Məhkəmə nəzarəti dedikdə, bir qayda olaraq, istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi başa düşülür.
Professor Mirağa Cəfərquliyev yazır: "Qanunvericilikdə izah edildiyi kimi, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə bir sıra vacib məsələlərə baxır və onları müvafiq qaydada həll edir. Həmin məsələlər - hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmalarının, telefon danışıqlarının, poçt-teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatlar ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlar; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlər daxildir. Göründüyü kimi, burada iki qrup məsələlər araşdırılır və onlarla bağlı daxil olmuş vəsatət, təqdımat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır.
Yuxarıda göstərilən prosessual məsələlərin həlli ilə bağlı hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti əsasında həmin məsələlərə apellyasiya məhkəməsi tərəfindən yenidən baxıla bilər".
Cinayət prosesində bir sıra məcburi apanlan istintaq hərəkətləri mövcuddur ki, onları ancaq müvafiq məhkəmə qərarı əsasında yerinə yetirmək mümkündür. Lakin bu ümumi qaydadan qanun müvəqqəti istisnaya da yol verir. Belə ki, CPM-in 177.3.1-177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq bu barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, həmçinin 48 saat müddətində onlara aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları təqdim etməlidir.
M.Cəfərquliyev qeyd edir ki, tutulma, qətimkan tədbiri qismində həbs, vəzifədən kənarlaşdırılma, məhkəmə-psixiatriya və ya məhkəmə-tibbi ekspertizasının aparılması üçün şübhəli, təqsirləndirilən və ya psixi vəziyyətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilə bilməyən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi kimi prosessual məcburiyyət tədbirləri yalnız məhkəmənin qərarı əsasında tətbiq edilir. Bundan əlavə, cinayət təqibi orqanının tələbləri yerinə yetirilmədikdə, şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması, tədqiqat üçün nümunələrin götürülməsi kimi prosessual məcburiyyət tədbirləri də məhkəmənin qərarı əsasında tətbiq edilir.
M.Cəfərquliyev yazır: "Cinayət-prosessual qanunvericilikdə prosessual məcburiyyət tədbirlərilə yanaşı, əməliyyat-axtarış tədbirləri də məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin tədbirlərə telefon danışıqlarına qulaqasma, poçt-teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi və nəhayət, insanların güdülməsi daxildir. Bununla belə qanun, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda, yuxarıda sadalanan əməliyyat-axtarış tədbirlərini məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirməyə yol verir. Lakin belə olan halda, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində bu barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir".
Onu da bilmək lazımdır ki, ancaq müstəntiqin əsaslandırılmış vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti əsasında məhkəmə-istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə baxa bilər.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 48 saat müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.
M.Cəfərquliyev yazır: "Beləliklə, istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə hakim tərəfindən təkbaşına, qapalı məhkəmə iclasında baxılır.
Məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır. İstintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, vəsatətlə hüquqlanrının məhdudlaşdırılması nəzərdə tutulan şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında isə yalnız hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən prokuror iştirak edə bilərlər. Müraciətlərin baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış yuxarıda sadalanan şəxslərin istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi məsələləri üzrə məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Hakim CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq, vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir".
M.Cəfərquliyevin fikrincə, həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən dərhal sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustaqlığı və ya həbsdə saxlanılması barədə müddəa ilə əlavə edir.
Qanunda aydın şəkildə şərh edilmişdir ki, istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan 3 (üç) gündən gec olmayaraq vəsatət vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə və müvafiq xahiş olduqda, barəsində istintaq hərəkətinin aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələlərinin baxıldığı şəxsə göndərilir.
Müəllif göstərir ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Belə şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətində qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır. Hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Adıçəkilən qərarın surəti qərar çıxarıldıqdan sonra 3 (üç) gün müddətində müvafiq şəxslərə göndərilir.
Cinayət-prosessual qanunvericilikdə həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarından şikayətin və ya protestin verilməsi məsələləri çox ətraflı şəkildə şərh edilmişdir. Bu, belə də olmalıdır, çünki ən çox şikayət və protestlərin verilməsi həbs qismində qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru