İnsan hüquqlarına dair beynəlxalq hüquq normalarının təfsiri ümumən beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında (31-33-cü maddələr) təsbit olunmuş təfsir qaydalarına söykənir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarının birində bu prinsipi belə ifadə etmişdir: "Beyəlxalq müqavilə olan Avropa İnsan Hüquqları Konvensiyasının. Təfsirinə ümumi yanaşma kimi Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasını əldə rəhbər tutmaq lazımdır". Göstərilən qaydaların məğzi ondan ibarətdir ki, beynəlxalq müqavilədə istifadə olunan terminlər onların adi mənasında və eləcə də müqavilənin obyekti və məqsədləri kontekstində başa düşülməlidir. Bununla belə, bu və ya digər insan hüququnun normativ məzmununun müəyyənləşdirilməsi bir sıra özünəməxsus cəhətlərə malikdir.
Öncə qeyd etmək lazımdır ki, insan hüquqları haqqında beynəlxalq müqavilələri təfsir edərkən təfsirin digər üsulları (qrammatik, sistematik, formal-məntiqi və s.) ilə müqayisədə teleoloji təfsir ön plana çəkilir, yəni müqavilənin obyekt və məqsədinə - insan hüquqlarının səmərəli müdafiəsinə həlledici əhəmiyyət verilir, başqa sözlə, insan hüquqlarının səmərəli müdafiəsi həmin hüquqlara dövlət tərəfindən əməl olunub-olunmamasını müəyyənləşdirməyin başlıca meyarı kimi çıxış edir. Belə demək olar ki, insan hüquqları sahəsində beynəlxalq sazişlərin təfsirinin əsasında səmərəlilik prinsipi dayanır. Bu ideya 1969-cu il Amerika İnsan Hüquqları Konvensiyası əsasında fəaliyyət göstərən İnsan Hüquqları üzrə Amerikaarası Məhkəmə tərəfindən aşağıdakı kimi ifadə olunmuşdur: "Amerika İnsan Hüquqları Konvensiyasının obyekt və məqsədi insan hüquqlarının səmərəli müdafiəsini təmin etməkdən ibarətdir. Ona görə də Konvensiya elə təfsir olunmalıdır ki, bu zaman onun bütün mənasını vermək mümkün olsun və Konvensiya əsasında təsis olunmuş hüquq-müdafiə mexanizmi üçün müvafiq nəticələr əldə etmək imkanı yaransın".
Ədalət Mirsalamlı yazır ki, səmərəlilik prinsipi Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində, xüsusilə geniş istifadə olunur. Avropa Məhkəməsi öz qərarlarının birində aşağıdakıları qeyd etmişdi: "Avropa İnsan Hüquqları Konvensiyasını təfsir edərkən əsas insan hüquq və azadlıqlarının kollektiv təmin edilməsi üçün müqavilə kimi onun xüsusi təbiətini mütləq nəzərə almaq lazımdır. Belə ki, insan şəxsiyyətinin müdafiəsinə yönəlmiş saziş kimi Konvensiyanın obyekt və məqsədi onun müddəalarının elə təfsir və tətbiq olunmasını tələb edir ki, burada müəyyən olunmuş təminatlar əməli və səmərəli olsun. Bundan başqa, hüquq və azadlıqların istənilən təfsiri Konvensiyanın - demokratik cəmiyyətin ideal və dəyərlərinin qorunması məqsədini güdən sənədin ümumi ruhu ilə uzlaşmalıdır". "Artico v. İtaly" işində Avropa İnsan Hüquqları Məhkəməsi bəyan etmişdi ki, Konvensiya nəzəri və ya xəyali deyil, əməli və səmərəli olan hüquqları təmin etmək məqsədi daşıyır. Bu işdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində öz əksini tapmış hüquqi yardım hüququnun pozulduğunu aşkar etmişdi, belə ki, dövlət tərəfindən təyin olunmuş vəkil tamamilə səmərəsiz olmuşdu. Dövlətlərin pozitiv öhdəliklərini şərh edərkən də Avropa Məhkəməsi səmərəlilik prinsipinə istinad etmişdi.
Səmərəlilik prinsipinin tətbiqi-xüsusilə müxtəlif beynəlxalq müqavilələrdə təsbit olunmuş eyni bir insan hüququna dair normaların təfsir olunduğu hallarda zəruri olur. Bəzən bu hüquqların həcmi qismən üst-üstə düşmür. Hesab edirik ki, belə hallarda daha geniş ifadə olunmuş insan hüququnun məzmununu digər müqavilədəki analoji müddəanın hesabına konkretləşdirmək və tamamlamaq olardı. Bir misal göstərək. Həm Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, həm də İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda (müvafiq olaraq 22-ci və 8-ci maddələrdə) həmkarlar ittifaqları yaratmaq hüququ təsbit olunmuşdur. Lakin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın 8-ci maddəsində Mülki və Siyasi Hüquqlar haqqında Paktda nəzərdə tutulmayan tətil hüququ da öz əksini tapmışdır. Belə bir sual ortaya çıxa bilər: hər hansı bir şəxs Mülki və Siyasi Hüquqlar haqqında Pakta istinad edərək və analogiyadan istifadə etməklə, tətil hüququna malik olduğunu iddia edə bilərmi? Səmərəlilik prinsipinə əsaslanmaqla bu suala müsbət cavab vermək olar. Belə güman etmək olar ki, həmkarlar ittifaqları yaratmaq və bu cür təşkilatlara daxil olmaq hüququ tətil hüququ həyata keçirilmədən kifayət qədər və səmərəli surətdə təmin edilmiş sayıla bilməz.
Səmərəli təfsir prinsipi o hallarda da əhəmiyyət kəsb edir ki, insan hüquqlarına dair beynəlxalq müqavilənin müddəalarının digər iştirakçı dövlətin və ya üçüncü dövlətin ərazisində pozulmasının qarşısını almaq üçün bu müddəalara eksterritorial qüvvə verilir.
Ə.Mirsalamlı qeyd edir ki, səmərəli təfsir prinsipi ilə bağlı onu da qeyd etmək lazımdır ki, bu prinsip insan hüquqlarına dair beynəlxalq müqavilələrin heç də bütün müddəalarına şamil edilməməlidir. Yalnız maddi müddəaları, yəni konkret insan hüquq və azadlıqlarını özündə əks etdirən normalara göstərilən təfsir üsulu tətbiq oluna bilər. Beynəlxalq müqavilələrin prosedur xarakterli müddəalarının təfsiri zamanı isə başqa bir prinsip əsas götürülməlidir: termin və ifadələrə onların müvafiq müqavilələrin qəbul olunduğu vaxtda malik olduğu məna verilməlidir.
İnsan hüquqlarının normativ məzmununun açıqlanması zamanı əsas götürülən və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməyə yönəlmiş digər bir təfsir üsulu dinamik və ya evolyutiv təfsirdir. Dinamik təfsir zamanı müqavilə tərəflərinin iradəsi deyil, cəmiyyətin inkişafı və sosial şəraitin dəyişməsi ilə bu və ya digər terminin (anlayışın) kəsb etdiyi yeni məna yükü əsas götürülür. Tyrer işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır: "Avropa İnsan Hüquqları Konvensiyası bugünkü şərait nəzərə alınmaqla təfsir edilməli olan canlı aktdır".
İnsan Hüquqlarına dair Beynəlxalq Hüquq normalarını tətbiq və təfsir edərkən beynəlxalq orqanlar təfsirin bu üsuluna tez-tez müraciət edirlər. BMT Beynəlxalq Məhkəməsi Namibiya işi üzrə məsləhət rəyində bu ideyanı qabarıq şəkildə vermişdir: "Beynəlxalq-hüquqi akt təfsir zamanı mövcud olan bütün hüquq sistemi çərçivəsində təfsir və tətbiq olunmalıdır. Hazırkı işin aid olduğu sahədə beynəlxalq hüquq normaları əhəmiyyətli dərəcədə genişlənmişdir və öz funksiyalarını lazımi qaydada həyata keçirməli olan məhkəmə bunu nəzərə almaya bilməz".
Dinamik təfsir üsuluna Strasburq Məhkəməsinin təcrübəsində daha tez-tez rast gəlinir. Məhkəmə bu mövqeyi əsas götürür ki, Avropa İnsan Hüquqları Konvensiyasında istifadə olunan anlayışlar Konvensiyanın hazırlandığı 55 il bundan əvvəlki dövrün deyil, bugünkü demokratik Avropa cəmiyyəti kontekstində başa düşülməlidir. Bir neçə misal göstərək. Qolder işində ərizəçi iddia edirdi ki, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə hüququnu nəzərdə tutan 6-cı maddəsi, özündə birbaşa göstərilməsə də, həm də məhkəməyə çıxış hüququna təminat verir, çünki bu hüquq 6-cı maddənin mahiyyətindən irəli gəlir. Məhkəmə ərizəçi ilə razılaşaraq qeyd etmişdi ki, Avropa İnsan Hüquqları Konvensiyası təfsir olunarkən, əsas bu götürülməməlidir ki, o, ratifikasiya olunduğu zaman necə başa düşülə bilərdi. Konvensiyanın məqsədlərinə nail olunmasını təmin etmək üçün bu müddəalar dar mənada təfsir olunmamalıdır. Məntiq bundan ibarətdir ki, əgər məhkəməyə çıxış hüququ yoxdursa, o halda ədalətli məhkəmə araşdırmasının bütün təminatları öz mənasını itirmiş olur. Məhkəmə, habelə vurğulamışdı ki, Avropa Şurası Nizamnaməsinin və Konvensiyanın özünün əsas prinsiplərindən biri olan hüququn aliliyini "məhkəməyə çıxış imkanı olmadan təsəvvür etmək çox çətindir".
Lakin məhkəmənin bir sıra hakimləri bu mövqe ilə razılaşmamışdılar. Belə ki, hakim A.Ferdros öz xüsusi rəyində aşağıdakıları qeyd etmişdi: "Konvensiyanın mübahisələri tənzimləyən normaları geniş təfsir olunmamalıdır. Buna görə də təfsirin köməyi ilə mən dəqiq müəyyən olunmuş hüquq və azadlıqların hədlərini genişləndirməyi mümkün hesab etmirəm. Hüquqi müəyyənlik mülahizələri də məhz bu nəticənin zəruriliyini diktə edir". Digər hakim C.Fitsmoris öz mövqeyini belə ifadə etmişdi: "Mənası kifayət qədər müəyyən olmayan müddəaların geniş təfsiri ona gətirib çıxara bilər ki, razılığa gələn dövlətlər öz üzərlərinə götürmək niyyətində olmadıqları öhdəliklərlə bağlı ola bilərlər". Onun fikrincə, 6-cı maddənin 1-ci bəndində söhbət artıq başlamış məhkəmə prosesindən gedir və məhz bu faktın əsasında ədalətli məhkəmə araşdırması təminatları "qüvvəyə minmiş" olur. "Əgər məhkəməyə çıxış hüququnu 6-cı maddənin 1-ci bəndində tapmaq mümkün deyilsə, deməli, ona Konvensiyanın başqa bir yerində də rast gəlinmir. Bu, ciddi bir boşluqdur və şübhəsiz, aradan qaldırılmalıdır. Lakin bu, razılığa gələn dövlətlər tərəfindən yerinə yetirilməli olan bir vəzifədir, məhkəmə isə bu vəzifəni onların üzərinə qoymalı, özü yerinə yetirməyə can atmamalıdır...".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru