Heydər Əliyev siyasi kursunun strateji tezisi belədir: seçkilər demokratik və ədalətli keçirilməlidir. Müxtəlif ekspertlərin necə qiymətləndirməsindən asılı olmayaraq, ölkədə keçirilmiş seçkilər başlıca məsələyə - milli dövlətçiliyin təkamül yolu ilə dirçəlişinə xidmət etmişdir. Bu mənada, onların tarixdə öz yeri var və sistemyaradıcı xarakter daşımışdır. Hazırkı seçkilər isə mərhələli mahiyyətə malik idi. Belə ki, ölkə Qərb sivilizasiya modelinə inkorporasiya prosesində Avropanın beynəlxalq strukturları ilə inteqrasiyanın yeni səviyyəsinə çıxmışdır. Biz, bu seçimi etmişik.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev seçkiqabağı marafonun lap əzəlində hamını və hər şeydən əvvəl məmurları ölkənin siyasi müxtəlifliyini - sabahkı parlamentin simasını, bütünlüklə üzə çıxartmaqdan ötrü yerlərdə lazımi şəraitin yaradılmasına çağırmışdır.
O da aydındır ki, Heydər Əliyev kursu həmişə - istər radikal meydan qrupları, istərsə də hakimiyyət isteblişmentində kommuno - mühafizəkarlar olsun, onlara qəyyumluq edənlər tərəfindən aktiv müqavimətlə rastlaşmışdır. Onların - kommunizm və sovetizmin yeni və köhnə ideoloqlarının birləşməsi labüd fakt idi. Bu insanları lap əzəldən şəxsiyyətin fərdiliyini və deməli, demokratik cəmiyyətin köklü prinsipi sayılan insan hüquqları fəlsəfəsini birmənalı şəkildə inkar edən kütləyə üz tutmaq məntiqi bir-birinə bağlamışdır.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair 11 may 2005-ci il tarixli Sərəncamı bu baxımdan xüsusi qeyd edilməlidir. Prezidentin təşəbbüsü ölkədə demokratik proseslərin inkişafının və Azərbaycanın müasir sivilizasiya modelinə inteqrasiya kursunun dönməz olduğunu bir daha təsdiqləmişdir.
Nəticədə, seçki prosesində aşağıdakı müsbət məqamlar qeydə alındı:
- ilk dəfə olaraq Milli Məclisə seçkilər bütün seçki prosesini tənzimləyən vahid hüquqi sənəd (2003-cü il may ayının 27-də qəbul edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi) əsasında keçirildi;
- MSK ilk dəfə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ərazisində müvafiq seçki dairəsi təşkil edildi (122-ci Xankəndi seçki dairəsi);
- deputatlığa namizədliyi irəli sürülən şəxsin müdafiəsi üçün toplanan imzaların kvotası nəzərəçarpacaq dərəcədə (minimum 450 imza) endirildi (əvvəllər 2000 imza tələb olunurdu);
- seçki depozitinin miqdarı xeyli dərəcədə endirildi;
- ümumi rəyə görə, deputatlığa namizədlərin qeydiyyatı prosesinin sadələşdirilməsi seçki marafonu iştirakçılarının sayının kəskin şəkildə artımına imkan yaratdı (2000-ci ildə Milli Məclisə cəmi 400 nəfər öz namizədliyini irəli sürmüşdür);
- xarici sosioloji mərkəzlər tərəfindən "exit-poll" prosedurunun keçirilməsi nəzərdə tutulmuşdur;
- Azərbaycanın seçki təcrübəsində ilk dəfə olaraq qanunvericiliyə əsasən, hər bir seçicinin seçici vəsiqəsi ilə təmin olunması qərara alınmışdır;
- beynəlxalq təşkilatların tövsiyələrinə əsasən, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir;
Ekspert Komissiyası özünün 2005-ci il 20 iyul və 30 avqust tarixli rəsmi məlumatlarında Azərbaycandakı seçkiqabağı kampaniyanın ilkin mərhələsini təhlil edərək bir sıra mənfi amilləri müəyyənləşdirmişdir:
- Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri tam həcmdə qəbul edilməmişdir. Xüsusilə, MSK-nın və məntəqə-seçki komissiyalarının formalaşdırılması və tərkibinin dəyişdirilməsi; büdcəsinin 30 faizdən çoxunu xarici yardımlar təşkil edən qeyri-hökumət təşkilatlarının seçki prosesinin monitorinqinə buraxılmaması;
- Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınan amnistiya və əfv olunmuş şəxslər üzərindən məhkumluğun götürülməməsi ucbatından onların passiv seçki hüququndan məhrum edilməsi;
- icra hakimiyyətindəki vəzifəli şəxslərin hakim partiyadan olan namizədlərin xeyrinə imza toplanması prosesində birbaşa iştirakı;
- müstəqil namizədlərə zorən öz namizədliklərini geri götürmək məqsədilə təzyiqlər edilməsi;
- ölkənin bütün vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə təmin olunmaması (hazırda ölkə vətəndaşlarının bir hissəsinin müvafiq sənədi yoxdur);
- kommersiya xarakterli reklamlarla müqayisədə siyasi reklamlar üçün qiymətin xeyli dərəcədə yüksəldilməsi;
- müstəqil namizədlərə pulsuz efir vaxtının verilməməsi;
- seçiciləri öz tərəflərinə çəkmək üçün qeyri-qanuni cəlbetmə formalarının geniş yayılması;
- məntəqə komissiyalarından qanunsuz olaraq kənarlaşdırılmış müxalifət nümayəndələrinin vəzifələrinə bərpa edilməməsi;
- icazəsiz kütləvi aksiyaların qarşısının alınmasında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən ifrat dərəcədə güc tətbiqi;
- demokratik düşüncənin səmərəli vasitəsi kimi küçə yürüşlərinin, mitinq və nümayişlərin keçirilməsinə dair hakimiyyət və müxalifət arasında dialoqdan imtina edilməsi;
- kütləvi informasiya vasitələrində "qara piar" və çirkin texnologiyalardan istifadə olunması.
Ekspert Komissiyasının 30 avqust 2005-ci il tarixli "Seçkilər və insan hüquqları: mənəviyyat məsələlərinə dair" rəsmi məlumatı mətbuatda dərc olunandan dərhal sonra seçki prosesinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin Davranış Məcəlləsi qəbul edilmiş (onu bir sıra ictimai-siyasi kütləvi informasiya vasitələri imzalamışlar) və həmin sənədə uyğun olaraq, onu imzalayan tərəflər "qara piar" və çirkin texnologiyalar kampaniyalarından imtina edəcəklərinə dair müvafiq mənəvi öhdəliklər götürmüşlər.
Bununla əlaqədar, Ekspert Komissiyası özünün 11 oktyabr 2005-ci il tarixli məlumatında həmin dövrün real şəraitini nəzərə alaraq aşağıdakı tövsiyələrlə çıxış etmişdir:
* büdcəsinin 30 faizindən çoxu xarici maliyyə yardımları hesabına formalaşan yerli qeyri-hökumət təşkilatlarının parlament seçkilərinin monitorinqinə buraxılması məqsədilə seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi məsələsinə baxılmalı;
* səsvermə günü seçicilərin barmaqlarının mürəkkəblə nişanlanması proseduru keçirilməli və bu tədbirin obyektivliyi təmin olunmalı;
* ölkənin bütün vətəndaşlarının şəxsiyyət vəsiqələri və seçici vəsiqələri ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlər görülməli;
* seçicilərin yaşayış ünvanları göstərilməklə seçici siyahılarının dəqiqləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməli;
* səhhətinə görə seçkilərdə iştirak edə bilməyənlərin səs verməsi üçün şərait yaradılmalı;
* seçki qanunvericiliyini və Prezidentin 11 may 2005-ci il tarixli sərəncamını pozaraq seçki prosesinə müdaxilə edən bütün şəxslər məsuliyyətə cəlb olunmalı;
* hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçkiqabağı təbliğatın aparılması üçün şərait yaradılmalı;
* bütün yerli məntəqə-seçki komissiyalarının düzgün fəaliyyəti üçün real şəraitin təmin olunması;
* deputatlığa namizədliyi irəli sürülmüş bütün şəxslərin və siyasi mühacirlərin seçkiqabağı təşviqatı üçün ədalətli və bərabər şəraitin təmin olunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
1) deputatlığa namizədlərin plakatları üçün reklam lövhələrinin sayı və keyfiyyəti yaxşılaşdırılmalı;
2) namizədlərin öz seçiciləri ilə görüşləri təmin edilməli və güc strukturları tərəfindən bu prosesə müdaxiləyə yol verilməməli;
3) deputatlığa namizədlərə qarşı təhqiredici xarakterli plakat və şüarların yayılmasına yol verilməməli;
4) təşviqat sabotajı, o cümlədən rəqiblərin plakatlarının cırılmasının qarşısı alınmalı;
5) deputatlığa namizədlər tərəfindən seçicilərin qanunsuz olaraq öz tərəfinə çəkilməsi formalarının qarşısı alınmalı.
Ekspert Komissiyası üzvlərinin proqnozlaşdırdığı kimi, haqqında söhbət gedən tövsiyələr beynəlxalq səviyyədə dəstəklənməsinə baxmayaraq, hakim dairənin mühafizəkar hissəsi seçki kampaniyası dövründə əvvəlki metodların tətbiqini təkidlə israr etmişlər.
Lakin oktyabr ayının 25-də korrupsiyaya qurşanmış bəzi yüksək rütbəli məmurların həbsindən sonra ölkə Prezidenti "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıq və onun keçirilməsinə dair təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalamışdır. Bu sənəddə Ekspert Komissiyasının təqdim etdiyi tövsiyələrin böyük hissəsi öz əksini tapmışdır. Ekspertlər bu Sərəncamı ölkə başçısının seçkilərin demokratik standartlara uyğun keçirilməsinə yönəlmiş iradəsinin nümayişi kimi dəyərləndirmişlər.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev seçki kampaniyasına həsr olunmuş müşavirələrin birində demişdir: "Bildiyiniz kimi, Azərbaycan bir neçə ildir Avropa Şurasının üzvüdür və üzv qəbul edilərkən öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Beləliklə, Azərbaycanda demokratik proseslər daha da sürətlə gedir. Biz istəyirik ki, ölkəmiz daha da demokratik olsun, cəmiyyətimiz daha da azad olsun və dünyada mövcud olan ən mütərəqqi təcrübə Azərbaycanda öz əksini tapsın.
Bu baxımdan, parlament seçkilərinin ədalətli, şəffaf və azad şəkildə keçirilməsi bizim maraqlarımıza uyğun gəlir. Bu, bir tərəfdən bizim cəmiyyətimizin inkişafında mühüm rol oynayacaqdır. Digər tərəfdən, ümid edirəm ki, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası prosesinə də güclü təkan verəcəkdir.
Bildiyiniz kimi, artıq bir neçə aydır seçkilərlə bağlı müxtəlif fərziyyələr irəli sürülür, fikirlər səslənir. Cəmiyyətimizdə seçkilərə böyük maraq var. Bu da çox müsbət haldır. Eyni zamanda, ölkəmizin xaricində də seçkilərə böyük maraq var.
Deyə bilərəm ki, bütövlükdə, həm Seçki Məcəlləsinin müddəaları, həm də Sərəncamda əks olunan məsələlər həyatda öz əksini tapır və yerinə yetirilir.
Bununla yanaşı, əlbəttə, müxtəlif problemlər də var. Biz dərhal həmin problemlərin aradan qaldırılması üçün tədbirlər görürük və görməliyik. Bu da təbiidir. Çünki Azərbaycan keçid dövrünü yaşayır. Azərbaycanda demokratik cəmiyyətin formalaşması prosesi sürətlə gedir. Bu, çox müsbət istiqamətdə inkişaf edən meyildir. Ancaq şübhəsiz ki, bir gündə, yaxud da bir neçə ayda bu sahədə köklü dəyişikliklərə nail olmaq üçün çox ciddi işlər görülməlidir və görülür. Bu seçki kampaniyası keçmiş seçki kampaniyalarından fərqlənir və hesab edirəm ki, indiki seçkilərin nəticələri də Azərbaycan xalqının iradəsini əks etdirəcəkdir.
Eyni zamanda, müəyyən problemlər də var. Seçki kampaniyası ərzində müəyyən məsələlər ortaya çıxır. Biz gərək hər bir məsələyə operativ reaksiya verək və onun həlli üçün yollar axtaraq. Biz heç bir məsələyə ehkam kimi yanaşmamalıyıq. Fikirləşməliyik ki, seçkilərin ədalətli keçirilməsi üçün əlavə nə edilməlidir. Mən hesab edirəm ki, Seçki Məcəlləsinin mövcudluğu, mənim sərəncamım artıq bu sahədə kifayət qədər normal şərait yaradır. Bildiyiniz kimi, seçkiləri müşahidə edən ATƏT-in missiyası da təxminən eyni mövqedən çıxış edir. Onların bəyanatı olmuşdur ki, əgər mövcud Seçki Məcəlləsi və Prezidentin Sərəncamı icra olunarsa, Azərbaycanda demokratik seçkilərin keçirilməsi mümkündür. Eyni zamanda, mövcud olan problemləri biz gərək həll edək. Onların aradan qaldırılması üçün müvafiq göstərişlər veriləcək və qərarlar qəbul ediləcəkdir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru