PDF Oxu

MİA

  • 10 051

Humanist qanunlar insan haqlarının qarantı kimi

image

Hələ orta əsrlərdə ədalətsizliyin və haqsızlığın hökm sürdüyü bir şəraitdə Azərbaycan mütəfəkkirləri humanist qanun ideyasını irəli sürürdülər

Qeyd etmək lazımdır ki, dünyanın etibarsızlığından, qəddarlığından və amansızlığından narazılıq, küskünlük və şikayət Yaxın və Orta Şərqin şair və mütəfəkkirlərinin yaradıcılığı, bütövlükdə dünyagörüşü üçün səciyyəvi cəhətlərdən biri olmuşdur. M.İbrahimov yazır ki, bəzi Avropa tədqiqatçıları bunu az qala "tərki-dünya" fəlsəfi bədbinliyin təzahürü kimi şərh etməyə çalışırlar. Əslində isə, Xaqani bu anlayışı başqa cür mənalandırır, ona dürüst ictimai məna verir. "Dünya" dedikdə, o, elə ictimai şəraiti nəzərdə tutur ki, orada haqq, ədalət, insaf yoxdur, orada qoluzorlular, qanmaz güclülər və cəhalət hökm sürür. Məsələn, Xaqani "Töhfətül-İraqeyn" poemasına nəsrlə qələmə aldığı müqəddimədə yazır: "...Yaramazlıqlar törədən şərabın töhmətindən çəkin, fəlakətlər törədən dünyadan həzər et, bu köhnə, murdar qarıdan canını qurtar, özünü elm və bilik kölgəsində saxla, əgər istəyirsən ki, qəlbin yaralanmasın, vərəm və aclıq törədən dövlətli adamların qapısına yardım üçün getmə ki, onlar yaramazlıqlar törətməsin...bu yeni ərsəyə gəlmişlərin karvansarasında düşüb qalma ki, öz evindən kənar düşməyəsən. Bu dünya bazarının tozunu silmə ki, ürək xəzinəsinin cəvahirlərindən məhrum olmayasan".

A.Quliyev yazır: "Xaqaninin nəzərində dünya evi bərbad vəziyyətə düşmüşdür. Belə bərbadlıqda isə rahat həyat axtarmaq əbəsdir. Dünyanın müflisliyi insanlığın bütün arzu və istəklərini, qurub-yaratmaq niyyətlərini iflasa uğratmışdır. Dünyanın əyilmiş qəddini dikəltmək isə qeyri-mümükündür, çünki buna əlac edə bilən qüvvə və vasitələr tükənmişdir. Bu, dərman və iksiri tapılmayan sağalmaz xəstəlik kimidir. Xaqaninin sosial-siyası məzmunlu qəsidələri feodal cəmiyyətinin həyatını, bu cəmiyyətdə baş alıb gedən ədalətsizliklərin təbiətini, özbaşınalıq və haqsızlıqlardan əziyyət çəkən xalqın hüquqsuzluğunu əks etdirir. Mütəfəkkirin sosial-siyasi görüşlərinin mütərəqqiliyi, ideyalarının müasirliyi də məhz bunda təzahür edir. Həmin ideyaların müasirliyi, hər şeydən əvvəl, onların humanistiliyində, habelə bu günün sosial ədalət, azadlıq və bərabərlik kimi qlobal problemlərinin məzmununda ifadə olunur.

Xaqaninin dərin sosial-siyasi məzmunu ilə diqqəti cəlb edən "Mədain xərabələri" qəsidəsində ictimai-siyasi fikrimizin bir sıra orijinal nümunələri vardır. Əsər dövlət başçılarına xitabən qələmə alınmışdır. "Mədain xərabələri"ndən doğan ideyalardan biri ondan ibarətdir ki, mütəfəkkir bu qəsidədə əmin olduğunu bildirir ki, müstəbid və ədalətsiz qanunlarla idarə olunan dövlət uzun müddət mövcud ola bilməz. Hakimiyyətin ömrü və möhkəmliyi dövlət başçılarının zəkasından, ədalətindən və müdrikliyindən asılıdır. Mütəfəkkir dövləti uzunömürlü edən amillər sırasına humanist qanunları da daxil edirdi. Onun ideyasına görə, dövlət məhz humanist qanunlar vasitəsilə idarə olunmalıdır. Şübhəsiz ki, humanist qanunlar həmişə ədalətli köklərlə bağlı olmuşdur.

Humanist mütəfəkkir Mədain şəhərinin canlı şahidi olduğu xarabalıqlarını feodal-patriarxal cəmiyyətinin, onun özbaşınalıqlarının qanunauyğun nəticəsi hesab edirdi. Feodal cəmiyyətinin gerçəkliklərini, onun qanunlarının mahiyyətini və mövcud ədalətsizlikləri əks etdirən "Mədain xərabələri" onun görüntüsü insanlığı, dünyanı sarsıdan, ümumbəşəri ideallara ağır zərbə vuran bir mənzərədir.

A.Quliyevin fikrincə, Xaqaninin sosial ədalətin tərənnümü nöqteyi-nəzərindən fikirlərinin işıqlandırılması zəruridir. Çünki məhz bu fikirlərdə mütəfəkkirin cəmiyyətə baxışlarının əsl mahiyyətini aşkar etmək olar. Xaqani müasiri olduğu dövrün haqsızlıqlarını məzəmmət edərkən nəinki cəmiyyətin qüsurlarına qarşı etirazlarını bildirir, bütövlükdə dünyanın ədalətsizliyini ittiham edir. Zəmanə Xaqaninin nəzərində insanı və insanlığı özündən kənar edən adət və ənənlərin qoruyucu mühitidir. Belə dünyanın bətnində ədalət axtarmaq əbəsdir, çünki kamil insan, ümumiyyətlə, ədalətsiz dünyaya bağlana bilmir.

Xaqaninin ədalətli ictimai mövqeyi, ümumiyyətlə, onun sosial-siyasi görüşlərinin insanpərvər xarakteri feodalizm quruluşunun qayda-qanunlarının inkarı idi. Buna görə də mütəfəkkirin etirazları ittiham kimi səslənirdi. Zəmanə cəmiyyəti sanki rahatlıqdan məhrum etmiş, hələ bu kifayət etmir kimi, onu bəlaların ümmanına qərq etmişdi.

Xaqaninin sosial-siyasi görüşlərində zəmanədən şikayət motivləri mütəfəkkirin həyatının xeyli hissəsinin ağrılı-acılı, bəzən çox əzablı və iztirablı illəri ilə bağlı təzahür etmişdir. Yazdığı həcvlərin nəticəsində düşmənlərinin sayının çoxalması, ümumiyyətlə, hökmdar sarayının boğucu və üzücü mühitində əlavə olaraq paxılların, nanəciblərin və riyakarların əhatəsində olması, fikir və ideyalarının qüdrəti ucbatından xainlərin yersiz tənələrinə tuş gəlməsi, haqsız hücumların güclənməsi, əzizlərinin vaxtlı-vaxtsız ölümü humanist mütəfəkkiri sarsıtmış, bir çox məqamlarda hətta kövrəltmiş, yoxsulluq və tənhalıq həyatını ağırlaşdırmışdı.

Müasiri olduğu cəmiyyətin hadisə və proseslərinə laqeyd qala bilməyən Xaqani yaşadığı mühitdə baş verənlərə görə xalqın taleyinə və işlərinə məsul olanları məzəmmət, ittiham edirdi. Cəmiyyət üz verən sosial bəlaları feodal dövlətinin qüsurlu siyasətində görən mütəfəkkir zəmanəsinin xaqanlarına nəinki dünyəvi qanunlara, hətta təbiətin qanunlarına riayət etməməyin sonunun puçluğu barədə xəbərdarlıq edirdi. Məhz ona görə də Mədain şəhərinin mənzərəsi ilə bağlı təbiətin bu amansız qanunu mütəfəkkiri həm kədərləndirir, həm də sevindirirdi. Xaqaninin sevinməyinin səbəbi bundan ibarət idi ki, Mədaini belə vəziyyətə salan qəddar və ədalətsiz qanunlar zalım şahları, onların zülm ocağı olan zəngin saraylarını da amansızlıqla məhv edəcək, heçə çevirəcəkdir. Mütəfəkkirin isə kədəri məlum idi.

Xaqani feodalizm cəmiyyətinin qüsur və özbaşnalıqlarına münasibətini bildirərkən, ilk növbədə hökmdarların öz siyasətində xalqın mənafeyi naminə dəyişikliklər etməyi, ölkəni ədalətli qanunlarla idarə etməyi məsləhət bilirdi. Əks-təqdirdə xalqın intiqam almaq əzmi labüd xarakter ala bilərdi. Onun müstəbid dövlət başçılarına xəbərdarlığı çox güclü səslənirdi:

Sosial-siyasi ideyalarında ədalətə çağırış, pis və rəzil əməllərdən kənar olmağa dəvət kimi məsələlərə geniş yer verən Xaqani "dövlət adamlarının cani, hakimlərin isə rüşvətxor olmaları haqqında son dərəcə hiddətlə danışırdı. Ona görə də S.C.Rzaquluzadənin haqlı olaraq qeyd etdiyi kimi, "Xaqanidə belə bir fikir yaranmışdı ki, xalqın yoxsul vəziyyətini ədalətli hökmdar yaxşılaşdıra bilər. Mövcud monarxiya dövlət quruluşu (idarəçilik forması-kursiv bizimdir - A.Q.) Xaqani üçün təbii göründüyü üçün o, dövlətin digər siyasi quruluşa malik başqa formasını təklif etmirdi", daha doğrusu, zəmanənin ziddiyyətləri səbəbindən bunu təklif edə, görə bilmirdi. Mütəfəkkir hökmdarların yoxsul kütlə ilə ədalətli və mərhəmətli davranışının faydasına ümid edərək, dövlət başçısının qayğıkeşliyini xalqın ağır vəziyyətinin yaxşılaşdırılmasının rəhni hesab edirdi.

Xalqa dərin və sonsuz rəğbətini gizlətməyən Xaqani eyni əhval-ruhiyyə ilə də hökmdarları kəskin tənqidə məruz qoyurdu. Xaqaninin saray həyatı, əgər onun bir tərəfdən sadə xalq kütlələri ilə yaxın əlaqələrini zəiflətmişdirsə, digər tərəfdən hökmdarların və səltənətin həqiqi təbiətinə, dövlət məmurlarının əsl simasına daha yaxından bələd olmaqda çox kömək etmişdi. Saray həyatı mütəfəkkirin sosial-siyasi dünyagörüşünün mütərəqqi istiqamətdə formalaşmasında müsbət rol oynaması da, mütəfəkkir hökmdar səltənətində baş verən ictimai-siyasi proseslərin canlı şahidi kimi, onları müfəssəl şəkildə izləyə, müəyyən düzgün nəticələr çıxara bilmişdi. Belə nəticələrdən biri hökmdarların təbiətinə qəddarlığın, haqsızlığın və amansızlığın xas olması, bu mənfı keyfiyyətlərin əminliklə təsdiq edilməsi idi. Böyük mütəfəkkir qəddar, müstəbid şahlıqdan və səltənətdən ədalət gözləməyin əbəs olduğuna inansa da, o, xüsusən də tərif məzmunlu əsərlərində hökmdarların sosial ədalətin şərtlərinə əməl etmələrini onlara dəfələrlə tövsiyə etmişdir. H.Araslı yazır ki, "o öz mədhlərində hökmdarlara nəsihət etmiş, onlara qayğıkeşlik, insaf, mərhəmət, səxavət kimi nəcib sifətlər aşılamağa cəhd göstərmişdir. Şair ədaləti hökmdar üçün zəruri bir halət kimi tərifləyərək, zəmanə şahlarına ədalətli olmağı, ağlı rəhbər tutmağı, xalqla insafla rəftar etməyi tapşırırdı". Bu nöqteyi-nəzərdən Xaqaninin yaradıcılığında hökmdarların və səltənətin tənqidi sosial-siyasi məzmun kəsb etməklə ictimai-siyasi fikrin mühüm elementlərin biri qismində çıxış edir və öz orijinallığı ilə seçilir.

Xaqaninin şahlara tənqidi münasibəti onun şəxsi müşahidələrinin nəticəsidir. Bu, şahların amansızlığı, onların ədalətsizliyi və nadanlıq əleyhinə etirazıdır. Xaqani hökmdarları düzgün yolla getmədiklərinə, xalqa düzünə yolla sədaqətlə qulluq etmələri əvəzinə, onu sıxışdıraraq öz yollarından döndərdiklərinə görə ittiham edir. Mütəfəkkirin bu mübarizə və qətiyyətli ittihamı dövrün, zəmanənin bütün ədalətsiz, öz haqq yolunu azmış hökmdarlarının sağdan və soldan mühakimə edilməsi demək idi. Xaqani hökmdarların bu xislətini onların əqli zəifliyinin, geriliyinin və qeyri- kamilliyinin qanunauyğunluğunun nəticəsi kimi qiymətləndirirdi. S.C.Rzaquluzadənin çox düzgün olaraq qeyd etdiyi kimi, "Xaqaniyə görə, çox zaman qızıl tac boş başları bəzəyir".

Zəmanənin gərdişi, xalqın dözülməz ağır vəziyyəti və hökmdarların ədalətsizliyi ilə bağlı Xaqanini daim düşündürən sualların dairəsi geniş idi. S.C.Rzaquluzadə həmin sualları ümumiləşdirərək, onları aşağıdakı kimi təsnifləşdirmişdir:

a) sosial bərabərsizliyin kökləri nədədir?

b) sosial bərabərsizlik necə yaranmışdır?

c) adamların mövcud maddi qeyri-bərabərliyini necə dəyişdirmək olar?

d) Yer üzündə ədaləti necə bərpa etmək olar?

e) xalqın vəziyyətini necə yaxşılaşdırmaq olar?

Böyük mütəfəkkirin müasiri olduğu tarixi dövrün nə sosial-iqtisadi inkişaf səviyyəsi, nə də ictimai münasibətlərin və mövcud olan humanitar elm sahələrinin inkişaf dairəsi nəinki ona bu suallara elmi cəhətdən əsaslandırılmış cavab verməyə, həmçinin mövcud sosial-iqtisadi qeyri-bərabərliyin əsl mahiyyətini müəyyən etməyə, şübhəsiz ki, imkan verməmişdir. Xaqani, hətta həmin problemlərin düzgün həllinə hansısa dərəcədə heç yaxınlaşa da bilməmişdir. Məhz bütün bunların nəticəsidir ki, humanist mütəfəkkir sosial bərabərsizliyin, xalqın pis güzəranının səbəblərini bir növ "alın yazısı", yaxud taleyin insanlığa bəxş etdiyi ədalətsizliklər kimi izah etmək məcburiyyətində qalmışdır. Lakin belə bir şəraitdə zəhmətkeş insanların nə üçün yoxsul vəziyyətdə, ləyaqətsiz adamların isə ziynət içərisində yaşaması, hətta yüksək mənsəb pilləsinə qalxmaları da Xaqanini təbii olaraq dərindən düşündürmüşdür. Ona görə də məsələyə ümumi yanaşma mövqeyindən münasibət bildirməklə bu nəticəyə gəlmək olar ki, yuxarıda xatırladılan problemlər böyük mütəfəkkir üçün həlledilməz olmuşdur. Artıq qeyd edildiyi kimi, Xaqaninin müasiri olduğu dövrün intellektual inkişaf səviyyəsi həmin sualları düzgün və ətraflı cavablandırmaqda aciz idi. Həmin sualların həqiqi və düzgün cavabı üçün hələ neçə-neçə yüzillikləri adlamaq lazım gələcəkdi.

Xaqaninin yaradıcılığında azadlıq mövqeyi çox qüvvətlidir. Şairin saray mühitindən hiddətlə danışması hər şeydən əvvəl onun azadlıq ideyaları ilə bağlıdır. Sarayda insan heysiyyatının tapdalanması, bir tikə çörək üçün insanlıq ləyaqətinin itirilməsi onda qəzəb və kin doğururdu. Odur ki, Xaqani insan şəxsiyyətini hər şeydən yüksək tutmuş, əsərlərində azadlıqdan tez-tez danışmış, onu ən gözəl nemət adlandırmışdır. Humanist mütəfəkkirin nəzərində azadlıq həm də təbii nemət idi. Bu neməti insana onun azad doğulması bəxş etmişdi. Azad doğulmuş insanların sonradan təzahür edən qeyri-bərabərliyni ədalətsizlik kimi qiymtələndirən Xaqani bunun izahını zəmanənin bətnində axtarırdı.

Xaqaninin sorağında, arzusunda olduğu azadlıq ruhi və mənəvi azadlıqla çulğaşırdı. Onun ideyasına görə, insan ruhən azad olmalıdır ki, öz düşüncəsini sərbəst şəkildə bəyan edə bilsin, fikirlərinin reallaşmasına nail olsun.

Azadlığı insanın təbii hüquqlarından biri kimi təsəvvür edən Xaqani onun məhdudlaşdırılmasının qəti əleyhdarı olmuşdur. Azadlığın əldən alınmasını, müxtəlif şərtlərlə onun önünün kəsilməsini insan haqlarına hörmətsizlik hesab edən görkəmli mütəfəkkir, azadlığı boğulanların taleyinə heç vaxt laqeyd qalmamışdır. H.Araslı yazır ki, Xaqani "... insan azadlığını məhdudlaşdıran, onun müqəddəs arzuları önünə keçilməz sədçəkən qoyan maneələri nifrətlə xatırlayaraq, tamah, varlanmaq ehtirası, ... pul düşkünlüyünün insanı bu ali peşədən məhrum etdiyini bildirmişdir."

Xaqani azadlığa, həm də insana möhkəm iradə verən, onun əzmkarlığını artıran və onu ruhən saflaşdıran, qüdrətli vasitələrdən biri kimi baxmışdır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər