PDF Oxu

MİA

  • 3 261

Azərbaycanın dünya hüquq sisteminə inteqrasiyası və insan hüquqları, söz azadlıqları

image

Müasir dünya və bəşər sivilizasiyası qloballaşma dövrünü, informasiya-kommunikasiya əsrini yaşayır, informasiya cəmiyyətinin reallıqları nəzərə alınmaqla fundamental insan hüquq və azadlıqlarını diqqət mərkəzində saxlayır. Səyyad Məcidli yazır ki, bu gün beynəlxalq və ictimai həyatda demokratiyanın hüquqi dövlətin, insan hüquqlarının zəruri komponenti kimi informasiyanın və ya bilginin istehsalı, saxlanması, eləcə də onun əldə olunma, ötürülmə və ifadə formalarının əhəmiyyəti elə cəmiyyət həyatının özü qədər önəmlidir. Çünki artıq industrial cəmiyyət tədricən öz yerini post-industrial, daha doğrusu, informasiya cəmiyyətinə verir. Belə məqamda beynəlxalq və milli qanunlarda da qlobal informasiya cəmiyyətinin tələblərinə uyğun olan normalar fəaliyyətdə olacaq. Müasir Azərbaycan Respublikası (AR) da dünya hüquq sisteminə inteqrasiya edir, beynəlxalq aləmdə baş verən qlobal dəyişikliklər, ölkə həyatının bütün sahələrində olduğu kimi, hüquq məkanında da bir sıra dəyişikliklər tələbini qarşıya əsas məqsəd kimi qoyur. Dövlətimiz transmilli aktor kimi dünyanın iqtisadi, siyasi, mədəni, hüquqi və s. strukturlarına nüfuz etdikcə, ölkənin qanunvericilik praktikasında da sivil qayda və prinsipləri özündə ehtiva edən normaların yaradılması və beynəlxalq hüquq normalarının dövlətdaxili sistemə adaptasiyası zərurəti yaranır. Əslində, demokratiya və hüquqi dövlət ictimai-siyasi hadisə kimi qaçılmaz bir prosesdir və burada ən önəmli rol dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələrinə məxsusdur. Ona görə də, KİV-in ictimai fikrin formalaşmasında və dövlətin möhkəmlənməsində xüsusi rolunu nəzərə alaraq, bu sferada hüquqi öhdəliklərin, beynəlxalq və milli qanunvericilik normalarının müqayisəli araşdırılması və öyrənilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Hazırda informasiyanın əldə olunması, ötürülməsi, ifadə azadlığı, diffamasiya, internetdən istifadənin beynəlxalq hüquqi tənzimlənməsi məsələləri ilə bağlı normaların düzgün implementasiyası və ya tətbiqi milli qanunvericilik və məhkəmə praktikasına özünün müsbət təsirini göstərməkdədir.

Söz azadlığının, demokratiyanın inkişafi, hüquqi dövlətin qurulması Azərbaycanda prioritet məsələ olduğundan bu sahədə ölkəmizdə məqsədyönlü addımlar atılır. Bu yolda ən mühüm nailiyyətlərdən biri ölkəmizin KİV haqqında milli qanunvericilik bazasının formalaşmasıdır. Respublikamızda bu prosesin əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə qoyulmuş, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya söz və məlumat azadlığı ilə bağlı mütərəqqi normalar daxil edilmiş, senzura ləğv olunmuş, medianın hərtərəfli inkişafi üçün əlverişli zəmin yaranmışdır. Bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanda söz azadlığının inkişafı üçün zəruri, beynəlxalq hüquqa uyğun islahatlar həyata keçirilir. Ölkəmizdə medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülməklə, mühüm qanunvericilik aktları, habelə dövlət konsepsiyası qəbul edilmişdir.

Beynəlxalq hüququn dövlətdaxili hüquqi tənzimetməyə təsirinin mühüm elementi kimi beynəlxalq təşkilatların norma və tövsiyələri ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə, respublikamızın 2001-ci ildə Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul olunması bu təşkilatın qərarlarını ölkəmizin hüquq-mühafizə və məhkəmə orqanları üçün əhəmiyyətli etmişdir.

AŞ Nazirlər Komitəsinin 29 aprel 1982-ci il tarixli Söz və İnformasiya Azadlığına dair Bəyannaməsində də qeyd olunduğu kimi, AŞ-nın üzv dövlətləri əsl demokratiya, qanunun aliliyi və insan hüquqlarına riayət olunması prinsiplərinin əməkdaşlığın əsasını təşkil etməsini, söz və informasiya azadlığının bu prinsiplərin mühüm elementi olmasını düşünərək, informasiyanın müxtəlif növlərinin sərbəst axını və geniş yayımının beynəlxalq anlam, insanların birləşməsi və mədəniyyətlərin zənginləşməsi üçün zəruri faktor olmasını bilərək, bu azadlığın milli konstitusiyalarda və beynalxalq sənədlərdə, xüsusilə İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 19-cu maddəsində və İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsində elan olunmasını nəzərdən keçirərək, sərhədlərdən asılı olmayaraq, hər bir kəsin özünü ifadə etmək, mənbəyindən asılı olmayaraq informasiya və ideyaları axtarmaq və qəbul etmək, onları Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən yaymaq, söz və informasiya azadlığından istifadə etmək hüququnu müdafiə edirlər.

Eyni zamanda, digər beynəlxalq qurumların qəbul etdiyi normativ sənədlər, onlar tərəfindən hazırlanan nümunəvi qanunlar milli qanunvericiliyin formalaşmasında mühüm təsirə malikdir. Məsələn, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində inkişaf etməkdə olan ölkələrdə müəlliflik hüququ üzrə milli hüquqyaratma prosesinin sadələşdirilməsi üçün Müəlliflik Hüququ haqqında Nümunəvi Qanun hazırlanmışdır.

Digər tərəfdən, "Azərbaycan Respublikasının məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və məhkəmə tərəfindən nəzərə alınması tövsiyə edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Avropa Məhkəməsi presedentlərinin ölkəmizin milli məhkəmələri tərəfindən tətbiqi məsələsində dövlət başçısının qeyd olunan Fərmanının mühüm rolu olmuş və bu mühüm sənəd məhkəmə sisteminin daha da müasirləşdirilməsinə güclü təkan yaratmışdır.

S.Məcidli yazır: "Media hüquq mədəniyyətinin formalaşmasına münasibətdə respublikamız üçün son dövrlər digər mühüm əhəmiyyətli beynəlxalq hüquq subyekti Avropa İttifaqı (Aİ) hesab olunur. Bu qurumun qərarları da müasir dövlətlərin qanunvericilik praktikasına, o cümlədən mətbuat azadlığı sahəsinə getdikcə daha çox nüfuz edir. Elə bu səbəbdəndir ki, hazırda sözügedən quruma üzv dövlətlər üçün məcburi qüvvə kəsb edən və özündə informasiya azadlığı ilə bağlı mütərəqqi normaları ehtiva edən xüsusi hüquq sistemi - "Avropa hüququ" formalaşmağa başlamışdır. Azərbaycan Aİ ilə 2006-cı ilin noyabr ayında Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli Fəaliyyət Planı imzalamış, həmçinin bu qurumla Şərq Tərəfdaşlığı Proqramı üzrə Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramı həyata keçirilməkdədir. Ölkəmizlə Avropa Komissiyası arasında mövcud olan daha sıx və səmərəli əməkdaşlıq nəticəsində mətbuat azadlığı məsələlərinə xüsusi önəm verilməklə, geniş layihələr reallaşdırılaraq müsbət nəticələr əldə olunmaqdadır. Eyni zamanda, Aİ-nin əksər sənədlərində söz, mətbuat və ifadə azadlığı ilə bağlı öhdəliklərin əks olunduğu xüsusi müddəalar da nəzərdə tutulmuşdur".

Ölkəmizin media sahəsində qlobal dəyərləri əxz etməsi və dünyaya inteqrasiya proseslərində daha fəal iştirakı zərurətindən, xüsusilə respublikamızda jurnalistika təhsilinin və mədəniyyətinin inkişafına olan tələbatdan irəli gələrək mətbuat azadlığına dair yuxarıda qeyd etdiyimiz norma və prinsipləri özündə ehtiva edən yeni tədris vəsaitlərinə ciddi ehtiyac yaranmışdır.

S.Məcidlinin fikrincə, demokratik cəmiyyətdə media hüquqları, jurnalistikanın sərbəst inkişafı, azad kütləvi informasiya vasitələrinin (KİV) formalaşması müasir dövrün yeni çağırışlarından və hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Bütövlükdə, cəmiyyətin maraq və mənafeyinin, hər bir fərdin hüquq və azadlıqlarının təmin olunması, o cümlədən, fikri ifadə və infonnasiya azadlığı, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, şəxsi həyatın toxunulmazlığı, ədalətli məhkəmə araşdırması hüququ sivil dünyanı və hər bir dövləti narahat edən məsələ olmaqla, eyni zamanda müasir insan hüquqları konsepsiyasının ən aktual problemlərindən hesab edilir. İnsan hüquq və azadlıqlarının inkişafi, o cümlədən söz azadlığı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsini təşkil etməklə, milli qanunvericiliyimizin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasına və bu sahədə mövcud beynəlxalq standartların tədrisinə əlverişli zəmin yaratmışdır.

Ölkə Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafina dövlət dəstəyi Konsepsiyasına görə fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə KİV-in və bütövlükdə, müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla, eyni zamanda media hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitə kimi dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından biridir. Eyni zamanda, Konsepsiyaya əsasən, metodiki dəstək, KİV-in fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, jurnalistlərin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması respublikamızda medianın inkişafına göstərilən dövlət dəstəyi prinsiplərindəndir.

Eyni zamanda, insan hüquqları üzrə tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, bu sahədə beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının öyrənilməsi dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması üzrə Milli Fəaliyyət Proqramına müvafiq olaraq prioritet vəzifələrdən biri hesab olunur.

Göründüyü kimi, respublikamızda azad KİV-in yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuş və daim dövlətin diqqət mərkəzindədir. Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur. Təbii ki, qeyd edilən nailiyyətlər ölkəmizdə medianın inkişafına da təsirsiz ötüşməmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər