Azərbaycanda humanizm ideyalarının yaranması və inkişafı öz kökləri ilə qədim tarixə bağlıdır. Azərbaycan xalqına məxsus xüsusiyyətlər - böyüyə, ağsaqqala hörmət, imkansıza əl tutmaq, acı doyurmaq, ən əziz neməti qonaq üçün saxlamaq, xəstəyə, əlilə yardım etmək, aman istəyəni bağışlamaq uzun illərdən bəri xalqın təfəkkür, yaşayış tərzində mövcud olmuş, formalaşmış və daim yeni əlamətlərlə zənginləşmişdir.
V.İbayev yazır: "Bu ideyalar insanların davranışında, məişətində, qarşılıqlı münasibətlərində illərlə tətbiq olunaraq bu günümüzə gəlib çatmışdır. Xalqın milli dəyərləri kimi formalaşmış humanizm ideyalannın bir qismi şifahi xalq yaradıcılığında, bir qismi isə şair və yaziçılarımızın bədii yaradıcılığında öz əksini tapmışdır. Sözsüz ki, insana humanist münasibətin təzahürü bir çox sahədə xalqın davranışında, əməlində, adət-ənənələrində özünü göstərir. Bəzən elə olur ki, bu adət və ənənələrə o qədər öyrəşirsən ki, onlardakı ali, ülvi, saf, təmiz münasibətləri sezmirsən. Yəni həmin davranış, hərəkət, əməllər insanların yaşayış və həyat tərzinə çevrilir. Bu həyat tərzində olan humanist cəhətlər ölkə daxilində bəzən hiss olunmur. Çox vaxt kənardan gələnlər bunu daha yaxşı görürlər. Ona görədir ki, Azərbaycana gələn qonaq xalqımızın insanpərvərliyini, humanistliyini, böyük hisslərə sahibliyini daha tez duyur. Xeyirxahlıq, hamıya yaxşılıq hissi xalqımızın ayrılmaz və özünəməxsus xüsusiyyətidir".
Qədim azərbaycanlıların əxlaqı üç sözlə ifadə olunurdu: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Yəni insan bütöv olmalıdır, düşüncəsi ilə əməli, sözü ilə işi arasında fərq olmamalıdır. "Cəmaləddin Rumi yazırdı: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün!"
Neçə min illik əxlaq dərsinin nəticəsidir ki, bu gün də xalqımızın ən başlıca mənəvi özünəməxsusluğundan söz düşəndə dilimizə ilkin bu sözlər gəlir: xeyirxahlıq, nəciblik, mərdlik!
Peyğəmbərlərimiz, mütəfəkkirlərimiz də xeyirxahlığı, yaxşılığı, insana məhəbbəti təbliğ edirlər: "Allah o insanları sevir ki, onlar başqasına, xalqa, cəmiyyətə fayda verməkdən çəkinmir, təmənnasız yaxşılıq edir, günahsız adamları incitmir, onlara əzab-əziyyət vermir, daim yaxşılıq etməyə, xidmət və qulluq göstərməyə, əl tutmağa çalışır. Məhz bu kimi cəhətlər xeyir sayılır və islam dinində təbliğ olunur. Yeri gəlmişkən, deyək ki, islamda Məhəmməd peyğəmbərin (s) təxəllüslərindən biri elə "xeyrülbəşər" adlanır (yəni bəşərə, insanlara xeyir verən, insanların ən yaxşısı)".
Xalqa məxsus olan ən yüksək keyfiyyətlər onun adət və ənənələrində yaşayıb nəsildən-nəsilə ötürülməklə yanaşı, öz əksini, ilk növbədə, şifahi xalq yaradıcılığında tapıb. Azərbaycan nağılları, dastanları, əfsanə və rəvayətləri xeyirxahlıq, insanpərvərlik, humanizm, ədalət prinsipləri üzərində köklənib. Onların hər biri insani mərdliyə, düzlüyə, ədalətə, xeyirxahlığa, yaxşılığa çağırır, insana məhəbbət aşılayır.
"Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi" kimi dastanlarda qoçaqlıq, igidlik, qəhrəmanlıq tərənnüm edilməklə yanaşı, humanizm, insana xeyirxah münasibət və s. bu kimi humanist ideyalar öz əksini tapmışdır: təqsiri bağışlamaq qüdrətin böyüyüdür, qocaya hörmət elə, sən də qocalacaqsan, kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan, xain xəyanətinin cəzasını mütləq çəkər, xəyanətkardan xəta əksik olmaz, insaf qanunların anasıdır, aman deyənə əl qaldırmazlar, zülm yerdə qalmaz.
Azərbaycan xalqının humanist sənət abidələrindən danışarkən, ilk növbədə, "Kitabi-Dədə Qorqud" yada düşür. Əbədiyaşar dastanın hər bir boyu insana məhəbbət, ədalət, xeyirxahlıq, nəciblik və düzlüklə yoğrulub. Burada xalqın düşüncəsini, əxlaqını əks etdirən təmiz və ülvi hisslər, bəşəri duyğular, humanizm kimi gözəl keyfiyyətlər insanı daim xeyirə və səadətə səsləyir.
Dünyada yaxşılıq, xeyirxahlıq itmir, yaddan çıxmır və xoş nəticə verir.
"Kitabi-Dədə Qorqud" dastanının əxlaqi dəyərlərindən bəhs edən görkəmli Azərbaycan filosofu F.Qasımzadə sadə çobanın hərəkətlərini Oğuz övladının humanizm ruhunun təcəssümü kimi dəyərləndirir. Dədə Qorqudun altruist etikası, xalqa xeyir ver, adamlara faydalı ol, günah işlərlə məşğul olma, pis əməllər yapma çağırışları öz dövrü üçün son dərəcə mütərəqqi, əxlaqi qayələrdir, tərifə və təqdirəlayiqdir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığında da ədalət, yaxşılıq, insanpərvərlik, sülh, humanizm ideyaları bariz şəkildə öz ifadəsini tapmışdır.
Kütlələr arasında sadə həyat sürməyi, üzdə olana qane olub etiraz etməməyi, lakin axirət dünyasında təmənnasız nemətlər əldə etmək üçün bu dünyanın nemətlərini toplamağa aludə olub, bunu yoxsullara rəva görməyən bəzi din xadimlərinin təbliği də Xaqanini az hiddətləndirməmişdir. Böyük mütəfəkkirin insafı, mürüvvəti olmayan varlı əyanlar, müstəbid və qaniçən hökmdarlar haqqında kəsərli fikir və mülahizələrini nəzərdən keçirərəkən, onun xalqa möhkəm bağlılığının şahidi oluruq. Şübhəsiz ki, Xaqaninin hakim dairələrə münasibətdə son dərəcə sərt mövqeyi özünə qarşı nifrətə və təqibə səbəb olmaya bilməzdi.
A.Quliyev yazır: "Qeyd etmək lazımdır ki, böyük mütəfəkkirin müasiri olduğu yüzillikdə Azərbaycan xırda feodallardan ibarət olan bir sıra dövlətlərə parçalanmışdı. Belə vəziyyət, həmişə və hər yerdə olduğu kimi, Azərbaycanda da qabaqcıl fikirli ziyalıları, düşüncə sahiblərini, habelə vətənpərvər qüvvələri həm kədərləndirir, həm də düşündürürdü. Onlar xırda və dağınıq, bir-biri ilə siyasi əlaqələri son dərəcə zəif olan, yaxud heç olmayan pərakəndə dövlətlərdə güclü özbaşnalığın, hərc-mərcliyin, haqsızlığın və ədlalətsizliyin, müxtəlif zorakılıqların və qanunsuzluqların canlı şahidi oldular. Belə pərakəndə xırda feodal dövlətlərində sosial-iqtisadi durğunlq, xalq kütlələrinə üz verən ictimai bəlalar və sadə insanların yaşadığı müsibətli, məşəqqətli günlər humanist ziyalı və alim-mütəfəkkirləri qeyzləndirirdi. Belə ziyalı və mütəfəkkirlərin ən nəcib keyfiyyətlərini özündə birləşdirən Xaqani cəmiyyətdə baş alıb gedən haqsızlıqlarla, xalqın dözülməz dərdi ilə barışa bilmir. Vətənin, eləcə də bəşəriyyətin taleyi üçün dərin narahatlıq hissləri keçirirdi".
Böyük filosof şair Məhəmməd Füzuli məşhur "Padşahi-mülk" qitəsində müharibələr, fitnə-fəsadlarla qazanılan qələbələrin axırının puç olduğunu söyləməklə yenə də münaqişələrin, ilk növbədə, danışıqlar yolu ilə sülh əldə edilməsini üstün tutur və göstərir ki, zor və fitnə-fəsadla əldə edilən ölkə də, qoşun da hər hansı bir hadisədən məhv ola bilər.
Azərbaycanda humanizm ideyalalarının təməlləri bu ərazidə yayılmış din və hərəkatların təlimlərində də özünü göstərir.
Vaxtilə Azərbaycan ərazisində yaşayanların dünyagörüşü səma qüvvələrinə, oda, suya, müxtəlif bütlərə inamla bağlı olub. Ölkənin cənubunda Zərdüştilik daha geniş yayılmışdı. Həmin təlim təkallahlılığın əsasıdır. Zərdüştilikdə Ahuramazda (Hörmüz) yeganə ali Allah kimi qələmə verilir, o, kainatın və canlıların yaradıcısı elan edilirdi. Təliminə görə, şərlə xeyir, yalanla həqiqət arasında ölüm-dirim mübarizəsi gedir, lakin son məqamda xeyir və həqiqət şər və yalana qalib gəlir. Torpaq üstündə ali insanın yaşamasını təmin edir. İnsanı özünə güvənməyə çağıran Zərdüşt bütün yaradılmışlara, hər şeydən əvvəl, sülh və əmniyyət diləyirdi.
Azərbaycanın yayılmış məzdəkilik təliminin əsas müddəası ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Məzdəkilik mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasını mümkiin hesab edirdi.
Azərbaycanm istiqlaliyyətini bərpa etmək, onu yadellilərin tapdağından qurtarmaq xürrəmilərin əsas ideyası idi. Onlar belə hesab edirdilər ki, dünya daim mövcud olduğu kimi, insanların ruhu da əbədidir. Dünyada iki qüvvə - xeyir və şər arasında fasiləsiz mübarizə gedir. Həm də bu mübarizədə xeyirin şərə qalib gələcəyi labüddür.
XIV əsrin ikinci yansında Azərbaycanda və Şərqdə Nəiminin hürufilik təlimi geniş yayılmışdı. Hürufiliyin əsas ideyası insanı müqəddəsləşdirmək, ilahiləşdirmək və ali qüvvəyə qovuşdurmaq idi.
Hürufiliyə görə mütləq varlığın təzahür forması olan kainat öz kamalını insanda tapıb. Kainatın bütün inkişaf yolu insana doğru olmuşdur və onun simasında öz ali formasına dolmuş, öz zirvəsinə yetişmişdir. Hürufilik istismara, zorakılığa, istilaçılığa qarşı çevrilmişdi. Nəimi və Nəsimi kimi dühaların yaradıcılığında "ənəlhəqq" ideyası ən yüksək, ən ali təcəssümünü tapmışdı.
Azərbaycan ədəbiyyatında əsirə, yaralıya, xəstəyə, qadına, uşaqlara və qocalara humanist rəftar bəslənilməsi nümunələri saysızdır. Əsirlərlə humanist rəftarın da Azərbaycan tarixində qədim izləri vardır. Salman Mümtaz "Şah Xətai" məqaləsində Səfəvi nəslinin şöhrət tapmasının əsasını qoymuş Şeyx Səfiyyəddin Ərdəbilidən bəhs edərək yazır: "Şeyx Səfi yalnız Azərbaycanda deyil, bütün islam aləmində zöhdü təqvası ilə məşhur və azimi-sufiyundan mədud bir zatdır. Öz nagahı yüz minlərlə müridin Kəbeyi-amalı idi. Şeyx Səfiyə iradət yetirənlər yalnız xalq olmayıb, hətta dünyanın ən böyük alimləri, hökmdarları belə ərzi-ixlas edərdilər...Əmir Teymur Şeyx Səfiyə ayrıca bir ehtiram bəslərdi. Bütün müvərrixlərin təsdiqi ilə Əmir Teymur Ankaradakı fəthlərindən sonra xanigaha gələrək Şeyx Səfinin hər bir xahişini yerinə yetirəcəyini ərz etmişdi. Şeyx Səfi isə "Rumdan götürdüyün əsirləri azad et" əmrini verdiyindən Əmir Teymur da fılfövr bütün əsirləri əfv və azad etmişdi".
Təqdirəlayiq haldır ki, hazırkı dövrdə də Azərbaycanın azad fikir sahibləri məhz humanizm ideyalarının carçısı kimi çıxış edirlər: "Bəşəriyyət tarixindəki müharibələr göstərir ki, mənəvi cəhətdən səfərbər olmayan ordu düşmənlə müqayisədə daha yaxşı və daha müasir silahlarla təchiz edilsə də, yenə məğlubiyyətə uğrayır. Həm də bunun üçün diişmənə qarşı birbaşa düşmənçilik hissi tərbiyə etmək də vacib deyildir. Əslində, yüksək vətəndaşlıq, vətənpərvərlik, humanizm tərbiyəsinin özü də irticaya, təcavüzə, qəsbkarlığa qarşı mühüm mübarizə vasitəsidir".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru