PDF Oxu

MİA

  • 2 337

Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

image

Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən etmişdir. Onları rəhbər tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. 1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan Hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Venesiya Komissiyasının və ATƏT DTİHB-nin Yekun rəyində bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

1995-ci ildən bəri keçirilmiş seçkilərin hər biri əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə atılmış bir addım idi və seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili bunu sübut edir. Lakin təəssüflər olsun ki, seçkilər sahəsində ciddi tərəqqinin əldə edilməsinə baxmayaraq, bir sıra nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Azərbaycan rəhbərliyinin 10 illik fəaliyyəti, müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsi və həmin iradənin təzahürü olan seçkilər praktikasının ildən-ilə təkmilləşdirilməsi onu sübut edir ki, seçkilər zamanı baş verən qanun pozuntularının səbəbləri Azərbaycan rəhbərliyinin siyasi iradəsindən kənardır. Onların səbəblərini bəzi məmurların və seçki komissiyalarının üzvlərinin qeyri-peşəkarlığında və bir çox hallarda məsuliyyətsizliyində və ümumilikdə "postsovet mentalitetində" axtarmaq lazımdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev imzaladığı Sərəncamda demişdir:

"2005-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Mərkəzi Seçki Komissiyasına tövsiyə edilsin ki, seçki rəsmilərinin, o cümlədən paytaxtdan kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlasın və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərətli əməkdaşlıq etsin.

2. Müəyyən edilsin ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməsinlər və bu cür faktlar aşkar olunduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, belə hərəkətlər etmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görsünlər. İzah edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və digər qanunların tələblərinin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pozulmasına görə onların məsuliyyətə cəlb edilməsi halları siyasi mənsubiyyətə görə təqib kimi qiymətləndirilə bilməz.

4. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın, İctimai Televiziya və Radio Yayımları Şirkətinə, özəl televiziya və radio yayımları şirkətlərinə tövsiyə edilsin ki, deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunmasını təmin edən proqramlar hazırlasınlar və siyasi platformaların müzakirəsi məqsədilə müvafiq forumlar təşkil etsinlər.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq "exit-poll" prosesinin aparılmasına lazımi şərait yaratsınlar, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməsinlər.

6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılmasını təmin etsinlər.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə dair zəruri tədbirlər görsünlər və müvafiq seçki rəsmilərinə zəruri yardım göstərsinlər.

8. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri ərəfəsində mərkəzi və yeni icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

9. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına tövsiyə edilsin ki, hər bir seçiciyə vəsiqənin çatdırılmasını təmin etsinlər, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

10. Yeni icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində dəqiq seçici siyahılarının tərtib edilməsi və həmin siyahıların seçkilərə ən azı 65 gün qalmış seçki məntəqələrində açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

11. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, iqtidaryönlü, mərkəzçi və müxalif siyasi qrupların seçkilərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və peşəkarlığın, təşkilati işlərin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq donorların texniki yardımından istifadə ilə məşğul olacaq yaranmış kontakt qrupunun toplantısının keçirilməsinə kömək göstərsin".

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev seçki kampaniyasına dair keçirilən müşavirələrin birində demişdir: "Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi bizim hamımızın marağındadır. Çox sevindirici haldır ki, iki mindən artıq insan öz gücünü sınamaq üçün bu seçkilərə qatılıbdır. Ondan sonrakı mərhələ də, hesab edirəm ki, bütövlükdə uğurlu olmuşdur. Təbliğat-təşviqat kampaniyasında da heç bir problem müşahidə edilmirdi. Bütün namizədlərə eyni, bərabər şərait yaradılmışdır. Televiziya vasitəsilə hər bir namizəd öz seçicilərinə müraciət etmişdir. Heç bir ayrı-seçkiliyə yol verilməmişdir. Siyasi əqidəsindən, partiya mənsubiyyətindən asılı olmayaraq, bütün namizədlər həm pulsuz, həm də pullu efir vaxtından istifadə edə bilirlər. Bu günə qədər davam edən kampaniya onu göstərir ki, hər bir namizəd sərbəst, açıq şəkildə öz seçicilərinə müraciət edir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Biz hamımız görürük ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziyada və özəl kanallarda kampaniya çox açıq və şəffaf şəkildə keçirilir. Eyni zamanda, hər bir namizəd üçün yerlərdə görüşlərin keçirilməsi üçün də lazımi şərait yaradılmışdır. Bildiyimə görə, Azərbaycanın bütün bölgələrində bu görüşlər keçirilir və buna heç bir maneçilik törədilmir.

Mən bu məsələyə dair yerli icra orqanlarına dəfələrlə öz göstərişlərimi vermişəm və demişəm ki, bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Heç bir ayrı-seçkilik qoyulmadan bütün namizədlər açıq havada, qapalı şəraitdə görüşlər keçirmək üçün eyni şəraitlə təmin olunmalıdırlar. Bütövlükdə, deyə bilərəm ki, bu sahədə də çox müsbət mənzərə müşahidə olunur. Ayrı-ayrı şikayətlər istisna olmaq şərtilə, tam əksər hallarda bütün görüşlər azad, sərbəst şəkildə keçirilibdir. Bu, kampaniyanın, bütövlükdə ədalətli keçməsinə dəlalət edir, bizim niyyətimizi bir daha ifadə edir. Bir də onu göstərir ki, bəyan edilmiş prinsiplər və niyyətlərimiz həyatda öz əksini tapır.

Mənim də məqsədim məhz budur".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər