PDF Oxu

MİA

  • 2 885

XVII-XX əsrlərdə Qərbi Avropada insan hüquqlarını müdafiə edən ideoloji cərəyanlar

image

XVII-XVIII yüzilliklərdə Qərbi Avropada sosial-siyasi şəraitin özünəməxsusluğu qitənin bir sıra ölkələrinin, xüsusilə də Almaniya və İtaliyanın siyasi-hüquqi ideologiyasında siyasi təlimlərin mötədil mütərəqqi (əsasən, ideoloji sferada) və mühafizəkar (başlıca olaraq siyasi nəzəriyyələrdə) istiqamətlərinin əlaqələndirilməsini müəyyən etdi.

A.Quliyev yazır ki, alman maarifçiliyinin təbii-hüquq nəzəriyyəsi birbaşa İntibahın humanist ideyalarına güclü inam ehtiva olunurdu. İnsan zəkasının qüdrətinə dərin inam təntənəli bir şəkil alırdı. Bu təntənə humanist ideyalara hüquqi dil verir, ümumbəşəri mənəvi dəyərləri, insanlar, insanla cəmiyyət, cəmiyyətlə dövlət arasında qarşılıqlı münasibətlərdə sosial ədalət haqqında təsəvvürləri və ideyaları nəzəri-hüquqi cəhətdən əsaslandırır, tədricən bunu insanlığın əxlaqi sərvətlərinə çevirirdi.

Belə bir şəraitdə alman maarifçiliyi və onun təbii-hüquq nəzəriyyəsi universal xarakter alırdı. Maarifçilik ideyaları müxtəlif sosial-siyasi şəraitdə müxtəlif mövqelərdən qavranılır və müvafiq surətdə onlara bəzən bir-birinə bənzəməyən təfsirlər verilirdi. Həmin təfsirlərin böyük əksəriyyəti obyektiv-sinfi xarakter daşıyırdı. İrəli sürülən nəzəri müddəaların mücərrədliyi onların barəsində bəzən son dərəcə ziddiyyətli olan nəticələrin çıxarılmasına səbəb olurdu. Təbii hüquqa dair ideyaların mütərəqqi izahı üçün real tarixi zəminlərin kifayət etməməsi humanist və ümumbəşəri prinsiplər arasında kolliziyanı şərtləşdirirdi. Bu istiqamətdə sosial ədalət ideyaları da istisnalıq təşkil etmirdi. Çünki sosial ədalət haqqında ideyaların da mahiyyətinə nəzəriyyə və təlimlərdə obyektiv-sinfi yanaşma mövcud idi.

A.Quliyevin fikrincə, dövlətin və hüququn mənşəyinə dair nəzəriyyələrin teoloji pərdəsinin ortadan götürülməsinə baxmayaraq, təbii-hüquq nəzəriyyəsinə istinadlarla irəli sürülən müddəalar mövcud sosial tərəqqinin yetişmiş tələbatlarının ifadəsi idi. O dövrün dövlət idarəçiliyinə müqavimət və etirazlar passiv xarakter daşıyırdılar. Bütün bunların nəticəsi idi ki, maarifçilərin sosial-siyasi və hüquqi konsepsiyalarında maarifçi monarxa üstünlük verilir, humanizmin, sosial ədalətin, bərabərliyin, müdrik və ədalətli qanunların tənətənəsi maarifçi-monarxiya idarəçilik forması ilə əlaqələndirilirdi.

Sosial ədalət problemi XIX-XX yüzilliklərdə bütün tərəqqipərvər bəşəriyyəti fasiləsiz olaraq düşündürən ən qlobal məsələlərdən birinə çevrilməkdə idi. Xüsusilə də, XX yüzillikdə elmi-texniki tərəqqinin yüksək bir zirvəyə qalxması, eyni zamanda da onunla nəticələnirdi ki, insanlığın sosial ədalət haqqında arzularının sirayət etmədiyi elə bir sfera qalmadı. Başqa sözlə, insanda ədalət, ailədə ədalət, kollektivdə ədalət, birlikdə ədalət, cəmiyyətdə ədalət və nəhayət, dünyada ədalət insanlar arasında qarşılıqlı ünsiyyətin ən ibtidai formasından başlamış ən ali formasınadək ən zəruri meyarlardan birinə çevrildi. Ədalət yeniyetmədən tutmuş ən yaşlı insanadək hamının sosial tələbatlarından biri olaraq indi də qalır. Mahiyyət etibarı ilə insanların neçə-neçə minilliklərdən bəri təsəvvür etdikləri ədalətlə XXI yüzillikdə təsəvvür edilən ədalət arasında elə bir fərq yoxdur.

A.Quliyev yazır: "Müasir mərhələdə sosial ədalət bədii əsərlərin, incəsənət əsərlərinin, təsviri sənətin ən mərkəzi mövzularından biri kimi təzahür edir. Ədalətaxtarıcılıq insan həyatının ülvi amallarından birinə çevrilmişdir. İndi "mən, haqq-ədalət istəyirəm" deməyən insan tapmaq çətndir. Məsələ burasındadır ki, bəzi məqamlarda, hətta haqqı pozan, yaxud mənimsəyən insan də əksər hallarda özünü haqlı hesab edir. Aqillərdən biri deyir: "Allah ağılı insanlara ədalətlə paylamışdır, çünki heç kəs özünə dəli demir". Lakin bir cəhəti də unutmaq olmaz ki, haqsızlığı səmimi etiraf etməyin özü də ədalətin şərtlərindən biridir. Başqalarına qarşı ədalətsiz davranan insanın əsl həqiqəti dərk edərək haqsız olduğunu etiraf etməsi və bundan peşman olması bir növ haqq yoluna gəlmək deməkdir".

Ədalətə qulluq etmək insanlığa xidmət göstərmək, fayda vermək deməkdir. Ədalətə qulluq etmək təmənnasız xidmət etməkdən ibarətdir. Zəiflərə kömək etmək, insanların azadlığı uğrunda çarpışmaq və bütün pisliklərə, qəbahətlərə yad olmaq ədalətə qulluq etməyin təzahür formalarından biridir. Düz, obyektiv olmaq elə ədalətli olmaq, ona qulluq etmək deməkdir.

Müəllif göstərir ki, "Kapitan" adlı fransız bədii filminin qəhrəmanı Kapstan cəmiyyətin yüksək zümrəsinə mənsub olan bir cəngavərdir. O, yoxsulların və zəhmətkeş kütlələrin mənafelərinin müdafiəçisi olduğuna görə, mübarizə meydanlarında həmişə üzü maskalı olur ki, həmzümrələri onu tanımasınlar. Bir dəfə cəngavərlər məclisində nümunəvi əlbəyaxa döyüşdə o, öz təbəqəsindən olan iki döyüşçünü məğlub edir. Bundan qəzəblənən ziyafət sahibi - əsilzadə (filmin mənfi qəhrəmanı) Kapstanla əlbəyaxa döyüşə atılır, lakin rəqibin özü səviyyəsində əsilzadə olduğunu bilmir. Kapstan öz rəqibinə yüksək elitanın gözləri qarşısında qalib gəlir. Əsilzadə yerdən qalxaraq Kapstana qarşı qəzəblə, - "əclaf, sən kimə qulluq edirsən?" - dedikdə, Kapstan üzündən maskanı çıxararaq ona cavab verir: "Mən ədalətə qulluq edirəm". Həmin səhnədə Kapstanın qələbəsi, əslində ədalətin qələbəsi idi.

Həqiqətən də, ədalətə qulluq etmək böyük şərəfdir. Bu, insana, cəmiyyətə və bütün insanlığa qulluq etmək deməkdir. Belə qulluq insandan xüsusi sosial mövqe, xüsusi vəzifə, yaxud fövqəladə qüvvə tələb etmir. Bunun üçün insanpərvərlik və haqsevərlik kifayətdir. Bu mənəvi keyfiyyətlərə malik olmayan insandan ədalət gözləmək qeyri-mümkündür.

Belə bir təbii sual meydana çıxa bilər: ədalətə qulluq etmək şərəfi hamıya nəsib ola bilərmi? Yaxud hər hansı bir fərd bu şərəfə necə, hansı şəraitdə və hansı cəmiyyətdə nail ola bilər?

A.Quliyev qeyd edir ki, əvvəla, qeyd etmək lazımdır ki, ideal qanunların dürüst işlədiyi və ədalətli qanunların hökm sürdüyü cəmiyyətdə ədalətə qulluq etmək şərəfi təbii bir proses kimi təzahür edir. Belə qulluq ədalətli cəmiyyətdə şərəf işindən daha artıq hər bir fərdin gündəlik tələbatına, yaxud vəzifəsinə çevrilir. Ədalətli cəmiyyətdə ədalətə qulluq etmək təriflənmir, çünki hamı eyni amala xidmət etdiyinə, hamının rifahı və ədalətin təntənəsi üçün çalışdığına görə buna ehtiyac qalmır. Deməli, ideal cəmiyyəti də ədalətli mühitin özü yaradır. Belə cəmiyyətdə fərdlərin sosial ədalət tələblərinə əməl etməsi onların bir növ gündəlik qayğısına çevrilir. Ona görə də ideal cəmiyyətin üzvləri öz davranış və əməllərində ədalətli olduqları üçün nəinki qürrələnmir, hətta daha dərin məsuliyyət hissi keçirirlər. Beləliklə, ədalətə qulluq emək şərəfi mənəvi bir borc kimi yalnız ideal cəmiyyətdə hamıya nəsib ola bilər.

İkincisi, hər hansı bir şərəfli qulluq kimi, ədalətə qulluq da əlverişli məqamda təzahür edə bilər. Məhz hər hansı bir cəmiyyətdə mövcud olan mənəvi iqlim şəraiti əxlaqi keyfiyyətlərin fəaliyyət səmtini, fərdin xüsusi istiqamətini və bütövlükdə, hamının məqsəd yönümünü müəyyən edə bilər. Deməli, ideal olmayan, hüquq mədəniyyətinin aşağı olduğu və qanunların işləmədiyi cəmiyyətdə sosial ədalətə qulluq etmək mübarizə istiqaməti alır. Bunu ideoloji mübarizə adlandırmaq olar. Belə cəmiyyətdə mənəvi cəhətdən zəngin olan insanlar ədalət uğrunda mübarizə apardıqlarına, başqalarının haqqını müdafiə etdiklərinə görə şərəf hissi duyur, öz mənəvi rahatlıqlarını həmin mübarizənin iztirablı qoynunda tapırlar.

Başqa sözlə, cəmiyyətin özünəməxsus məziyyətləri sosial ədalətin səviyyəsinin göstəricisidir. Müasirlərindən biri Romanın məşhur məhkəmə natiqi Siserondan soruşanda ki, yenicə doğulmuş övladımı necə tərbiyə edim? Mütəfəkkir tərəddüt etmədən belə cavab vermişdir: "Əgər cəmiyyət ədalətli qanunlarla idarə olunursa, buna ehiyac yoxdur".

Deməli, ideal və ədalətli olmayan cəmiyyətdə nə ideal, nə də ədalətli insan tapmaq çətindir. Lakin belə qəti hökmün özü, fikrimizcə, ədalətsizlik olardı. Əlbəttə ki, qeyri-ideal, ədaldətsiz cəmiyyətdə ədalət axtarışında olan mübariz insanlar istisnalıq, eyni zamanda da nisbətən azlıq təşkil edirlər. Ədalətsiz cəmiyyəti ayrı-ayrı mənəviyyatsız fərdlərin məcmusu yaratdığı kimi, ideal və ədalətli cəmiyyət də fəzilətli və xeyirxah insanların məcmusundan yaranır. Fərdləri mənəvi cəhətdən qeyri-sağlam olan cəmiyyəti, adətən barbarlıq da adlandırırlar. Əsl insan birliyi isə üzvləri mənəvi cəhətdən sağlam olan birlikdir. Yalnız belə birlik insan cəmiyyəti kimi xarakterizə oluna bilər. Çünki heç olmasa bir sağlam olmayan barmağın bükülməsindən yumruq yarana bilməz. Ona yumruq deyil, dördbarmaq deyərlər.

Deyilənlərdən belə hasil olur ki, ədalətli insanı yalnız ədalətli cəmiyyət yetişdirir. Ədalətli cəmiyyət ədalətli fərdlərin məcmusu (və ədalətli qanunların işlədiyi cəmiyyət) olsa da, ümumiyyətlə, insan cəmiyyətinin yaşının qədimiliyi insanların və bütün gələcək insan nəslinin bu əxlaqi keyfiyyətini müəyyən edir.

Diqqəti cəlb edən mühüm amil ondan ibarətdir ki, məhz ədalətli qanunlar (belə qanunların sayəsində cəmiyyətdə hökm sürən azadlıq və hüquq bərabərliyi) ədalətli cəmiyyətin formalaşması və inkişafının başlıca şərtidir. Lakin onu da nəzərə almaq lazımdır ki, insan cəmiyyəti qanun əmələ gəlməzdən çox-çox əvvəllər meydana gəlmişdir. Qanunların yaradılmasınadək isə, məlum olduğu kimi, hələ ibtidai sosial hakimiyyətin mövcud olduğu cəmiyyət adət normaları (hüquqi adətlər) və əxlaq normaları ilə idarə olunmuşdur.

A.Quliyev yazır: "Bu gün hər bir sivill cəmiyyətdə şahlıq edən və etməli olan qanunlar yüzilliklərin və bütöv minilliklərin sınağından çıxaraq dövrümüzədək gəlib çatmış ən mütərəqqi adətlərin və əxlaq normalarının maddiləşmiş şəklidir.

Dövlətlərin formasından (quruluşundan, siyasi rejimdən) asılı olmyaraq, ədalətli qanunlar cəmiyyəti həmişə ideallaşdırır, demokratik dəyərlərin inkişafına və təkmilləşməsinə təkan verir. Belə ideal şəraitdə ictimai şüurun inkişaf səviyyəsi, sağlam düşüncə (əxlaqi düşüncə, sosial düşüncə, hüquq düşüncəsi) elə bir təkamül prosesində olur ki, cəmiyyətin hər bir üzvünun təsiri altında hərəkət edir, cəmiyyətdə şahlıq edən qanunların tələbləri çərçivəsindən kənara çıxmır. Çünki hər bir fərd bilir və dərk edir ki, cəmiyyət əleyhinə hər hansı xətalı hərəkətin sonu cəzadır. Bu isə zəruri tədbirdir və cəmiyyət belə tədbiri yalnız o halda dəstəkləyir ki, cəza ədalətli olsun. Cəzasızlıq və qanuni əsası olmayan cəzalandırmanın özü ən böyük ədalətsizliklərdən biridir.

Başqa sözlə, ədalətli qanunlarla idarə olunan cəmiyyətdə cəza nəinki zəruri, həm də labüddür. Mühakimə icraatı ədalətli qanunlara söykənməyən cəmiyyət nə öz ideallığını, nə də qanunlarının ədalətli olması ilə öyünə bilməz.

Cəmiyyətlə fərd arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində ağırlıq mərkəzi bütün dövrlərdə həmişə cəmiyyətin üzərinə düşmüşdür. Ona görə də bununla bağlı qarşılıqlı müqayisələr aparılarkən insanın ədalətli və ya ədalətsiz şəxsiyyət kimi yetişməsində daim cəmiyyətin aparıcı rola malik olduğu qeyd edilmişdir".

Bu nöqteyi-nəzərdən ikinci böyük ağırlıq mərkəzi cəmiyyətin idarə olunduğu qanunların üzərinə düşür. Qanunların ciddiliyinə, möhkəmliyinə, demokratikliyinə və nəhayət, humanistliyinə və ədalətli olmasına görə məsuliyyət cəmiyyətin deyil, dövlətin üzərinə düşür. Çünki hər bir cəmiyyət yalnız dövlətdə mövcuddur. Cəmiyyətin hakimiyyət və qanun iradəsinin daşıyıcısı isə dövlətdir. Ona görə də dövlətdən kənarda olan cəmiyyət qanunlarla deyil, adət və ənənələrlə yaşamışdır.

Hər hansı bir xətanın, yaxud ictimai təhlükəli əməlin baş verdiyi zaman adət normalarının (hüquqi adətlərin) qüvvəsindən yalnız dövlətsiz cəmiyyətdə istifadə olunmuşdur. Dövlətəqədərki ibtidai insan cəmiyyətində bütün ictimai bir nəfəri, bir nəfərin isə bütün icmanı ittiham etdiyi zaman adət, ədalət zəfər çalmış, ədalət mühakiməsi isə həyata keçirilmiş hesab olunmuşdur. Bu, qüvvədə olan adətlərə və onların qüvvəsinə alışmış, vərdiş etmiş icma üzvləri üçün qanun qüvvəsi kəsb etmişdir. İbtidai cəmiyyətdə də cəzasızlıq həmişə hiddət və qəzəb hissi doğurmuşdur. Öz növbəsində, ibtidai insan da özünə qarşı yönələn tədbirin ədalət şərtləri çərçivəsində tətbiq edilməsini gözləmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər