İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında göstərilir:
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda göstərilir:
1. Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir.
2. Hər bir insan öz fikrini sərbəst ifadə etmək hüququna malikdir; bu hüquqa hər cür informasiyalara və ideyalara dövlət sərhədlərindən asılı olmayaraq şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququ daxildir.
3. Hazırkı maddənin 2-ci bəndində nəzərdə tutulan hüquqlardan istifadə insanın üzərinə xüsusi öhdəliklər və xüsusi məsuliyyət qoyur. Buna görə də o, bəzi məhdudiyyətlərlə bağlıdır; lakin aşağıdakı məqsədlər üçün qoyula bilən həmin məhdudiyyətlər qanunla müəyyən edilməli və zəruri olmalıdır:
a) başqa şəxslərin hüquqlarına və nüfuzlarına hörmət edilməsi üçün;
b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının qorunması üçün.
İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə göstərilir:
Hər bir şəxs əqidə və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və informasiya və ideyaları dövlət sərhədlərindən asılı olmayaraq istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir.
Avropa Şurasının Nazirlər Komitəsi Medianın cinayət prosesi haqqında informasiya ilə təmin olunmasına dair Bəyannamə (10 iyul 2003-cü ildə Nazirlər Komitəsi tərəfindən qəbul edilib).
Avropa Şurasının Nazirlər Komitəsi,
Üzv dövlətlərin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra "Konvensiya") 10-cu maddəsinə əsasən təminat verilən fikri ifadə azadlığı hüququna dair üzərlərinə götürdükləri öhdəliklərini xatırladaraq,
Fikri ifadə və İnformasiya Azadlığı haqqında 1982-ci il Bəyannaməsində nəzərdə tutulan fikri ifadə və informasiya azadlığı hüququnun demokratik cəmiyyətin və fərdin inkişafının əsas şərtlərindən biri olduğunu təsdiq edərək,
Konvensiyanın 6-cı maddəsində təsbit olunan ədalətli məhkəmə araşdırması və təqsirsizlik prezumpsiyası hüququna, konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququna dair öhdəliyi xatırladaraq,
Bundan başqa, medianın özünütənzimləmə əsası olan konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan assosiasiyalar azadlığı hüququna müvafiq olaraq medianın və jurnalistlərin peşəkar birliklər yaratmaq hüququna malik olmasını xatırladaraq,
Konvensiyanın 6, 8 və 10-cu maddələri ilə tənzim edilən ziddiyyətli məqamların mümkunlüyünü və hər bir fərdi iş üzrə faktlara müvafiq olaraq, konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzarətedici rolu ilə əlaqədar olaraq bu hüquqlar arasında balans yaratmanın zəruriliyini nəzərə alaraq,
Həmçinin, belə balansyaratmaya fövqəladə dərəcədə təsir edə bilən medianın özünütənzimləmə və birgə tənzimləmə dəyərlərini nəzərə alaraq,
Avropada media və jurnalistlər tərəfindən edilən bir çox təşəbbüslərin ya özünütənzimləmə vasitəsilə, ya da dövlətlə əməkdaşlıq çərçivəsində jurnalist məsuliyyətini artırdığı barədə xəbərdar edərək,
Həmçinin, media kontekstində cinayət prosesinə aid olan, təhlükə altında olan hüquq və mənafelərin müdafiəsi üzrə yüksək səviyyəli müzakirələrə təkan verilməsi zərurəti barədə xəbərdar edərək,
Bu kontekstdə jurnalistikanın qarşısındakı vəzifə məsuliyyətinin artırılmasını, xüsusilə, davranış kodeksləri vasitəsilə və ya digər təşəbbüslərlə mediadan yaxşı nümunə kimi faydalanmanı arzu edərək,
Cinayət prosesi kontekstində informasiyanın kommersiya mahiyyətinin artmasından narahatlıq ifadə edərək,
Eyni zamanda, cinayət prosesi ilə əlaqədar fikri ifadə və informasiya azadlığı hüququna, xüsusilə, buna media vasitəsilə nail olunmasına təminat verməklə, şərait yaratmağı arzu edərək,
Özünün mətbuatla əlaqədar fərdin cavab vermək hüququna dair (74) 26 saylı Qətnaməsini, cinayət hüququ və cinayət prosesi çərçivəsində qurbanların vəziyyətinə dair (85) 11 saylı Tövsiyəsini, şahidlərə qarşı hədə-qorxu tətbiq olunması və müdafiə hüququ haqqında R (97) 13 saylı Tövsiyəsini, media və tolerantlıq mədəniyyətinin inkişafı haqqında R (97) 21 saylı Tövsiyəsini və jurnalistlərin öz informasiya mənbələrini açıqlamaması hüququna dair R(2000) 7 saylı Tövsiyəsini xatırladaraq,
Kütləvi İnformasiya Siyasətinə dair 4-cü Avropa Nazirlər Konfransında (Praqa dekabr 1994) qəbul olunan jurnalist azadlıqları və insan hüquqları barədə 2 saylı Qətnaməni, eləcə də, Kütləvi İnformasiya Siyasətinə dair 6-cı Avropa Nazirlər Konfransında (Krakov, iyun 2000) qəbul olunan Gələcək Naminə Media Siyasəti haqqında Bəyannamşni nəzərə alaraq,
7, 8 oktyabr 1998-ci ildə Strasburqda Tənzimləmə Komitəsinin, eləcə də, 19, 21 aprel 1999-cu ildə Saarbrüxendə Avropa Komissiyası və Almaniyanın təşkil etdiyi medianın özünüidarə problemlərinə həsr olunan seminarları barədə xəbərdar edərək,
2002-ci ilin yanvar ayında Tənzimləmə Komitəsi tərəfindən təşkil olunan media peşəkarları ilə ictimai müzakirələr barədə xəbərdar edərək,
Üzv dövlətləri dəvət edir:
1. Jurnalistlərin hüquq və məhkəmə sahəsində treninqlərini dəstəkləməklə, media və onların peşəkar birlikləri, təhsil qurumları və məhkəmələrlə əməkdaşlıqda, cinayət prosesinə dair materiallara görə onların məsuliyyətini artırmaq (hələ ki, bu prosesdə tərəflərin hüquq və mənafelərini, eləcə də, belə proses zamanı dövlətin risk altında qalan maraqlarının dərk olunması üçün zəruridir).
2. Nazirlər Komitəsinin üzv dövlətlərə ünvanladığı Rec (2003)13 saylı Tövsiyəsində nəzərdə tutulan prinsiplərə hörmətin təmin olunması üçün mediada cinayət prosesi barədə gedən materiallarla əlaqədar, peşəkar etik standartlar müəyyən etməklə hər hansı özünütənzimləmə təşəbbüslərini dəstəkləmək;
3. Media sahəsində fəaliyyət göstərən özünütənzimləmə orqanları ilə əməkdaşlığa can atmaq;
4. Mediada cinayət prosesinə dair materiallarla əlaqədar müvafiq qanunvericilik proseslərinə bu sahədə fəaliyyət göstərən peşəkar birlikləri cəlb etmək, məsələn, dinləmələr və ya konsultasiyalar vasitəsilə;
5. Bu bəyannaməni hakimiyyət orqanlarına və məhkəmələrə, həmçinin mediaya, jurnalistlərə və onların peşəkar birliklərinə şamil etmək.
Medianı və jurnalistləri dəvət edir:
1. Özləri üçün könüllü peşəkar birliklər yaratmaq və belə birliklər arasında pan-Avropa əməkdaşlığına şərait yaratmaq;
2. Jurnalistlər, xüsusilə cinayət prosesi barədə yazan repartyorlar üçün peşəkar etik direktivlər və standartlar tərtib etmək, hansı ki, bu cür direktiv və standartlar hələ mövcud deyil və bu qaydalara uyğun olan şəraiti yaratmaq;
3. Özlərinin məqalə və məlumatlarında şübhəli və təqsirləndirilən şəxslərlə konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlara uyğun olaraq, təqsiri qanun əsasında məhkəmə tərəfindən sübut edilənədək, onlarla təqsirsiz şəxs qismində davranmaq;
4. Qurbanların, iddiaçıların, şübhəli, təqsirləndirilən, məhkum edilmiş şəxslərin və şahidlərin, eləcə də, onların ailə üzvlərinin ləyaqəti, təhlükəsizliyi və şəxsi hüquqlarına, konvensiyanın 8-ci maddəsində nəzərdə tutlduğu kimi, əgər informasiya ictimai maraq kəsb edirsə, hörmət etmək;
5. Şəxsin əvvəlki cinayətini yada salmamaq, əgər bu, ictimai maraq kəsb edirsə və ya yenidən ictimai narahatlıq mövzusuna çevrilərsə;
6. Cinayət məsuliyyətinə cəlb olunmuş azlıqların və digər kateqoriyadan olan zəif şəxslərin maraqlarına münasibətdə həssas olmaq;
7. Zərərli olan cinayət araşdırmalarından və məhkəmə proseslərindən boyun qaçırmaq;
8. Özlərinin cinayət prosesinə dair məqalə və məlumatlarında ksenofobiya, ayrı-seçkilik və ya zorakılığa sövq edilməsi ehtimal olunan zərərli və alçaldıcı istinadlardan boyun qaçırmaq;
9. Bu məsələlərlə əlaqədar adekvat treninqlər keçirməklə jurnalistlərə cinayət prosesi barədə məlumat verməyi həvalə etmək.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru