PDF Oxu

MİA

  • 3 823

Vətəndaşlıq - ümumi mülki hüquqlar institutu

image

İnsan hüquqları arasında vətəndaşlıq - ümumi mülki hüquqlar əsas yer tutur. Aleksis Tokvil yazırdı ki, ABŞ-da "sadə insanlar tərəfindən yaradılmış Merilend ştatı birinci olaraq özündə ümumi seçki hüququnu tətbiq edib". Lakin bütün müasir kişilər kimi (eləcə də müasir qadınların əksəriyyəti kimi) gənc fransız da "ümumi seçki hüququ" deyəndə təbii ki, qadınları nəzərə almırdı. Tokvil elə kişilərin də hamısını nəzərə almırdı: belə ki, afro-amerikalıların ümumi seçkilərdə iştirak etmək hüququ yox idi.

Robert Dahl yazır: "Bütün dünyada oxşar mənzərə müşahidə olunurdu: az və ya çox dərəcədə demokratik olan ölkələrdə Amerikadakı kimi yetkinlik yaşına çatmış əhalinin yarısı siyasi həyatdan kənarlaşdırılmışdı, təbii ki, həmin "yarını" qadınlar təşkil edirdi. Bundan əlavə, təhsil və ya əmlak senzinin "qurbanı" olmuş xeyli sayda kişi seçki hüququndan məhrum idi. Özü də bu cür dözülməz vəziyyətə özlərini demokratik və ya respublika quruluşunun tərəfdarı sayan insanlar da dəstək verirdilər. Yeni Zelandiyada qadınlar 1893-cü ildə, Avstraliyada isə 1902-ci ildə ümummilli seçkilərə buraxılsalar da, ümumən demokratik sayılan bir çox ölkələrdə qadınlara seçki hüququ XX əsrin 20-ci illərində verilmiş, Belçika, Fransa və İsveçrədə, yəni demokratiyanın yüksək inkişaf səviyyəsinə çatmış hesab edilən ölkələrdə isə qadınlar seçki hüququna yalnız İkinci Dünya müharibəsindən sonra nail olmuşdu.

Biz əvvəlki nəsillərin demokratiya anlayışına hansı mənanı verdiyini dəqiq bilmədiyimiz üçün, demokratiyanın fərqləndirici xüsusiyyətlərini bir daha yadınıza salmaq istəyirəm: iyirmi beş yüzillik ərzində bütün demokratiyalar və respublikalarda, yetkinlik yaşına çatmış vətəndaşların yalnız cüzi hissəsi ölkənin siyasi həyatında iştirak etmək hüququna malik idi. "Demokratik" ölkələr yalnız kişilər, özü də onların müəyyən hissəsi tərəfindən idarə olunurdu. Yalnız XX əsrdə, demokratiya həm nəzəriyyədə, həm də praktikada tələb etdi ki, sivasi həyatda tam dəyərli iştirak etmək hüququ mövcud ölkədə daimi yaşayan bütün yaşlı əhaliyə (nadir istisnalarla) şamil edilsin".

"Poliarxiya" yunan dilindəki "çox" və "idarəçilik" sözlərindən yaranıb, monarxiya (bir şəxsin hakimiyyəti) və oliqarxiya, yaxud aristokratiyadan (azlığın hakimiyyəti) fərqli olaraq, "çoxluğun hakimiyyəti"ni bildirir. Bu termin nadir hallarda işlədilsə də, mən öz həmkarımla bu termini 1953-cü ildə, ümumi seçki hüququ verən müasir nümayəndəli demokratiyanı bildirmək üçün işlətmişik. Kitabda da bu termini həmin mənada işlədəcəyəm. "Poliarxik demokratiya" termini daha dar mənanı - yuxarıda sadaladığımız hər altı demokratik institutu özündə birləşdirən siyasi sistemi bildirir. O, seçki sistemində bir sıra məhdudiyyətlərin qoyulduğu XIX əsrin nümayəndəli demokratiyasından da elə bununla seçilir. O, həm də daha erkən dövrlərin demokratiya və respublikalarından fərqlənir, doğrudur, o vaxtlar bu cür məhdudiyyətlər tətbiq edilmirdi, lakin erkən dövrlərin demokratiyası poliarxik demokratiyanın bir sıra mühüm xarakteristikalarından - siyasi partiyalar, mövcud hökuməti dəstəkləyən, yaxud ona müxalif olan siyasi təşkilatlar təsis etmək, mənafe qrupları yaratmaq hüququndan və s. məhrum idi. Poliarxiya azsaylı kiçik qurumlarda qəbul edilmiş demokratik sistemlərdən də fərqlənir, belə ki, bu azsaylı təsisatların üzvləri elə bilavasitə ümumi yığıncaqlarda qanunları işləyib hazırlaya və öz siyasətlərini müəyyən edə bilirlər (mən hələ bu fərqə qayıdacağam).

Robert Dahl yazır: "Sadaladığımız altı siyasi institut məcmu halında yalnız siyasi sistemin yeni növünü deyil, həm də "demokratiyanın" Afinada və "respublikanın" Romada təsis edildiyi dövrlərdən bəri tarixdə misli olmayan xalq hakimiyyətinin yeni növünü təcəssüm etdirir. Müasir nümayəndəli demokratik idarəetmənin bu institutlarının məcmusu nadir tarixi hadisədir və buna görə də öz "şəxsi" adının olmasına layiqdir. Bütün ölkə miqyasında demokratik idarəetmənin bu müasir növünü bəzən poliarxik demokratiya adlandırırlar.

Poliarxik demokratiyanın bu altı siyasi institutu vətəndaşların siyasi həyatda tam dəyərli və tamhüquqlu iştirak edə bilməsi tələbinə bir növ cavab olaraq yaranmışdır. Hazırda ümumi rəyə görə demokratik sayılan ölkələrin hamısında bu altı institutun altısı da vardır. Soruşula bilər: bəlkə, onların bir qismi ötən siyasi döyüşlərin əks-sədasından başqa bir şey deyil? Bəlkə hazırda demokratik idarəetmə üçün onlar heç lazım da deyil? Yox, əgər bizim günlərdə də onlara ehtiyac vardırsa, onda bunun səbəbi nədir?"

Bu suallara cavab verməzdən öncə diqqətinizi daha bir mühüm məqama yönəltmək istərdim. Fəslin əvvəlində demişdim ki, bu dəfə biz ölkə miqyasında demokratiyanın fəaliyyəti üçün zəruri olan institutları nəzərdən keçirəcəyik. Bu cür dəqiqləşdirmə nəyə görə lazımdır? Ona görə ki, ölkə miqyasında demokratiyanın fəaliyyəti üçün zəruri olan institutların heç də hamısı kiçik miqyaslı qurumlar üçün vacib deyildir.

Gəlin, demokratik əsaslarla idarə olunan bir komitəni, yaxud klubu və ya kiçik şəhərciyi təsəvvür edək. Burada da bərabər seçki hüquqları zəruridir, lakin bu cür kiçik qurumlar bir çox seçkili vəzifəli şəxslərsiz də ötüşə bilərlər, onlara vur-tut, yığıncaqları aparmaq üçün sədr, bir də reqlamentə və büdcəyə nəzarət etməli olan katib-xəzinədar gərəkdir. Bu assosiasiyanın üzvləri öz problemlərini elə yığıncaqlarda özləri həll edir, işin "kargüzarlıq hissəsi" isə katib-xəzinədarın öhdəsinə buraxılır. Kiçik təşkilatların idarəetmə orqanlarının tam miqyaslı nümayəndəli sistemə ehtiyacı yoxdur.

Robert Dahl göstərir ki, ölkə kimi iri qurumlarda aşağıdakı kimi siyasi institutlar:

1. Seçkili nümayəndələr.

Səmərəli iştirak. Hökumətin fəaliyyəti üzərində nəzarət.

2. Azad, ədalətli və mütəmadi keçirilən seçkilər.

Seçki hüquqlarının bərabərliyi

3. İfadəetmə azadlığı

Səmərəli iştirak. Məlumatlılıq əsasında səriştəlilik. Hökumətin fəaliyyəti üzərində nəzarət.

4. Alternativ mənbələrdən informasiyanın alınması.

Səmərəli iştirak. Məlumatlılıq əsasında səriştəlilik. Hökumətin fəaliyyəti üzərində nəzarət.

5. Birliklərin müstəqilliyi.

Səmərəli iştirak. Məlumatlılıq əsasında səriştəlilik. Hökumətin fəaliyyəti üzərində nəzarət.

6. Ümumi vətəndaşlıq (mülki hüquqların ümumiliyi).

Vətəndaşların cəmiyyətin həyatına tam cəlb olunması.

R.Dahlın fikrincə, demokratik idarəetmə üçün bu qədər vacib olan siyasi institutların növü qurumun ölçüsündən asılıdır. Sadaladığımız institutlar kiçik qurumların deyil, məhz ölkənin idarə olunması məqsədilə yaradılıb. Poliarxik demokratiya - millət, dövlət və ya ölkə miqyasında fəaliyyət göstərmək zorunda olan demokratik hökumət deməkdir.

Beləliklə, suallara qayıdaq: poliarxik demokratiyanın siyasi institutları ölkə miqyaslı demokratiya üçün əvvəlki qədər vacibdirmi? Vacibdirsə, nə üçün? Bir-biri ilə sıx əlaqədə olan bu suallara cavab vermək üçün gəlin yada salaq ki, demokratik proses hansı tələbləri irəli sürür.

Demokratik sistemlərdə əsas diqqət mono və ya polietnik ölkələr kimi irimiqyaslı vahidlərin üzərinə yönəldikdən sonra belə bir sual yarandı: əhalinin sayının artması və ya kompakt yaşayış sahəsinin hədsiz genişlənməsi vətəndaşların bir yerə toplaşaraq qanunlar qəbul etməsinə yol vermədiyi hallarda onlar ölkənin idarə olunmasında necə səmərəli iştirak edə bilərlər?

Onlar necə əmin ola bilərlər ki, ən ümdə problem vəzifəli şəxslər tərəfindən adekvat surətdə qavranacaq, yəni hökumətin qərarlar qəbul etməsi qaydası üzərində vətəndaşların nəzarəti necə həyata keçiriləcək?

Bu demokratik tələbləri ölkə kimi nəhəng qurum miqyasında yerinə yetirmək son dərəcə çətindir və bəlkə də, ümumiyyətlə qeyri-mümkündür. Demokratik meyarlar üzrə irəli sürülən və "insan gücü xaricində olan" digər tələblər kimi bu tələb də alternativ imkanları nəzərdən keçirməyə və kompromiss qərarlar qəbul etməyə imkan verən etalon qismində çıxış edə bilər. İşdir, yüksək vəzifəli hökumət məmurları vətəndaşların iradəsini nəzərə almadan siyasi kursu özləri müəyyən edib həyata keçirməyə başlasalar, təbii ki, bu tələblər heç vaxt yerinə yetirilə bilməz.

Bu halda, qismən də olsa məqbul qərar qəbul etmək üçün yalnız bir yol qalır: ali rütbəli məmurları vətəndaşların özləri seçsinlər, - bu halda həmin məmurlar istefa təhlükəsi (seçilmədikləri təqdirdə) altında xalq qarşısında az və ya çox dərəcədə məsuliyyət hiss edəcəklər.

Bizə elə gələ bilər ki, məsələnin bu cür həlli çox üzdədir, lakin bizdən əvvəlkilər üçün bu, o qədər də asan və aşkar məsələ deyildi.

R.Dahlın qeyd etdiyi kimi, hələ nisbətən yaxın vaxtlara qədər qanunları qəbul etməyə vəkil edilmiş nümayəndələri seçkilər vasitəsilə təyin etmək və tutduğu vəzifədən kənarlaşdırmaq imkanı demokratiya üçün həm nəzəriyyədə, həm də praktikada tamamilə yad idi. Biz onu da gördük ki, nümayəndələrin seçimi institutu ümumi halda orta əsrlərdə, hökmdarlar bir həqiqəti başa düşdükdən sonra yaranıb: onlar anlamışdılar ki, vergi yığmaq, qoşun toplamaq, qanunları qəbul etmək üçün aristokratiyanın, ali ruhaniliyin və iri şəhərlərin, necə deyərlər, "adi adamlarının heç də adi olmayan" nümayəndələrinin dəstəyini qazanmaq vacibdən də vacibdir.

XVIII əsrin əvvəllərinə qədər mövcud olan təsəvvürə görə demokratik və ya respublika idarəetməsi o demək idi ki, ölkəni xalq idarə edir, xalq isə ölkəni idarə edə bilmək üçün hansısa bir yerə toplaşmalı və səsvermənin köməyilə müxtəlif fərman və qanunları, bu və ya digər siyasi kursu qəbul, yaxud rədd etməlidir. Belə demokratiya - şəhər sakinlərinin ümumi yığıncağının demokratiyası idi və nümayəndəli demokratiya anlayışının özündə də bir ziddiyyət var idi. Nəzərdə tutulurdu, yaxud birbaşa deyilirdi ki, demokratiya və ya respublika real şəkildə yalnız, məsələn, şəhər kimi kiçik inzibati vahiddə mövcud ola bilər. Belə baxışlara şərik çıxan filosoflar (Monteskyö və ya Jan-Jak Russo) tam əmin idilər ki, kiçik dövlət daha iri dövlətlə rəqabətdə (xüsusən də hərbi qarşıdurma halında) həmişə əlverişsiz vəziyyətdə olur, buna görə onlar gələcəkdə həqiqi demokratiyanın (yəni ümumi yığıncaq vasitəsilə həyata keçirilən demokratiyanın) uğuruna qətiyyən inanmırdılar.

Lakin bu geniş yayılmış təsəvvür millət-dövlətin durmadan artan qüdrəti sayəsində rədd və alt-üst edildi. Russonun özü də yaxşı başa düşürdü ki, məsələn, Polşa (o, bu dövlət üçün konstitusiya təklif edirdi) kimi iri ölkəni idarə etmək üçün nımayəndəli hakimiyyət sistemi vacibdir. Bundan az sonra Amerikada demokratiyanın zəfər yürüşü demokratik siyasi sistem haqqındakı təsəvvürü birdəfəlik yerlə yeksan etdi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər