Avtoritar liderlər bəzən iddia edirlər ki, onların rejimi bütün qalan demokratiyaları kölgədə qoyan xüsusi növ demokratiyadır. Məsələn, V.İ. Lenin vaxtilə bəyan etmişdi: "Proletar demokratiyası hər hansı bir burjua demokratiyasından milyon dəfə demokratikdir; Sovet hokuməti ən demokratik burjua respublikasından milyon dəfə demokratikdir". Bunu deyən şəxs altmış ildən də böyük dövr ərzində sovet İttifaqında tüğyan etmiş totalitar rejimin yaradılmasında həlledici rol oynamışdı.
İkinci Dünya müharibəsi zamanı və müharibə bitdikdən sonra Sovet İttifaqının hakimiyyəti altına düşmüş Mərkəzi və Şərqi Avropa ölkələrində bərqərar olan avtoritar "xalq demokratiyaları"nın liderləri və təbliğatçılarının dilindən də həqiqətdən uzaq olan bu cür ifadələri tez-tez eşitmək olurdu.
Lakin biz despotların guya əsl demokrat olmaları haqqında iddialarını nə üçün həqiqət kimi qəbul etməliyik? Axı əfi ilana lap göyərçin desən də, o, öz ilanlığında qalacaq. Ölkə liderlərinin və "təbliğat təminatına" görə cavabdehlik daşıyan şəxslərin nə deməsindən asılı olmayaraq, biz həmin ölkənin demokratik olub-olmaması haqqında demokratiya üçün zəruri olan bütün siyasi institutların varlığı əsasında konkret fikrə gələ bilərik.
R.Dahl yazır: "Fəqət, bu, o deməkdirmi ki, sonuncu fəsildə göstərilmiş poliarxik demokratiyaya xas siyasi institutların tam dəstinin olması demokratiya meyarlarına cavab vermək üçün kifayətdir? Xeyr, mütləq deyil ki, bu, belə olsun.
* Poliarxik demokratiyanın institutları idarəetmə sisteminin geniş miqyaslarda, bir qayda olaraq, ölkə miqyasında, demokratikləşdirilməsi üçün vacibdir. Lakin nisbətən kiçik miqyaslı qurumlarda və ya dövlətdən asılı olmayan və orada mülki cəmiyyətin qurulmasına kömək edən kiçik assosiasiyalarda demokratiyanın bərqərar olması üçün bu institutlar lazımsız və hətta yersiz görünə bilər (aşağıda bu barədə daha ətraflı danışacağam).
* Əvvəlki fəsillərdə poliarxik demokratiya institutlarını ən ümumi halda təsvir etmişik. Lakin məgər demokratik ölkələrdə də onların siyasi institutlarının xüsusiyyətləri (partiya sistemləri, seçkilərin təşkili və s.) arasında böyük və mühüm fərqlər ola bilməzmi? Bu fərqlərdən bəzilərini biz sonrakı iki fəsildə nəzərdən keçirəcəyik.
* Poliarxik demokratiya institutlarının zəruriliyi heç də bunun demokratiya üçün bəs olduğunu nəzərdə tutmur. Doğrudur, bunların sayəsində həmin ölkələrin siyasi sistemləri 4-cü fəsildə göstərilmiş demokratiya meyarlarına az və ya çox dərəcədə cavab verir. Ancaq ola bilməzmi ki, siyahıya daxil etmədiyimiz başqa institutlar ölkənin bu meyarlardan birinə və ya bir neçəsinə daha dolğun cavab verməsinə kömək etsin?"
R.Dahlın fikrincə, əgər demokratiya meyarlarının nəzərdə tutduğu siyasi institutlar özündə seçkili-nümayəndəli orqanları ehtiva edirsə, onda Qədim Yunanıstan demokratiyası necə olsun? Axı orada "demokratiya" sözü ilk dəfə məhz onun şəhər-dövlətlərinin siyasi sistemi ilə əlaqədar işlədilmişdi. Düşünsək ki, əsrimizin Lenin, Mussolini və digər antidemokratları kimi qədim yunanlar da, sadəcə olaraq, bu termini düzgün işlətmirmişlər, onda bizim indiki təsəvvürümüz absurd anaxronizmə oxşamazmı? Axı necə olmasa, "demokratiya" sözünü onlar yaradıb və gündəlik həyata gətiriblər. Afinada demokratiyanın olmasını inkar etmək, Rayt qardaşlarının uçuş aparatının müasir təyyarəyə oxşamamasını əsas götürərək, onların icad etdiyi qurğunun aeroplan olmadığını iddia etməyə oxşayır.
Keçmişdə bu sözün necə işlədilməsinə hörmətlə yanaşmaqla biz, bəşəriyyətə yalnız bu sözü deyil, həm də bu sözün nələri ifadə etməsi barədə konkret nümunələri bəxş etmiş insanlardan demokratiya haqqında bir sıra şeyləri öyrənə bilərik. Yunan demokratiyasının ən məşhur nümunəsini - Afina demokratiyasını araşdırarkən, onu müasir demokratiyadan fərqləndirən iki mühüm xüsusiyyəti dərhal sezmək olar. Artıq nəzərdən keçirdiyimiz səbəblərə görə, müasir demokratların böyük bir hissəsi təsdiq edir ki, münasib demokratik sistem, ilk növbədə ümumi seçki hüququ meyarına cavab verməlidir, bu meyar isə heç bir halda qədim yunanlar tərəfindən qəbul edilə bilməzdi. Bu sıraya habelə antik dünyada nəinki məcburi olmayan, hətta arzuedilməz sayıla biləcək institutu - qanunları qəbul etmək səlahiyyətinə malik nümayəndələrin seçilməsi prosedurunu əlavə etmək olar. Biz qədim yunanların yaratdığı siyasi sistemi ilkin demokratiya, yaxud şəhər yığıncağı demokratiyası, yaxud birbaşa demokratiya adlandıra bilərik. Yunanlar bizim başa düşdüyümüz mənada, yəni bu anlayışın müasir anlamında nümayəndəli demokratiya yaratmayıblar.
R.Dahl bir daha yazır: "Biz nümayəndəli demokratiyanın guya demokratiyanın yeganə "qanuni" növü olması fikrinə elə alışmışıq ki, heç cür anlaya bilmirik ki, nə üçün yunanlar birbaşa demokratiyanın o cür qızğın tərəfdarı olublar. Halbuki bu nöqteyi-nəzər nisbətən yaxın vaxtlara qədər, məsələn, 1762-ci ildə Jan-Jak Russonun "İctimai müqavilə" kitabı çapdan çıxdığı dövrdə hakim mövqe tutub. Sonralar federal hökumətin yaradıldığı təqdirdə, özünüidarə hüququndan məhrum olacaqlarını güman edən antifederalistlər yeni Amerika Konstitusiyanın qəbul olunması əleyhinə çıxış etdikləri vaxtlarda da bu nöqteyi-nəzər hələ də öz gücünü saxlayırdı. Bizim günlərdə də, İsveçrə Kantonlarının yaxud Vermont ştatı şəhərlərinin sakinləri öz yığıncaqlarının legitimliyini bu cür cidd-cəhdlə müdafiə edir, XX əsrin 60-70-ci illərinin amerikalı tələbələri nümayəndəli hakimiyyət sistemini "iştirak demokratiyası" ilə əvəz etməyi eyni bir coşqunluqla tələb edirdilər. Bu gün də çoxları, vətəndaşların yığıncaqları vasitəsilə həyata keçirilən birbaşa demokratik idarəçilik sisteminin üstünlüyünü iddia etməkdə davam edir. Tarixi nümunələrə istinad edən birbaşa demokratiyanın tərəfdarları bu fikirdədirlər ki, nümayəndəli demokratiyanın çox qaranlıq keçmişi olub. İkinci fəsildən bilirik ki, nümayəndəli hakimiyyət sistemi demokratiya praktikasından törəməyib, müəyyən bir alət qismində yaranıb, elə bir alət ki, qeyri-demokratik hakimlər, ilk növbədə də monarxlar onun sayəsində ölkənin külli miqdarda gəlirini və digər resursları ələ keçirə bilirdilər ki, bu da onlara əsasən müharibələr aparmaq üçün lazım idi. Deməli, nümayəndəlik sistemi əzəldən heç də demokratik deyildi, yalnız sonralar bu qeyri-demokratik institut demokratiyanın nəzəriyyə və praktikasında tətbiq edilməyə başladı.
Nümayəndəlik sisteminin tənqidçilərinin sərəncamında bu sistemin yetərincə təmiz reputasiyası olmaması barədə xeyli əsaslı ittihamlarla yanaşı, daha bir kəsərli dəlil vardır: məsələn, şəhər kimi siyasi vahid miqyasında birbaşa demokratiya vətəndaşlara öz şəhərinin idarə olunması prosesində birbaşa iştirak etmək imkanı verir. Daha iri qurumlar miqyasında fəaliyyət göstərən nümayəndəlik sistemi isə bu cür imkanlardan məhrumdur.
İdeal demokratiyanın meyarlarından birini yada salaq. Söhbət qərarlar qəbul olunmasında səmərəli iştirak etmək imkanından gedir. Vətəndaşlar özlərinin idarə etdikləri kiçik qurumlarda bir yerə toplaşıb onlar üçün önəmli olan məsələləri müzakirə edə, "lehinə" və "əleyhinə" olan bütün dəlilləri dinlədikdən sonra, bilavasitə onlara aid bəndlər üzrə özləri səs verə bilirlər. Buna görə onların xüsusi mühüm qərarlar qəbul etmək hüququnu öz nümayəndələrinə ötürməsinə ehtiyac yoxdur, nümayəndələri isə, məlum olduğu kimi, adətən şəxsi plan və mənafeləri seçicilərinin mənafelərindən daha çox təsir göstərə bilir".
Necə deyərlər, bütün məziyyət və üstünlüklər göz qabağındadır. Belədirsə, onda nə üçün demokratiyaya əvvəlki baxış korrektə edildi və təməlindən demokratik olmayan nümayəndəli hakimiyyət institutuna üstünlük verildi?
Adətən, tarix sualın yalnız bir hissəsinə cavab verə bilir. Artıq numayəndələrin seçilməsi praktikasının tətbiq edildiyi ölkələrdə demokratik islahat tərəfdarlarının qarşısında böyük ümidlər verən perspektivlər açılmışdı: nümayəndəlik sisteminin mənşəyi nə qədər şübhəli görünsə də və həmin dövrdə seçki huququ nə qədər məhdud olsa da, bu sistemin islahına bir zərurət duyulmurdu. İslahatçıların fikrincə, elektoral bazanın genişləndirilməsi yolu ilə nümayəndələr yığıncağını (və ya parlamenti) demokratik niyyətlərə daha dolğun cavab verən xeyli nüfuzlu və səlahiyyətli orqana çevirmək mümkün idi. İslahatçıların bir çoxu nümayəndəlik sistemi timsalında demokratiyanın inkişafı prosesinə dərindən və səmərəli təsir göstərmək imkanını görürdülər. XVIII əsrin fransız mütəfəkkiri öz sələfi Monteskyö haqqındakı tənqidi mülahizələrinin sonralar Tomas Ceffersona güclü təsiri olmuş Detü de Trasi heyranlıq hissi ilə bildirmişdi. "Nümayəndəlik və nümayəndəli hökumət Monteskyö dövründə bəlli olmayan yeni bir ixtira kimi qiymətləndirilə bilər... Nümayəndəli demokratiya - artıq uzun müddətə və son dərəcə geniş məkanda həyata keçirilməsi mümkün oaln demokratiyadır".
R.Dahlın fikrincə, əhali arasında seçki hüququnun genişləndirilməsi prosesi getdikcə güclənərək son nəticədə xalqın ən geniş iştirakına əsaslanan nümayəndəlik sisteminə gətirib çıxardı, bu gün bizim demokratiya adlandırdığımız quruluşun gerçəkləşməsinə kömək etdi.
Ancaq yenə də sual doğur: nə üçün islahatçı-demokratlar nümayəndəlik sisteminin məlum qüsurlarını bilə-bilə onun əvəzinə demokratiyanın qədim yunanlardakı xalq yığıncaqlarına oxşar birbaşa formasını qəbul etmədilər? Bəziləri bundan təəssüflənsələr də, demokratiya tərəfdarlarının böyük əksəriyyəti vaxtı ilə ABŞ Konstitusiyasının müəllifləri kimi belə nəticəyə gəlmişdi ki, onların demokratikləşdirmək niyyətində olduqları siyasi vahid "ümumi yığıncaq demokratiyası" üçün həddən artıq böyükdür.
Ölçünün də əhəmiyyəti var. Bu və ya digər siyasi vahidin üzvlərinin sayı da, onun tutduğu ərazinin ölçüsü də demokratiyanın forması üçün müəyyən önəm daşıyır. Bir anlığa təsəvvür edin ki, qeyri-demokratik idarəetmə rejimində yaşayan bir ölkədə demokratik islahatlar aparmaq niyyətindəsiniz. Özü də istəmirsiniz ki, o, onlarca, yüzlərcə mikroskopik dövlətlərə parçalansın, baxmayaraq ki, kiçik ölçülər həmin ölkələrin vətəndaşlarına müntəzəm olaraq bir yerə toplaşmaq və ya yığıncaqlarda öz ali hakimiyyətlərini həyata keçirmək imkanı verə bilərdi. Sizin ölkənin vətəndaşlarının çoxsaylı olması isə bu cür yığıncaqlar təşkil etməyə imkan vermir, həm də onun tutduğu nəhəng ərazi bu yolda qarşısı alınmaz əngəllər törədir. İndi necə olsun?
Bizim zəmanədə, mən hələ gələcəyi demirəm, coğrafi uzaqlıq problemini elektron rabitə vasitələrinin (ERV) köməyi ilə həll etmək olar, belə ki, ERV ölkənin müxtəlif yerlərində yaşayan vətəndaşlara "görüşmək", ümdə problemləri müzakirə etmək və səsvermə keçirmək imkanı verir. Bununla belə, vətəndaşların "virtual" görüşlərini təşkil etmək bir şeydir, onların çox sayda olmasından irəli gələn problemləri həll etmək isə başqa şey. Elə bir hədd var ki, ondan o tayda bütün əhalinin görüşlərini və diskussiyalarda səmərəli iştirakını, hətta ERV-in köməyilə təşkil etmək cəhdi gülünc görünə bilər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru