Nizaminin ictimai-siyasi görüşlərinin mayasını təşkil edən sosial ədalət ideyaları onun bütün yaradıcılığı boyu cəmiyyətin köklü problemlərinə dair fikirlərini müşayiət etmişdir. Mütəfəkkir sosial ədalət ideyasını lirikasından tutmuş "Xəmsə"nin sonuncu əsəri də daxil olmaqla mərhələ- mərhələ, pillə-pillə cilalaya-cilalaya inkişaf etdirmişdir. Ona görə də humanist mütəfəkkirin sosial ədalətə dair ideyalarını "Xəmsə"yə daxil olan poemalar əsasında xronoloji ardıcıllıqla nəzərdən keçirməyi və təhlil etməyi məqsədəuyğun hesab edirik. Bu, həm də Nizaminin bütövlükdə sosial-siyasi ideyalarının formalaşması, inkişafı və təkmilləşməsi prosesini daha yaxından və ətraflı izləməyə imkan verərdi.
"Sirlər xəzinəsi. Nizaminin "Xəmsə"sinə daxil olan bu birinci poema bütvölükdə mühüm bir fəlsəfi, sosal-siyasi mövzuya - insan, cəmiyyət və təbiət arasında, yaranması zəruri olan ahəngdarlıq, sosial bərabərlik, əmlak və hüquq bərabərliyi, ədalət və ümumi xoşbəxtliyin hökmranlıq etdiyi ədalətin təntənəsindən bəhs edir. Düzlüyə, ədalətə nail olmaq da məhz səbr və mətin iradə ilə mümkün ola bilər. Odur ki, ilk növbədə, iradənin hökmünə arxalanmaq lazımdır. Çünki ətrafda baş verən ədalətli, yaxud ədalətsiz nə varsa hamısı dünyanın gedişinin labüd cığırdaşıdır. O şey ki, dünyada mövcud olanların təzahürüdür, ondan ötrü təəssüflənməyə ehtiyac yoxdur. Dünya həmişə ədalətlə ədalətsizliyin qoşa addımladığı sonsuz məkan olmuşdur.
Dünya işlərinin ta qədimdən qoluzorluların istəyilə həll olunduğunu yaxşı dərk edən böyük mütəfəkkir, sanki haqq və ədalətin də məhz onların tərəfində olduğu qənaətinə gəlirdi. İqtisadi-maddi cəhətdən həmişə sıxıntı içində yaşayan, siyasi proseslərdən kənarda qalan sadə insanların nəsibi ehtiyac olmuşdur.
A.Quliyev yazır: "Humanist mütəfəkkir "Leyli və Məcnun" poemasında insanı yüksək əməllər ardınca getməyə, xırda və keçici meyillərdən uzaqlaşmağa çağırır. İnsan öz ləyaqətini, şərəfıni əksiltməməli, öz istiqlaliyyətini qorumalı, mərd və cəsur olmalıdır. "Alçaqlığa boyun əyən", "hər kəsə oyuncaq olan", "zülmdən razı qalan" adamlar möhnətə layiqdirlər. İnsan "çiynini dağ kimi uca tutmamalı", acizlikdən, mütilikdən əl çəkməlidir. Nizami insanın hüququnu və insanlıq sifətlərini tərənnüm edir, həyatda fəal, cəsur adamlara böyük ehtiyac olduğunu bildirir." Mütəfəkkirin insanlara etdiyi əsas nəsihətlərdən biri həyatda yaxşı ad-san uğrunda çalışmaqdan ibarətdir. Yalnız xoş niyyət və ədalətli insanlar həyatda yaxşı iz qoyurlar. Yaxşılıq, xeyirxahlıq və ədalət uğrunda çarpışan insanların gecəsi də, gündüzü də cəmiyyətə həmişə fayda vermişdir.
Nizaminin məntiqinə görə, qurub-yaratmaq da ədalətdəndir. Dünyanın gözəlliyinin ilkin şərtlərindən biri onun ədalətidir. Dünya məhz öz ədalətsizlikləri nəticəsində öz gözündə gözəlliyini itirir. Ən xırda canlının itkisi də dünya üçün itkidir. Dünya yalnız öz yaratdıqlarından fəxarət hissi keçirmiş, dağıtdıqları üçün isə həmişə xəcalətli olmuşdur. Bir əli qurub-yaradan, o biri əli isə söküb-dağıdan dünyanın bir üzü ədalətli və gözəl, o biri üzü isə ədalətsiz və eybəcərdir. Nizaminin ideyalına görə insan da bu dünya kimidir. Ancaq yaradan, quran və fayda verən insan həm ədalətli, həm də mələk misaldır. Əqidəsi və niyyəti dağıtmaq olan insan canlıların ən bədxahı və çirkinidir. Ona görə də mütəfəkkir insanlara öz fıkrində və əməlində, ilk növbədə dünyanı göz önünə gətirməyi tövsiyə edir:
Göründüyü kimi, "Leyli və Məcnun" poeması ülvi bir məhəbbət duyğuları üzərində köklənsə də, insanın ali məqsəd və amalı uğrunda dövrün rəzalətləri ilə mübarizəsində ictimai-siyasi motivlər qabarıq şəkildə nəzərə çarpır. Bəşəri arzularla yaşayan, xeyirxah niyyətlərin daşıyıcısı olan Məcnun zəmanə kimi nəhəng bir ədalətsizlik aləmi ilə üz-üzə dayanmışdır. O, şahlardan və sultanlardan insanpərvərlik və ədalət umur. Zəmanənin ədalətsizliyindən sanki zövq alan və sərt qanunlarla idarə edən hökmdarları ittiham edən Nizaminin özüdür. Mütəfəkkir neçə-neçə məcnunların müdafiəçisi kimi, hökmdarları ədalətə və müdrikliyə çağırırdı.
Zalım hökmdarların müstəbidliyinə qarşı etiraz səsini ucaldan Nizami həm zəmanənin gərdişindən, həm də şahlıq üsul-idarəsindən narazılıqlarını gizlədə bilmirdi. Lakin belə vəziyyətlə müəyyən mənada barışmaq məcburiyyətində də cəmiyyət qurmaq ideyasına həsr edilmişdir.
F.Quliyevin fikrincə, "Sirlər xəzinəsi" ("Məxzən əl-əsrar") Nizaminin ilk böyük əsəridir. Nizami bu "poemasında bir neçə əxlaqi fıkirlərini bir mövzu - sosial ədalətsizlik ətrafında birləşdirmişdir. Mütəfəkkir burada hökmdarların despotizmini və məmur özbaşınalıqlarını kəskin tənqid edir".
Nizaminin məntiqinə görə, dövlətin xoş gələcəyi və cəmiyyətin rifahı ədalətə bağlıdır. Ədalət şərtlərinə əməl olunması əgər bir tərəfdən dövləti möhkəmləndirirsə, digər tərəfdən, cəmiyyətin maddi-iqtisadi və sosial vəziyyətində tarazlığı təmin edir. Ədalət sanki təbiətlə cəmiyyət arasında ahəngdarlıq yaradır. Belə ahəngdarlıq nəticəsində cəmiyyətə yad olan elementlər ölgünləşir, cəmiyyət üzvlərinin həyati fəaliyyəti öz normal gedişini əldə edir. Belə şəraitdə hamı, bütövlükdə cəmiyyət insan zəhmətindən faydalanır.
"Sirlər xəzinəsi", bu sözün həqiqi mənasında, ədalət sirlərinin xəzinəsidir. Bu xəzinənin bir açarı da hökmdarların əlindədir. Hökmdar bu xəzinənin ədalət sərvətindən müdrikliklə istifadə etməli, Nizaminin obrazlı ifadəsilə desək, insanlar arasındakı münasibətlərə ədalət toxumu səpməlidir.
Ədalətsizliyin zülm olması bütün dövrlərin mütəfəkkirləri tərəfindən dəfələrlə qeyd edilmişdir. Nizaminin "Sirlər xəzinəsi"ndə sosial hadisə kimi tərənnüm etdiyi ədalət, o cümlədən ədalətsizlik, fikrimizcə, ikili xassəyə malikdir:
1) fəal mövqedə təzahür edən ədalət, yaxud ədalətsizlik;
2) passiv davranışın nəticəsi olan ədalət və ya ədalətsizlik.
Birinci halda ədalət daxili əxlaqı niyyətdən fəal zahiri hərəkət aktına çevrilərək, nəyinsə həllində özünü büruzə verir.
Məsələn, hökmdar kiminsə cəzasını yüngülləşdirir, yaxud onun təqsirini bağışlayır və ya ümumiyyətlə, insanpərvərlik hisslərinin təsiri altında hər hansı haqsızlığı yaxına buraxmır. Bu məziyyət Nizaminin hökmdarlara verdiyi tövsiyələrin önündə gedir.
İkinci halda ədalət, adətən hansısa ədalətsizliyin edilməməsində təzahür edir. Belə ki, insan, başqasına xeyirli olmayan, yaxud ola bilməyən müəyyən (bu mənada zahirən haqlı görünən, düzgün olan) hərəkəti etmir. Məsələn, hökmdarın rəiyyətə qarşı münasibətində müəyyən sərtliyi, ciddiliyi ilə nəzərə çarpan qanuni rəftarın nisbətən mülayimləşdirməsi də ədalətin göstəricisi ola bilər. Təsadüfi deyildir ki, hökmdarlar rəiyyət barəsində hər hansı tədbirin həyata keçirilməsindən əvvəl həmişə məsləhətləşmələr aparmış, ağıllı məsləhət və məşvərət nəticəsində məsələnin həmişə yüngülləşdirici cəhətini önə çəkmişlər. Görülməli olan və ədalətli hesab oluna bilən bir işin də həmişə məsləhətə ehtiyacı olmuşdur. Nizami problemin bu cəhətinə də xüsusi diqqət yetirmişdir.
Nizami haqsızlığı, zalımlığı və qan tökməyi günah kimi qiymətləndirir. Belə keyfiyyətlər mütəfəkkirin nəzərində qeyri-əxlaqilik, abırsızlıq və azğınlıq deməkdir. Yəni əxlaqı təmiz olan haqsızlıq kimi günah əməl törədə bilməz. Belə keyfiyyət ancaq xislətində azğınlıq olan adamlara xasdır. Nizamiyə görə, qan tökmək və zülm etmək haqsızlıq qədər həm də biabırçılıq və rüsvayçılıqdır. Haqsızlıq kimi zalım işlər də insanı günaha batıran rəzalətlərdən biridir. Bütün bunlar humanist mütəfəkkiri dərindən narahat etməklə yanaşı, bir sıra suallara tutarlı cavabları tələb etmişdir:
A.Quliyevin fikrincə, Nizaminin gəldiyi qənaətə görə, zülm və zalımlıq heç vaxt əvəzsiz və cəzasız qala bilməz. Haqsızlıq və ədalətsizlik edənlərə əvvəl-axır eyni üsullarla cavab verilir. Çünki zülm, zorakılıq və ədaltsizlik cəzaya məhkumdur. Əks təqdirdə, dünya ədalətsizliklər üzündən tamamilə məhv olardı.
Mütəfəkkirin labüd cəzalanmalı olan haqsızlığı mühakimə edən haqq-ədalət divanı qismində təsəvvür etdiyi məhkəmə dövlətin qurduğu təsisat deyil. O, insan mənəviyyatının ədalətsizliklər əleyhinə səsini ucaldan vicdan məhkəməsidir. Məzlumların daxilindən sanki fəryad qoparan həmin ədalət divanının hökmü son dərəcə ağır və qorxuludur. Nizaminin təbirincə, Humanist mütəfəkkirin nəzərində ədalət əyilməz və sınmazdır. Ədaləti sarsıda bilən, onu məsləki və əqidəsi möhkəm olan insanların mənəviyyatından qopara bilən elə bir qüvvə mövcud deyil. Ədalətin isə yenilməzliyi və qüdrəti ondadır ki, o, bütün şirin və bədxahlıqların qarşısını almağa qadirdir. Ona görə də ədalətin qüdrəti heç bir qüvvə ilə zəiflədilə, əyilə bilməz.
Nizaminin məntiqinə görə, mövcud haqsızlıq və ədalətsizliklərdə günahkar dünya deyil, insanlardır. Mərd, xeyirxah və alicənab insan heç vaxt dünyanın pisliyindən şikayətlənmir. Hər bir kəs çatışmazlığı, yaxud nöqsanı, ilk növbədə özündə axtarmalı, mövcud qüsurlara görə dünyanı təqsirləndirməməlidir. Nizami bu qənaətə gəlirdi ki, cəmiyyətdə bütün yaxşılıqların da, pisliklərin də fövqündə insan durur. Bütün ədalətsizliklər də dünyanın gedişinin deyil, insan xislətinin və əməllərinin nəticəsidir. Bundan ötrü dünyanı təqsirləndirməyin özü haqsızlıqdır.
"Xosrov və Şirin". "Xəmsə"nin bu ikinci əsəri Nizaminin yaratdığı böyük məhəbbət dastanı olsa da, mütəfəkkir poemada yeri gəldikcə öz dövrünün aktual məsələlərinə toxunmuş, ədalətli hökmdar, insana qayğı və insan şəxsiyyətinə hörmət və s. kimi sosial-siyasi əhəmiyyətli ideyalar irəli sürmüşdür. Humanist mütəfəkkiri bütün ömrü və yaradıcılığı boyu daim düşündürən ədalətli hökmdar arzusu bu əsərdə də öz parlaq ifadəsini tapmışdır. O, özünün sosial ədalətə dair mütərəqqi ideyalarını Hörmüz şah, Məhin Banu və nəhayət, Şirin kimi ədalətli hökmdar obrazlarının timsalında ifadə etmiş, Hörmüz şahın təbəələrinin rifahı naminə apardığı siyasəti, Məhin Banunun xalqla ədalətli münasibətini, Şirinin hakimiyyəti illərində cəmiyyət üzvlərinin xoşbəxt həyatını və s. təsvir etmişdir. Bu hökmdarların dövlətə və cəmiyyətə ədalətli rəhbərliyi, demokratik tədbirləri və düşünülmüş siyasəti meydana çıxa bilən sosial bəlaların da qarşısını almışdır.
Nizami sosial ədalətə dair demokratik ideyalarını poemanın məzmununu təşkil edən digər sosial, əxlaqi və mənəvi-psixoloji problemlərlə də sıx əlaqələndirmişdir. Bu zaman mütəfəkkir hökmdarlara qarşı olan narazılıqlarını da gizlətməmişdir. Məqsəd isə ədalətin tələblərinə, şərtlərinə cavab verən hökmdar görmək istəyi idi. Ona görə də Nizami Xosrovu əxlaqi keyfıyyətlərinin əhatəsində mənəvi cəhətdən zənginləşdirir və ədalətli hökmdar səviyyəsinə qaldırır. Nəticədə, Xosrov həm də Şirinin nəsihətlərinin köməyilə niyyətləri xeyirxahlıq olan, islahatçı tədbirlər həyata keçirən dövlət başçısı olur. Belə keyfıyyətlərə malik hökmdar Nizaminin də istəklərinə cavab verirdi.
Bundan başqa, H.Araslının yazdığı kimi, ümumiyyətlə, "...Xosrov mütəfəkkirin siyasi görüşlərini ifadə edən bir obrazdır. Xosrov tarixi bir şəxsiyyət idi. Odur ki, Nizami bir sıra tarixi həqiqətləri olduğu kimi saxlamağa məcbur olmuşdur". Nizami "Xosrov və Şirin" poemasında öz dövrünün dövlət başçıları qarşısında son dərəcə ciddi tələblər qoymuş, sosial ədaləti onların həyat və fəaliyyət idealına çevirməyə çalışmışdır. Əsərin obrazlarının mənəvi-psixoloji keyfıyyətlər haqqında tədqiqatçıların bir-birini təkrarlamayan, lakin eyni mənanı əks etdirən çoxsaylı mülahizələri mövcuddur. Məsələn, M.Dadaşzadənin fikrincə, "Xosrov və Şirin" çoxplanlı əsərdir. Nizami bu əsərdə bir sıra görkəmli insan xarakterləri yaratmışdır". Belə hökmdarların xarakterini və mənəvi keyfiyyətlərini təhlil edən müəllif Şirinı "...dərin psixoloji keyfiyyətlərə malik bir obraz" kimi səciyyələndirmişdir. Digər tədqiqatçıların mülahizəsinə görə, "Nizami bu sənət abidəsinə ...dərin ictimai, fəlsəfı, həm də humanist, demokratik məzmun vermişdir...". Müəlliflər poemanın son dərəcə dərin məzmuna malik olduğunu, dövrün aktual problemlərinin qarşılaşdırıldığını göstərərək yazırlar ki, "əsərdə xeyir və şər qüvvələrin tənasübü, şərin mənbəyi, kökləri, xeyirin gözəlliyi ilə bərabər kövrəkliyi və buradan irəli gələn faciəsi əks etdirilmişdir".
Əsərin ideya məzmunundan doğan səciyyəvi xüsusiyyətlərdən biri ondan ibarətdir ki, bədxahlıqların və pisliklərin meydana çıxmasının bir səbəbi də hökmdarların qəddarlığının və müstəbidliyinin nəticəsidir. Tarix belə hökmdarları həmişə pislikdə suçlamışdır:
"Xosrov və Şirin" poemasında Nizami bir çox aktual, bəşəri problemlər qoymuş, yeni mütərəqqi ideyalar irəli sürmüşdür. Ən mühüm diqqətəlayiq cəhət ondan ibarətdir ki, həmin bəşəri problemlərin bir qismi (məsələn, sosial ədalət, insan haqlarının müdafiəsi, şəxsiyyətə, onun şərəf və ləyaqətinə hörmət) öz aktuallığını bu gün də itirməmidir. Çünki "Nizaminin poeması... dövrün elmi, fəlsəfi... axtarış və tapıntılarını ümumiləşdirir". Məsələn, əgər "Şirin surəti Nizami humanizminin ən möhtəşəm ifadə formalarından biridir"sə zülm və haqsızlıq mütəffəkkirin əsas etiraz və nifrət obyektidir. Nizami zalımın öz haqsızlıqlarına görə cəzalandırılacağına inanır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru