Avropa Məhkəməsinin qərarından sonra Avropa Şurasının Nazirlər Komitəsi özünün bir sıra sənədlərində ("Məhkəmə yardımı və hüquq məsləhəti haqqında" 1978-ci il tarixli Qətnamə, "Ədalət mühakiməsinə çıxışı təmin edən vasitələr haqqında" 1981-ci il tarixli tövsiyə və s.) birbaşa göstərdi ki, məhkəməyə çıxış "Avropa Konvensiyasının 6-cı maddəsi ilə qorunur".
Digər bir qərarında - Markx işi üzrə çıxardığı qərarda Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdi: "Konvensiyanın işlənib- hazırlandığı zaman əksər Avropa ölkələrində "qanunsuz" və "qanuni" ailə arasında fərq qoyulması yolverilən və normal sayılırdı. Lakin bu işdə məhkəmə belə bir faktı vurğulamaya bilməz ki, Avropa Şurasının üzvü olan dövlətlərin böyük əksəriyyətinin daxili hüququ müvafiq beynəlxalq sənədlərə uyğun olaraq "mater semrer certa est" ("ana həmişə məlumdur". - Ə.M.) prinsipinin tam hüquqi tanınması istiqamətində inkişaf etmiş və inkişaf etməkdə davam edir". Beləliklə, Avropa Məhkəməsi Konvensiya qəbul olunduğu zaman mövcud olmuş standartlara deyil, Avropa cəmiyyətində bu gün qəbul olunmuş standartlara həlledici əhəmiyyət vermişdi.
Ə.Mirsalamlı yazır ki, bununla belə, ədəbiyyatda düzgün qeyd olunur ki, dinamik təfsir böyük ehtiyatla tətbiq olunmalıdır və dinamik təfsir zamanı məhkəmə təfsiri və məhkəmə hüquqyaratması arasında sədd gözlənilməlidir. Bu, o deməkdir ki, təfsir edən istənilən halda həddi aşaraq normayaratma funksiyasını öz üzərinə götürməməlidir. Başqa sözlə, dövlətlərin bu və ya digər beynəlxalq sazişdə təsbit etmək niyyətində olmadıqları yeni insan hüququ ortaya çıxarılmamalıdır. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarının birində birmənalı vurğulamışdı ki, Avropa İnsan Hüquqları Konvensiyasının nikaha daxil olmaq hüququnun təsbit olunduğu 12-ci maddəsi elə təfsir oluna bilməz ki, buraya, həm də boşanmaq hüququ daxil edilsin, baxmayaraq ki, belə bir hüquq indi Avropada hamılıqla tanınmışdır.
Qeyd olunmalıdır ki, dinamik təfsir, habelə hər hansı beynəlxalq müqavilədə təsbit olunmuş hüquqların dar mənada təfsirinə də gətirib çıxara bilər. Məsələn, milliləşdirmənin və əcnəbilərə qarşı digər oxşar tədbirlərin tam kompensiyaya qeyd-şərtsiz əsas verdiyini güman edən müasir beynəlxalq hüquq konsepsiyasını əldə rəhbər tutaraq, Avropa İnsan Hüquqları Məhkəməsi belə bir nəticəyə gəlmişdi ki, genişmiqyaslı iqtisadi və sosial islahatların gedişində, Avropa İnsan Hüquqları Konvensiyasına I Protokolun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququna dövlətin müdaxilələri yolverilən haldır.
İnsan hüquqlarına dair beynəlxalq müqavilələrin, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının təfsiri zamanı istifadə olunan daha bir spesifik metod "avtonom təfsir" adlanan təfsir üsuludur. Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndində əks olunmuş "anlayışlar öz adi mənasında şərh edilməlidir" prinsipindən fərqli olaraq, Avropa İnsan Hüquqları Konvensiyasında istifadə olunan hüquqi terminlər müstəqil surətdə, iştirakçı dövlətlərin qanunvericiliyində bu terminlərə verilən mənadan asılı olmayaraq təfsir edilir. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində öz əksini tapmış "məhkəmə" anlayışına verilmiş təfsir bu terminin adi, hamılıqla qəbul olunmuş mənasından fərqlənir. Avropa Məhkəməsi belə şərh vermişdi ki, aşağıdakı tələblərə cavab verən istənilən, o cümlədən qeyri-dövlət orqanı Konvensiyanın göstərilən maddəsinin mənasında məhkəmə sayıla bilər: həm icra hakimiyyətinə, həm də prosesin tərəflərinə münasibətdə müstəqillik, məhkəmə üzvlərinin mandatının üzunmüddətli olması, məhkəmə-prosessual təminatlarının olması.Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş "cinayət ittihamı" ifadəsini hamıya məlum olan cinayət-hüquqi kontekstdə deyil, bir qədər geniş mənada şərh etmişdir. Belə ki, Öztürk işində inzibati sanksiya, Belilos işində polis tərəfindən tətbiq edilmiş cərimə 6-cı maddənin 1-ci bəndinin mənasında cinayət ittihamı kimi təfsir olunmuşdur.
"Cinayət ittihamı" termininin geniş təfsiri ilə bağlı konkret bir işə - Slovakiyaya qarşı qaldırılmış Kodubek işinə müraciət etmək yerinə düşərdi. İşin təfsilatı belə olmuşdu. Ərizəçi, Bratislava şəhərinin sakini, sanatoriyada dava-dalaş salmış, polisə müqavimət göstərmiş və nəticədə, inzibati məsuliyyətə cəlb olunmaqla, min Slovakiya kronu miqdarında cərimə edilmişdi. Slovakiya Konstitusiyasına görə bu cür hüquq pozuntularına dair yerli orqanların qərarlarından ümumi məhkəmələrə şikayət verilə bilməz, lakin həmin qərarlar Konstitusiya Məhkəməsinə müraciətin predmeti ola bilər. Lakin Konstitusiya Məhkəməsi prosessual əsaslara görə Kodubekin şikayətini rədd etmişdi. Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyi şikayətində ərizəçi iddia edirdi ki, onun müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinə baxılması hüququ (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi) pozulmuşdur.
Cavabdeh dövlətin nümayəndəsi etiraz edərək göstərirdi ki, bu işdə söhbət "cinayət ittihamından" deyil, inzibati xətadan gedir və buna görə də 6-cı maddənin 1-ci bəndi bura şamil oluna bilməz; bu cür işlərdə sanksiyalar inzibati orqanların diskresion səlahiyyətləri əsasında tətbiq olunur və əsas etibarilə, tərbiyəvi xarakter daşıyır.
Lakin Strasburq Məhkəməsi bu dəlillərlə razılaşmadı. Məhkəmə qeyd etdi ki, Slovakiyanın daxili qanunvericiliyinin ərizəçinin törətdiyi əməli "cinayət" saymaması halı böyük əhəmiyyətə malik deyil. Hansı dövlət orqanının işə baxması da əhəmiyyət kəsb etmir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "cinayət ittihamı" ifadəsi əsasında tətbiq olunması üçün əməlin iştirakçı dövlətlərin daxili qanunvericiliyinə görə deyil, Konvensiyaya əsasən cinayət hesab edilməsi və onun qısamüddətli də olsa, azadlıqdan məhrumetmə ilə əlaqədar sanksiya doğurması vacibdir.
Ə.Mirsalamlının fikrincə, Avropa Məhkəməsi Konvensiyanın obyekti və məqsədləri kontekstində "cinayət" anlayışının inzibati xətanı da əhatə etməsini məqbul saydı.
Lakin deyilənlər belə bir nəticəyə gəlməyə əsas vermir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bütün hallarda "cinayət ittihamı" anlayışına istənilən inzibati və intizam xətalarını daxil edir. Qeyd etmək lazımdır ki, hər bir halda məhkəmə işin konkret hallarından və ona təqdim olunan şikayətin əsasını təşkil etmiş hüquq pozuntusunun xüsusiyyətlərindən çıxış edir.
Bundan əlavə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindəki "qanun" anlayışına, 5-ci maddəsinin 3-cü bəndindəki "hakim və ya qanunla məhkəmə səlahiyyətləri həyata keçirmək hüququ verilmiş digər vəzifəli şəxs" anlayışına, 6-cı maddənin 3-cü bəndinin (d) yarımbəndindəki "şahid" anlayışına da avtonom təfsir vermişdir.
Belə nəticəyə gəlmək olar ki, avtonom təfsir müxtəlif iştirakçı dövlətlərdə insan hüquq və azadlıqlarının həyata keçirilməsində bir növ unifikasiyanın təmin olunmasına şərait yaradır. Bu isə, məlum olduğu kimi, Avropa İnsan Hüquqları Konvensiyasının əsas məqsədlərindən biridir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, sözügedən təfsir üsulu ehtiyatla tətbiq olunmalıdır, çünki əks halda Konvensiya sisteminin özündə heç bir əsası olmayan avtonom anlayışların yaranması təhlükəsi ilə üzləşmək olar.
İnsan hüquqlarına dair beynəlxalq müqavilə normalarının təfsirində mütənasiblik prinsipi mühüm əhəmiyyətə malikdir. Bu prinsip dövlətin hər hansı insan hüquq və ya azadlığına müdaxiləsinin qorunan məqsədə (məsələn, dövlətin suverenliyinə, milli təhlükəsizlik maraqlarına, ictimai təhlükəsizliyə, ictimai əxlaqa və s.) uyğunluğunu müəyyən etmək məqsədi ilə tətbiq olunur. Başqa sözlə, bu zaman ümumi (ictimai) maraqla fərdin əsas hüquqları arasındakı ədalətli balans axtarılıb müəyyən olunur. Əgər dövlət tərəfindən tətbiq olunan məhdudiyyət qanunla müəyyən olunmuş məqsədə ziddirsə və "demokratik cəmiyyətdə zəruri" addım sayılmırsa, dövlət mütənasiblik həddini aşmış sayılır və beləliklə, müvafiq hüquq və ya azadlıq pozulmuş hesab olunur. Bu yanaşma, həm də elan olunmuş fövqəladə rejimin və bununla bağlı qəbul olunmuş və insan hüquqlarını məhdudlaşdıran tədbirlərin mövcud vəziyyətin tələblərinə nə dərəcədə uyğun gəlməsini yoxlamaq üçün tətbiq olunur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru