İsveçrə filosofu Jan-Jak Russonun əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir. Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılarsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabının (1917) intellektual atası hesab etmək olar.
Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrədəki tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir, onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ildə Russo Parisə - o vaxtkı dünyanın intellektual mərkəzinə köçür. O, burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur. 1750-ci ildə Russonun "İncəsənət və elm haqqında düşüncələr" essesi Dijon şəhəri akademiyasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə də "İctimai müqavilə haqqında" şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur. Russonun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.
Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda, ona bir sıra xüsusi cizgilər əlavə etmişdir. Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbusu kəskin tənqid edirdi. Russo bildirirdi ki, "insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir. Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir. Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır.
Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar. İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm - dövlət meydana gəlir. Russoya görə, Suveren - xalqdar, onun iradəsi müstəqildir və dəyişikliyə məruz qala bilməz. Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai və kollektiv başlancığın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır. Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixin ən totalitar doktrinalarından birini təmsil edir.
Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir. Russo bildirir ki, cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyyət insanların maraqlarına ziddi ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət edilməsindən heç söhbət də gedə bilməz. Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktaturası və qanlı terrorun ideoloji əsasına çevrildi.
Russo yazırdı ki, "əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna məcbur ediləcəkdir, bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər. Bunu kommunist və faşist ölkələrinin rəhbərləri artıq nümayiş etdirmişlər. Bu halı Corc Oruell öz antiutopik romanında (1984) belə müəyyən etmişdir: "Azadlıq köləlikdir". Kimsə ümumi iradəyə tabe olmaqdan imtina etsə, o, buna bütün orqanizm tərəfindən məcbur ediləcəkdir, bu isə, o deməkdir ki, onu azad olmağa zorla məcbur edəcəklər... Mən insanları olduğu kimi, qanunları isə olmalı kimi qəbul etdikdə, mülki vəziyyətdə etbarlı və qanunlara əsaslanın hər hansı bir idarəetmə prinsipinin mümkünlüyünü araşdırmaq istəyirəm. Bu araşdırmada mən hüququn icazə verdiyini mənafeni tələb etdiyi ilə daim uyğunlaşdırmağa çalışacağam ki, ədalət və fayda arasında heç bir ziddiyyət olmasın.
Məndən soruşa bilərlər: məgər mən hökmdar, yaxud qanunvericiyəm ki, siyasətdən yazıram? Əgər mən hökmdar, yaxud qanunverici olsaydım, nə etmək lazım gəldiyi barədə söhbətlərə vaxt itirməzdim - ya bunu edərdim, ya da susardım. Bir halda ki, azad dövlətin vətəndaşı və suverenin üzvüyəm, mənim səsimin ictimai işlərə əhəmiyyətə nə qədər az da olsa da, bu işlərin müzakirəsi zamanı səsvermə hüququm kifayətdir ki, bu işlərin mahiyyətini özüm üçün aydınlaşdırmaq vəzifəsini öhdəmə götürüm və xoşbəxtəm ki, hər dəfə idarəetmənin formaları haqqında mülahizələr yürüdərkən öz ölkəmin idarəetmə tərzini sevmək üçün yeni-yeni səbəblər tapıram. J.Jak Russo yazır: "İnsan azad doğulur, lakin o, hər yerdə buxovdadır. Bəzisi özünü başqalarının hökmdarı zənn edir, lakin bu, onun onlardan da artıq dərəcədə kölgə olmağına mane olmur. Bu dəyişiklik necə baş verir? Mən bunu bilmirəm. Ona qanunilik verən nədir? Düşünürəm ki, bax, bu məsələni həll edə bilərəm.
Əgər mən yalnız onun hərəkətinin gücü və nəticələri məsələsini nəzərdən keçirmiş olsaydım, belə deyərdim: nə qədər ki, xalq itaət etməyə məcburdur və itaət edir, o, yaxşı hərəkət eləyir, lakin boyunduruğu öz üzərindən atmaq imkanı qazanan kimi onu atırsa, o, əvvəlkindən də yaxşı hərəkət eləyir; belə ki, azadlıq ondan hansı hüquqla oğurlanmışdırsa, elə həmin hüququn əsasında da azadlığı özünə qaytarmaqla göstərir ki, onun buna əsasları varmış, ya da azadlığı ondan almaq üçün qətiyyən heç bir əsas olmadığını təsdiq etmiş olur. Lakin ictimai vəziyyət bütün qalan hüquqlar üçün əsas rolunu oynayan müqəddəs hüquqdur. Bu hüquq fəqət, təbii xarakter daşımır, deməli, o, sazişlə əsaslanır. Aydınlaşdırmaq lazımdır ki, bunlar necə sazişlərdir. Bunu etməzdən əvvəl mən indicə irəli sürdüyüm müddəaları əsaslandırmalıyam.
Bütün cəmiyyətlərin ən qədimi və yeganə təbiisi ailədir. Lakin axı ailədə də uşaqlar atalarına ona ehtiyacları olana qədər bağlıdırlar...
Beləliklə, əgər bilmək istəyirsinizsə, ailə siyasi cəmiyyətlər üçün örnək, hökmdar - ata, xalq - övladlardır, bərabər və azad doğulmuşların hamısı öz azadlıqlarını başqasına verirlərsə, bunu yalnız öz xeyirləri naminə edirlər...
Qrotsi insanlar arasında hər cür hakimiyyətin idarə olunanların xeyrinə qurulduğunu inkar edir və nümunə qismində köləliyi göstərir. Hobbs da bu fikirdədir. Beləliklə, demə, insan nəsli mal-qaranı bir məqsədlə sonradan yemək üçün qoruyur. Aristotel haqlı idi, lakin o, nəticəni səbəb kimi qəbul edirdi.
Köləlikdə doğulan hər kəs köləlik üçün doğulur, bundan düzgün heç nə ola bilməz. Buxovlanmış kölələr hər şeylərini itirirlər, hətta bu buxovlardan azad olmaq istəyini də, nticd köləliyi sevməyə başlayırlar.
Bir anlığa təsəvvür edək ki, "güclünün hüququ" deyilən şey, həqiqətən də mövcuddur. Lakin bu necə hüquqdur ki, gücün təsiri kəsilən kimi yox olur? Əgər gücə əyilərək tabe olmaq zərurəti də yoxdur və əgər insan tabe olmağa məcbur edilmirsə, artıq bunu etməyə borclu deyildir. Hakimiyyətə tabe olun. Əgər bu, gücə tabe olmaq deməkdirsə yaxşı moizədir, lakin gərəksizdir, mən də zəmanət verərəm ki, o, heç vaxt pozulmayacaq. Hər cür hakimiyyət Allah tərəfindən verilir, mən bunu qəbul edirəm, lakin hər cür xəstəlikləri də Allah verir, bəs həkim çağırmaq qadağandır? Razılaşaq ki, güc heç bir hüquq yaratmır və insanlar yalnız qanuni hakimiyyətə tabe olmağa borcludurlar. Beləcə lap əvvəldə qoyduğum sual yenidən bizim qarşımızda peyda olur".
J.Jak Russonun fikrincə, bir halda ki, insan özü kimilərin üzərində təbii hakimiyyətə malik deyil və bir halda ki, güc heç bir qanun yaratmır, deməli, belə çıxır ki, insanlar arasındakı hər hansı qanuni hakimiyyətin əsası yalnız müqavilələr ola bilər. Deyə bilərlər ki, despot öz təbəələri üçün vətəndaş sülhünü doğan müharibələr, onun sonsuz acgözlüyü, üsul-idarəsinin zülmü onları öz daxili çəkişmələrindən də artıq dərəcədə var-yoxdan çıxarırsa, bu halda həmin o vətəndaş sülhündən nə fayda? Əgər bu barışıq onların fəlakətlərindən birinə çevrilsə, bu halda ondan nə fayda? Zindanlarda da dinc yaşamaq olur, lakin bu kifayətdirmi ki, orada özünü yaxşı hiss edəsən?
Öz azadlığından imtina etmək öz insan ləyaqətindən, insan təbiətinin hüquqlarından, hətta onun vəzifələrindən üz döndərmək deməkdir. Hər şeydən imtina edən üçün heç bir əvəz ola bilməz. Bu cür imtina insan təbiəti ilə bir araya sığmır, insanı iradə azadlığından məhrum etmək onun hərəkətlərini hər cür əxlaqdan məhrum etmək deməkdir. Nəhayət, bir tərəfdən hüdudsuz hakimiyyətin, digər tərəfdən hüdudsuz itaətin təmin edilməsi şərtilə razılaşdırılan bu cür müqavilə faydasız və ziddiyyətlidir.
Qrosti və digərləri qul sahibliyi hüququnun mənşəyini həm də müharibələrdə görürlər. Onların fikrincə, qalibin məğlubu öldürmək hüququ olduğundan, "məğlub olan həyatını şəxsi azadlığı bahasına ala bilər" müqaviləsi hər iki tərəfə fayda gətirdiyindən, ikiqat qanuni sayılmalıdır. Lakin aydındır ki, məğlub olanları öldürmək hüququ adlanan şey heç bir halda müharibə vəziyyətindən doğmur. Ən azı ona görə ki, lap əvvəldən asılı vəziyyətdə olan insanların öz aralarında elə bir ünsiyyətləri yoxdur ki, müharibə, yaxud sülh vəziyyəti yarana bilsin, bu insanlar əzəldən heç də bir-birinə fitri düşmən deyillər.
Hətta fərz etsək ki, hamını öldürmək kimi dəhşətli bir hüquq, həqiqətən mövcuddur, əminəm ki, müharibə zamanı qul olmuş şəxs, yaxud fəth edilmiş xalq öz hökmdarına məcbur edildiyi zaman boyunca itaət etməkdən başqa heç şey borclu deyildir.
Kölə və hüquq anlayışları bir-birinə ziddir, bunlar bir-birini qarşılıqlı surətdə istisna edir. Belə bir fikir - "Mən səninlə tam sənin hesabına və tam mənim xeyrimə müqavilə bağlayıram, mən bu müqaviləyə mənə lazım olana qədər əməl edəcəyəm və sən bu müqaviləyə mənə lazım olana qədər əməl edəcəksən" fikri insanın insana, yaxud insanın xalqa münasibətini nəzərdə tutmasından asılı olmayaraq, həmişə hər cür mənadan məhrumdur.
J.J.Russo qeyd edir ki, əgər mən indiyə qədər rədd etdiklərimlə razılaşsaydım belə, despotizmin tərəfdarları bundan çox az şey udardılar. Kütləni özünə tabe etməklə cəmiyyəti idarə etmək arasında həmişə böyük fərq olacaqdır. Əgər ayrı-ayrı insanları bir-birinin ardınca bir nəfər əsarətə alırsa, mən onların miqdarından asılı olmayaraq, burada xalqı və onun başçısını deyil, yalnız ağanı və qulu görürəm.
Bilmək istəyirsinizsə, bu, birlik deyil insan yığnağıdır, burada nə ümumi nemətlər var, nə də siyasi orqanizm. Bu cür insan hətta dünyanın yarısını əsarətə almış olsa belə, vur-tut fiziki şəxs olacaq, onun digər insanların mənafeyindən ayrılmış mənafeyi vur-tut şəxsi mənafe olacaq. Əgər bu insan həlak olarsa, o zaman onun dövləti də dağılacaqdır, necə ki, alovun yandırdığı palıd dağılıb külə çevrilir.
"Elə bir birlik formasını tapmaq lazımdır ki, o, bütün ümumi gücün köməyi ilə birliyin üzvlərindən hər birinin şəxsiyyətini və əmlakını müdafiə etsin və qorusun, habelə onun sayəsində hər bir şəxs hamı ilə birləşməklə yanaşı, yalnız özü-özünə tabe olsun və əvvəl necə idisə, o cür azad qalsın. İctimai müqavilənin maddələri aktın öz təbiəti ilə müəyyən edilmişdir. Bu maddələrin azacıq dəyişdirilməsi onları qüvvədən və faydalılıqdan məhrum edərdi.
Bu maddələr düzgün başa düşülürsə, yeganə bir şeyi birliyin hər bir üzvünün özünün bütün hüquqları ilə birgə icmanın sərəncamına tam özgəninkiləşdirilməsini tələb edir, belə ki, birincisi, əgər hər kəs özünü bütövlüklə tabe etdirirsə, o zaman hamı üçün bərabər şərtlər yaradılır, bir halda ki, şərtlər hamı üçün bərabərdir, heç kəs maraqlı deyil ki, bu şərtlər başqları üçün ağırlaşdırsın.
Daha sonra özününküləşdirilmə hər hansı bir müsadirə olmadan həyata keçirildiyi üçün həmrəylik mümkün olduğu qədərincə tam olur və birliyin heç bir üzvü daha heç nə tələb edə bilmir.
İctimai müqavilədən onun məğzini təşkil etməyən şeyləri çıxarsaq, məlum olar ki, o, aşağıdakı müddəalardan ibarətdir. Bizlərdən hər kəs öz şəxsiyyətini və bütün gücünü ümumi əmlaka qataraq ümumi iradənin ali rəhbərliyi altına verir və nəticədə, hər bir üzv hamımız üçün olan birliyin daxilində tamın bölünməz hissəsinə çevrilir.
Müqavilə münasibətlərinə girən ayrı-ayrı şəxslərin əvəzinə gecikdirilmədən bu birliyin aktı ümumi məclisdəki səslərin sayı qədər üzvdən ibarət olan şərti kollektiv tam yaradır.
Həmin akt nəticəsində bu tam öz vəhdətini, öz ümumi mənini öz həyatını və iradəsini əldə etmiş olur. Müvafiq olaraq digərlərinin birləşməsi nəticəsində yaranan bu hüquqi şəxs vaxtilə "vətəndaş toplusu" adlanırdı. Hazırda isə "respublika", yaxud "siyasi orqanizm" adlanır: onun üzvləri bu siyasi orqanizmi, o, passiv olanda Dövlət, fəal olanda Suveren, onu digər bənzərləri ilə müqayisə etdikdə isə Məmləkət adlandırırlar. Birliyin üzvlərinə gəldikdə isə, onlar cəm halda "xalq" ayrı-ayrılıqda ali hakimiyyətdə iştirak edənlər kimi "vətəndaş" və Dövlətin qanunlarına tabe olanlar kimi "təbəə" adlanırlar...
Bu düsturdan görünür ki, birləşmə aktında bütün xalqın və xüsusi şəxslərin qarşılıqlı öhdəlikləri var və hər bir fərd, necə deyərlər, öz-özüylə müqaviləyə girməklə Severenin üzvü kimi xüsusi şəxslərlə əlaqədar və Dövlətin üzvü kimi Suverenlə əlaqədar iki öhdəlik götürmüş olur... Bir halda ki, hər kəs ikili qismdə çıxış edir, bütün xalqın qəbul etdiyi qərar bütün təbəələrin Severenə münasibət sahəsində məcburi qüvvəyə malik ola bilər, lakin əks- səbəbdən özü ilə əlaqədar öhdəlikləri Suverenin üzərinə qoya bilməz... Suveren özünü yalnız bir münasibətdə nəzərdən keçirə bildiyindən, o özü müqaviləyə girən xüsusi şəxs vəziyyətinə düşmüş olur. Əgər belədirsə, bütövlükdə bütün xalq üçün məcburi olan başlıca qanun yoxdur və ola da bilməz, onun üçün hətta ictimai müqavilə də məcburi deyildir...
Lakin təbəələrin Suverenə münasibəti məsələsi heç də bu cür deyil, ümumi marağa baxmayaraq, Suveren öz təbəələrinin sədaqətini təmin etmək.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru