PDF Oxu

MİA

  • 4 873

Qərb ictimai-siyasi fikir tarixində insan hüquqları və ədalətli qanunun qarşılıqlı münasibətləri

image

İnsan hüquqlarının və qanunun qarşılıqlı əlaqəsi üzərində dayanan Raymund Lulli bunların arasındakı uyğunluğa diqqət yetirirdi. Hətta pozitiv hüququn təbii hüquqa zidd olan bu və ya digər ədalətsiz müddəalarını rədd edən Lulli onların tənqidi cəhətdən qarşı-qarşıya qoyulmasından qaçmağa çağırırdı.

Görkəmli alim Aqşin Quliyev yazır: "Hüquqşünas yazılı qanunun ədalətli və ya yalan olduğunu tədqiq etməyə borcludur. Əgər o, qanunun ədalətli olduğunu aşkar edərsə, ondan düzgün rəy çıxarmalıdır. Əgər o, qanunun yalan olduğunu aşkar edərsə, ondan ancaq nəinki istifadə etməməli, qanunvericini rüsvay etməməkdən ötrü qanuna irad tutmamalı və onu yaymamalıdır".

R.Lulli təbii hüquqa zidd olan ədalətsiz qanunu formal-məntiqi nöqteyi-nəzərdən yararsız hesab edirdi.

Təbii və pozitiv hüququn qarşılıqlı əlaqəsinin xarakteri haqqında oxşar təsəvvürləri Baldus da inkişaf etdirmişdir. O, təsdiq edirdi ki, təbii hüquq prinsipallıqdan, hökmdarın hakimiyyətindən də güclüdür".

Postqlossatorlar məktəbinin hüquqşünasları tərəfindən inkişaf etdirilən və əsaslandırılan hüquqi müddəalar nəinki nəzəri yurisprudensiya, həm də hüquqi praktikada və məhkəmə fəaliyyətində böyük şöhrət qazanmışdır. Bir sıra görkəmli postqlossatorların, məsələn, Bartolusun şərhləri o dövrün hüquqşünasları üçün fövqəladə nüfuza malik olmuşdur. Həmin şəhərlər İspaniya və Portuqaliyada məhkəmələr üçün məcburi hesab edilmişdir. Qanunların ədalətli məzmunda olması postqlossatorlar məktəbi hüquqşünaslarının başlıca amalı olmuşdur. Onlar ədalətsiz qanunların yayılmamasında israrlı idilər.

XVI yüzilliyin başlanğıcında postqlossatorların yurisprudensiyaya təsiri nəzərə çarpacaq dərəcədə zəifləmşdir. Bu zaman humanist məktəbi (yurisprudensiyada humanist istiqamət) meydana gəlmişdir. Budaus, Almatus, Sazi, Kuyasi, Donnel, Duaren və başqaları bu məktəbin görkəmli nümayəndələri olmuşlar.

Müəllif göstərir ki, ictimai-siyasi fikrin müasir inkişafı üçün "tarixi görüntü"nün dirçəlişi, tarixin bu və ya digər zaman kəsiyində cəmiyyətin bütöv mənzərəsinin yenidən canlandırılması səciyyəvi olmuşdur. İctimai-siyasi fikir tarixinə, onun köklü problemlərinin təhlilinə kompleks yanaşma XIII yüzilliyin sonu-XIV yüzilliyin başlanğıcında meydana gəlmiş İntibah şəraitində daha dərindən hiss edilmiş, o dövrün müxtəlif bilik sahələri mütəfəkkirlərinin öz səylərini səfərbər etmələrinə cəmiyyətdə böyük ehtiyac duyulmuşdur.

A.Quliyev yazır: "Belə təsəvvür etmək olar ki, İtaliya İntibahı nümayəndələrinin sosial-siyasi və hüquqi görüşlərin autentik interpretasiyasından o dövrün ideoloji dinamikasına, humanist ədəbiyyatda öz obyektiv ifadəsini tapmış ictimai-siyasi problemlərə metodoloji düşüncə tərzi ilə yanaşmaya keçidi vaxtında baş vermişdir. Həmin tarixi mərhələdə ictimai-siyasi təfəkkür sistemindəki irəliləyişlər və sıçrayışlar Qərbi Avropanın siyasi-hüquqi fikir tarixində İntibah dövrü humanizminin siyasi-fəlsəfi ideyalarının yerini müəyyən etmişdir".

Humanist ictimai-siyasi fikri orta əsrlərdən yeni dövrə keçid pilləsində sosial-siyasi və hüquqi fikrin inkişafında daxili bütövlüyə, zənginliyə malik müstəqil tarixi mərhələ hesab etməyə tam əsas vardır. V.P.Şestakov haqlı olaraq yazır: "Makiavellini siyasət haqqında yeni Avropa elminin banisi kimi təsəvvür etməmək qeyri-mümkündür. Mütəfəkkirin dövlətşünaslıq sahəsində əldə etdiyi böyük nailiyyətlər onun, bilavasitə xələflərinə lazımi təcrübəni verməyə bilməzdi. İntibahın... fəlsəfi fikrinin müstəqilliyi artıq inandırıcı surətdə sübuta yetirilmişdir". Fəlsəfi ədəbiyyatda İntibah dövrünün fəlsəfəsinə münasibətdə irəli sürülən mülahizələr həmin dövrün sosial-siyasi fikrinin müstəqilliyinin əsaslandırılmasına tamamilə kifayət edir. A.X.Qorfunkel yazır: "Bütövlükdə, mədəniyyət tarixində İntibahın əhəmiyyətini, həqiqətən də heç kəs şübhə altına almır. Əgər fəlsəfə tarixçiləri müstəqil və tarixən əhəmiyyətli dövr kimi İntibahdan yan keçirlərsə, mədəniyyət üzrə tədqiqatçılar həmin dövrün orijinallığına valeh olduqlarını gizlətmirlər. Eynilə, əgər siyasi və hüquqi təlimlər üzrə tarixçilər humanizmə münasibətdə susurlarsa, mədəniyyət tarixçiləri onun nəzəri siyasət sferasında nailiyyətlərinə son dərəcə ehtiramla yanaşırlar".

İntibah dövrü humanistlərinin sosial ədalətlə bağlı ideyaları "ideal dövlət" haqqında təlimdə öz parlaq əksini tapmışdır. Humanistlərin insanın yaradıcı qüdrətinə inamı onlarda labüd surətdə belə bir əminlik hasil etmişdi ki, ümumi rifaha rəhbərlik edən şəxsiyyət ən yaxşı dövlət quruluşu yaratmağa qadirdir.

A.Quliyev göstərir ki, azadlığın və ədalətin, şəxsiyyətin və cəmiyyətin ahəngdar birliyinin, ümumi rifaha və dövlətə xidmətin elan olunması respublika idarəçilik formasının tərəfdarlarına məxsus idi. Lakin respublika konsepsiyasının əksinə olaraq, azadlıq və ədalət xalqın iradəsini monarxa tabeliyi ilə əlaqələndirilirdi. Əgər Salyutatinin, xüsusilə də Bruninin, Palmierinin və Rinuççininin konsepsiyasında azadlıq və ədalət respublika idarəçilik forması ilə əlaqələndirilirdisə, əksinə, avtokratik rejim tərəfdarlarının fikirlərində azadlığın və ədalətin ancaq monarxiya tipli dövlətdə mümkün olması güman olunur, buna görə də bir nəfərin - monarxın hakimyyətinə üstünlük verilirdi.

Hələ XIV yüzilliyin ortalarında Avqustin monarxı, teologiya doktoru florensiyalı Luici Marsili (1394-cü ildə vəfat etmişdir) orta əsr dəlillərindən istifadə edərək tərəddüd etmədən dövlətin monarxiya quruluşunun üstünlüyünü və heç bir qanuna tabe olmayan ədalətli monarxı müdafiə edir, qanunların onun ürəyində olduğunu göstərirdi. Monarx öz övladlarını idarə etdiyi kimi idarə edir. O öz şəxsi xeyrindən daha çox xalqın faydasını nəzərə alır. Marsilinin fikrincə, ədalətli hökmdar bəşəri kamillikdən daha çox ilahi kamilliyə malik olmalıdır. Günahlara batan hökmdar monarx deyil, hər şeydən əvvəl, müstəbiddir.

Digər humanistlər kimi Marsili də köləlik instiutuna mənfi yanaşaraq, müstəbid idarəçiliyi quldarın köləyə münasibəti kimi səciyyələndirirdi. Avqustin monarxı Roma imperiyasının məhvini onun yaxşı qanunlarla idarə olunmaması ədalətli hökmdar tərəfindən başçılıq edilməməsi ilə əlaqələndirirdi. Mütəfəkkirin yekun fikri bundan ibarət idi: "Yaxşı qanunlar tapmaq asandır, ədalətli hökmdar tapmaq isə qeyri-mümkündür".

İtaliya İntibahı humanistlərinin düşüncəsinə görə, dövlətdə ədalətə nail olmağın yollarından biri onda idarəetməni filosoflara verməkdir. Məsələn, Salyutati Andrea Custi da Volterrə məktubunda yazırdı: "Hətta Platonun belə bir mülahizəsi vardır ki, hakimiyyətdə olan şər və şərəfsiz adamların... xeyirxahlara bədbəxtlik gətirməməsindən və onları məhv etməməsindən ötrü dövləti müdriklər idarə etməlidirlər". Bu o deməkdirmi ki, hökmdarlar Platonun mülahizələrində olduğu kimi, müdriklər olmalıdırlar? Əgər bu nöqteyi-nəzərdən Salyutatinin fikirlərində heç bir izah yoxdursa, Vercerio bu məsələyə tam müəyyənlik gətirmişdir.

A.Quliyev yazır: "İdeal hökmdar hansı keyfiyyətə malik olmalıdır? Vercerio onun fikrincə, əgər hökmdar xeyirxah, ədalətli, mərhəmətlidirsə və ancaq qanunlara tabedirsə, dövlətdə möhkəm sülh və həqiqi azadlıq bərqərar olur. Mülki və kanonik hüquq doktoru belə hesab edirdi ki, burada ən başlıca olan amil xeyirxahlıq və ədalətlə yanaşı, hüquqa əməl edilməsidir. Məhz qanunların idarəçiliyi ədalətlə qəddarlıq arasında monarxiyanın səciyyəvi cəhəti kimi çıxış edir".

O cümlədən, respublikaçı Salyutati Neapol kralı Karl Durassoya ünvanladığı məktubunda yazırdı: "Unutma ki, sən kölələr üzərində deyil, azad insanlar üzərində hökmranlıq edirsən. Hər bir hökmdar rəiyyətin və ümumi faydanın mənafeyi naminə idarə və qanunlara əməl etməlidir. Əgər kral ədalətsizdirsə, deməli, torpağın əsasları, yəni onun idarə etdiyi insanların iradəsi itirilmir. Çünki bütün səltənətlərin əsasını məhz insan iradəsi təşkil edir".

Ədalət haqqında fikirlərə İntibahın Manett, Palmieri kimi humanistlərinin də görüşlərində təsadüf edilir. Vercerio qanunların əhəmiyyətini dövlətin təbii əsası qismində çıxış edən ədalət kimi səciyyələndirirdi. Digər humanist Françesko Barbaro qanunları azadlığın və ədalətin əsası hesab edir və deyirdi ki, dövlət ruhsuz bir bədən kimi onlarsız mövcud ola bilməz. Hüququn əxlaqdan bir çox cəhətlərinə görə fərqləndirilməməsi humanistlərin mövqeyinin spesifikliyi ilə şərtləşirdi. Çünki humanistlər ən adi insani münasibətlərdə yüksək əxlaq və ədalət görmək istəyirdilər. İlk dəfə məhz humanistlər bəşəri qanunların dəyişkənliyini ilahi və təbii qanunların (təbii hüququn, daimiliyi ilə qarşı-qarşıya qoyurdular. Məsələn, Salyutati belə hesab edirdi ki, bəşəri qanunlar özündə iradə azadlığını ehtiva etmirlər və onlarda hökmdarın bəyəndikləıri yazılmışdır. Lakin istənilən qanunun ədalətə əsaslandığına görə, o, eyni zamanda da ilahi zəkanın və təbiətin göstərişi kimi təzahür edir. Humanistin bu mövqeyini xarakterizə edən K.A.Kuznetsov yazır ki, şəhərin, hökmdarın nəyi istəməsində "maddi" ədalət axtarmaq çətin idi. Çünki orta əsrlərin kommunal ideologiyası buna hələ hazır deyildi.

A.Quliyev yazır: "Patrisinin konsepsiyasında ilahi ədalət birliyin zirvəsi qismində çıxış edirdi. İlahi ədalət təbii ədaləti qabaqcadan müəyyən edir. Təbii ədalət əlahiddə halda, ancaq bəşəri ədalətdən ibarət deyil, onun ardınca təbii ağıl gəlməlidir. Yaxşını və ədaləti dərk edən ağıl bu biliyi insana verməyə, ona yaxşı vətəndaş olmağı öyrətməyə xidmət edir. Təbii ədalət bütün ölkələr və xalqlar üçün eynidir. Təbii ədalətin təbiətin özündən irəli gəlməsi onun daimiliyinin rəhnidir. Mütəfəkkirin fikrincə, vətəndaş ədaləti sferası insanın siyasi və sosial varlıq kimi dərk edilməsidir. Onun funksiyası cəmiyyətdə və dövlətdə qarşılıqlı münasibətlər prinsiplərini bərqərar etməkdən ibarətdir. Özündə məhkəmə ədalətini ehtiva edən qanuni ədalət ədalətli qanunları təsbit, ədalətsiz qanunları ləğv edərək, bəşəri qanunların sabitliyini təmin edir. Qanuni ədalətdə ədalətin adları çəkilən bütün növləri, bütövlükdə fəzilət ehtiva olunur".

Beləliklə, hüquqi olanlar yenidən etik olanlarla çulğaşır. Yəni ədalət fəzilət anlayışı ilə birləşir. Bunların hər ikisi birlikdə mərhəmət və inamla tam saziş əsasında təqsirsizliyi, dostluğu müəyyən edirlər. Bu zaman din tərbiyəvi və sosial amil qismində çıxış edir. Buna müvafiq surətdə ədalət öz dəstəyini artıq obyektivliyini qismən itirməkdə olan dində tapır. Qanuni ədalət isə belə vəziyyətdə fəzilətləri yaxşılaşdırmaq üçün kifayət etmir. Məhz bunun nəticəsində hüquq sanki nəhəng bir gediş edərək əxlaqda başa çatır. L.M.Braginanın fikrincə, həm Palmieri, həm də Salvestro Nardi "bəşəri" qanunların "təbii" qanunlarla qarşılıqlı əlaqəsini israrla qeyd edirdilər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər