PDF Oxu

MİA

  • 5 695

Çoxpartiyalılıq, seçki sistemləri və insan hüquqları

image

Yəqin ki, heç bir siyasi institut ölkənin siyasi landşaftını onun seçki sistemi və siyasi partiyalarının qabil olduğu dərəcədə müəyyən edə və dəyişdirə bilməz və onlardan heç biri bu dərəcədə müxtəliflik nümayiş etdirə bilməz.

Robert Dahl yazır: "Həqiqətən də, variantlar o qədər çoxdur ki, öz ölkəsinin yalnız seçki və partiya sistemlərinə bələd olan vətəndaş başqa demokratik ölkənin siyasi mənzərəsini anlaşılmaz və hətta xoşagəlməz hesab edə bilər. Seçkilərdə yalnız iki iri siyasi partiyanın mübarizə apardığı ölkənin vətəndaşı başqa ölkədə partiyaların "rəngarəngliyini" xaos kimi qiymətləndirər. Çoxpartiyalılığa vərdiş etmiş vətəndaş üçün vur-tut iki partiya arasında seçim etmək zərurəti buxov kimi görünə bilər. Əgər onlardan hər biri başqa ölkənin partiya sistemini daha dərindən öyrənməyə başlasa, aşkara çıxan fərqlər onları tamam dolaşığa sala bilər.

Bütün bu variantlardan necə baş çıxarmalı? Elə hesab etmək olarmı ki, bir qisim seçki və partiya sistemi o birilərdən demokratikdir, yaxud onları digər məsələlərdə üstələyir?

Seçki sistemlərində olan əsas fərqlərdən başlayaq.

Seçki sistemləri sonsuzluğa qədər müxtəlifdir. Bunun səbəblərindən biri ondan ibarətdir ki, heç bir seçki sistemi qiymətləndirmə üçün seçdiyiniz bütün meyarlara uyğun gələ bilməz. Hər yerdə olduğu kimi, buranın da öz kompromisləri var. Hansısa bir sistemi seçərkən, biz müəyyən dəyərləri o biri dəyərlərin itkisi hesabına əldə edirik.

Nə üçün belə olur? Cavab həddən artıq uzun olmasın deyə, diqqəti çox geniş imkanların yalnız ikisi üzərində cəmləməyə çalışacağam.

Proporsional nümayəndəlik sistemi (PN). "Qocaman demokratiya" ölkələrində ən geniş yayılmış seçki sistemi - seçkilərdə bu və ya digər partiyaya verilmiş səslərin miqdarı ilə bu partiyanın parlamentdə alacağı yerlərin (mandatların) miqdarı arasında mümkün qədər tam uyğunluğa nail olmaq üçün yaradılmış seçki sistemidir. Məsələn, səslərin 53 faizini toplamış partiya yerlərin 53 faizini almalıdır. Bu sistemi, adətən proporsional nümayəndəlik (PN) sistemi adlandırırlar.

Hamısı qalibə çatır (HQÇ). Əgər PN sistemi ədalətli nümayəndəlik sistemi meyarını təmin etmək üçün yaradılmışsa, onda güman etmək olar ki, onu bütün demokratik ölkələr qəbul etməlidir. Lakin bu, belə deyil. Elə ölkələr var ki, seçkilərdə ən çox səs toplamış partiyaya parlamentdə yerlərin sayını xeyli çoxaltmağa imkan yaradan seçki sisteminə üstünlük verirlər. Məsələn, seçicilərin 53 faizinin səs verdiyi partiya yerlərin 60 faizini ala bilər. Seçki sisteminin Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş bu variantında hər bir dairədən bir namizəd seçilir və ən çox səs toplamış şəxs qalib gəlir. Cıdır yarışları analogiyası üzrə bu sistem bəzən "hamısı qalibə çatır" (HQÇ) adlanır.

PN HQÇ-yə qarşı. Yuxarıda qeyd etdiyim kimi, hansı seçki sisteminin "azad və ədalətli" seçkilər tələbini daha çox dərəcədə təmin etməsi barədə mübahisələr hələ də davam edir. HQÇ-nin tənqidçiləri deyirlər ki, bu sistem üzrə keçirilən seçkiləri heç cür "ədalətli" hesab etmək olmaz, çünki burada bərabər nümayəndəlik şərtinə əməl olunmur. Məsələn, 1997-ci ildə İngiltərədə parlament seçkilərində leyboristlər partiyası mandatlarının 64 faizini əldə etmişdi - müasir parlamentarizm tarixində heç kim bu cür əksəriyyətə nail ola bilməmişdi, özü də bu zaman leyboristlər partiyasına seçicilərin cəmi 44 faizi səs vermişdi. Mühafizəkarlar partiyası müvafiq olaraq 31 faiz səs və 25 faiz mandat əldə etmişdi. Seçicilərin 17 faizinin dəstək verdiyi liberal-demokratlar isə vur-tut 7 faiz yer qazana bilmişdi! (Digər partiyalardan olan namizədlər 7 faiz səs və 4 faiz yer almışdılar)".

Müəllifin fikrincə, ABŞ-da bu cür sistem majoritar sistem adlanır, belə ki, səslərin nisbi əksəriyyətini (tam əksəriyyət vacib deyil) qazanmış namizəd qalib sayılır. Politoloqlar bunu "birmandatlı dairələrdə majoritar sistem üzrə seçkilər" adlandırırlar, əlbəttə, bu daha dəqiq ifadədir, lakin çox uzundur. "Hamısı qalibə çatır" ifadəsi İngiltərədə standarta çevrilib və mən sonrakı səhifələrdə məhz bu ifadəni işlədəcəyəm.

Yaxşı, bəs bu və ya digər partiyaya verilmiş səslərin sayı ilə onun parlamentdə aldığı yerlər arasında fərq haradan gəlir? Təsəvvür edək ki, hansısa kiçik demokratik birliyin min nəfər üzvü var və onlar 10 seçki dairəsi arasında bərabər sayda bölünüblər və bu dairələrin hər birindən bir nümayəndə qanunverici orqana seçilir. Fərz edək ki, 510 seçici (və ya seçicilərin 51 faizi) hansısa "göylər" partiyasına, 490 (və ya 49 faiz) seçici isə "qırmızılar" partiyasına səs verir. İndi də fərz edək ki, (baxmayaraq ki, bu az inanılasıdır) bu demokratik mini-dövlətin 10 dairəsinin hər birində səslər tamamilə bərabər bölünür: "göylər" səslərin 51 faizini, "qırmızılar" isə 49 faizini alır. Bu halda, seçkilərin nəticələri necə olacaqdır? "Göylər" bütün dairələrdə qalib gəlir və deməli, parlamentdə mandatların 100 faizini və "tam əksəriyyət" əldə edə bilir! Siz bu sistemi bütün ölkəyə yaya və dairələrin sayını bir neçə dəfə artıra bilərsiniz. Nəticə eyni olacaqdır.

Sağlam məntiq şübhə yeri qoymadan göstərir ki, bu cür şərtlər daxilində heç bir dövlət HQÇ sistemini qəbul etməz. Bu qeyri-adi və tamamilə qeyri-demokratik nəticənin qarşısını yalnız bir amil saxlayır: bu və ya digər partiyaya verilən dəstək ölkə üzrə qeyri-bərabər bölünür: bəzi dairələrdə "göylər" səslərin 65 faizini qazandıqları halda, digərlərində güclə 40 faiz səs toplaya bilər və o zaman səslərin qalan 60 faizi "qırmızılar"a çatar.

Bu cədvəldən tam aydın görünür ki, HQÇ sisteminin ədalətli nümayəndəliyin yararlı olması üçün partiyalara dəstək verilməsi ölkə üzrə bərabər bölünməməlidir. Çünki o, nə qədər bərabər bölünmüş olsa, səslərin sayı ilə parlamentdə yerlərin sayı arasında fərq bir o qədər böyük olacaqdır. Bu cür tənasübsüzlük regional səviyyədən ölkə miqyaslarına qədər genişlənmiş olsa (1971-ci ildə Böyük Britaniyada olduğu kimi), o zaman HQÇ sisteminin doğurduğu təhrif daha da artacaqdır.

R.Dahl yazır: "Belədirsə, onda nə üçün HQÇ sisteminin tətbiq edildiyi demokratik ölkələr PN sisteminə keçmirlər? İlk növbədə, Böyük Britaniya və ABŞ kimi ölkələrdə tarixi halların və ənənələrin təsiri nəzərə alınmalıdır; belə ki, bu ölkələrdə HQÇ nümayəndəlik sistemi təşəkkül tapdığı andan üstünlük qazanmışdır. Bunun ən inandırıcı nümunələri də ABŞ-dadır. Amerikanın HQÇ sistemi ştatların qanunverici orqanlarında və konqresdə ədalətli nümayəndəlik qaydasını pozmaqla, afro-amerikalı azlığın böyük hissəsinin hüquqlarını məhdudlaşdıra bilər. Buna görə də, afro-amerikalı seçicilərin ştatları legislaturalarına və nümayəndələr palatasına heç olmasa bir neçə nümayəndəsini göndərə bilməsi üçün qanunverici orqanlar və məhkəmələr bəzən qəsdən seçki dairələrini bu hesabla "biçib kəsirlər" ki, afro-amerikalıların əksəriyyətdə ola biləcəyi müəyyən zona yaratsınlar. Bəzən bu cür dairənin coğrafiyasının iqtisadiyyata və ya tarixə heç bir dəxli olmur. PN sistemi zamanı isə afro-amerikalıların səs verdikləri namizədlər qanunverici orqanlarda öz saylarına uyğun (proporsional) təmsil oluna bilər: məsələn, seçicilərin 20 faizinin qaradərili olduğu ştatda mandatların təxminən 20 faizini seçildikləri təqdirdə, afro-amerikalılar ala bilərlər.

Belədirsə, onda nə üçün PN sistemini problemin ən optimal həlli hesab etməyək? Əsasən, ona görə ki, ABŞ-da bu sistemə mənfi münasibət elə dərin kök salmışdır ki, nə qanunverici orqanlar, nə də məhkəmələr onu hətta irqi ayrı-seçkiliyə şərait yaradan seçkiqabağı fəndə - bədnam "cerrimanderizm"ə qarşı az-çox ciddi alternativ kimi nəzərdən keçirmək belə istəmirlər.

Sırf siyasi məqsədlər güdən "cerrimanderizm" və ya seçki dairələrinin özünəməxsus şəkildə "biçilib kəsilməsi" təcrübəsi Amerika Birləşmiş Ştatlarında çoxdan tətbiq olunur. O öz adını Amerika Konstitusiya Konventinin üzvü Elbric Cerrinin soyadından alıb. 1812-ci ildə Massaçusets ştatının qubernatoru seçilmiş Cerri ştatın qanunverici yığıncağına seçkilər üzrə dairələrdə bu cür "kosmo əməliyyatı" aparmış və bu, demokratların qalib gəlməsinə kömək etmişdir. Bu dairənin öz cizgiləri ilə salamandraya oxşaması haqqında kiminsə qeydinə cavab olaraq tənqidçilərdən biri demişdi: "Yox, o daha çox Cerrimandraya oxşayır". Bu söz və ondan törəmə olanlar sonradan Amerika siyasi leksikonuna daxil olmuşdur..."

O göstərir ki, yeri gəlmişkən, HQÇ-yə rəğbətin köklərini yalnız tarixdə axtarmaq düzgün olmazdı, bunun daha rasional izahı var. Onun tərəfdarlarının nöqteyi-nəzərincə, bu sistem sayəsində təzahür edən tendensiya - qalib gəlmiş partiyanın hesabına parlament əksəriyyətinin genişləndirilməsi tendensiyası arzuolunan nəticələrə gətirib çıxarır.

İkipartiyalı sistem çoxpartiyalı sistemə qarşı. HQÇ-ni çox vaxt ona görə müdafiə edirlər ki, o, "üçüncü partiyalara" qarşı maneələr törədir və bununla da ikipartiyalı sistemin meydana gəlməsinə kömək edir. Bunun əksinə olaraq, adətən, PN-ın tətbiqinin nəticəsi - çoxpartiyalı sistemdir. İngilis dilli ölkələrdə ikipartiyalı sistemə xüsusi dəstək verildiyi halda, çoxpartiyalı sistem hər cür tənqid olunur və alçaldılır. Hansı sistem yaxşıdır?

Çoxpartiyalı və ikipartiyalı sistemlərin müqayisəli məziyyətləri ətrafında çoxdandır ki, qızğın mübahisələr gedir, halbuki bu və ya digərinin üstünlüyü onların qüsurlarını da nümayiş etdirir. Məsələn, ikipartiyalı sistemin məziyyətlərindən biri ondan ibarətdir ki, o, seçicilərin seçki "yükünü" yüngülləşdirir, lakin HQÇ tərəfdarlarının fikrincə, məqbul alternativ variantların bu cür kəskin azaldılması seçicilərin seçim azadlığına son dərəcə mənfi təsir göstərir. Onların dediyinə görə, HQÇ sistemi üzrə seçkilər azad sayıla bilər, lakin azlıqların nümayəndəlik hüququndan məhrum edilməsi səbəbindən onu ədalətli hesab etmək olmaz.

Effektli idarəetmə. HQÇ-nin tərəfdarları bu sistemi həm də ona görə müdafiə edirlər ki, o, daha bir perspektivə yol açır. HQÇ sistemi parlamentdə qalib gəlmiş partiyanın nümayəndələrindən ibarət olan əksəriyyətin iddia etdiyi mandatların sayını artırmaqla, azlıqda qalan partiyaların koalisiyasının - əksəriyyətin proqramının və ya liderlərin təbirincə desək, "xalq etibarı mandatının" həyata keçirilməsinə qarşı sədd qoymağa qabil olan koalisiyanın yaradılmasına mane ola bilir.

R.Dahl qeyd edir ki, qanunverici orqanda öz partiyasının üzvlərindən ibarət genişləndirilmiş əksəriyyətə malik olan liderlər, adətən öz proqramlarını, hətta onların partiyasından kiminsə müxalifətə keçdiyi halda da, həyata keçirmək imkanı qazanırlar. Beləliklə, HQÇ sistemi hökumətin effektivlik meyarına daha çox uyğun olmasına kömək etdiyi halda, bəzi ölkələrdə PN sistemi parlamentdə ədavətdə olan və rəqabət aparan çoxsaylı partiyaların meydana gəlməsinə səbəb olur ki, bu da koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir və belə bir koalisiyanı yaratmaq mümkün olduqda da, onun sabitliyinə ümid etmək lazım gəlmir. Nəticədə, hökumətin effektivliyi kəskin azalır. Belə bir duruma misal olaraq İtaliyanı göstərmək olar.

Lakin HQÇ sisteminin tərəfdarları çox vaxt bunu nəzərdən qaçırırlar ki, PN-ın tətbiq edildiyi bəzi ölkələrdə geniş islahatlar proqramları bəzən iki və ya üç partiyanın koalisiyasını təmsil edən parlament əksəriyyətinin sabitliyi sayəsində həyata keçirilir. PN sistemli bəzi demokratiyalar (məsələn, Niderland və ya Skandinaviya ölkələri) praqmatik islahatların sabitliklə necə uyuşmasına dair gözəl nümunə ola bilər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər