PDF Oxu

MİA

  • 3 269

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirən ən demokratik ölkələrdən biridir

image

Avropa Şurasının tövsiyələrinə uyğun olaraq "Beynəlxalq Qırmızı Xaç Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə" Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında 2000-ci il iyunun 1-də saziş imzalanmışdır. Bu saziş Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri tərəfindən azadlıqdan məhrumetmə yerlərində zəruri olan daxili intizam və əsas təhlükəsizlik qaydalarına riayət edilərək həbs edilmiş, saxlanılmış və ya başqa üsullarla azadlıqdan məhrum edilmiş şəxslərə, məhkumlara, habelə məhkum olunmamış şəxslərə, onların həbsdə olduqları bütün mərhələlərdə baş çəkilmə prosedurlarının həyata keçirilməsini tənzimləyir.

Penitensiar müəssisələrin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün 2000-ci ildə Cəzaların İcrası Məcəlləsi qəbul olunmuşdur. Bu Qanun hazırlanarkən BMT-nin 1955-ci il "Məhkumların davranış qaydalarının minimum standartları", Avropa Şurası tərəfindən qəbul olunmuş "Avropa Penitensiar qaydaları" və digər Beynəlxalq Konvensiya və aktlar nəzərə alınmışdır.

Yeni qanunvericiliklə məhbuslara şəxsi təhlükəsizlik, vicdan və din azadlığı, telefon danışıqlarından istifadə hüququ, məzuniyyət və digər hüquqlar verilmiş, növbəti bağlama və sovqat alınmasında, məktub və teleqram göndərilməsində nəzərdə tutulmuş məhdudiyyətlər aradan qaldırılmış, onlara bir sıra yeni imtiyazlar verilmişdir.

Bu məcəllə ilə məhbusların saxlanılması şəraiti yaxşılaşdırılmış, onların hüquqları genişləndirilmiş, penitensiar sistemdə dərin islahatların əsası qoyulmuşdur.

Məhbuslara münasibətdə Azərbaycan dövləti öz üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşır və onların yerinə yetirilməsi üçün mühüm işlər görür.

Belə ki, ilk növbədə Azərbaycanda ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşməsi ölkəmizin Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.

Bir çox Avropa dövlətləri ölüm cəzasını ləğv edənə qədər uzun illər bu məsələni araşdırmış və çox zaman da qəti qərar verməkdə çətinlik çəkmişlər. Təsəvvür edin ki, 1950-ci ildə qəbul edilmiş İnsan Hüquqlarına dair Avropa Konvensiyasında yaşamaq hüququ maddəsində ölüm cəzasının mövcudluğu qeyd olunub. Ancaq 1983-cü ildə Avropa Şurası tərəfindən qəbul edilmiş bu Konvensiyanın 6 saylı əlavə Protokolunda ölüm cəzası birdəfəlik ləğv olunmuşdur.

Göründüyü kimi, ölüm cəzasını birdəfəlik ləğv etmək üçün Avropa dövlətlərinə uzun illər lazım olmuşdur. Əbədiyaşar Prezidentimiz hakimiyyətə gəldikdən sonra ilk qərarlarından biri ölüm cəzasına moratorium qoyulması oldu. Bundan sonra ölüm cəzasının ləğv olunması yolunda bir neçə siyasi addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev ölüm cəzasının ləğvi ilə bağlı qəti qərar verməzdən əvvəl bu məsələ ictimaiyyət tərəfindən müzakirə olundu. Müzakirələrdən sonra ölkə Prezidenti qətiyyətli və humanist bir addım ataraq Şərqdə ilk dəfə ölüm cəzasının ləğv olunması ilə bağlı qərar qəbul etdi.

1998-ci il fevral ayının 3-də Prezident Heydər Əliyev Milli Məclisə ölüm cəzasının ləğv olunması ilə bağlı müraciət etdi. Müraciətdə deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm".

Parlament ölüm cəzasının ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəklədi və Azərbaycanda ölüm cəzası ləğv olundu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışdan sonra atdığı ilk addımlardan biri də Əfv İnstitutunun bərpası olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 1995-ci il tarixli fərman ilə Bağışlama Məsələləri Komissiyası yaradılmışdır. Həmin dövrdən bu günə qədər komissiya tərəfindən minlərlə məhkumun sənədləri araşdırılmışdır. Nəticədə, Azərbaycan Prezidenti tərəfindən 37 Əfv Fərmanı imzalanmışdır.

Bu dövr ərzində məhkum olunmuş şəxslərə münasibətdə əfv siyasəti ilə yanaşı, amnistiya aktlarının tətbiqi nəticəsində də humanistlik göstərilmişdir. Beləliklə, 1995-ci ildən indiyə kimi imzalanmış 37 Əfv Fərmanı və 8 Amnistiya Aktı 65 min məhbusa şamil edilmişdir.

Amnistiya məhkumun cəza çəkməkdən azad edilməsini, yaxud cəzanın daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutur. Amnistiyanın tətbiq edilməsi humanizmin və cinayət törətmiş şəxslərə göstərilən etimadın təzahürüdür.

Qeyd etmək lazımdır ki, hər hansı bir dövlətdə amnistiya tətbiq edilərkən bu aktın cəmiyyətdə doğura biləcəyi nəticələr, onun qəbul edilməsini zəruri edən şərait, cinayətkarlığın vəziyyəti, iqtisadi səmərə, dövlətçilik mənafeləri və digər problemlər hərtərəfli tədqiq edilir.

Bu baxımdan son dövrlərdə respublikada yaranmış ictimai-siyasi sabitlik, cinayətkarlıqla mübarizənin gücləndirilməsi və hazırda kriminogen vəziyyətin sabitliyi, iqtisadi durumun getdikcə yaxşılaşması amnistiya aktlarının qəbul edilməsini şərtləndirən ən mühüm amillərdəndir.

1999-cu ilin fevral ayının 11-də Ümummilli Liderimiz Heydər Əliyev "İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında" Fərman imzalamışdır. Bu qanunverici sənəd Azərbaycanın penitensiar sistemində aparılan islahatların hüquqi bazasını daha da möhkəmləndirmiş və cəzaçəkmə yerlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Bu Fərmanla Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Komissiyası yaradılmışdır. Komissiyaya islah-əmək müəssisələrində və istintaq təcridixanalarında qanunvericilik, təşkilati və digər məsələləri nəzərdə tutan tədbirlər proqramı hazırlamaq, cəzaçəkmə yerlərinin beynəlxalq standartlara uyğun təşkili və fəaliyyətinin təmin edilməsi üçün onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir nəzarət, mühafizə, mühəndis-texniki qurğularla və digər xüsusi vasitələrlə təchiz olunması üçün zəruri tədbirlər görmək, penitensiar müəssisələrin əməkdaşlarının sosial-müdafiəsinin yaxşılaşdırılması, onların əmək haqqının artırılması, cəzaçəkmə yerlərində məhkumların saxlanılması şəraitinin daha da yaxşılaşdırılması sahəsində tədbirləri davam etdirmək tapşırılmışdır. Dövlət Komissiyası ölkə başçısının fərmanına əsasən Tədbirlər Proqramı hazırlamış və təsdiq edilmişdir. Bu Proqramda Azərbaycanın penitensiar sistemi qarşısında duran bir çox vacib problemlər öz həllini tapmışdır.

Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası məhz bu humanist siyasəti məntiqi şəkildə davam etdirərək, Avropa Şurası parlamentarlarının narahatçılığına diqqətlə yanaşaraq öz üzərinə Avropa Şurası Parlament Assambleyasının təqdim etdiyi siyahıya uyğun hüquq-müdafiə təşkilatlarının "siyasi məhbus" kimi qələmə verdiyi məhbusların azad olunması və ya onların işinə yenidən baxılması öhdəliyini götürmüşdür. Lakin bu öhdəliyin götürülməsi heç də Azərbaycanda "siyasi məhbus"ların olmasını təsdiq etmir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkədə siyasi əqidəsinə görə heç kəs məhkum olunmayıb. Azərbaycanda siyasi məhbusların olmamasına baxmayaraq, təqdim olunmuş siyahıya əsasən, üzərimizə götürdüyümüz öhdəlik yerinə yetirilmişdir.

Ümumiyyətlə, nə beynəlxalq hüquq normalarında, nə də Avropa ölkələrinin milli qanunvericiliyində "siyasi məhbus" anlayışının tərifi və hamılıqla qəbul edilmiş meyarları vardır. Hətta "siyasi məhbus" kimi qələmə verilən şəxslərin işlərinə baxarkən Avropa İnsan Hüquqları Məhkəməsi müvafiq Konversiya müddəalarının pozulduğunu təsdiqləsə də, heç zaman "siyasi məhbus" məfhumunu işlətməyə təşəbbüs göstərmir.

"Siyasi məhbus" anlayışı Azərbaycanda özünü hüquq müdafiəçisi adlandıran şəxslərə məxsus deyil. Bu termin 1961-ci ildə Beynəlxalq Amnistiya Təşkilatının yaradıcısı olan Piter Benenson tərəfindən təklif edilmişdir. İlk əvvəl o şəxslər ki, öz fikirlərini və siyasi dünyagörüşlərini açıq şəkildə ifadə etdiklərinə görə istintaqsız və məhkəməsiz cinayət təqibinə məruz qalmışdılar, bu şəxsləri siyasi məhbus adlandırırdılar. Bir qədər sonra elə bu təşkilat tərəfindən "siyasi məhbus" anlayışı genişləndirildi və hal-hazırda az qala toxunulmazlıq statusu əldə etməyə başladı.

"Siyasi məhbus" məsələsinin qeyri-müəyyənliyi və dəqiq anlayışının olmaması Azərbaycanın üzərinə götürdüyü məlum öhdəliklə əlaqədar müxtəlif sui-istifadə halları, habelə müəyyən siyasi qrupların öz maraq və mənafelərini həyata keçirmək cəhdləri üçün şərait yaradır. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan müxtəlif qeyri-hökumət təşkilatları Avropa Şurasına bir-birinə zidd olan çoxsaylı siyahılar təqdim edirlər. Bu siyahılarda heç zaman siyasətlə məşğul olmamış və ağır zorakı cinayətlərə görə məhkum edilmiş, bir sıra hallarda isə, ümumiyyətlə, məhkum edilməmiş və cəzaçəkmə yerlərində aşkar olunmamış şəxslər "siyasi məhbus" kimi təqdim edilir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin o vaxtkı rəhbəri İlham Əliyev "siyasi məhbus" məsələsi ilə bağlı qurumun sessiyalarında və digər rəsmi görüşlərində öz mövqeyini birmənalı şəkildə bildirmişdir. 2003-cü il yay sessiyasının gedişi zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu problemin yaranmasının mahiyyətini açıqlayan İlham Əliyev bəzi qeyri-hökumət təşkilatlarının və onları Avropa Şurasında himayə edən şəxslərin bu istiqamətdəki fəaliyyətlərinə də münasibət bildirmişdir: "Əgər siyasi məhbuslarla bağlı qeyri-hökumət təşkilatları tərəfindən tərtib olunan siyahılara fikir versəniz, orada cürbəcür cinayətkarları görə bilərsiniz. Problem də bundadır ki, Azərbaycanda qeyri-hökumət təşkilatları elə bir vəziyyət yaratmaq istəyirlər ki, hər hansı bir cinayət cəzasız qalsın. Adam öldürən, adam oğurlayan, təyyarə qaçıran, terror edən, separatçılıqla məşğul olan insanlar əgər "siyasi məhbus" kimi tanınmırlarsa, Avropa Şurasının Kleyfart kimi bəzi üzvləri onların buraxılmasını tələb edirlərsə, sabah onlar azadlığa çıxarsa, deməli, bu əməllər digərləri üçün də cəlbedici ola bilər. Biz buna imkan verə bilmərik. Kleyfartla bizim aramızda olan əsas ziddiyyət də məhz budur".

Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasında İlham Əliyev insan hüquqları ideyasına daim sədaqəti ilə seçilmişdir. Onun bütün fəaliyyəti dövründə ədalət prinsipini daim rəhbər tutması və müstəqil fikrə malik olması AŞPA-nın hər bir üzvünə məlumdur və bu baxımdan Onun Azərbaycanda "siyasi məhbus" probleminə münasibət, öz dolğunluğu və obyektivliyi baxımından ən yüksək pillədə durur.

İşgəncələrin və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüşdür. Belə ki, qəbul edilmiş yeni Cinayət Məcəlləsinə işgəncəyə görə cinayət məsuliyyəti nəzərdə tutan 132 və 133-cü maddələr daxil edilmişdir.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanunu 12 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq 9 yanvar 2004-cü ildən qüvvəyə minmişdir. Bu Qanuna görə hüquqi şəxslərin dövlət qeydiyyatı xeyli sadələşdirilərək Avropa standartlarına uyğunlaşdırılmışdır.

Qeyd edilən münasibətlərin yaranmasında müstəsna xidmətləri olmuş Heydər Əliyev bu əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir: "Biz Azərbaycanda bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu əməkdaşlıq edirlər".

Azərbaycan Respublikası Konstitusiyasının, "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarının, Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinin müvafiq maddələri Konstitusiya Məhkəməsinə müraciət etmək qaydasını müəyyən etmişdir. Belə ki, şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda, o, müvafiq məhkəmələr vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək şikayətin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın 2004-cü il yaz sessiyasındakı çıxışı zamanı ölkədə siyasi islahatların aparılması sahəsində müvəffəqiyyətlər qazanıldığını diqqətə çatdıraraq qeyd etmişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirmişdir: "Ölkəmiz siyasi islahatlar sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Avropa Şurasına üzv olduğumuz üç il müddət Azərbaycanın demokratiya yolu ilə irəliləməsində həlledici rol oynamışdır. Avropa Şurasının tövsiyələri ilə yeni-yeni qanunlar qəbul edilmişdir. Təşkilata üzv qəbul olunarkən ölkənin üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi də bu sahədə yardımçı olmuşdur".

Bütün qeyd olunanlar onu göstərir ki, bu gün Azərbaycan Avropa standartlarına uyğun surətdə inkişaf, sivil ölkələr səviyyəsinə yüksəlmək üçün respublikamızda zəruri tədbirlə həyata keçirilir. Söz yox ki, bu tədbirlərin həyata keçirilməsi yolunda bəzi reallıqlarla da hesablaşmaq lazım gəlir. Lakin bütün bunlara baxmayaraq, bu gün cəsarətlə demək olar ki, Azərbaycan Avropa ailəsinin tamhüquqlu üzvü kimi insan hüquqlarının qorunması yolunda inamla addımlayır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki nitqində deyildiyi kimi: "Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə insan hüquqlarına və əsas azadlıqlarına hörmət bəslənməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər