PDF Oxu

MİA

  • 2 802

Birbaşa iştirak demokratiyası və insan hüquqları

image

Hansı ölçüdə ərazi və əhalinin hansı sayı "Yığıncaqlar demokratiyası (ingil. - Assembly democracy) üçün həddən artıq böyükdür və bu cür yığıncaqlara hansı ölçülər münasibdir? Yeni tədqiqatlara görə, tipik qədim yunan şəhər-dövlətində yetkinlik yaşına çatmış kişilərin, yəni mülki hüquqlara malik əhalinin sayı 2 mindən 10 min nəfərədək idi. Yunan politoloqlarının fikrincə bu say polis, yəni özünü idarə edən şəhər-dövlət üçün ideal say idi. Lakin Afinada vətəndaşların sayı bu rəqəmdən qat-qat çox idi və Afina demokratiyasının ən yüksək inkişaf dövründə (e.ə. 450- ci il) 60 000 nəfərə çatırdı və bir alimin sözlərinə görə, "bunun nəticəsində Afina normal fəaliyyət göstərən polis üçün həddən artıq çoxsaylı idi". Daha yüz il sonra emiqrasiyalar, müharibələr, epidemiyalar, habelə vətəndaşlığın verilməsi üzrə əlavə məhdudiyyətlər əhalinin sayını yarıbayarı azaltdı. Bununla belə, afinalıların sayı kifayət qədər çox idi və şəhər yığıncaqlarında yetkinlik yaşına çatmış kişi əhalinin yalnız cüzi bir hissəsi iştirak edə bilirdi.

R.Dahl yazır: "Adi hesablamanın köməyi ilə görmək olar ki, vaxt və sayın necə böyük əhəmiyyəti vardır. Bunun üçün ilk öncə ən kiçik vahidi, deyək ki, on nəfərdən ibarət komitəni götürək. Belə hesab edək ki, hər hansı ümdə problemin müzakirəsi üçün bu adamlardan hər birinə 10 dəqiqə vaxt kifayət edir. Bu hesabla komitənin yığıncağı bir saat 40 dəqiqə çəkəcək, təbii ki, bu, çox da böyük vaxt deyil və komitə üzvlərinin belə bir vaxt itkisinə imkanları var. Lakin indi də təsəvvür edək ki, müzakirə olunan məsələ çox mürəkkəb olduğundan komitə üzvlərindən hər biri özü üçün yarım saat vaxt istəyib. Belə olduqda, yığıncaq nə az, nə çox, düz beş saat çəkəcək, ya da iki yığıncaq keçirmək lazım gələcək.

Lakin ən iri komitə də vətəndaşların yığıncağından xeyli azsaylıdır. İndi də 200 sakini olan bir kəndi təsəvvür edək. Yetkinlik yaşına çatmış vətəndaşlar ümumi əhalinin yarısını təşkil edir və bu yüz nəfərin yüzü də yığıncağın işində iştirak edir. Tutaq ki, onların hər birinə çıxış üçün 10 dəqiqə vaxt verilir. Hətta sayı çox da olmayan belə yığıncaq səkkiz saatlıq iki iş günü tələb edəcək, lakin bu da hələ imkan daxilindədir, baxmayaraq ki, müəyyən qədər çətinliklər yarada bilər. Tutaq ki, çıxışların reqlamenti 10 dəqiqəni aşmır. Fəqət, yığıncaq iştirakçılarının sayı artdıqca bir o qədər absurd vəziyyət yaranır: 10 min nəfərlik "ideal polisdə" yığıncaq üçün tələb olunan vaxt hər cür real imkan və hədləri aşır. Belə ki, hər bir vətəndaşa verilən 10 dəqiqə səkkiz saatlıq 200 iş gününə çevrilir. Reqlamenti yarım saat olan yığıncağın keçirilməsi isə təxminən 2 illik vaxt tələb edərdi.

Əlbəttə, yığıncaqda iştirak edənlərin hamısının çıxış etmək istəyəcəyini düşünmək gülünc olardı. Bu cür tədbirlərdə olan hər kəs bilir ki, adətən bir neçə nəfər çıxış edir, qalanları bu və ya digər səbəbdən susur - ya başqaları onları qabaqladığına görə, ya "auditoriya qorxusuna", ya özlərini bu məsələdə səriştəli bilmədiklərinə görə, ya müzakirə olunan məsələ ilə kifayət qədər maraqlanmadığına görə, ya bu məsələnin "çiyliyinə" görə və sair və ilaxir. Müzakirəni üç, ya dörd nəfər aparır, qalanları qulaq asır (ya da qulaq asmır), səsvermənin vaxtı gələndə də səs verirlər (ya da səs vermək istəmirlər).

R.Dahl qeyd edir ki, bundan əlavə, diskussiyalar, bu və ya digər işin mahiyyətinin aydınlaşdırılması yığıncaqlardan kənarda da keçirilə bilər. 8-ci cədvəldə müxtəlif məsələlərin müzakirəsinə təxminən nə qədər vaxt sərf edildiyini göstərsək də, əslində belə müzakirələr qeyri-rəsmi şəraitdə keçir, ona görə bu nümunə sxemini hərfən qəbul etmək lazım deyil. Bununla belə, bütün bu qeydlərə baxmayaraq, "yığıncaq demokratiyası" bir sıra ciddi problemlər yaradır:

* Vətəndaşların iştirak etmək imkanları onların sayı ilə əks-mütənasibdir.

* 100 nəfərlik yığıncaqda çoxları dinləyici qismində iştirak edir, öz baxışlarını çıxışda ifadə etmək qabiliyyətinə malik olan iştirakçıların maksimum sayı çox da böyük deyil və güman ki, 100 nəfərdən xeyli azdır.

* Yığıncağın bu fəal iştirakçıları mahiyyət etibarilə qalanlarının bir növ nümayəndələri olurlar. Yalnız səsvermə proseduru istisna edilə bilər (Bu istisna çox vacibdir və mən bu məsələyə hələ qayıdacağam).

* Demək, hətta ümumi yığıncaq demokratiyası sisteminin köməyi ilə idarə olunan quruluşda da nümayəndəlik sisteminin elementlərinə rast gəlinir.

* Lakin heç bir qarantiya yoxdur ki, yığıncağın fəal iştirakçıları qalanlarının mənafelərini təmsil edəcəklər.

* Belədirsə, effektiv seçkili nümayəndəlik sisteminin yaradılması üçün vətəndaşlar tam haqlı olaraq azad və ədalətli seçki prosedurunu daha münasib hesab edə bilərlər.

Beləcə, dediklərimizdən görmək olar ki, üstünlük nümayəndəlik sisteminin tərəfindədir. Bəlkə biz səhv edirik? Təsadüf elə gətirib ki, vaxt itkisinin və vətəndaşların sayının əlaqəsi məsələsi nümayəndəlik sisteminə də şamil edilə bilər və orada elə ilk baxışdan bir ciddi qüsuru görmək olar. Cədvələ və hesab üzrə çalışmamıza qayıdaq: indi də hesablayaq görək hər bir vətəndaşın öz nümayəndəsi ilə hətta "ötəri görüşü" üçün nə qədər vaxt tələb olunar? Nümayəndəli hökumətdə yığıncaqlar sisteminin səmərəsizliyi nümunəsini inandırıcı şəkildə 8-ci cədvəldən də görmək olar. Bir anlığa təsəvvür edək ki, xalqın nümayəndəsi onun seçki dairəsində yaşayan hər bir yetkinlik yaşına çatmış vətəndaşa 10 dəqiqə vaxt ayırmaq və onunla bu və ya digər məsələləri müzakirə etmək istəyir. Gediş-gəlişə sərf olunan vaxtı və digər kənar halları bir tərəfə qoyub, ancaq onu təsəvvür etsək ki, dairədə 10 000 nəfər, yəni cədvəldə göstərilmiş maksimum miqdarda seçici yaşayır, onda sübuta ehtiyac qalmayacaq, görəcəyik ki, nümayəndə ilin böyük bir hissəsini yalnız seçicilərlə görüşə sərf etməli olacaqdır! Amerika Birləşmiş Ştatlarında konqres üzvlari hər birində orta hesabla 400000 mindən çox seçicinin yaşadığı dairələrdən seçilirlər. Amerikanın Nümayəndələr Palatasının üzvü öz dairəsinin hər bir üzvünə heç olmasa 10 dəqiqə vaxt ayırmaq fikrinə düşsə, onun daha heç bir işə vaxtı qalmayacaq. Əgər o, hər gün öz seçicilərinə 8 saat vaxt sərf etsə, onda bunun üçün 20 il vaxt tələb olunar.

R.Dahl soruşur ki, birbaşa demokratiya münasibdir, yoxsa nümayəndələr demokratiyası? Kiçik, yoxsa iri miqyaslı demokratiya? Hansı yaxşıdır? Hansı daha demokratikdir? Hər birinin öz qızğın tərəfdarları və indicə gördüyümüz kimi, öz danılmaz üstünlükləri var. Baxmayaraq ki, bizim süni və bəlkə də "absurd" riyazi hesablamalarımız vətəndaşların idarəetmədə tam dəyərli iştirakı yolunda dəfolunmaz maneələri aşkar edərək göstərdi ki, bu maneələr hər iki sistem üçün səciyyəvidir. Həm bu, həm də o biri sistem idarəetmədə iştirak üçün zəruri olan vaxtın miqdarı ilə bu idarəetmədə iştirak etməli olan vətəndaşların sayı arasındakı həlledilməz ziddiyyətlərin öhdəsindən gəlməkdə acizdir.

Vaxtın və sayın nisbəti qanunu deyir ki, siyasi vahidin tərkibinə nə qədər çox vətəndaş daxil olarsa, bu vətəndaşların dövlətin idarə olunmasına dair qərarların qəbul edilməsində bilavasitə iştirak etməsi ehtimalı bir o qədər azalar və onlar daha çox sayda hüquqları öz nümayəndələrinə həvalə etməli olarlar.

R.Dahl yazır: "Beləliklə, yuxarıda deyilənlərə əsasən, demokratiyanın təməl dilemması aşağıdakılardan ibarətdir: əgər məqsədimiz - siyasi qərarların qəbul edilməsində iştirak etmək üçün vətəndaşlara maksimum imkanlar verən demokratik idarəetmə sistemini qurmaqdırsa, onda heç şübhəsiz, üstünlük "ümumi yığıncaq demokratiyasına" verilməlidir. Yox, əgər məqsədimiz vətəndaşların problemlərinin ən səmərəli həlli üçün maksimum imkanları olan demokratik idarəetmə sistemini yaratmaqdırsa, onda üstünlük elə bir miqyaslı siyasi vahidə verilməlidir ki, onun idarə edilməsi üçün nümayəndəlik sistemi tələb olunmuş olsun. Nəticədə, belə bir dilemma yaranır: vətəndaşların iştirakı, yoxsa sistemin effektivliyi?

Demokratik vahid kiçildikcə, vətəndaşların idarəçilikdə iştirak etmə potensialı yüksəlir və hakimiyyət səlahiyyətlərinin vətəndaşların nümayəndələrinə verilməsi zərurəti azalır. Demokratik vahid böyüdükcə, onun vətəndaşların problemlərini səmərəli şəkildə həll etmək imkanları genişlənir və müvafiq səlahiyyətlərin onların nümayəndələrinə verilməsi zərurəti artmış olur.

Şəxsən mən bu dilemmadan necə yaxa qurtarmağın yolunu bilmirəm. Bir halda ki, ondan yaxa qurtarmaq mümkün deyil, onu həll etmək lazımdır".

Siyasi sistemlər onlarda olan imkanları heç də həmişə tam dərəcədə reallaşdıra bilmirlər, bu insan fəaliyyətinin istənilən sahəsi üçün səciyyəvi haldır. Kitabın adı məsələnin mahiyyətini ifadə edir - "kiçik olduqca, yaxşı olur (kiçik gözəldir)". Şübhəsiz ki, çox kiçik siyasi sistemlərdə vətəndaşların iştirakının iri sistemlər üçün əlçatmaz olan səviyyəsinə nail olmaq imkanı mövcuddur. Bu, nəzəri imkandır, lakin praktikada çox vaxt, bəlkə də həmişə bu potensial açılmamış qalır.

Yeni İngiltərənin (ABŞ-ın şərq sahillərində region, - red.) kiçik şəhərlərində həyata keçirilən yığıncaqlar imkanlara və bu imkanların hüdudlarına aid gözəl misal ola bilər. Orada çox yerdə ənənəvi şəhər yığıncaqları seçkili nümayəndələrdən ibarət olan qanunverici orqanlar tərəfindən xeyli dərəcədə və ya tamamilə sıxışdırılıb çıxarılmışdır, lakin əsasən kənd rayonlarından ibarət olan Vermont ştatında bu yığıncaqlar hələ də fəaliyyət göstərməkdə davam edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər