PDF Oxu

MİA

  • 52 414

İnsan haqlarının dini əsasları - islam və insan hüquqları

image

İslama əsasən insan dəyərli, şüurlu və iradə sahibi olan bir varlıqdır. Quranda Allah insanı yaratdığı üçün "əhsənəlxaliqin" (ən ali yaradan) adlandırılır (Mömenun", ayə 14). Həmçinin, insanın yaranışından danışılaraq Allah onu yer üzərində özünün nümayəndəsi və canişini adlandırır (Bəqərə, ayə 30). Allah mələkləri insana səcdə etməyə dəvət edərək (Bəqərə, ayə 34) onun aliliyini və ləyaqətini təsdiq etmiş olur ("Üsəra", ayə 70).

Tədqiqatçı Nərgizi Ramazanpur yazır: "İrq, dil, dərinin rəngi və milliyyət kimi faktorların üstünlük amili olmadığına təkid etmək, insan azadlığı, insan hüququna hörmət, islamın insan və insan haqlanna olan münasibətini aydınca göstərir.

İslamda insan haqlarına diqqət ən əvvəldən olmuş və Quranda insan haqlarının iki əsas cəhəti qeyd edilir: maddi və mənəvi həyat haqqı. Kimsənin insanı öz maddi, yaxud mənəvi haqlarından məhrum etməyə hüququ yoxdur. Maddi həyat haqqının pozulması ümumən vasitəsi ilə reallaşır və Qurana əsasən bir insanın qətli ümum cəmiyyətin məhv etməsi kimidir. Hətta "Hücərat" surəsinin 13-cu ayəsində deyilir ki: "hər kim digər bir insanı (qisas etmək və fəsadın qarşısını almaq istisna olmaqla) öldürərsə, elə bil ki, ümum cəmiyyəti məhv etmiş olub.

Mənəvi həyat haqqının pozulması və tapdanılması isə bir insanı doğru yoldan yayındırmaqla reallaşır. Quran mənəvi həyatı küfrə qarşı qoyur. Yəni mənəvi həyatını itirmiş fərd doğruluq və Allah yolunda olmaq imkanlarını itirmiş olur.

Qurana əsasən, həyat haqqı, sadəcə Allah tərəfindən insana bəxş edilir və məhz elə buna görə də, sadəcə Allah bu haqqı insandan əsirgəyə bilər. Deməli, Allahın izni və istəyi olmadan insanların maddi və mənəvi həyat haqqına toxunmaq olmaz".

A.Cavadi yazır ki, digər tərəfdən "İmam Səccad "Risalət-əl-Hüquq" əsərində Allahı tanımanı insan haqlarının əsası və mənbəyi hesab edir. Yəni əgər bir insan Allaha inanmazsa və kafir olarsa, deməli, o insanın həyat haqqı yoxdur. Həyat haqqına sahib olmağın yeganə yolu Allaha inanmaqdır". Əslində, "dini nöqteyi-nəzərdən bütün haqların (sosial, qanuni, əxlaqı və digər haqlar) mənşəyi Allaha inanmaqdır və Ona inanmadan insan heç bir haqq və hüquqa malik ola bilməz".

Y.M.Mislabinin fikrincə, islam dinində haqq anlayışı əxlaq və hüquqda olduğundan daha genişdir. "İslamda əxlaqi və hüqüqi haqdan əlavə Allahın insan üzərində olan haqqı da diqqət mərkəzindədir. Buna görə də haqqın islami mənası onun əxlaqi və hüquqi mənasından fərqlənir".

İslamın məqsədi insanları düz yola istiqamətləndirmək və onları səadət və insani keyfiyyətə yönəltməkdən ibarətdir. Buna görə də dinin əsas diqqəti insanı kamal və səadətə, xoşbəxtliyə sövq edəcək məsuliyyət və təkliflərə (öhdəliklərə) yönəlib. Qeyd etmək lazımdır ki, məsuliyyət gətirməyən və sırf insanlar üçün yetərli olması ilə seçilən hüquq ikinci dərəcəli əhəmiyyətə malikdirlər. Dinin birinci növ hüquqa (məsuliyyət gətirən hüquqa) diqqəti ondan irəli gəlir ki, insan bəzi tələblərini və istəklərini təbii və instinktiv olaraq təmin etməyə çalışır və bunlar üçün heç bir əmr və göstəriş lazım deyil (məsələn, nəfəs çəkmək, su içmək, qida qəbul etmək və s.). Bu zaman əhəmiyyət kəsb edən məsələ həmin ehtiyacları təmin etməyin sərhədlərini və qaydalarını müəyyən etməkdir. "İslamda insanın insanlığını inkişaf etdirən amil onun öz məsuliyyət və vəzifələrinə ciddi yanaşmasıdır. Əslində, məsuliyyət və haqq bir sikkənin iki üzüdür. Yəni insanların öhdəsinə qoyulan təkliflər qarşılığında onlara müəyyən hüquqlarda verilir.

Müəllif göstərir ki, islama əsasən bu sikkənin hansı tərəfinə daha çox diqqət yetirilir, yəni məsuliyyət daha önəmlidir, yoxsa haqq? İslami mətnlərin bir çoxunda insan haqlarının riayət olunması mövzusunda eyni və ortaq fikir yoxdur. Daha çox hər bir fərdin başqa insanların hüquqlarına hörmət etməsinə təkid edilir. Dinin əsas məqsədi insanları doğru istiqamətə yönəltmək və tərbiyə etmək olduğundan, burada məsuliyyət və vəzifəyə daha çox istiqamət ayırır.

İslam hüquq sistemi dünyanın möhtəşəm hüquq sistemlərindən biridir. Fransalı hüquqşünas Rene David "Müasir hüquq sistemləri" əsərində müəyyən bir fəsli islam hüququ sisteminə ayırıb. O, qeyd edir ki, "islam hüququnun keçmiş əsrlərə aid olduğunu düşünmək səhvdir. İslam hüququ müasir dövrün ən möhtəşəm hüquq sistemlərindən biridir". Həmçinin, milliyyətcə ərəb olan, xristian dünyasının məşhur yazıçısı Corci Zeydan "İslam mədəniyyətinin tarixi" adlı əsərində yazır ki, "müsəlmanlar Quran və Peyğəmbərin qoyduğu ənənələrə əsaslanaraq siyasi, sosial və iqtisadi baxımdan tam modern bir cəmiyyəti yaratmağı bacardılar. Onlar Quran və Peyğəmbərin ənənəsinə əsaslanaraq hüquq, cəza, ticarət əlaqələri, kommersiya və digər sahələrdə də inkişaf etməyi bacardılar və onların yaratdığı hüquq sistemi dünyanın ən mükəmməl hüquq sistemlərindən biridir.

İslam hüququnun əsasını təşkil edən Quranda ədalət prinsipi ilə yanaşı evlilik, boşanma, mirasın bölgüsü qaydaları, ticarət, cəza və digər hüquqi problemlərə dair müxtəlif ayələr vardır. Bu tip ayələrə ayat-əl-əhkam deyilir və onların izahına dair islam alimlərinin yazdıqları müxtəlif kitablar vardır.

İslam dinində bərabərlik, insaf və ədalətə ciddi əhəmiyyət verilir. Bu haqda Quranda bir çox ayələr vardır ki, bu da islamın insan haqlarına verdiyi əhəmiyyətlə əlaqədardır.

L.Cəfərinin fikrincə, islam hüququnda ümumi hüququn əsas prinsiplərindən biri ədalətdir. "Ümum insanlar hansı təbəqəyə, qrupa, irqə, dinə mənsub olmaqlarına baxmayaraq və hansı peşə sahibi olmaqlarına baxmayaraq bərabər hüquq və öhdəliklərə malikdirlər".

N.Ramazanpurun qeyd etdiyi kimi, bərabərlik ayrı-seçkiliyə müqabil və zidd mənada işlədilibdir. Ayrı-seçkilik siyasi hüquqda parçalamaq və ayırmaq anlamında və hüquqda rasional, ənənəvi və qanuni icazə olmadan bərabərlik prinsipini pozmaq mənasında işlədilir. Deməli, təqdim edilən məqalədə bərabərlik hüquqi anlamda və ayrı-seçkiliyin əksi olaraq işlədilir. İslam dinində bərabərlik insanların Allah nemətlərindən və sosial güzəştlərdən bərabər formada faydalanması anlamında işlədilir.

M.Aşuri yazır: "Qanunvericinin əsas vəzifəsi cəmiyyətdə təbii, sosial, ictimai və siyasi imkanların ümum cəmiyyət üzvləri arasında düzgün paylanmasına şərait yaratmaqdır. Ən uyğun qanun bərabərlik sahəsində daha effektiv olan qanundur. Ən yaxşı hökumət (icraedici qurum) isə insanların biri-birinin haqqına təcavüz etməsinin qarşısını almağı bacaran hökumətdir. "Əlbəttə, bərabərliyin belə izahı və tərifi insanların fərdi bacarıq və istedadını inkar etməyə yönəlməyib və əsas məqsəd cəmiyyət üzvlərinin bərabər formada ümumi nemətlərdən və potensial imkanlardan faydalanmasını qeyd etməkdir". Bir islami cəmiyyətdə hökumətin əsas vəzifəsi qeyd edilən vəziyyəti yaratmaq və qorumadır. Hökumət elə bir şərait yaratmalıdır ki, zəiflərin hüququnun tapdanılmasının və digərlərinin hüququna təcavüzün qarşısı alınsın. Aşağıda Quranda bərabərliyə təkid edən bəzi ayələrə işarə edilmişdir.

"Ey insanlar, biz sizi qadın və kişi olaraq yaratdıq və sizi millətlər, qəbilələr formasında ayırdıq ki, siz biri-biriniz haqda məlumat əldə edəsiniz. Lakin sizin Allah yanında ən sevimliniz imam güclü olanlardır və Allah hər şeyə agahdır" ("Hücərat", ayə 13).

Bu ayə, sadəcə müəyyən insan qruplarına deyil, ümum insan cəmiyyətinə ünvanlanıb. Bu ayədə cəmiyyətin və nizam-intizamın davamlılığına səbəb olan prinsip aydınca qeyd edilir və insanların üstünlüyü saxta dəyərlər deyil, həqiqi dəyərə (imana) görə müəyyən edilir. Allah bu ayədə ümuminsanların eyni cütlükdən (Adəm və Həvva) törədiyini və yaranış etibarilə bərabar olduğunu vurğulayır. Deməli, hansı xalqa, irqə və yaxud qəbiləyə mənsub olmaq insana heç bir üstünlük qazandırmır. İnsanların dilinin və dərisinin rənginin fərqli olması onların bərabərliyinə və insan olmasına ziyan gətirməməlidir. Çünki "bu fərqlər Allahın bir möcüzəsi və ayətidir. Allah bu fərqləri yaradıb ki, bu fərqlər insanların düşünməsinə və daha dərin bilik və məlumat qazanmasına səbəb olsun".

Ümumilikdə, Quranın bu ayəsinə əsasən demək olar ki, insanlar Allahın istəyi ilə müxtəlif formalarda və qruplarda yaranıblar. Lakin insanın irqi deyil, onun ləyaqəti və aliliyi əsas götürülməlidir . İslam bu tip ayələr çərçivəsində insan haqlarını vurğulamış olur. Digər bir ayəyə əsasən, "möminlər biri-biri ilə qardaşdırlar" ("Hücərat", ayə 10). Burada da bərabərliyə işarə edilir. Çünki qardaşlıq bərabərlik şəraitində mümkündür.

İnsaf termininin mənası iki bərabər hissədən ibarət olmaq deməkdir (yarı). Terminoloji baxımdan insaf bir şeyin yarısını almaq, düzlük etmək, sədaqətli olmaq və doğru olmaq deməkdir. "İnsafın" əks nöqtəsi "zülm" və "ədl"in (tarazlığın və ədalətin) əks nöqtəsi amansızlıqdır.

"Nəhl" surəsinin 90-cı ayəsində deyilir ki, "Allah sizi ədl və ehsana dəvət edir". Bu ayədəki ədl (ədalət) sözü daha çox insaf və bərabərlik kimi məna (tərcümə) edilib. Çünki burada ədl sözündən doğru və bərabər formada bölmək (paylamaq) və tən ikiyə ayırmaq anlamında istifadə edilib.

Həmçinin, "Ərrəhman" surəsinin 7-9-cu ayələrində deyir ki, "Allah göyləri yaratdı və onda tarazlığı və qanunu tətbiq etdi ki, siz də ədalət yolundan yayınmayıb və çəkidə ədl ilə davranıb və ölçüdə tarazlığı pozmayasınız". Həmçinin, Quranda deyilir ki, "Allah kitabı və ölçünü doğru və həqiqi formada sizə göndərdi ki, siz insanlarla ədl, insaf və düzlüklə davranasınız". Deməli, Allahın peyğəmbərləri və dini kitabları göndərməkdə əsas məqsədi insanlar arasında ədalətin və insafın tətbiq olmasıdır. Burada ədl ilə tarazlıqdan sinonim sözlər kimi istifadə etməyin səbəbi budur ki, insanlar arasında tərəzi (tarazlıq vasitəsi) insaf və bərabərliyi tətbiq etmək vasitəsidir.

Şeyx Yusif Böhrani yazır: "Terminologiyada ədalətin mənası ədalətli davranmaq və düz (doğru) istiqamətdə olmaqdır. Yəni haqq istiqamətində qalmaq və haqsızlığa meyil etməmək və bərabərlik deməkdir. Məsələn, bu şey o birisinin "ədl"idir demək, bu, ona bərabərdir deməkdir.

Allah "Nisa" surəsinin 135-ci ayəsində buyurur ki, "ey iman gətirənlər, ədalət üçün qiyam edin və Allah üçün şahidlik edin, hətta əgər bu şahidlik sizə, ailənizə, ata və ananıza ziyan versə belə... Çünki onlar varlı, yaxud yoxsul olsalar da, yetər ki, Allah onları himayə etmiş olsun. Dayaz və günah arzulara qapanaraq haqq yolundan yayınmayın. Əgər siz haqqı təhrif edib yaxud, onu deməkdən boyun qaçırsanız, bilin ki, Allah bütün işlərinizi görür və hər şeydən agahdır".

Həmçinin, "Maidə" surəsinin 8-ci ayəsində deyilir ki, "ey mömin insanlar, Allah yolunda qiyam edin. Ədl və ədalətin tərəfində olun və qoymayın ki, qəbilə mənsubluğundan qaynaqlanan kin sizin ədalətsiz davranışınıza səbəb olsun, ədalətlə davranın və beləliklə, imanınızı qoruyun, Allah bütün etdiklərinizdən agahdır".

Həmin surənin 152-ci ayəsində deyilir ki, "çəkidə və ölçüdə ədalətli olun. Biz insanlardan bacardıqlarını tələb edirik, danışarkən ədalət prinsipinə riayət edin, hətta öz yaxınlarınızla münasibətdə belə. Allahla əlaqədar öhdəliyinizi yerinə yetirin. Allah bunları sizdən tələb edir və təkrar bunları sizə xatırladır".

N.Ramazanpurun fikrincə, bütün bu ayələrdə başqalarının haqqına hörmətlə yanaşmaq və riayət etmək tələb olunur. Hətta ölçü və çəkidə belə digərlərinin haqqına toxunmağa icazə verilmir. Danışıqda ədalət prinsipinə riayət etmək tələb olunur, çünki bu davranışda ədalətli olmanın müqəddiməsi və başlanğıcıdır.

Allah "Hücərat" surəsinin 9-cu ayəsində buyurur ki, "əgər iki mömin tayfa biri-biri ilə münaqişə və müharibə edərlərsə, onların arasında sülh yardın və əgər onların biri digərinə zülm edərsə, siz məzlumum lehinə olaraq zalımla o qədər müharibə edin ki, yenə Allahın əmrinə tabe olsun. Bunların arasında sülh şəraiti yarandıqda, ədalətlə davranın və ədalətlə onları barışdırın. Çünki Allah ədalətlə davrananları sevir".

Bütün deyilənləri nəzərə alaraq, demək olar ki, islamda insan haqlarının təməl prinsipləri bərabərlik, insaf və ədalətdir.

Müəllif fikirlərini belə yekunlaşdırır: "Quranın nəzərdə tutduğu insan haqları bütün millətləri əhatə edə biləcək qədər genişdir və bunun bütün millətlərlə əlaqədar öyrənilməsi lazımdır. Quran ayələrində insan haqlarının əsas prinsipləri kimi bərabərlik, insaf və ədalətə təkid edilir.

Ümumilikdə, insanları digər xalqların və qövmlarin haqlarına riayət etməyə çağırmaq Quranın təkid etdiyi insan haqları ideyasının əsas məqsədidir. Hətta Quranda qeyri-müsəlmanların hüququna belə təkid edilir və bu insan haqları ideyasının ən dəyərli cəhətidir.

Deməli, Qərb mənbələrinə və düşüncə tərzinə əsaslanan müasir insan haqları bəyannaməsinin müsəlmanları qeyri-müsəlmanlara qarşı aqressivlikdə ittiham etməsi heç də həqiqətə uyğun deyil. Çünki Quranın nöqteyi-nəzərindən insanların hüququna hörmət və mənəvi yüksəkliyə olan meyil hər müsəlmanın daxili motivlərindən qaynaqlanır. Beləliklə, islam bütün insanların və millətlərin hüququna hörmət etməyi və onların haqlarına riayət etməyi müsəlmanlara əmr edir".

Hazırda müsəlman ölkələrində geniş diskussiyalara səbəb olan məsələlərdən biri də Quran və insan haqlarının əsas prinsipləridir. Bu dini kitaba baxdıqda müşahidə edirik ki, həmin kitab bütün insan fəaliyyətlərinə (mədəni, iqtisadi, siyasi və s.) əxlaqi nöqteyi-nəzərdən yanaşır. Bu isə insan aliliyi və insan ləyaqətinin həmin kitabda ciddi əhəmiyyətə və mövqeyə malik olduğunu göstərir. Müxtəlif etniklərə və irqlərə hörmət Quranda onların toxunulmaz haqqı kimi qəbu edilir ("Hücərat" surəsi, ayə 11). Həmçinin, həmin surənin 13-cü ayəsində deyilir: "ey insanlar, biz sizi qadın və kişi olaraq yaratdıq və sizi millətlər, qəbilələr formasında ayırdıq ki, siz biri-birini haqda məlumat əldə edəsiniz və...". Bu ayə insanların müxtəlif qəbilələr və qruplar formasında yaranmasının əsas məqsədinin onların bilik və məlumat kəsb etməsindən ibarət olduğunu qeyd edir. Həmçinin, Quran müxaliflərin fikir və rəyini dinləməyi lazım hesab etməklə müxaliflərə həyat və təhlükəsizlik haqqını vermiş olur.

Qərb dünyasının müsəlmanları qeyri-müsəlmanlara qarşı dözümsüz təsvir etməsinə baxmayaraq, demək olar ki, islamda Qurandan qaynaqlanan praktika və institutların konseptual zənginliyi və funksionallığı Qərbdə olanlardan daha yüksəkdir. İslam hüququ dininə əsasən qayda və qanunlar öz etibarının Allahın göndərdiyi dindən kəsb edirlər. Buna görə də qanunvericinin qanunlarını tərtib etmək üçün iki əsas istinad mənbəyi Quran və dini ənənədir. Deməli, Quranın insan haqlarına dair mövqeyini və islam alimlərinin bu kontekstdə söylədikləri fikirləri öyrənmək müasir şəraitdə ciddi əhəmiyyətə malikdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər