PDF Oxu

MİA

  • 8 153

Siyasi cinayətkarlıq və insan hüquqları

image

Cinayətkarların verilməsinə dair 1957-ci il Avropa Konvensiyasından fərqli olaraq, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında" 1993-cü il MDB Konvensiyasında şəxsin verilməsindən imtinanın əsasları sırasında verilməsi sorğu edilən şəxs tərəfindən törədilən əməlin siyasi xarakterli hüquq pozuntusu olması nəzərdə tutulmayıbdır. Belə bir mötəbər sənəddə göstərilən boşluğun olmasının öz səbəbləri vardır. Belə ki, Konvensiyanın qəbulu zamanı və bu gün də bir sıra MDB ölkələrinin qüvvədə olan qanunvericiliyinə "siyasi cinayət" anlayışı məlum deyil, onların mövcud cinayət-hüquq doktrinasında "siyasi cinayət" və ya "siyasi xarakterli cinayət" anlayışı işlədilmir. Lakin əminliklə qeyd etmək olar ki, artıq Avropa Şurasına qəbul edilən, yaxud Avropa İttifaqına qəbul edilmək üçün səylər göstərən və bununla da dünyada baş verən inteqrasiya proseslərində yaxından iştirak etməyə can atan MDB ölkələri belə bir boşluğu yaxın gələcəkdə aradan qaldıracaq. Təqdirəlayiq haldır ki, MDB dövlətləri içərisində Azərbaycan Respublikası müvafiq qanunvericilik aktları qəbul etməklə, mövcud qanunvericilik bazasını təkmilləşdirərək bu sahədə xeyli irəliyə getmişdir. Siyasi cinayətkarların verilməməsi prinsipi beynəlxalq cinayətləri törətmiş şəxslərə şamil edilmir və onlar sözsüz verilməlidirlər.

"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiyası) haqqında" 15 may 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə, verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda, şəxsin verilməsindən imtina edilir (maddə 3 (1.3)). Müvafiq müddəa Azərbaycan Respublikasının digər dövlətlərlə bağlamış olduğu ekstradisiyaya dair ikitərəfli müqavilələrində də nəzərdə tutulmuşdur. Məsələn, Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında imzalanmış Müqavilənin 3-cü maddəsinin "q" bəndində deyilir: "Verilmə haqqında tələb irəli sürülməsinə əsas olan əməli sorğu edilən tərəf siyasi cinayət hesab edərsə, bu zaman verilmə həyata keçirilmir. İ.Əliyev yazır: "Lakin qeyd olunan qanunda "siyasi xarakterli cinayət" termini işlədilsə də, onun məzmunu açıqlanmır. Ümumiyyətlə, siyasi cinayətlərin tərifi nə digər dövlətlərin milli qanunlarında, nə də beynəlxalq hüquqi aktlarda nəzərdə tutulubdur. Burada yalnız İtaliya cinayət qanunvericiliyi ümumi qaydadan istisna təşkil edir. İtaliya qanunvericiliyi bütövlükdə və ya qismən siyasi motivlər əsasında törədilən əməlləri siyasi cinayət kimi qiymətləndirir və Cinayət Məcəlləsinin 8-ci maddəsində dövlətin siyasi maraqlarına və ya vətəndaşların siyasi hüquqlarına qəsdetmə bu qəbildən olan hüquq pozuntularına aid edilir".

Müəllifin fikrincə, siyasi cinayət anlayışının nə dövlətlərin milli qanunvericiliyində, nə də beynəixalq hüquqi aktlarda öz açıqlanmasını tapmadığını nəzərə alsaq, qeyd etmək lazımdır ki, bu halda siyasi xarakterli cinayətin müəyyənləşdirilməsi sorğu edilən dövlətin daxili səlahiyyətinə aid məsələdir və onun hüquqi təcrübəsinə söykənərək, məhkəmə qaydasında həll edilir.

İ.Əliyev daha sonra qeyl edir ki, siyasi cinayətlərin müəyyənləşdirilməsi zamanı beynəlxalq hüquq və milli qanunvericilikdə eqativ "istisna metodundan" istifadə iilir. Bu qaydaya müvafiq olaraq, bir sıra cinayət əməlləri ardıcıl surətdə siyasi xarakterli hüquq pozuntuları kateqoriyasından istisna edilir. "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikası Qanununda da məhz bu yanaşma öz əksini tapmışdır. 1957-ci il Avropa Konvensiyasından fərqli olaraq, Azərbaycan Respublikası Qanununda siyasi cinayətlər kateqoriyasına daxil edilməyəcək əməllərin siyahısı daha geniş müəyyənləşdirilmişdir. Avropa Konvensiyasından fərqli olaraq, "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əlavə qeyddə göstərilir ki, insan həyatı, sağlamlığı, təhlükəsizliyi və ya azadlığı əleyhinə törədilən ağır cinayətlər və ya bu cür cinayət törətməyə cəhd, yaxud bu cür cinayətin törədilməsində və ya onun törədilməsinə cəhddə iştirakçılıq, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə cinayət təqibi nəzərdə tutulan əməllər də siyasi xarakterli cinayət sayılmır. Bu cür hüquq pozuntularının qeyri-siyasi cinayətlər kimi sadalanması, onları törətməkdə təqsirli olan şəxslərin ekstradisiyasını həyata keçirməklə məsuliyyət və cəzanın labüdlüyünü təmin etmək məqsədi daşıyır.

Mövcud qanunun 8-ci maddəsindən göründüyü kimi, xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinin həll edilməsi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin səlahiyyətinə daxildir. Müvafiq olaraq, verilmədən imtina üçün əsas kimi əməlin siyasi xarakterə malik olub-olmaması da bu məhkəmənin səlahiyyətidir.

N.Səfərovun fikrincə, siyasi cinayət müəyyənləşdirilən zaman cinayətin qəsd etdiyi obyekt və eyni zamanda, cinayətin motiv və məqsədi, bu məqsədlə nəticə arasında səbəbiyyət əlaqə əsas götürülməlidir. Bir qayda olaraq, siyasi cinayətin qəsd etdiyi obyekt qismində dövlət mənafeyi çıxış edir.

İ.Əliyev yazır: "Siyasi cinayət" konsepsiyası iki kateqoriyaya aid əməlləri özündə əks etdirir. Bunlardan birincisi, "sırf siyasi cinayətlərdir" (purely political offence) ki, belə cinayət sırf dövlət mənafeyinə qəsd edərək ayrı-ayrı şəxslərin həyatına və səhhətinə ziyan vurmur. Belə cinayətlərə misal kimi casusluq, silahlı qiyama çağırmaq və s. göstərmək olar. İkinci növ cinayətlər isə "nisbi siyasi cinayətlərdir" (relative political offence) ki, bu da təcrübədə daha tez-tez rast gəlinməklə, özündə siyasi cəhəti əks etdirməklə, ümumi hüquqi cinayət tərkiblidir. "Sırf siyasi cinayət" yalnız dövlət mənafeyinə yönəldiyi halda "nisbi siyasi cinayət", eyni zamanda ayrı-ayrı şəxslərin maraqlarına da qəsd edir. Lakin cinayətin "sırf siyasi" və ya "nisbi siyasi" olmasından asılı olmayaraq, onun siyasi xarakterə malik hüquq pozuntusu kimi qiymətləndirilməsi hər bir halda şəxsin verilməməsinə səbəb olur. Bütün bu deyilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, heç də siyasi məqsədlə törədilmiş bütün cinayətlər ekstradisiyadan azad olunmaq üçün şərait yaratmır".

İ.Lukaşuk və A.Naumovun fikrincə, sığınacaq əldə etmiş şəxs vətəndaşı olduğu (vətəndaşı olduğu və ya daimi yaşayış yerinə malik olduğu) dövlətə qaytarılmır. Lakin sığınacaq əldə etmiş şəxsin statusu onun ümumiyyətlə, verilmədən imtinaya malik olması demək deyildir. O, əvvəl və ya sonradan ümumi əsaslarla törədilmiş cinayətə görə digər dövlətə verilə bilər.

İ.Əliyev göstərir ki, bəzən şəxs sığmacaq hüququ əldə etdikdən sonra, onun milli qanunvericilik və ya beynəlxalq müqavilə hüququna əsasən verilməli olan ümumcinayət xarakterli əməlin törədicisi olduğu müəyyənləşə bilər. Bu zaman həmin şəxsin ekstradisiya olunub-olunmaması necə həll edilməlidir? Əgər sorğu verən dövlət şəxsin sığınacaq əldə etmək üçün müraciətinə baxıldığı zaman məlum olmayan ağır cinayət əməlləri törətdiyinə dair inandırıcı və əsaslı sübutlar təqdim edərsə, şəxs müvafiq statusdan məhrum edilməli və maraqlı dövlətin müraciəti əsasında ekstradisiya olunmalıdır. Beynəlxalq təcrübədə belə bir qaydanın formalaşması onunla izah edilməlidir ki, ərazi sığınacağının verilməsi hərbi cinayətkarlar, eləcə də insanlıq əleyhinə cinayətlər, təcavüz, genosid, terrorizm, aparteid, hava gəmilərinin ələ keçirilməsi və s. ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslər üçün "təhlükəsiz zona"nın yaradılması kimi qiymətləndirilməməlidir.

Beləliklə, sığınacaq verilən şəxsin statusundan irəli gələn hüquqi müdafiədən yalnız beynəlxalq hüquqi sənədlərdə və milli qanunvericilikdə sadalanan əməllərdən hər hansı birini törətməyən fərdlər yararlana bilər.

Sığınacaq axtarmaq və ondan istifadə etmək hüququ fərdlərə məxsus olduğu halda, sığınacaq hüququnun verilməsi ekstradisiya təsisatı kimi dövlətin suveren hüququdur və o, beynəlxalq hüquqa əsasən sığınacaq hüququnun qeyd-şərtsiz təqdim edilməsi öhdəliyini daşımır. Təsadüfi deyildir ki, dövlətlər ekstradisiya institutu ilə əlaqədar bir sıra müqavilələr imzalasalar da, sığınacaq hüququ barəsində yalnız hüquqi qüvvəsi olmayan məcburi bəyannamələrlə kifayətlənirlər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər