PDF Oxu

MİA

  • 17 843

Azərbaycanda "siyasi məhbus" anlayışı və Avropa Şurası

image

Azərbaycan Respublikası məhz bu humanist siyasəti məntiqi şəkildə davam etdirərək, Avropa Şurası parlamentarlarının narahatçılığına diqqətlə yanaşaraq öz üzərinə Avropa Şurası Parlament Assambleyasının təqdim etdiyi siyahıya uyğun hüquq-müdafiə təşkilatlarının "siyasi məhbus" kimi qələmə verdiyi məhbusların azad olunması və ya onların işinə yenidən baxılması öhdəliyini götürmüşdür. Lakin bu öhdəliyin götürülməsi heç də Azərbaycanda "siyasi məhbuslar"ın olmasını təsdiq etmir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkədə siyasi əqidəsinə görə heç kəs məhkum olunmayıb. Azərbaycanda siyasi məhbusların olmamasına baxmayaraq, təqdim olunmuş siyahıya əsasən, üzərimizə götürdüyümüz öhdəlik yerinə yetirilmişdir.

Ümumiyyətlə, nə beynəlxalq hüquq normalarında, nə də Avropa ölkələrinin milli qanunvericiliyində "siyasi məhbus" anlayışının tərifi və hamılıqla qəbul edilmiş meyarları vardır. Hətta "siyasi məhbus" kimi qələmə verilən şəxslərin işlərinə baxarkən, Avropa İnsan Hüquqları Məhkəməsi müvafiq Konversiya müddəalarının pozulduğunu təsdiqləsə də, heç zaman "siyasi məhbus" məfhumunu işlətməyə təşəbbüs göstərmir.

"Siyasi məhbus" anlayışı Azərbaycanda özünü hüquq müdafiəçisi adlandıran şəxslərə məxsus deyil. Bu termin 1961-ci ildə Beynəlxalq Amnistiya Təşkilatının yaradıcısı olan Piter Benenson tərəfindən təklif edilmişdir. İlk əvvəl o şəxslər ki, öz fikirlərini və siyasi dünyagörüşlərini açıq şəkildə ifadə etdiklərinə görə istintaqsız və məhkəməsiz cinayət təqibinə məruz qalmışdılar, bu şəxsləri siyasi məhbus adlandırırdılar. Bir qədər sonra elə bu təşkilat tərəfindən "siyasi məhbus" anlayışı genişləndirildi və hal-hazırda az qala toxunulmazlıq statusu əldə etməyə başladı.

Ə.Mirsalamlı yazır ki, "siyasi məhbus" məsələsinin qeyri-müəyyənliyi və dəqiq anlayışının olmaması Azərbaycanın üzərinə götürdüyü məlum öhdəliklə əlaqədar müxtəlif sui-istifadə halları, habelə müəyyən siyasi qrupların öz maraq və mənafelərini həyata keçirmək cəhdləri üçün şərait yaradır. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan müxtəlif qeyri-hökumət təşkilatları Avropa Şurasına bir-birinə zidd olan çoxsaylı siyahılar təqdim edirlər. Bu siyahılarda heç zaman siyasətlə məşğul olmamış və ağır zorakı cinayətlərə görə məhkum edilmiş, bir sıra hallarda isə, ümumiyyətlə, məhkum edilməmiş və cəzaçəkmə yerlərində aşkar olunmamış şəxslər "siyasi məhbus" kimi təqdim edilir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin o vaxtkı rəhbəri İlham Əliyev "siyasi məhbus" məsələsi ilə bağlı qurumun sessiyalarında və digər rəsmi görüşlərində öz mövqeyini birmənalı şəkildə bildirmişdir. 2003-cü il yay sessiyasının gedişi zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu problemin yaranmasının mahiyyətini açıqlayan İlham Əliyev bəzi qeyri-hökumət təşkilatlarının və onları Avropa Şurasında himayə edən şəxslərin bu istiqamətdəki fəaliyyətlərinə də münasibət bildirmişdir: "Əgər siyasi məhbuslarla bağlı qeyri-hökumət təşkilatları tərəfindən tərtib olunan siyahılara fikir versəniz, orada cürbəcür cinayətkarları görə bilərsiniz. Problem də bundadır ki, Azərbaycanda qeyri-hökumət təşkilatları elə bir vəziyyət yaratmaq istəyirlər ki, hər hansı bir cinayət cəzasız qalsın. Adam öldürən, adam oğurlayan, təyyarə qaçıran, terror törədən, separatçılıqla məşğul olan insanlar əgər "siyasi məhbus" kimi tanınırlarsa, Avropa Şurasının Kleyfart kimi bəzi üzvləri onların buraxılmasını tələb edirlərsə, sabah onlar azadlığa çıxarsa, deməli, bu əməllər digərləri üçün də cəlbedici ola bilər. Biz buna imkan verə bilmərik. Kleyfartla bizim aramızda olan əsas ziddiyyət də məhz budur".

Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasında İlham Əliyev insan hüquqları ideyasına daim sədaqəti ilə seçilmişdir. Onun bütün fəaliyyəti dövründə ədalət prinsipini daim rəhbər tutması və müstəqil fikrə malik olması AŞPA-nın hər bir üzvünə məlumdur və bu baxımdan Onun Azərbaycanda "siyasi məhbus" probleminə bildirdiyi münasibət öz dolğunluğu və obyektivliyi baxımından ən yüksək pillədə durur.

İşgəncələrin və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüşdür. Belə ki, qəbul edilmiş yeni Cinayət Məcəlləsinə işgəncəyə görə cinayət məsuliyyəti nəzərdə tutan 132 və 133-cü maddələr daxil edilmişdir. Həmin maddələrə əsasən, şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə şəxsə işgəncə vermə, yəni onu mütəmadi olaraq döymə və ya psixi iztirablar vermə cinayət məsuliyyətinə səbəb olur və beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilir. "Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin və Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycana dair hesabatı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamış və hesabatda göstərilən faktların yoxlanılması və tədbir görülməsi, bu sahədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla işin səmərəli təşkil olunması məqsədilə işçi qrupu yaradılmış və respublikanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilmişdir ki, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncələrə və ləyaqəti alçaldan, qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllərdir və belə məlumatlara məhkəmə bütün hallarda münasibətini bildirməlidir. Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə təhqiqat və ibtidai istintaq zamanı işgəncə və digər qanunsuz metodların tətbiq olunması hallarının qarşısının alınması və belə hallara yol verən əməkdaşlar barəsində qanunun bütün gücündən istifadə edilməsi və vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi üçün prokuror nəzarətinin həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.

Ə.Mirsalamlı yazır: "Başqa dövlətə təslim edilən şəxsə qarşı bu dövlətdə Beynəlxalq Amnistiyanın tövsiyələrində nəzərdə tutulmuş işgəncələr verilməsini ehtimal etməyə ciddi əsaslar olduqda, onun təslim edilməsi ilə bağlı İşgəncələrə dair Konvensiyanın 3-cü maddəsinin tələbləri Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində öz təsbitini tapmışdır".

Heydər Əliyev bu əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir: "Biz Azərbaycanda bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu əməkdaşlıq edirlər".

Azərbaycan Respublikası Konstitusiyasının, "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarının, Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinin müvafiq maddələri Konstitusiya Məhkəməsinə müraciət etmək qaydasını müəyyən etmişdir. Belə ki, şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda, o, müvafiq məhkəmələr vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək şikayətin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın 2004-cü il yaz sessiyasındakı çıxışı zamanı ölkədə siyasi islahatların aparılması sahəsində müvəffəqiyyətlər qazanıldığını diqqətə çatdıraraq qeyd etmişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirmişdir: "Ölkəmiz siyasi islahatlar sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Avropa Şurasına üzv olduğumuz üç il müddət Azərbaycanın demokratiya yolu ilə irəliləməsində həlledici rol oynamışdır. Avropa Şurasının tövsiyələri ilə yeni-yeni qanunlar qəbul edilmişdir. Təşkilata üzv qəbul olunarkən ölkənin üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi də bu sahədə yardımçı olmuşdur".

Bütün qeyd olunanlar onu göstərir ki, bu gün Azərbaycan Avropa standartlarına uyğun surətdə inkişaf edir, sivil ölkələr səviyyəsinə yüksəlmək üçün respublikamızda zəruri tədbirlər həyata keçirilir. Söz yox ki, bu tədbirlərin həyata keçirilməsi yolunda bəzi reallıqlarla da hesablaşmaq lazım gəlir. Lakin bütün bunlara baxmayaraq, bu gün cəsarətlə demək olar ki, Azərbaycan Avropa ailəsinin tamhüquqlu üzvü kimi insan hüquqlarının qorunması yolunda inamla addımlayır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki nitqində dediyi kimi: "Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər