"Xəmsə"nin sonuncu poeması olan "İsgəndərnamə" Nizaminin sosial-siyasi görüşlərinin tərkib hissəsi kimi mütərəqqi ideyalarının inkişafının yekun mərhələsidir. "İsgəndərnamə" Nizami yaradıcılığının zənginliyini və möhtəşəmliyini bütün əzəməti və dolğunluğu ilə əks etdirir. Mütəfəkkir məhz bu sonuncu əsəri ilə öz yaradıcılığının siyasi ideallarının möhtəşəm bir abidəsini yaratmışdır. Həmin abidə bu gün sanki bütün insanlığın ziyarətgahına çevrilmişdir.
Görkəmli tədqiqatçı Aqşin Quliyev yazır: "Nizami "İsgəndərnamə"də feodal-patriarxal cəmiyyətində müşahidə etdiyi sosial-siyasi və əxlaqi nöqsanları kəskin tənqidə məruz qoyaraq, onları hansı vasitələrlə aradan qaldırmağın mümkünlüyü haqqında düşünmüşdür. Mütəfəkkir bunu qarşısına bir məqsəd kimi qoymuş və sanki onun həllinə nail olmuşdur. Dövrünə görədir ki, Nizami öz əsərlərində həmişə ideya məzmunu ilə feodal hökmdarlara təsir göstərmək və onları sosial ədalətə dəvət etmək, bir sözlə, onları kamilləşdirmək istəmişdir. Bu nöqteyi-nəzərdən artıq İsgəndər mütəfəkkirin humanist sosial idealına tamamilə cavab verə bilən səviyyəyə ucalmışdır. Əgər Nüşabə mütəfəkkirin "ədalətli hökmdar" amalının təcəssümüdürsə, İsgəndər artıq "ideal hökmdar", onun ali məqsədinin zirvəsidir. "Ölkələr İsgəndərə şahlıq etmək, xalqlara kömək etmək, ədalət göstərmək" üçün verilmişdir.
Nizaminin məntiqinə görə, yalnız yüksək insani keyfiyyətlərə malik olan şəxs cəmiyyətə və dövlətə başçılıq edə bilər. İnsanlıq üçün pisliyin və zülmün deyil, yaxşılığın faydalı olduğu Nizaminin sosial-siyasi görüşlərində qətiyyətli səslənir. Hətta müdriklərin özləri də həmişə fəzilət və yaxşılıqlardan faydalanmışlar. Mütəfəkkir məhz sosial ədaləti müdriklərə Tanrının bəxş etdiyi etik keyfiyyət qismində görür. O, bu keyfiyyətə həm də siyasi məzmun verir və belə bir nəticə əldə olunur ki, ədalət müdriklərdən ötrü həm də siyasi etikanın göstəricisidir. Ədalətə qarşı laqeydlik müdriklərə layiq olmayan keyfiyyətdir".
Müəllifin fikrincə, "Şərəfnamə" həm də qəhrəmanlıq dastanıdır. Bu hissədə işğalçılıq müharibələrini təsvir edən Nizami ilk növbədə müasiri olduğu dövrün feodal hökmdarlarının ölkələri, bəşəriyyətin yüzilliklər boyu yaratdığı maddi sərvətləri və mədəniyyəti məhv edən, gözəllikləri viran qoyan ədalətsiz, mənasız müharibələrini diqqətə çatdırır. Humanist mütəfəkkirin ədalətli və ədalətsiz müharibələri bir-birindən fərqləndirməsi də bundan irəli gəlmişdir.
Nizaminin məntiqinə görə, ədalətsiz müharibə də zülmdür. Həm ölkəni, həm də dünyanı zülm altında saxlamaq faydasızdır. Allah hökmdarları Yer üzünə məhz əmin-amanlıq yaratmaq, zülmü aradan qaldırmaq üçün gətirmişdir.
Böyük mütəfəkkir insanlığa üz verən iztirab və bədbəxtliklərin səbəbini bilavasitə insanın özündə, insanlıq hisslərinin yox olmasında görür. Təsadüfı deyil k, Nizami insanlığı insan üçün "parlaq gövhər" hesab edir. Yalnız "insanlıq nəqşini oxumaqla, bugünkü insanlığın nə demək olduğunu" dərk etmək olar. Nizaminin fikrincə, başqalarına əzab və iztirablar verən adamdan əsl insan, öz xalqına əziyyət verəndən müdrik və ədalətli hökmdar olmaz. Hökmdarlıq insana tabeliyində olanlara əziyyət vermək, zülm etmək üçün verilmir. Belə hökmdarlıq alçaqlıqdan, rəzillikdən başqa bir şey deyildir.
Nizaminin sosial ədalət konsepsiyasında insafdan və xeyirxahlıqdan dönməzlik haqq və ədalət yolunda atılan mühüm addım kimi qiymətləndirilir. Onun ideyasına görə, "ədalət yolundan dönməzliyi insanlara adil və ulu Tanrının özü öyrətmişdir". "Yoxsula, məzluma kömək olmaq, qaranlıq gecədə parlayan şimşək kimi çaxır".
Humanist mütəfəkkirin məntiqinə görə, hökmdarın ədaləti yaxşı və yamanın düzgün qiymətləndirilməsində də təzahür etməlidir. Mükafat və cəzada tarazlıq gözlənilməlidir. Günah iş tutanların cəzalandırılması zəruridir. Lakin bununla yanaşı, hökmdar öz təqsirini etiraf edənləri, törətdikləri əməllərdən peşmançılıq hissi keçirənləri bağışlamağı da bacarmalıdır. Bunun özü də hökmdar müdrikliyi və alicənablığının təzahür formalarından biridir. Yaxşının mükafatı, yamanın isə cəzası olmalıdır.
Ə.Şərəfli və X.Yusifli göstərirlər: "Əsərin "İqbalnamə" adlanan ikinci hissəsində Nizami ictimai-fəlsəfi düşüncələrə üstünlük vermiş, ... hökmdar və cəmiyyət, ... elm və din, ... əxlaq və s. bu kimi çoxlu məsələlərlə əlaqədar dövrünün ən qabaqcıl elmi görüşlərini saf-çürük etməyə çalışmışdır".
Ümumiyyətlə, "İsgəndərnamə" Nizaminin sosial-siyasi və hüquqi görüşlərinin, onun bu görüşlərin tərkib hissəsi olan cəmiyyətə, dövlətə və etik-sosial hadisələrə baxışlarının həm mükəmməl inkişaf səviyyəsini, həm də yekun mərhələsini təşkil edir. Ona görə də mütəfəkkir ədalətli hökmdarla bağlı fikirlərini İsgəndərin şəxsində ümumiləşdirməyə səy göstərmiş, "... ağıllı və ədalətli hökmdar obrazını" yaratmağa nail olmuşdur. İsgəndər həm də Nizaminin sosial ədalət və ədalətli hökmdarla bağlı bütün bəşəri ideallarına cavab verir.
"İsgəndərnamə" Nizaminin sosial-siyasi və hüquqi görüşlərinin son mərhələsi kimi, mütəfəkkirin sosial ədalətə və ədalətli hökmdara münasibətində, həm də demoktarik yönümlü dönüş nöqtəsi qismində təzahür edir. M.A.Dadaşzadə yazır: "Belə ki, bu qeyd olunanlar mütəfəkkirin ideallarını təmin etmir. Nizami ... utopik formada da olsa, artıq ideal cəmiyyət haqqında danışır".
Mütəfəkkir bu zaman da İsgəndərin ədalətli hökmdar kimi yetişməsindən sanki rahatlıq duyur, onun ədalətli, xoşbəxt bir cəmiyyətlə qarşılaşmasını yamanlığın məhvi, yaxşılığın qələbəsi kimi təsəvvür edir.
A.Quliyev yazır: "Ümumi kontekstdən yanaşıldıqda görmək olar ki, utopik ideyalarda cəmiyyət, dövlət, hüquq, hakimiyyət, siyasət və qanun haqqında hadisələrin təsvirində reallaşması öz zəmanəsi üçün əlçatmaz olan konsepsiyalar formalaşsa da, mütəfəkkirlər siyasi-hüquqi institutların, əmlak ümumiliyinə əsaslanan ictimai quruluşun necə olması, cəmiyyətdəki haqsızlıqların və sosial bəlaların hansı vasitələrlə aradan qaldırılması, insanlar arasındakı qeyri-bərabərliyin, dövlətdəki zorakılıqların və istibdadın yox edilməsi yolları, qəddar idarəçilik rejimlərinin hansı üsullarla məhv edilməsi və yeni azad, xoşbəxt quruluş yaradılması və s. haqqında problemlərin həllinə səy göstərmişlər.
Adətən, sosial aşağıların ədalətli cəmiyyət uğrunda əbədi səylərini əks etdirən utopik ideyalar müxtəlif görüşlərdən və təsəvvürlərdən ibarət olmuşdur. İdeyaları, əsasən utopik məzmun daşıyan müxtəlif ideoloji fikir cərəyanları bir-birindən arzu və müdafiə etdikləri gələcək ümumi hakimiyyətin yeganə olması layihəsinə görə fərqlənmişlər. Həmin ideyaları ehtiva olunan prinsiplər də bir-birindən fərqlənmişdir".
A.Quliyev göstərir ki, Nizami ilk əsəri olan "Sirlər xəzinəsi"ndən başlayaraq sonuncu əsəri "İsgəndərnamə" də daxil olmaqla müasiri olduğu quruluşun ədalətsizliklərinin tənqidilə çıxış etmişdir. Nizaminin utopik ideyalarının məzmununu zalım quruluşa qarşı dərin etiraz motivləri təşkil edir. Nizaminin fikrincə, mənəvi dəyərlərə söykənən cəmiyyət yalnız o zaman qurula bilər ki, cəmiyyətin bütün üzvləri, ilk növbədə hökmdarlar özünütərbiyə vasitəsilə bütün səylərini faydalı əməllərə sərf etsinlər. Əlbəttə bu, mütəfəkkirin yaşadığı feodalizm cəmiyyətində qeyri-mümkün idi. Lakin Nizami belə quruluşun qurulacağına dərindən inanırdı. Bu utopiya Nizami uzaqgörənliyi idi və mütəfəkkirin öz zəmanəsini xeyli qabaqlaması barədə şəhadət verirdi.
Nizaminin sosial-siyasi görüşlərinin utopik cəhətləri orta əsr çərçivəsinə sığmırdı. Dahi mütəfəkkirin demək olar ki, bütün əsərlərində şəxsiyyətə, onun şərəf və ləyaqətinə, hüquq və azadlıqlarına, qadın-ana hüquqlarına sonsuz ehtiram kök salmışdır. Nikolay Tixonov özünün "Nizami və Nəvai" adlı məqaləsində yazırdı: "Nizami öz şeirlərində gözəl həqiqətləri ifadə etmişdir. Qaranlıqları məhv edən işığı yada salmış, öz vəzifəsini düşünən, divlərə-cəlladlara və həyat təxribatçılarına qalib gələn insanı, xeyirxahlığı, böyük düzlüyü və mərdliyi, coşqun məhəbbət və ehtirasları tərənnüm etmişdir. Nizami sultanlara və varlılara qalib gəlmişdir, zəmanəyə qalib gəlmişdir".
A.Quliyevin qeyd etdiyi kimi, Nizami təsvir etdiyi ideal cəmiyyətə, hər şeydən əvvəl, İsgəndərin gözləri ilə baxır. Mütəfəkkir öz qəhrəmanını qeyri-adi və ecazkar aləmə aparmaqla ona sanki xoşbəxt cəmiyyətin nə olduğunu, onu necə qurmağın yollarını öyrədir. Bu isə o qədər sadə və asan deyil. İsgəndər əvvəlcə öyrənməli (bilik əldə etməli) və lazımi zirvəyə (hətta müqəddəslik pilləsinə) ucalmalı, həyati və insani vəzifəsini dərk etməli və yalnız bundan sonra xoş niyyətlərinin nəticəsi ilə üz-üzə dayanmalı idi. Ə.Şərəfli və X.Yusifli göstərirlər ki, məhz buna görə də "İqbalnamə"nin ikinci hissəsində Nizami İsgəndərin inkişafındakı ən yüksək mərhələni - onun peyğəmbərliyini, ölümünü və ideal cəmiyyətlə qarşılaşmasını göstərmişdir. Nəsihətçiliklə səfərnaməçilik, mütəfəkkirin həyatı ilə bağlı faktlarla birlikdə ümumbəşəri idealların tərənnümü bu hissədə mürəkkəb bir şəkildə birləşdirilmişdir. İsgəndər dünya hökmdarı və alim olaraq qalır, lakin onun xarakterinə yeni bir keyfiyyət əlavə olunur: o, həm də peyğəmbər olur, Allahın iradəsi ilə dünyanı dolaşaraq yer üzərində yaşayan bütün insanları həqiqət yoluna dəvət edir. Dünyanı dolaşan, Qərbə və Şərqə, Cənuba və Şimala doğru hərəkət edib insanları haqq və ədalət yoluna çağıran İsgəndər bir çox möcüzələrlə qarşılaşır, ... nəhayət, yer üzünün ən nadir "möcüzəsi" olan utopik Xoşbəxtlər ölkəsi ilə qarşılaşır".
Nizaminin təsvir etdiyi xoşbəxt ölkə haqqı və ədaləti eşidənlərin cəmiyyətidir. Ona görə də bu cəmiyyətdə ömür və həyat mənalıdır. Nizaminin ideal cəmiyyəti ədalətli, müdrik hökmdarın başçılıq etdiyi dövlətdir. Bu dövlət ağlın qüdrəti ilə idarə olunur. Dövlət işlərinin həyata keçirilməsində başlıca meyar ədalətin tələblərinə əməl olunmasıdır.
Xoşbəxtlər ölkəsində nəinki hökmdarla xalq arasında, ümumiyyətlə, hər hansı zəmində meydana çıxacaq ədavət yoxdur. Belə ədavətin olması nəinki səltənətin, eyni zamanda da, bütövlükdə cəmiyyətin və dövlətin sonu demək olardı. Xoşbəxtlər ölkəsinin sakinləri hər hansı ədavətə və münaqişəyə həqarətlə baxan insanlardır. Ədavətə görə onlar, hətta hökmdarın siyasətinə qarşı çıxmaq iqtidarındadır.
A.Quliyev yazır: "Sosial-siyasi, eləcə də utopik görüşlərinin məzmunundan aydın olur ki, Nizami hökmdar ədalətsizliyini kəskin tənqidə məruz qoysa da, hətta bir növ özünüidarənin hökm sürdüyü ideal dövlətdə hökmdar hakimiyyətinin mövcudluğunun tərəfdarı olmuşdur. Mütəfəkkirin qənaətinə görə, xalqı yalnız ədalətli və müdrik hökmdar azadlığa və xoşbəxtliyə çatdırsa, habelə onu baş verə bilən sosial-siyasi bəlalardan xilas edə bilər.
Nizaminin təsvir etdiyi ideal cəmiyyət özündən əvvəlki utopik nəzəriyyə və təlimlərdə təsvir edilmiş ideal cəmiyyətlərdən bir sıra spesifik xüsusiyyətlərilə fərqlənir. Bununla yanaşı, Nizaminin dövlət haqqında görüşləri qədim yunan mütəfəkkirlərinin bu problemə dair ideyaları ilə bəzi cəhətlərinə görə üst-üstə düşür. Həmçinin Platonun, Aristotelin və Nizaminin dövlətin mənşəyi haqqında əsas məsələyə dair fikirləri eyni səciyyə daşıyır. Lakin qeyd etmək zəruridir ki, dini ideologiyanın təzyiqinə baxmayaraq, Nizami dini təlimin ehkamlarının dar çərçivəsilə məhdudlaşmamışdır. O, cəmiyyətin dəyişdirilməsi və yenidən qurulması yollarının axtarışında elmi təfəkkür qüdrətinə, insanın idrak fəaliyyətinə və həyati raellıqlara möhkəm inam nümayiş etdirmişdir. Mütəfəkkirin poetik dillə təsvir etdiyi ideal quruluş özündə pisliklərin inkarını əks etdirən quruluşdur. Hətta Allah da öz rəhm və mərhmətini bu quruluşdan əsirgəməmişdir".
Müəllifin fikrincə, Nizaminin ideal adlandırdığı cəmiyyət yaxşılıq təməli iizərində qurulmuşdur. Mütəfəkkirin təsəvvüründə bu cəmiyyətin həmişə yaşarlığı da məhz onun yaxşılıq dəyərlərinə söykənməsindədir. Əks-təqdirdə, insanlar belə bir cəmiyyət yaratmazdılar.
Dövlət haqqında təlimlərin təhlili göstərir ki, Platonun, Aristotelin və Nizaminin mövqelərində fərqli cəhətlər də vardır. Xüsusilə də, Platonun ideal dövlətə dair ideyaları ilə müqayisə nəticəsində, Nizaminin analoji konsepsiyasının daha demokratik olması nəzərə çarpır. Məsələn, Nizaminin ideal cəmiyyəti insanların ayrı-ayrı sosial qruplara, yaxud təbəqələrə bölgüsünün olmadığı dövlət cəmiyyətdir.
Bundan başqa, Nizaminin utopik cəmiyyəti istismarı və köləliyi, xüsusi mülkiyyəti tanımır. Burada sosial-iqtisadi cəhətdən də hamı bərabərdir. Platonun ideal dövlətində isə insanlar təbəqələrə (hökmdarlar, hərbçilər, istehsalçılar) bölünür. Platon ideal dövləti ən yaxşıların idarə etdiyi dövlət hesab edirdi.
Nizaminin ideal dövlət layihəsində cəmiyyət üzvlərinin yüksək mənəviyyatı, dinpərvərliyi və şəxsi tərbiyəsi ədalətin tələblərini qorumağa və onlara əməl etməyə kömək edir. Cəmiyyətdə qüvvədə olan əxlaq normaları elə köklənmişdir ki, onlar hər cür qeyri-əxlaqiyliyi və mənəviyyatsızlığı rədd edir. İdeal ölkənin sakinləri rahat və əmin-amanlıqda yaşamaq üçün, artıq əzab-əziyyətə düşməməkdən ötrü düzlüklə ömür sürürlər. Əslində, bu dövlətin qanunları elə ahəngdarlıqla işləyir ki, xətalı işlərə nəinki yol verilmir, onlar yaxına belə buraxılmır. Nizami təsvir etdiyi ideal cəmiyyətin mahiyyətini onun sakinlərinin dili ilə aşağıdakı kimi təqdim edir.
Böyük mütəfəkkirin layihəsini verdiyi nümunəvi ölkənin sakinləri insanlara mənəvi, yaxud ziyan vurmaqdan uzaqdırlar. Bir nəfərin təsadüf nəticəsində vurduğu belə ziyan hamılıqla ödənilir. Deməli, ideal ölkənin sakinləri nəinki özlərinin, həm də mənsub olduqları cəmiyyətin məsuliyyətini dərindən hiss edən nümunəvi insanlardır. Müasir dövr üçün də son dərəcə aktual olan bu müddəanı Nizami hələ XII yüzillikdə irəli sürmüşdü. Hüquqların təminatına və bərpasına dair ideya irəli sürməklə Nizami nəinki öz vətənində, eləcə də bütün müsəlman Şərqində öz dövrünü xeyli qabaqlamış birinci mütəfəkkir idi.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru