalanmadan etdi. Həqiqətən, bu faciəni görən insanın psixi vəziyyəti qeyri-normal olurdu". 1918-ci il qırğınlarının Bakıdakı miqyası haqqında S.Pişəvərinin xatirələrindən məlum olur ki, əslində ermənilər Bakıda azərbaycanlılara qarşı daşnak-bolşevik birliyi yaradaraq qətliamlar törədirdilər. İrəvan, Qarmıs, Ərdəhan, Borçalı və Axıskada 200 min müsəlmanı etnik zəmində öldürən ermənilər Bakıda onlara havadarlıq edən bolşevik S.M.Kirova təntənəli məruzələr edir, yeni-yeni hərbi kömək istəyirdilər. S.M.Kirov 1920-ci il aprelin 23-də Azərbaycana 60 minlik qoşun yeritməklə ermənilərin bu arzularını reallaşdırdı. Ordu Azərbaycan milli hökumətini devirərək parlament üzərindən milli bayrağı söküb atdı, yerinə qanlı imperiyanın bayrağını sancdı. Bu qətliamın icraçısı olan ermənilər yeni bolşevik imperiyası tərəfindən mükafatlandırılaraq Zəngəzur ərazilərinə, Göyçə gölünün şərq hissəsinə yiyələndilər və Qarabağ ərazisində muxtariyyət əldə etdilər. N.Xudiyev göstərir ki, məqalədə ermənilərin 1988-ci ildən sonrakı ərazi iddiaları və SSRİ-nin ilk prezidenti M.S.Qorbaçovun ermənipərəst siyasəti ifşa olunur, azərbaycanlılara qarşı doğma torpaqlarında aparılan soyqırımının anatomiyası açıqlanır. Bütün vəziyyətlərdən, hətta təbii fəlakətdən milli terrorçu siyasəti üçün yararlanan ermənilərin Spitak zəlzələsindən necə siyasi və hərbi dividendlər qazandıqları təsvir olunur. Həmin vaxtlar humanitar yardım üçün açılmış hava sərhədlərindən ermənilərə külli miqdarda hərbi sursat göndərilirdi ki, sonrakı Qarabağ savaşında bu silahlar rəqibə üstünlük verdi. Azərbaycanda törədilən terror, qəsd, kütləvi deportasiya, qanlı cinayətləri xronoloji ardıcıllıqla əks etdirən məqalə müəllifi 1992-ci il 26 fevral Xocalı qətliamını xüsusi həssaslıqla diqqətə çatdırır. Erməni faşizminin bu son həddinə laqeyd qalan beynəlxalq ictimaiyyəti qınayan müəllif dünyanın qanun yazan dövlətlərindən Xocalıda öldürülmüş 613 günahsız dinc sakinin, əsir götürülmüş 1275, ömürlük şikəst edilmiş 150 azərbaycanlının haqqını tələb edir. XX əsrin ən qanlı cinayətlərindən sayılan insan orqanlarının transplantasiyası məhz ermənilərin Qarabağ döyüşündə həyata keçirdiyi cinayətlər siyahısına daxildir. Məqalədə həm də tarixi Azərbaycan torpaqlarının işğal edilməsinin səbəbləri açıqlanır. Ermənilərə havadarlıq edən rus hərbi birləşmələri ilə qeyri-bərabər Qarabağ müharibəsi döyüşlərində 25 min insan tələfatı və 20 faiz torpaq itkisi verən xalqımızın döyüş və mübarizə əzminin bir an belə səngimədiyini qeyd edən müəllif ermənilərə layiqli cavab veriləcəyi ümidindədir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru