Bu və ya digər ölkənin aşağıdakı demokratik amilləri insan hüquq və azadlıqlarının müdafiəsinə təsir edir:
Robert Dahl "Demokratiya haqqında" əsərində yazır: "1. Sabitlik. Konstitusiya əsas demokratik siyasi institutlara sabitlik verə bilər. O, həm quruluşun demokratik xarakterini, həm də təməl siyasi institutlar üçün tələb olunan bütün zəruri hüquq və zəmanətləri təmin edir.
2. Əsas insan hüquqları. Konstitusiya çoxluğun da, azlığın da hüquqlarını müdafiə etməyə qabildir. Bu meyarın birinci meyar (sabitlik) daxilində olması nəzərdə tutulsa da, demokratik konstitusiyalar o qədər rəngarəngdir ki, çoxluğa da, azlığa da təminatlar verən insanın əsas hüquq və vəzifələrinə xüsusi diqqət yetirmək faydalı olardı.
3. Mənafelərin tarazlığı. Konstitusiya ölkə vətəndaşlarının maraqlarının tarazlığını saxlamağa qabildir. Konstitusiya quruluşu insanın əsas hüquq və vəzifələrini təmin etməklə yanaşı, zəmanət verə bilər ki, qəbul edilən qanunlar hansısa bir vətəndaşın və ya vətəndaşlar qrupunun maraqları naminə digər vətəndaşların maraqlarına ziyan vurmayacaq.
4. Hesabat vermə. Konstitusiya elə tətbiq edilməlidir ki, vətəndaşlar siyasi liderlərdən onların qəbul etdikləri qərarlar, gördükləri işlər və onların davranışı haqqında yetərincə müntəzəm hesabat ala bilsinlər.
5. Ədalətli nümayəndəlik. Bu məsələnin mahiyyəti ona görə sonsuz mübahisələrə səbəb olması aşağıdakı iki meyarla əlaqədardır.
6. Biliyə əsaslanan korsensus. Konstitusiya vətəndaşların və liderlərin qanunların qəbul olunması və siyasi kursun müəyyən edilməsi sahəsində biliyə əsaslanan konsensusa gəlməsinə kömək edə bilər. O, siyasi liderlərə danışıqlarda iştirak etmək üçün, qarşılıqlı məqbul sazişlərin axtarışı üçün, koalisiyaların yaradılması üçün imkarılar və stimullar verə bilər - bütün bunlar mənafelərin yaxınlaşması prosesini asanlaşdırmağa xidmət edir. Bu barədə daha ətraflı sonrakı fəsillərdə danışacağıq.
7. Effektli idarəetmə. Effektli idarəetmə dedikdə, mən hökumətin vətəndaşlar üçün böyük önəm təşkil edən, vaxtında və yerində gündəmə gətirilmiş problemlərin həllinə yönəldilmiş hərəkətlərini başa düşürəm. Müharibədən, yaxud müharibə təhlükəsindən, beynəlxalq gərginliyin artmasından, ciddi iqtisadi çətinliklərdən və sairədən irəli gələn böhranlı vəziyyətlər zamanı effektivlik xüsusi əhəmiyyət daşıyır. Lakin o, siyasi liderlərin və sıravi vətəndaşların ölkənin təməl problemlərini həll etdikləri daha firavan dövrlərdə də az önəmli deyildir. Ədalət xatirinə qeyd etməliyik ki, qeyri-demokratik hökumətlər "qısa məsafələrdə" effektivlik meyarlarına daha çox uyğun gələ bilər, lakin çətin ki, onlar öz üstünlüyünü uzun müddət qoruyub saxlaya bilsin. Hər necə olsa da, mövcud halda bizi demokratiya çərçivəsində hərəkət edən hökumətlər maraqlandırır və yaxşı olardı ki, bu çərçivənin daxilində, ən ümdə məsələlərin operativ həllini həvəsləndirməyə qabil olan vacib prosedurları nəzərə ala biləcək konstitusiya sistemi bərqərar olsun.
8. Qərarların səriştəliliyi. Ölkəni effektli idarə edən hökumət nə qədər bizi qane etsə də, hökumətin qətiyyətli və zirək hərəkətlərinə yol açan, lakin problemi hərtərəfli öyrənməyə imkan verməyən konstitusiya çətin ki, xoşumuza gəlsin.
9. Şəffaflıq və aydınlıq (anlaşıqlıq). Bu meyarlar onu bildirir ki, hökumətin fəaliyyəti cəmiyyət üçün açıqdır və vətəndaşların hökumətin nəyi və necə etdiyini asan anlaya bilməsi üçün yetərincə anlaşıqlıdır. Deməli, hökumətin planları çox da qəliz olmamalıdır ki, vətəndaşlar onları anlasınlar və liderlərinə, ilk növbədə seçkilərdə, dəstək verə bilsinlər.
10. Çeviklik. Konstitusiya sistemi "çevik" olmalıdır ki, yeni və gözlənilməz vəziyyətlərə uyğunlaşa bilsin.
11. Legitimlik. Hətta yuxarıda sadaladığımız on tələbin onuna da cavab verən konstitusiya vətəndaşlardan və siyasi elitalardan dərhal yetərincə legitimlik (onun qanuni olduğunun tanınması - red.) və dəstək ala bilməz, bunlarsız isə, o, yaşaya bilməz. Konkret ölkədə konstitusiyanın bəzi müddəaları legitimliyin geniş yayılmış və ənənəvi normaları ilə yaxşı uzlaşır, bəziləri isə nisbətən pis. Məsələn, bu, respublika tərəfdarlarının nəzərində nə qədər təzadlı görünsə də, monarxın dövlət başçısı qismində saxlanması və monarxiyanın poliarxiyanın tələblərinə uyğıınlaşması Skandinaviya ölkələri, Niderland, Belçika, Yaponiya, Böyük Britaniya və İspaniyanın demokratik konstitusiyalarına əlavə legitimlik vermişdir. Demokratik ölkələrin əksəriyyətində isə monarxı dövlət başçısı etmək cəhdi qızğın etirazlara səbəb olmuşdur. Məsələn, 1787-ci ildə Konstitusiya Konventində Aleksandr Hamiltonun icra hakimiyyətinin başçısını ömürlük təyin etmək, yəni "seçkili monarxiya" təsis etmək haqqında təklifi heç bir müzakirə aparılmadan nümayəndələr tərəfindən qətiyyətlə rədd edilmişdi. Onlardan biri - Elbric Cerri bu barədə demişdi: "Vətəndaşlarımızdan yalnız mində biri monarxiyanın xeyrinə olan hər hansı hərəkətə qarşı etiraz etməz".
Həqiqətən də, görəsən, bu cür fərqlərin bir əhəmiyyəti varmı? Bu suala cavab vermək üçün 22 "qocaman demokratiya" ölkəsinin təcrübəsindən əldə etdiyimiz sübutlara yenilərini əlavə etməli olacağıq. Təməl demokratik institutları XX əsrin ikinci yarısında yaranmış və möhkəmlənmiş bir qrup ölkənin təcrübəsindən də faydalanmaq olar. Digər qrupu isə faciəli, həm də ibrətamiz tarixi olan ölkələr təşkil edir: bu ölkələrdə, həmçinin XX əsrdə yaradılmış demokratik institutlar duruş gətirə bilməyib, öz yerini uzun və ya qısa müddətə avtoritar rejimlərə verib.
Bu üç zəngin məlumat mənbəyi tam şəkildə elmdə təsvir və təhlil edilməsə də, inanıram ki, bunlar bizə mühüm nəticələrə gəlməyə kömək edəcəkdir.
Hər şeydən əvvəl, yuxarıda göstərilmiş konstitusion alternativlərdən hər biri azı bir sabit demokratik ölkədə mövcud olmuşdur. Deməli, sağlam düşüncə və məntiq bizi aşağıdakı nəticəyə gəlməyə kömək edir: konstitusiyanın bir çox müddəaların təməl siyasi institutlarına uyğundur, bu institutlar isə görünür, çoxsaylı spesifik formalar ala bilər.
Nə üçün belə olur? Məsələ ondadır ki, demokratiyanın yüksək sabitliyi və qədim ənənələri ilə seçilən bütün ölkələrdə demokratik təməl institutlarının sabit durumu üçün olduqca əlverişli şərait yaranmışdır. Müəllif göstərir ki, bunu Avropa İttifaqının təcrübəsində aydın göstərir. Məlumdur ki, orada nominal olaraq ümumxalq seçkiləri və parlament kimi demokratik strukturlar işləyir. Lakin bütün müşahidəçilər bir fikrə şərikdirlər ki, təşkilatın fəaliyyətində "demokratiya çatışmazlığı" göz qabağındadır. Taleyüklü qərarlar çox vaxt siyasi və bürokratik elitalar tərəfindən sövdələşmə yolu ilə qəbul edilir. Burada hüdudlar da demokratik prosedurlarla deyil, əksər hallarda, bu hüdudların milli və beynəlxalq bazarlar üçün ehtimal olunan nəticələrini qiymətləndirən saziş iştirakçılarının əldə etdikləri razılıq əsasında təyin olunur.
Nəticələr siyasi alver, iyerarxiya və bazarlarla müəyyən edilir. Demokratik prosedurların rolu yalnız artıq əldə edilmiş sazişlərin ratifikasiyası ilə məhdudlaşır.
Bir halda ki, demokratiya institutları Avropa İttifaqının idarə olunmasında çox vaxt səmərəli rol oynaya bilmir, onda digər beynəlxalq sistemlərin demokratikləşməsinin yaxın perspektivləri lap uzaq görünür. Vətəndaşların rəhbərlik üzərində nəzarətinin demokratik dövlətlərin daxilində mövcud olan nəzarət səviyyəsi ilə müqayisə edilə biləcək səviyyəyə çatması üçün beynəlxalq təşkilatlar bir sıra problemlərin həlli ilə demokratik ölkələrdəki kimi yaxından məşğul olmalıdır. Siyasi liderlər vətəndaşlara beynəlxalq institutlarda qərarların hazırlanmasında iştirak etmək, bu qərarların qəbul olunmasına təsir göstərmək, onların üzərində nəzarəti həyata keçirmək imkanı verən və demokratik ölkələrdəki müvafiq institutlar kimi beynəlxalq təşkilat səviyyəsində səmərəli fəaliyyət göstərə bilən siyasi institutların yaradılması qayğısına qalmalıdırlar. Vətəndaşların onlara verilən bu imkanlardan istifadə edə bilməsi üçün, onların beynəlxalq təşkilatların siyasi qərarlarına əməl etmələri gərəkdir.
R.Dahl daha sonra yazır: "Bu demokratik ənənələri nəzərə alsaq, görərik ki, sadaladığım konstitusiya variantları demokratik təməl institutlarının sabitliyinə güclü təsir göstərə bilməzdi. Əgər yalnız bu meyardan çıxış etsək, onda sadaladığım variantlar arasındakı fərqlərin elə bir əhəmiyyəti yoxdur. Deməli, demokratik ölkələr geniş konstitusiya seçimi imkanına malikdir. Əksinə, əsas şərtlərin son dərəcə əlverişsiz olduğu ölkələrdə hansı konstitusiyanın olmasından asılı olmayaraq, çətin ki, demokratiya qoruna bilsin.
Dediklərimiz əsasında belə bir ümumi nəticəyə gəlmək olar: əsas şərtlər çox əlverişli olarsa, ölkənin hansı növ konstitusiyanı qəbul etməsindən asılı olmayaraq sabitlik yəqin ki, qorunub saxlanılacaq. Əsas şərtlər əlverişsizdirsə, onda heç bir konstitusiya demokratiyanı xilas edə bilmayəcək.
Lakin üçüncü və ən maraqlı variant da var: çox da əlverişli olmayan, yaxud çox da əlverişsiz olmayan şərtlərin yarandığı ölkədə, yəni hər iki şərtin əlaqəli şəkildə olması nəticəsində demokratiyanın qurulması çətin, amma hər halda mümkün olduğu ölkədə konstitusiyanın xarakteri önəmli rol oynayır. Müxtəsər danışsaq, ölkədə həm əlverişli, həm də əlverişsiz şərait yaranarsa, mükəmməl şəkildə tərtib edilmiş konstitusiya demokratik institutların möhkəmlənməsinə kömək etməyə qabil olduğu halda, konstitusiyanın hazırlanması zamanı buraxılmış səhvlər demokratik institutların taleyinə dağıdıcı təsir göstərə bilər.
Nəhayət, bütün önəm və vacibliyinə baxmayaraq, sabitlik yeganə önəmli meyar deyildir. Əgər biz konstitusiya quruluşu haqqında başqa meyarlar əsasında fikir yürütsək, onda bu meyarların, hətta demokratik sabitlik üçün son dərəcə əlverişli şəraitin olduğu ölkələr üçün də mühüm nəticəsi ola bilər. Bu meyarlar demokratik ölkələrin konkret siyasi institutlarını (icra hakimiyyəti idarələrini, qanunverici orqanları, məhkəmələri, partiya sistemlərini, yerli hökumətləri və s.) formalaşdırır, bu institutların fəaliyyəti də, öz növbəsində qanunverici orqanlarda ədalətli nümayəndəlik üçün, hökumətin fəaliyyətinin effektivliyi üçün mühüm əhəmiyyət daşıya bilər və hətta son nəticədə, onun legitimliyinə təsir göstərə bilər. Demokratiyanın inkişafı üçün həm əlverişli, həm də əlverişsiz şəraitin hökm sürdüyü, demokratik sabitliyin taleyinin isə xeyli dərəcədə qeyri-müəyyən göründüyü ölkələrdə bu variantlar öz müstəsna vacibliyini sübut edir. Bunun səbəblərini biz sonrakı fəsildə nəzərdən keçirəcəyik.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru