PDF Oxu

MİA

  • 16 977

İnsan genomu və insan hüquqları haqqında universal bəyannamə İ

image

İnsan hüquqları haqqında universal bəyannamədə insan ləyaqəti və insan genomu haqqında aşağıdakı dörd maddə mövcuddur

"İnsan genomu bəşər ailəsinin bütün üzvlərinin vəhdətinin və eləcə də onlardan hər birinin ləyaqətinin və onlara xas müxtəlifliyin tanınmasının əsasında durur. Rəmzi baxımdan bunu bəşəriyyətin irsi kimi ifadə etmək olar.

a) hər kəsin genetik keyfiyyətlərdən asılı olmayaraq ləyaqət və hüquqlarına hörmət edilməlidir;

b) insanın mahiyyəti onun genetik keyfıyyətlərinə müncər edilə bilməz, nadirlik və müxtəlifliyə hörmət edilməlidir.

Təbiəti etibarilə inkişafda olan insan genomu mutasiyalara məruz qalır. Onda olan imkanlar sağlamlıq, mənzil şəraiti, qidalanma və təhsil də daxil olmaqla fərdi xüsusiyyətlər və sosial mühitdən asılı olaraq müxtəlif tərzdə təzahür edir.

İnsan genomu özünün təbii şəklində maliyyə mənfəəti predmeti olmamalıdır".

Bəyannamədə ayrı-ayrı şəxslərin hüquqları aşağıdakı maddələrdə (maddə 5-9) öz əksini tapmışdır:

a) fərdin genomuna təsir göstərən elmi-tədqiqatlar, müalicə və ya diaqnostika mümkün risk və fayda müfəssəl şəkildə aşkar və götür-qoy edildikdən sonra və eyni zamanda milli qanunun tələblərinə müvafiq surətdə aparılmalıdır;

b) bütün hallarda ilkin, azad və məlumatlandırılmış razılıq vacibdir. Əgər həmin şəxs belə razılıq vermək iqtidarında deyilsə, o zaman razılıq və ya icazə "ziyan vurmamaq" prinsipindən çıxış edərək qanunun göstərişlərinə müvafıq alınır;

s) genetik müayinənin nəticələri və fəsadları haqqında məlumata sahib olub-olmamaq qərarını qəbul etməkdə hər bir fərdin hüquqlarına hörmət edilməlidir;

ç) elmi-tədqiqatlar aparıldığı təqdirdə, hər şeylə yanaşı, protokollar müvafıq milli və beynəlxalq standartlara və ya əsasnamələrə uyğun olaraq tanışlıq üçün qabaqcadan təqdim olunmalıdır;

d) əgər qanuna uyğun olaraq şəxs razılıq vermək iqtidarında deyilsə, onun genomunun tədqiqi yalnız hüququn yol verdiyi çərçivədə onun sağlamlığı naminə aparıla bilər.

Heç kəs genetik xüsusiyyətlərinə görə ayrı-seçkilik obyekti ola bilməz, çünki bu, insan hüquqları, əsas azadlıqlar və insan ləyaqətini pozur və ya pozulmasına gətirib çıxarır.

İdentifıkasiya edilən şəxslərin genetik məlumatları qanuna müvaflq surətdə ciddi məxfıliyə riayət olunmaqla elmi-tədqiqatlar, yaxud digər məqsədlər üçün qorunmalı və ya istifadə edilməlidir.

Hər bir kəsin, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, onun genomuna müdaxilənin birbaşa təsiri ilə vurulmuş, yaxud belə əməlin vasitəli nəticəsi olan hər hansı ziyanın ödənilməsinə hüququ olmalıdır.

İnsan hüquqları və əsas azadlıqların müdafiəsi məqsədilə razılıq və məxfılik prinsiplərinin məhdudlaşdırılması ictimai beynəlxalq qanun və insan hüquqları haqqında beynəlxalq qanun çərçivəsində xüsusi hallar üçün qanunla müəyyənləşdirilə bilər".

Bəyannamədə insan genomunun tədqiqi zərurəti də göstərilib: "Heç bir tədqiqat, eləcə də bu və ya digər elmi-tədqiqatın praktiki dəyəri, xüsusilə biologiya, genetika və təbabət sahəsində ayrıca fərdın, həmçinin insan qruplarının hüquqları, əsas azadlıqlar və insan ləyaqətindən üstün tutulmamalıdır.

İnsanların reproduktiv klonlaşdırılması kimi insan ləyaqətinə zidd fəaliyyət qadağan olumnalıdır. Bəyannamənin müddəalarına riayət edilməsi üçün, dövlət və səlahiyyətli beynəlxalq təşkilatlar belə fəaliyyəti aşkar etmək və milli, yaxud beynəlxalq səviyyədə lazımi tədbirlər görülməsi üçün əməkdaşlığa dəvət olunurlar.

a) biologiya, genetika və təbabətdə insan genomu ilə bağlı tərəqqinin bəhrələri hamı üçün açıq olmalı, bu zaman insan hüquq və ləyaqətinə riayət olunmalıdır;

b) elmin tərəqqisi üçün zəruri olan tədqiqat azadlığı fikir azadlığının bir hissəsidir. Tədqiqatın nəticələrinin təcrübədə, o cümlədən, insan genomuna münasibətdə biologiya, genetika və təbabətdə tətbiqi ayrı-ayrı şəxslərin və bütövlükdə bəşəriyyətin əzablarını yüngülləşdirmək və sağlamlığını yaxşılaşdırmağa yönəldilməlidir.

Təkcə tədqiqatın gedişində deyil, həm də onun nəticələri təqdim olunarkən və onlardan istifadə zamanı dürüst əxlaqi və intellektual saflığı və bütövlüyü özündə birləşdirən tədqiqat məsuliyyətinə, etik və sosial amillərin dəlalət etməsi baxımından, insan genomu ilə iş aparılarkən, xüsusi diqqət yetirilməlidir. Qərar qəbul edilməsində iştirak edən ictimai və ayrı-ayrı xadimlər də bu kontekstdə böyük məsuliyyət daşıyırlar.

Dövlətlər insan genomunun tədqiqinin sərbəst aparılması və bu Bəyannamədə göstərilən prinsiplər əsasında belə tədqiqatların etik, hüquqi, ictimai və iqtisadi nəticələrini proqnozlaşdırmağa imkan verən əlverişli intellektual və maddi şərait yaratmaqdan ötrü müvafıq tədbirlər görməlidirlər.

Dövlətlər Bəyannamədə ifadəsini tapmış prinsiplərə lazımi hörmət göstərməklə və insan hüquqları, əsas azadlıqlar və insan ləyaqəti, səhiyyənin qorunmasına riayət edilməklə insan genomu üzərində sərbəst tədqiqat fəaliyyəti üçün çərçivənin təmin olunması sahəsində müəyyən addımlar atmalıdırlar. Onlar bu tədqiqatların müstəsna dərəcədə dinc məqsədlərə yönəldilməsinə nəzarət etməlidirlər.

Dövlətlər insan genomunun tədqiqi və bu kimi tədqiqatların nəticələrinin tətbiqi ilə qaldırılmış etik, hüquqi və sosial məsələləri qiymətləndirmək üçün müxtəlif səviyyələrdə etika üzrə müstəqil, multiinzibati və plüralist komitələrin yaradılması və inkışaf etdirilməsinin dəyərini etıraf etməlidirlər.

Bəyannamədə həmrəylik və beynəlxalq əməkdaşlıq da öz əksini tapmışdır: "Dövlətlər, xüsusilə genetik xəstəliklərə qarşı müqavimətsiz və ya bu cür xəstəliklərə düçar olmuş şəxslər, ailələr və əhali qrupları ilə həmrəylik təcrübəsinə hörmətlə yanaşmalı və inkişaf etdirməlidirlər. Eyni zamanda, gen və genetik xəstəliklərin, ələlxüsus, Yer kürəsi əhalisinin əksər hissəsinin məruz qaldığı nadir, eləcə də, endemik formalarının üzə çıxarılması, profilaktikası və müalicəsi üzrə proqramlar inkişaf etdirilib yayılmalıdır."

Bəyannamənin prinsiplərinə riayət olunmaqla insan genomu, insan müxtəlifliyi haqqında elmi biliklər və genetik tədqiqatların yayılmasına yönəldilmiş bütün səylərdən istifadə etmək və onların əsasında sənaye ölkələri və inkişaf etməkdə olan ölkələr arasında elmi və mədəni əməkdaşlığı möhkəmləndirmək lazımdır.

a) dövlətlər inkişaf etməkdə olan ölkələrlə beynəlxalq əməkdaşlıq çərçivəsində:

1) insan genomu üzərində tədqiqatın riski və faydasının müəyyənləşdirilməsi və sui-istifadələrin qarşısının alınması;

2) insan biologiyası və genetikası sahəsində tədqiqatlar aparılması üçün inkişaf etməkdə olan ölkələrin spesifik problemləri nəzərə alınmaqla onların potensialının möhkəmləndirilməsi və inkişafı;

3) inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial tərəqqi naminə istifadə məqsədilə elmi və texniki tədqiqatların bəhrələrindən faydalanma imkanları;

4) biologiya, genetika və təbabət sahələrində elmi bilik və informasiya ilə sərbəst mübadiləyə yardımçı ola biləcək tədbirləri dəstəkləməlidirlər.

b) müvafıq beynəlxalq təşkilatlar dövlətlərin yuxarıda göstərilən məqsədlər üçün qəbul etdikləri təşəbbüsləri müdafiə və inkişaf etdirməlidirlər.

Bəyannamədə ifadə olunan prinsiplər inkişaf etdirilməlidir:

Dövlətlər interinzibati sahələrdə tədris, tədqiqat aparılması və təcrübə keçmək vasitəsilə, həmçinin müxtəlif səviyyələrdə, ələxsus elmi siyasətin işlənib-hazırlanmasına, məsul şəxslərə bioetika tədris olunmaqla Bəyannamədə ifadəsini tapmış prinsiplərin inkişafı üçün müvafiq tədbirlər görməlidirlər.

Dövlətlər biologiya, genetika və təbabət sahəsində tədqiqatların və onların yekunlarının tətbiqi nəticəsində insan ləyaqətinə toxuna biləcək fəsadlara görə məsuliyyətlərinə münasibətdə cəmiyyət və onun bütün üzvlərinin maariflənməsinə səbəb olacaq digər tədqiqat formalarının inkişafı, təcrübə keçmə və informasiya yayılması üzrə tədbirlər görməlidirlər. Müxtəlif ictimai-mədəni, dini və fəlsəfi baxışların azad ifadə oluna biləcəyi beynəlxalq müzakirələr təşkil olunmalıdır.

Bəyannamənin tətbiqi üçün aşağıdakılar nəzərdə tutulmuşdur: "Dövlətlər Bəyannamədə ifadəsini tapmış prinsiplərin inkişaf etdirilməsinə səy göstərməli və onların tətbiqinə yardımçı olmalıdırlar.

Dövlətlər tədris, təcrübə keçmə və informasiya yayma vasitəsilə yuxarıda göstərilən prinsiplərə hörmətin inkişaf etdirilməsi, onların tanınması və icrası üçün tədbirlər görməlidirlər. Dövlətlər, həmçinin, etika komitələri arasında mübadiləyə və tam əməkdaşlıq üçün onların şəbəkəsinin yaradılmasına köməklik göstərməlidirlər.

YUNESKO-nun nəzdində Beynəlxalq Bioetika Komitəsi Bəyannamədə göstərilən prinsiplərin yayılmasına yardım etməli və gələcəkdə onların tətbiqi və texnologiyaların inkişafı dərəcəsindən asılı olaraq meydana çıxan problemləri nəzərdən keçirməli və təhlil etməlidir. Müxtəlif tərəfləri, məsələn, xəstəliyə müqavimətsiz qrupları cəlb etməklə müvafıq məsləhətləşmələr təşkil edilməlidir. YUNESKO-nun müəyyən etdiyi prosedura uyğun tövsiyələr hazırlanıb baş konfransa göndərilməli və Bəyannamənin, xüsusilə insan ləyaqətinin tanınması prinsiplərinə zidd fəaliyyətin, məsələn, embrion dövrəsinə müdaxilənin üzə çıxarılması məsələlərində səmərəliliyinə nəzarət üzrə məsləhətlər verilməlidir.

Bu Bəyannamənin heç bir müddəası hər hansı dövlətin, şəxslər qrupu və ya insanın hərəkətləri xeyrinə, insan hüquqları prinsipləri, əsas azadlıqlar əleyhinə, Bəyannamənin özündə ifadə olunmuş prinsiplər də daxil olmaqla, istifadə və ya şərh edilə bilməz.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər