Vaxtilə ABŞ-da konstitusion Konvent, əhalisinin sayının durmadan artdığı nəhəng ölkə üçün yararlı ola biləcək konstitusiya layihəsini hazırlamaq üçün Filadelfiyaya toplaşan zaman, nümayəndələr hələ də tarixən formalaşmış ənənənin güclü təsiri altında idilər. Amerika Birləşmiş Ştatlarının o vaxtlar tutduğu nəhəng ərazi miqyaslarında (hələ onu demirik ki, deputatlar bu miqyasların daha da genişlənəcəyini görürdülər) respublika quruluşu mövcud ola bilərmi? Lakin onlardan heç kəs zərrə qədər də şübhə etmirdi ki, əgər Amerikanın bəxtinə respublika olmaq yazılıbsa, o, mütləq nümayəndəli respublika formasını almalıdır. Müstəmləkə asılılığı dövründə və müstəqilliyin ilk illərində - ştatlarda qanunverici yığıncaqlar, sonralar isə "Kontinental Konqres"in yarandığı vaxtlarda əldə edilmiş böyük təcrübə - hakimiyyətin qanunverici orqanlarında nümayəndəlik təcrübəsi nümayəndəli hökumətin zəruriliyini şəksiz edirdi.
XIX əsrin ortalarında demokratiyaya köhnə ənənəvi baxış (ümumi yığıncaq demokratiyası) birdəfəlik rədd edildi və unuduldu, onu xatırlayanda da, onun əsassızlığını sübut etmək üçün xatırlayırdılar. 1861-ci ildə Con Styuart Mill yazırdı: "Şübhəsiz ki, sosial dövlətin tələblərini tam dərəcədə ödəməyə qabil olan yeganə idarəetmə üsulu - bütün xalqın iştirak etdiyi idarəetmədir; hətta az əhəmiyyətli ictimai vəzifələrin icrasında xalqın hər hansı şəkildə iştirakı faydalıdır və bu iştirak hər yerdə mövcud ictimai şüurun ümumi səviyyəsinin imkan verdiyi dərəcəyə qədər kütləvi olmalıdır. Dövlətdə ali hakimiyyətin hamının arasında bölünməsindən faydalı heç nə ola bilməz. Lakin öz ölçüləri ilə kiçik bir şəhərdən iri olan hansısa icmanın bütün vətəndaşları ictimai işlərin yalnız cüzi bir hissəsinin icrasında şəxsən iştirak edə bildiklərindən, mükəmməl hökumətin ideal növü qismində yalnız nümayəndəli hökumət götürülə bilər".
R.Dahl yazır: "Beləliklə, əgər biz siyasi hüquq bərabərliyinin zəruriliyini qəbul ediriksə, onda hər bir vətəndaşın bərabər və real səsvermə imkanı olmalıdır, özü də bütün səslər bərabər qüvvəyə malik olmalıdır. Səslərin bərabərliyinə riayət olunması üçün təbii ki, seçkilər azad və ədalətli keçməlidir. "Azad seçki" o deməkdir ki, vətəndaş səs verməyə repressiyalardan ehtiyat etmədən gedə bilər; ədalətli seçki isə hər bir səsin bərabər "çəkiyə" malik olması deməkdir. Lakin azad və ədalətli seçki ilə iş bitmir. Təsəvvür edin ki, seçilmiş insanlara səlahiyyətlər 20 il müddətinə verilsə, necə bir vəziyyət yarana bilər! Əgər vətəndaşlar hökumətin fəaliyyəti üzərində qəti nəzarət qurmaq istəyirlərsə, seçkilər həm də mütəmadi olmalıdır. "Necə etmək olar ki, seçkilər azad və ədalətli keçirilsin" sualına cavab vermək o qədər də asan deyil. XIX əsrin sonlarında əl qaldırmaqla açıq səsverməni tədricən bülletenlər vasitəsilə gizli səsvermə əvəz etməyə başladı. Açıq səsvermənin bu gün də müəyyən qədər tərəfdarı olmasına baxmayaraq, gizli səsvermə artıq hamı tərəfindən qəbul edilmiş normaya çevrilmişdir: hər hansı bir ölkədə bu norma pozulmuş olarsa, deməli, orada azad və ədalətli seçkilər yoxdur.
Bununla belə, seçkilərin hansı növünün "ədalətli" anlayışına daha çox cavab verməsi haqqında mübahisələr səngimək bilmir.
Hansı seçki sistemi daha ədalətlidir: demokratik ölkələrin əksəriyyətində tətbiq edilən proporsional nümayəndəlik (PN) sistemi, ya Böyük Britaniyada və Amerika Birləşmiş Ştatlarında istifadə olunan "hamısı qalibə çatır (HQÇ) (engil. - First-Past-the-Post) sistemi? Yeniden bu məsələyə qayıdarkən görəcəyik ki, hər iki sistemin xeyrinə çoxsaylı kəsərli sübutlar mövcuddur. Onu da qeyd edək ki, müxtəlif seçki sistemləri haqqında mübahisələrdə ədalətli seçkilərin zəruriliyi məsələsi müzakirəyə qoyulmur, o aprior qaydada qəbul edilir. Bu və ya digər ağlabatan məqsədə çatmaq yolu isə - sırf texniki məsələdir.
Seçkilər hansı mütəmadiliklə keçirilməlidir? XIX əsrdə demokratik ölkələrdə formalaşmış praktikaya əsasən təxminən belə fərz edə bilərik ki, qanunverici hakimiyyət orqanlarına seçkilər o zaman çox mütəmadi sayılır ki, hər il keçirilmiş olsun və o zaman az mütəmadi sayılır ki, seçkilər arasında müddətlər beş ildən çox olmuş olsun. Və tamamilə təbiidir ki, demokratiya tərəfdarları arasında mövcud ölkədə vəzifəli şəxslərin səlahiyyət müddətləri barədə və idarələrin mövcud növlərindən və formalaşmış ənənədən asılı olaraq bu müddətləri necə dəyişdirmək barədə müəyyən fikir ayrılığı ola bilər.
R.Dahl göstərir ki, özünü ifadəetmə (fikir, söz, vicdan, din, həyat tərzi) azadlığı, ilk növbədə ona görə lazımdır ki, vətəndaşlar siyasi həyatda səmərəli şəkildə iştirak edə bilsinlər. Axı onlar hökumətin fəaliyyətinə dair bütün məsələlər üzrə öz fikirlərini sərbəst ifadə etmək hüququna nail olmasalar, onda öz baxışlarını necə elan edə bilər və öz həmvətəndaşlarını, habelə seçdikləri nümayəndələri bu fikirlərin faydalılığına necə inandıra bilərlər? Başqalarının fikirləri ilə hesablaşmaq üçün bu fikirləri eşitmək lazımdır. Fikir və söz azadlığı yalnız o demək deyildir ki, sizin eşidilmək haqqınız var, həm də o deməkdir ki, başqalarının da dediklərini eşitmək haqqınız var.
Fikir və söz azadlığı həm də hökumətin həyata keçirdiyi tədbirlər barədə informasiyalı bilik əldə edə bilmək, hökumətin siyasi kursunun necə olacağından vaxtlı-vaxtında xəbər tutmaq üçün vacibdir. İctimai quruluş məsələlərində müəyyən səriştə qazanmaq üçün vətəndaşların öz fikirlərini sərbəst ifadə etmək, bir-birlərindən öyrənmək, diskussiya və müzakirələrdə iştirak etmək, ekspertlərin, bu və ya digər siyasi vəzifəyə namizədlərin və rəylərinə inandıqları şəxslərin fikirlərini öyrənmək və iddin etmək, informasiyanı, həmçinin ifadəetmə azadlığından asılı olan digər yollarla əldə etmək imkanları olmalıdır.
İfadəetmə azadlığı olmadan vətəndaşlar tezliklə hökumətin qərarlar proqramına və bu qərarların növbəliliyinə təsir göstərmək qabiliyyətini itirirlər. "Dilsiz-ağızsız" vətəndaşlar - avtoritar hakim üçün ideal təbəələr və demokratiya üçün bədbəxtlik deməkdir.
R.Dahlın fikrincə, ifadəetmə azadlığı kimi, demokratiyanın bəzi təməl meyarlarının da alternativ və nisbətən müstəqil informasiya mənbələrindən istifadə etmək ehtiyacı vardır. Məsələn, məlumatlılığa əsaslanan biliyi götürək. Bütün mühüm informasiya mənbələrinə hökumət tərəfindən nəzarət olunduğu bir vəziyyətdə vətəndaşlar bu və ya digər problemdən baş çıxarmaq üçün zəruri olan informasiyanı necə ala bilərlər? Yaxud informasiyanı yayımlamaq hüququ yalnız hansısa bir qrupa verilibsə, onda necə olsun? Demək, vətəndaşların hökumətin nəzarəti altında olmayan və hər hansı bir qrupun baxışlarını ifadə etməklə onun mənafeyinə xidmət etməyən alternativ informasiya mənbəyindən istifadə etmək imkanı olmalıdır.
Yaxud başqa bir misalı - idarəetmədə səmərəli iştirak və hökumətin fəaliyyətinə təsir etmək imkanını götürək. Vətəndaşlara təqdim olunan bütün informasiya bir mənbədən, yəni hansısa bir partiyadan, fraksiyadan, yaxud qrupdan gəlmiş olarsa, bu halda vətəndaşlar siyasi həyatda necə effektiv şəkildə iştirak edə bilərlər?
Gördüyümüz kimi, insanların şüurunda əsl inqilab baş verməli idi ki, onlar siyasi assosiasiyaların - lobbi təşkilatların, təzyiq qruplarının, siyasi partiyaların yaradılması zərurətini anlayıb qəbul etsinlər. Yaxşı, tutaq ki, iri respublikanın idarə olunması nümayəndələrin seçilməsini tələb edir, onda seçkidə rəqabət necə aparılmalıdır? Tutaq ki, hansısa qrup müəyyən bir təşkilatı, məsələn, siyasi partiyanı yaratmaqla böyük üstünlük qazanır və əgər o, bundan istifadə etmək fikrindədirsə, onda, birinci qrupun baxışlarını qəbul etməyən başqa qrup nə üçün belə bir imkandan imtina etməlidir? Həm də nə üçün seçkilər arası fasilələrdə siyasi fəallıq donmalıdır? Axı bu arada qanunvericilərə təsir göstərmək, öz məqsəd və niyyətlərini onlara izah etmək, müttəfiqlər axtarmaq və onlarla birləşmək mümkündür. Məhz buna görə kiçik şəhərlərdə baş verənlərdən fərqli olaraq, demokratiya bütün miqyaslarda siyasi assosiasiyaların peyda olmasını həm zəruri, həm də faydalı edir. Axı bir də ki, vətəndaşların ölkənin idarə olunmasında səmərəli iştirakı kimi təməl hüququnu pozmadan bu assosiasiyaların yaranmasına necə əngəl törətmək olar?! Buna görə iri respublikalarda siyasi birliklərin yaradılması nəinki zəruri və faydalıdır, o, həm də labüddür.
Bundan əlavə, müstəqil assosiasiyalar vətəndaşlıq səriştəsi və informasiyalı bilik mənbəyidir. O, vətəndaşlara təkcə informasiya almaq deyil, həm də diskussiyalar aparmaq, bu və ya digər məsələlərin müzakirəsini təşkil etmək, öz siyasi ustalığını cilalamaq imkanı verir.
Bu sualın cavabını əvvəlki fəsildə bizə müəyyən nəticələr çıxarmağa kömək etmiş dəlillərdə axtarmaq lazımdır. Yəqin ki, həmin dəlilləri yenidən təkrar etməyə ehtiyac yoxdur.
Bu fəsildə təsvir edilmiş siyasi institutlara başqa baxış bucağından nəzər salmaq olar. Bir və ya bir neçə institutun olmadığı və buna görə yetərincə demokratikləşməmiş ölkə üçün təməl, siyasi institutlar haqqında bilgilər müasir nümayəndəli demokratiyaya tam keçidin strategiyasını işləyib hazırlamağımıza kömək edə bilər. Yaxın vaxtlarda bu cür keçidi gerçəkləşdirmiş ölkə üçün bu bilgi bizə hansı təməl institutlarını möhkəmlətmək, inkişaf etdirmək və birləşdirmək lazım gəldiyini öyrədir. Müasir nümayəndəli demokratiya (poliarxik demokratiya) üçün bunların hamısı vacib olduğuna görə, belə hesab etmək olar ki, bu institutlar demokratikləşmənin minimum səviyyəsini təyin edir.
R.Dahl qeyd edir ki, "Qocaman demokratiya" ölkələrində, yəni demokratiyaya keçidin bir neçə nəsil bundan əvvəl baş verdiyi və 6-cı cədvəldə göstərilmiş siyasi institutların artıq bərqərar olduğu ölkələrdə yaşayanlar başqa növ, lakin yenə də mürəkkəb olan problemlə qarşılaşırlar. Belə ki, bu institutların mövcudluğu zəruri şərt olsa da, 6-cı cədvəldə sadaladığımız və təsvir etdiyimiz demokratiyanın meyarlarına tam uyğunluğun əldə olunması üçün kifayət deyildir. Sual olunur: biz hər şeyi olduğu kimi saxlamalıyıq, yaxud bizdə artıq mövcud olan institutları bu meyarlarla tutuşdurmalıyıq? Çoxları kimi mənim üçün də tam aydındır ki, belə bir müqayisə aparmış olsaq, artıq mövcud olan siyasi institutlarda çoxlu qüsurlar aşkar edərik.
Deməli, qeyri-demokratik ölkələrdə demokratiyaya keçid üçün strategiyanı işləyib hazırlamış və bu cür keçidi yaxın vaxtlarda həyata keçirmiş ölkələrdə demokratik institutları gücləndirmək vacibdir. "Qocaman demokratiya" ölkələri üçün biz qərara gəlməliyik ki, demokratiyanın artıq əldə edilmiş səviyyəsi ilə kifayətlənməyib irəli getməyə çalışmalıyıq, ya yox? Əgər irəli getməliyiksə, bu hərəkət hansı istiqamətdə olmalıdır?"
Bu fikri başqa cür də ifadə etmək olar: bir çox ölkələrin qarşısında demokratiyanın səviyyəsini poliarxik demokratiya səviyyəsinə çatdırmaq vəzifəsi durur. "Qocaman demokratiya''ların problemi isə başqadır - poliarxik demokratiyanın səviyyəsini ötməsi üçün nə etməlidirlər?
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru