PDF Oxu

MİA

  • 11 028

Dünya konstitusiyaları və insan hüquqları

image

Birliklərin ölçüsünün demokratiyanın növünə müəyyən təsiri olduğu kimi, demokratik konstitusiyaların da ən müxtəlif variantları ola bilər. Soruşa bilərsiniz: demokratik ölkələrin konstitusiyaları arasında fərqlərin əhəmiyyəti varmı? Bu sualın üç cavabı ola bilər: "var", "yoxdur" və "çox güman var".

R.Dahl yazır: "Nə üçün belə olduğunu izah etmək üçün "qocaman demokratiya"ların konstitusiya təcrübəsindən, yəni təxminən əsrimizin 50-ci illərindən demokratiyanın təməl institutları olan ölkələrin təcrübəsindən başlamaq istəyirəm. Bu cür 22 ölkəni göstərmək olar: Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Avstriya, Böyük Britaniya, Belçika, Danimarka, Finlandiya, Fransa, İsrail, İrlandiya, İslandiya, İtaliya, İsveç, İsveçrə, Kanada, Kosta-Rika, Lüksemburq, Niderland, Norveç, Yaponiya və Yeni Zelandiya.

Onların arasında olan fərqlər kifayətdir ki, imkanların geniş dairəsi haqqında adekvat təsəvvür əldə etmək mümkün olsun. Onu da deyək ki, demokratiya yolunu sonralar seçmiş ölkələrin konstitusiya quruluşu heç də az əhəmiyyətli deyil, bəlkə də daha böyük önəm daşıyır, belə ki, demokratikləşmə prosesi üçün xüsusi əhəmiyyətə malikdir.

Konstitusiyaları və konstitusiya quruluşlarını təsvir edərkən, mən bu terminləri daha geniş mənada işlədəcəyəm ki, onlar konstitusiyalarda əks edilməmiş prosedurları, məsələn, seçki sistemini və ya partiya sistemini də əhatə edə bilsin. Nə üçün belə etdiyimi siz sonrakı fəsildə öyrənə biləcəksiniz.

Beləliklə, demokratik konstitusiyaların əsas fərqləri nədədir və bu fərqlərin əhəmiyyəti nə dərəcədədir?

Yazılmış, yoxsa yazılmamış? Yazılmamış konstitusiya terminoloji təzad kimi görünə bilər, lakin elə ölkələr var ki, orada kök salmış institutlar və prosedurlar vahid sənəd şəklində cəmlənməsə də, həmin ölkənin əsas qanunu kimi qəbul olunmuş konstitusiya sistemini təşkil edirlər. "Qocaman demokratiya"lar arasında (təbii ki, "təzələri" arasında da) kağız üzərində qeyd edilməmiş konstitusiya - bir vaxtlar Böyük Britaniyada, İsraildə və Yeni Zelandiyada təşəkkül tapmış hansısa qeyri- adi tarixi halların nəticəsidir. Adi hallarda yazılmış konstitusiya qəbul olunur".

Müəllif qeyd edir ki, konstitusiyaya dürüst və müfəssəl işlənmiş insan hüquqları haqqında bill (qanunverici akt - red.) daxildirmi? Yenə qeyd etməliyik ki, insan hüquqları haqqında bu cür bill "qocaman demokratiya" ölkələrində universal qanun sayılmasa da, hazırda onun konstitusiyaya daxil edilməsi normaya çevrilmişdir. Tarixi hallar səbəbindən və yazılı konstitusiyanın olmaması üzündən İngiltərə istisna təşkil edir (lakin orada da bu ideyaya çoxluq tərəfindən dəstək verilir).

R.Dahl bu cür suallar verir və cavablarını da göstərir: "Federativ və ya unitar dövlət? Federativ dövlətdə ştatların, əyalətlərin, vilayətlərin və digər çox da iri olmayan ərazi qurumlarının hökumətlərinin xeyli səlahiyyətlərinə və onların statusunun dəyişməzliyinə zəmanət verilir. Unitar dövlətdə onların mövcudluğu və hakimiyyət səlahiyyətləri ümummilli hökumətin qəbul etdiyi qərarlardan asılıdır. İyirmi iki "qocaman demokratiya" ölkəsinin altısı, sözün əsl mənasında, federativ dövlətdir (ABŞ, Almaniya, Avstraliya, Avstriya, İsveçrə və Kanada). Bu ölkələrin altısında da federativ sistem xüsusi tarixi halların təsiri altında formalaşmışdır.

Birpalatalı və ya ikipalatalı parlament? Demokratik ölkələrdə iki palatadan ibarət olan qanunverici yığıncaq üstünlük təşkil etsə də, İsrail Knesseti (parlamenti) lap əvvəldən birpalatalı parlament idi, 1950-ci ildən sonra isə dörd Skandinaviya ölkəsi, Finlandiya və Yeni Zelandiya özlərində yuxarı palataları ləğv etdilər.

Qanunverici aktlara məhkəmə qaydası ilə yenidən baxma? Ölkənin ali məhkəməsinin milli parlament tərəfindən qəbul edilmiş bu və ya digər qanunu qeyri-qanuni hesab etmək hüququ varmı? Bu cür prosedur federativ sistemli demokratik ölkələrdə normaya çevrilmişdir və orada ştatlar, əyalətlər, kantonlar tərəfindən qəbul edilmiş qanunların milli konstitusiya ilə ziddiyyətə girməməsinin vacibliyi irəlicədən nəzərdə tutulmuşdur. Lakin belə bir məsələ daha böyük önəm daşıyır: məhkəmə milli parlamentin qəbul etdiyi qanunu konstitusiyaya zidd elan edə bilərmi? Məsələn, İsveçrədə məhkəmə ilə yenidən baxma hüququ yalnız kantonal qanunvericiliklə məhdudlaşdırılıb. Yuxarıda gördüyümüz kimi, demokratik dövlətlərin çoxu federativ deyildir, unitar dövlətlərin isə yalnız yarısı qanunvericilik aktlarına məhkəmə qaydası ilə yenidən baxma praktikasını bu və ya digər şəkildə tətbiq edir. Bundan əlavə, hətta belə qaydanın mövcud olduğu ölkələrdə də onun tətbiq diapazonu çox genişdir: bir qütbdə - Ali Məhkəməsinin hərdən müstəsna səlahiyyətlərə malik olduğu Amerika Birləşmiş Ştatları, digər qütbdə - məhkəmə hakimiyyətinin hökumət qərarlarına xeyli ehtiramla yanaşıldığı ölkələr durur. Kanada nümunəsi maraqlıdır: bu federativ dövlətdə Ali Məhkəməyə yerli və federal səviyyələrdə qəbul edilən qanunları lazım gəldikdə "konstitusiyaya zidd" elan etmək səlahiyyəti verilmişdir. Lakin əyalət legislaturaları və federal parlament mövcud qanunun qüvvəyə minməsi lehinə ikinci dəfə səs verməklə, Ali Məhkəmənin qərarını dəf etmək imkanına malikdir".

Hakimlər ömürlük, yaxud müəyyən müddətə təyin edilməlidir? ABŞ Konstitusiyasına uyğun olaraq federal məhkəmələrin üzvləri (yəni ümummilli yurisdiksiya altında olan) öz vəzifələrini ömürlük tuturlar. Bu variantın üstünlüyü ondan ibarətdir ki, hakimlər siyasi təzyiqə qarşı uğurla duruş gətirə bilirlər. Lakin onlara həm də qanunlara yenidən baxma hüququ verilmiş olsa, onda onların qərarlarında xalqın və qanunvericilərin əksəriyyətinin artıq dəstək vermədiyi ideologiya əks etdirilə bilər. Deməli, onların bu hüquqdan islahatların aparılmasına yol verməmək üçün istifadə etməsi təhlükəsi yarana bilər. Belə hallara ABŞ-da rast gəlinib. Bu cür qarşıdurmanın xüsusi yadda qalan nümunəsi 1933-1937-ci illərdə prezident Franklin D.Ruzveltin rəhbərliyi altında genişmiqyaslı islahatların həyata keçirildiyi dövrə aiddir. İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş konstitusiyalara məhkəmənin qanunlardan protest vermək hüququ haqqında müddəanın daxil edildiyi bəzi demokratik ölkələr (Almaniya, İtaliya və Yaponiya) ABŞ təcrübəsini nəzərə alaraq hakimləri öz vəzifəsinə ömürlük təyin etmək praktikasından imtina etmiş və onların vəzifədə qalma müddətinə məhdudiyyət qoymuşlar.

Referendum? Ümummilli referendumun keçirilməsi mümkündürmü və konstitusiyaya düzəliş etmək tələb olunduğu hallarda isə məcburidirmi? Burada bir qütbdə İsveçrə durur ki, orada ölkənin maraqlarına toxunan məsələlər üzrə referendumların keçirilməsinə icazə verilir, konstitusiyaya düzəlişlər etmək üçün isə bu cür referendumlar, hətta məcburi xarakter daşıyır; referendumlar tez-tez keçirilir. Digər qütbdə isə ABŞ qərarlaşıb: Amerika Konstitusiyasında ümummilli referendumların keçirilməsi nəzərdə tutulmayıb (indiyə qədər bir dəfə də olsun referendum keçirilməyib), baxmayaraq ki, ştatların çoxunda referendumların keçirilməsi adi haldır və praktikada tez-tez tətbiq edilir. ABŞ-dan fərqli olaraq, "qocaman demokratiya" ölkələrinin yarıdan çoxunda referendumlar ən azı bir dəfə keçirilib.

Prezident, yaxud parlament idarəetmə sistemi? Prezident idarəetmə sistemi icra hakimiyyəti başçısının parlamentdən asılı olmayaraq seçilməsini və ona xeyli geniş səlahiyyətlər verilməsini nəzərdə tutur. Parlament sistemi isə onunla fərqlənir ki, icra hakimiyyətinin başçısı parlament tərəfindən seçilir və parlament tərəfindən vəzifəsindən kənarlaşdırıla bilər. Prezident idarəetməsinin klassik nümunəsi - Amerika Birləşmiş Ştatları, parlament idarəetməsininki isə Böyük Britaniyadır.

Prezident idarəetmə sistemi 1787-ci ildə Amerika Konstitusiya Konventinin üzvləri tərəfindən "ixtira" edilib. Onların çoxu Britaniya Konstitusiyasına (yazılmamış) valeh idi, belə ki, bu konstitusiya "hakimiyyət bölgüsünü" bəyan edirdi: qanunvericilik budağı da, icra budağı da hüquqi cəhətdən müstəqil idi. Qanunverici orqan (parlament) icra hakimiyyətindən (monarxiyadan) asılı deyildi, o da, öz növbəsində parlamentə tabe deyildi. Amerikalılar Britaniya Konstitusiyasının məziyyət və üstünlüklərini qoruyub saxlamağa çalışsalar da, Amerikada monarxiya qurulmasından söhbət belə gedə bilməzdi, buna görə icra hakimiyyəti problemi onları çıxılmaz vəziyyətə salmışdı.

R.Dahl yazır: "Şübhəsiz ki, Konstitusiya Konventinin işində son dərəcə istedadlı insanlar iştirak edirdi, lakin zaman keçdikcə sonrakı nəsillər onlarda qeyri-adi bəsirət, gələcəyi görmə qabiliyyətini "axtarıb tapmağa" başladılar ki, bu da tarixi sənədlərlə heç cür təsdiq olunmurdu və ümumiyyətlə, insan zəkasının məhdud imkanlarına büsbütün zidd idi. Digər bir çox ixtiraçılar kimi Amerika prezident (daha doğrusu, prezident-parlament) idarəetməsinin yaradıcıları da çətin görə bilərdilər ki, onların "yetişdirməsi" iki əsrdən sonra necə inkişaf edəcək və tezliklə onun alternativi olan parlament sistemi yaranacaq və bu sistemə daha geniş yayılmaq qismət olacaq. O vaxtlar problemin bu cür həlli onların ağlına gələ bilməzdi. Hazırda parlament idarəetməsi amerikalılar üçün ağlasığmaz görünməsinə baxmayaraq, onların Konstitusiya Konventi otuz il gec baş versəydi, ola bilsin ki, nümayəndələr məhz bu sistemə üstünlük verərdilər. Həmin dövrdə onlar (Britaniya müşahidəçiləri də) hələ dərk etmirdilər ki, Britaniyanın özünün konstitusiya sistemi sürətlə dəyişikliklərə məruz qalır. Tezliklə o, inkişaf edib parlament sisteminə çevrildi və bu sistemdə artıq icra hakimiyyəti monarxa deyil, baş nazirə mənsub idi, baş nazir isə formal olaraq monarx tərəfindən, əsl həqiqətdə isə parlament əksəriyyəti (icmalar palatası) tərəfindən təyin edilir və öz vəzifəsində yalnız o vaxta qədər qalır ki, parlament çoxluğu ona dəstək verir. Baş nazir, öz növbəsində öz kabinetinin üzvlərini təyin edir. Bu sistem qəti şəkildə XIX əsrin 10-cu illərində bərqərar olmuşdur.

Hazırda tamamilə aydındır ki, demokratik institutları hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində meydana gəlmiş ölkələrin - qocaman və sabit demokratiya ölkələrinin böyük əksəriyyəti prezident idarəetmə sistemini deyil, parlament idarəetmə sisteminin müxtəlif variantlarını seçmişlər.

Seçki sistemi? Parlamentdə mandatlar bölgüsü seçicilərin rəğbətinə nə dərəcədə uyğundur? Məsələn, deyək ki, namizədləri seçkilərdə səslərin 30 faizini toplamış partiya bu mandatların təxminən 30 faizini alırmı? Ya vur-tut 15 faizini alır? Artıq dediyim kimi, seçki sistemi konstitusiyada əks olunmasa da, onu konstitusiya sisteminin bir hissəsi hesab etmək olar, belə ki, o, əsas qanunun digər hissələri ilə sıx qarşılıqlı əlaqədədir. Bu barədə sonrakı fəsildə ətraflı danışılacaqdır".

Bu variantların siyahısını uzatmaq da olar, lakin göstərilmiş nümunələr də "qocaman demokratiya" ölkələrindəki konstitusiya quruluşunun növləri diapazonunun nə qədər geniş olduğunu başa düşmək üçün kifayətdir. Həm də mən yalnız ən ümumi nümunələri misal gətirmişəm, biz daha konkret və müfəssəl təhlilə başlasaq, onda bundan da çox fərqi aşkar etmiş olarıq.

Beləliklə, demokratik ölkələrin konstitusiyaları bir-birindən çoxsaylı və mühüm cəhətlərlə fərqlənirlər. Lakin bu fərqlər bu və ya digər konstitusiyanı daha yaxşı və va daha demokratik edirmi? Ümumiyyətlə demokratik konstitusiyanın hansısa bir növünü ən yaxşı hesab etmək olarmı?

Bu suallar daha birini doğurur: müxtəlif konstitusiyaların nisbi arzuolunduğunu necə qiymətləndirmək olar? Görünür, bunun üçün hansısa meyarlar tələb olunur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər