Cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndləri ilə nəzərədə tutulmuş qaydada normativ-hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna vəsatət verə bilərlər. Lakin bununla bağlı qeyd etmək lazımdır ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat təkcə Ali Məhkəmənin yox, eyni zamanda Konstitusiya Məhkəməsinin məhkəmələrin müraciəti və ya vətəndaşların şikayətləri əsasında çıxardığı qərarlara müvafiq də başlana bilər.
M.Cəfərquliyev yazır: "Beləliklə, Konstitusiya Məhkəməsinə aşağıdakı subyektlər sorğu, müraciət və şikayətlər göndərmək hüququna malikdirlər (burada ancaq hüquq-mühafizə orqanları, Ombudsman və vətəndaşlar nəzərdə tutulur):
1. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu - Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndləri ilə nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilərlər;
2. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) - Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Ombudsmanın sorğusu insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün verilə bilər;
3. Azərbaycan Respublikasının məhkəmələri - Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Adıçəkilən maddənin VI hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər;
4. Hər bir şəxs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarından bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər".
Vətəndaşların şikayəti ilə bağlı "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (maddə 34.2) maraqlı bir şərh verilir. Qanunda göstərilir ki, konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair (Ali Məhkəmənin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu) şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:
1) tətbiq edilməli olan normativ-hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
2) tətbiq edilməli olmayan normativ-hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
3) normativ-hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.
Yuxarıda qeyd olunanlarla bağlı nəzərə almaq lazımdır ki, "Konstitusiya Məhkəməsi haqqında" Qanununun 34.2-ci maddəsində sadalanmış hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanmasına yol verilmir.
Bundan başqa, Konstitusiya Məhkəməsinə məhkəmə aktlarından şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:
1) məhkəmə aktından şikayət vermək hüququndan tam istfadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində;
2) ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.
Müəllifin fikrincə, qanunun birbaşa göstərişinə görə hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
Beləliklə, Cinayət-Prosessual Məcəllənin LIII fəslinin və "Konstitusiya Məhkəməsi haqqında" Qanununun tədqiqi belə bir nəticəyə gəlməyə imkan verir ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat aşağıda göstərilən hallarda başlana bilər:
1) Ali Məhkəmənin sorğusu ilə əlaqədar Konstitusiya Məhkəməsi tərəfindən çıxarılmış qərar olduqda;
2) Ombudsmanın sorğusu ilə əlaqədar Konstitusiya Məhkəməsinin məhkəmə aktları barədə qəbul etdiyi qərar olduqda;
3) məhkəmələrin müraciəti və vətəndaşların şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar olduqda;
4) Konstitusiya Məhkəməsinin öz təşəbbüsü ilə müvafiq normativ-hüquqi aktlar və ya məhkəmə aktları ilə bağlı şərhi və ya qərarı olduqda.
M.Cəfərquliyev daha sonra yazır: "Bizi maraqlandıran məsələlərdən biri də hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın başlanmasına məhz Ali Məhkəmənin sorğusu ilə əlaqədar Konstitusiya Məhkəməsi tərəfindən çıxarılmış qərarın olmasıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Ali Məhkəmə həm öz təşəbbüsü ilə və həm də proses iştirakçıları tərəfindən daxil olmuş vəsatət əsasında Konstitusiya Məhkəməsinə sorğu göndərə bilər. Vəsatəti vermək üçün qanun konkret əsasların olmasını tələb edir. Adıçəkilən vəsatət aşağıdakı hallarda verilə bilər: a) birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılarkən cinayət prosesinin əvvəlki mərhələsində tətbiq edilmiş normativ-hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına uyğun olmadıqda; b) cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə hökm və ya məhkəmənin digər yekun qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, tətbiq edilmiş normativ-hüquqi aktın şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu güman etdikdə.
Yuxarıda göstərilən əsasları rəhbər tutaraq normativ-hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatəti cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada vermək olar. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş halda - birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində cinayət işi və digər materiallar üzrə icraatın məhkəmə baxışına başlamamışdan əvvəl vəsatət verilməlidir".
Vəsatət yazılı şəkildə verilməli və ona mübahisə edilən normativ- hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni, müraciət etmiş şəxsin fikrincə, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozan məhkəmənin hökm və ya qərarının surəti və nəhayət, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə yekun protokolun surəti və vəsatətin əsaslı olduğunu təsdiq edən digər zəruri sənədlər əlavə edilməklə, adıçəkilən vəsatət cinayət prosesinin iştirakçısı və ya onu imzalamaq səlahiyyətinə malik olan nümayəndəsi tərəfindən imzalanmalıdır.
M.Cəfərquliyev qeyd edir ki, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi cinayət prosesi iştirakçısının vəsatətinin tələblərə riayət etməsi və ya mübahisə edilən normativ-hüquqi aktın tətbiq edilməsi müəyyən edildikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna həmin vəsatətin göndərilməsi və iş üzrə icraatın dayandınlması haqqında qərar çıxarır.
Normativ-hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz iclasında vəsatətə dair məruzəçi hakimin rəyini dinləyərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə müdaxilə etmədən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq olunmuş normativ-hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərir.
Ali Məhkəmənin Plenumunun belə bir səlahiyyətə malik olması konkret olaraq "Məhkəmə və hakimlər haqqında" Qanunun 79-cu maddəsində şərh edilmişdir. Adıçəkilən maddədə göstərilmişdir ki, Ali Məhkəmənin Plenumu:
- Ali Məhkəmənin Plenumunun izahlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu barədə hakimlərin və vətəndaşların müraciətlərinə baxır;
- məhkəmələr tərəfindən baxılan işlər üzrə tətbiq edilən normativ aktlarda şəxslərin hüquq və azadlıqlarının pozulması barədə onların müvafiq məhkəmələrin vasitəsilə verilmiş müraciətlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir (bu halda məhkəmə icraatı Konstitusiya Məhkəməsinin qəran qanuni qüvvəyə minənədək dayandırılır);
- hakimlərin müraciətlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru