Son illər bir çox alimlər və tədqiqat təşkilatları demokratiyanın tələblərinə tam cavab verməyən ölkələrə dair mülahizələri formullaşdırmağa çalışırlar. Bu zaman onlar oxşar, lakin eyni olmayan meyarlardan istifadə edirlər. Xoşbəxtlikdən, göstəricilərin çox hissəsi üst-üstə düşür, lakin "demokratik" və "qeyri-demokratik" anlayışlar arasında dəqiq sərhəd çəkmək qeyri-mümkün görünür.
Robert Dahl göstərir: "Bunu üç misal əsasında nümayiş etdirək. Mənim "Demokratiya və onun tənqidçiləri" ("Democracy and its Critics") kitabında verilmiş cədvəl poliarxik demokratiya ölkələrinin 1850-1970-ci illər - ərzində "boy artımını" göstərir. Həmin kitabda ölkə (1981-1985-ci illər) yeddi kateqoriyaya bölünür ki, bura dörd mühüm demokratik institutun mövcud olduğu mükəmməl poliarxiyalardan tutmuş, heç bir demokratik institutun olmadığı ən avtoritar rejimlərə qədər idarəetmə sistemləri daxildir. Hər iki qrafik üçün məlumatlar Maykl Koppecin (Michael Coppedge) və Volfanq Raynikenin (Wolfgang Reinicke) tədqiqatlarından götürülüb. Onlar əldə etdikləri zəruri göstəricilər əsasında bu ölkələrdə dörd əsas demokratik institutun:
1. Azad və ədalətli seçkilər;
2. Öz fikrini sərbəst ifadə etmə;
3. Alternativ və müstəqil informasiya vasitələri;
4. Assosiasiyaların müstəqilliyi - hər birinin səviyyəsi haqqında fikir yürütməyə imkan vermişdir.
Müəlliflər öz metodlarını "Studies in Comparative İnternational Develorment 25.1-də dərc edilmiş və indiyə qədər təkrar edilməmiş mükəmməl tədqiqatın nəticəsi olan "Measuring Poliarchy" məqaləsində şərh etmişlər. Onu da deyək ki, Koppec M.İ.Midlarskynin "İnequality, Democracy, and Ekonomik Development" toplusunda yer almış "Modernization and Thresholds of Democracy: Evidence for a Common Path" məqaləsində öz şkalasının qısa təsvirini vermiş və əvvəllər müəyyən etdiyi reytinqləri uğurla tətbiq etmişdir."
Müəllif yazır ki, digər faydalı mənbə - müstəqil "Freedom House" təşkilatının: "Freedom in the World: The Annual Survey of Political Rights and Civil Lıberties", 1996-1997 illik nəşrləridir.
"Freedom House" ölkələrin reytinqini iki kateqoriya üzrə tərtib edir və bu kateqoriyaların hər birində yeddi mövqe - ən çox azad olan ölkələrdən tutmuş, ən az azad olan ölkələrin mövqeyi göstərilib. Kateqoriyaların birində siyasi hüquqların, digərində isə mülki azadlıqların inkişar dərəcəsi nəzərə alınıb. Onları müqayisəyə çəkərkən aşkar etdim ki, siyasi hüquqlar şkalası üzrə 1 mövqeyini və mülki azadlıqlar şkalası üzrə 1, 2, 3 mövqelərini tutan ölkələr 56 halda hər iki meyarı cavab verir və bu ölkələrdəki demokratik institutlar haqqında digər təsəvvürlərə tam cavab verir. Lakin nə Hindistan, nə Braziliya, nə də Rusiya bu səviyyəyə çatmışlar. "Freedom House'' təşkilatı Hindistanı siyasi hüquqlar şkalası üzrə 2-ci mövqeyə və mülki azadlıqlar şkalası üzrə 4-cü mövqeyə qoyur; Rusiya müvafiq olaraq 3-cü və 4-cü mövqelərdə dayanır. Biz hər halda onları da siyahıya daxil etsək, onda demokratik ölkələrın ümumi sayı 58 vahid təşkil edəcəkdir.
R.Dahlin fikrincə, daha bir mənbə 1994-cü ildə Kolorado Universitetinin apardığı tədqiqatın məqsədlərinə uyğun olaraq 157 ölkə 10 ballıq "demokratiya" şkalası üzrə təsnif edilib (0-ən aşağı səviyyə, 10 - ən yüksək səviyyə). "Avtokratiyalar" da eyni parametrlərə uyğun sıralanıb. Bu sistemə əsasən, 65 ölkə birinci şkala üzrə 8,9,10 bal, ikinci şkala üzrə isə 0 bal toplayır. Beləliklə, onların miqdarı göstərilmiş, 1995-ci ilə aid göstəricilərə uyğun gəlir. Bütün bu ölkələri tam ixtiyarla "demokratik" adlandıra bilsək də, onlar necə deyərlər, müxtəlif dərəcədə "demokratikdir". Demokratiya şkalası üzrə 10 bal toplamış 35 ölkə "ən demokratik", hərəsi 9 bal toplamış 7 ölkə "kifayət dərəcədə demokratik", hərəsi 8 bal toplamış 23 ölkə isə "cüzi dərəcədə demokratik " ölkə kimi təsnif edilir.
Kolorado Universitetinin apardığı araşdırmada San-Marino (əhalisi 24 min nəfər) kimi "cırtdan" dövlətlərin çoxu və ya Sakit okean, yaxud Karib hövzəsində yerləşən Barbados (əhalisi 256 min nəfər) və Mikroneziya (əhalisi 123 min nəfər) kimi ada dövlətlər nəzərə alınmayıb. "Freedom House" şkalasına əsasən, San-Marino da, Barbados da, Mikroneziya da siyasi hüquqlar reytinqində və mülki hüquqlar reytinqində yuxarı mövqeləri tuturlar, yəni "ən demokratik" ölkələr sırasına daxildirlər.
Beləliklə, hazırda dünyada mövcud olan demokratik ölkələrin dəqiq sayını göstərmək mümkün olmasa da, iki mənbədən nisbətən dəqiq göstəriciləri almaq mümkündür. Müstəqil ekspertlərin "demokratik" ölkələri hansı meyarlar əsasında müəyyən etdiyini, görünür elə bu iki mənbənin köməyi ilə anlamağa çalışmaq daha düzgün olar.
R.Dahl yazır: "İndi başa düşürük ki, nə üçün yeni konstitusiyanın yaradılması və ya artıq mövcud olanın əsaslı surətdə dəyişdirilməsi işini öz mürəkkəbliyi və əziyyətinə görə insanın uçmalı olduğu kosmik gəminin düzəldilməsi işi ilə müqayisə edirlər. Bu işi heç kəs diletantlara etibar etmədiyi kimi, yeni konstitusiyanın yaradılması işinə də ölkənin ən zəkalı insanları cəlb edilməlidir. Fərq yalnız bundadır ki, mühüm konstitusiya novasiyaları yalnız o halda uzunömürlü ola bilər ki, onu orada bəyan edilmiş müddəalara uyğun yaşamağa hazır olan insanlar qəbuletmiş olsunlar.
Müddəaların əsas variantları və onların öz aralarında müxtəlif əlaqələndirmə üsulları geniş alternativlər dəstindən ibarətdir. Əvvəldə dediklərimi qısaca yadınıza salmaq istərdim: hər bir ümumi alternativ daha konkert alternativlərin az qala hüdudsuz sayda müxtəlifliyinə yol verir və əgər siz bunu möhkəm yadda saxlamışsınızsa, onda mən konstitusiya alternativlərinin ümumi mənzərəsini nəzərinizə çatdırmağa çalışacağam.
Seçki sistemlərinin və icra hakimiyyəti başçılarının beş mümkün kombinasiyasından başlamaq düzgün olar.
Kontinental Avropa variantı: PN sistemi üzrə seçilmiş parlament hökuməti. Parlament idarəetmə variantı "qocaman demokratiya" ölkələrində üstünlük təşkil edir və demokratik ölkələrdə bu varianta prezident idarəetmə forması ilə müqayisədə daha tez-tez rast gəlinir. Gördüyümüz kimi, "qocaman demokratiya" ölkələrində daha üstün tutulan kombinasiya - qanunverici orqanın üzvlərinin PN-in bu və ya digər növü üzrə seçildiyi parlament sistemidir. Avropada üstün mövqe tutduğuna və demokratiyanın nisbətən yaxın vaxtlarda bərqərar olduğu ölkələrin də həmin sınanmış yolla getdiklərinə görə, bu kombinasiyanı kontinental Avropa variantı adlandıracağam.
Britaniya (və ya Vestminster) variantı: seçkilərinin HQÇ sistemi üzrə keçirildiyi parlament respublikası. Onun mənşəyini və ABŞ istisna olmaqla, ingilis dilli ölkələrdə üstünlük təşkil etdiyini nəzərə alaraq, onu Britaniya variantı adlandırıram (bəzən onu Britaniya hökumətinin olduğu yerin adı ilə Vestminster variantı adlandırırlar). "Qocaman demokratiya" ölkələrindən yalnız dördü uzun dövr ərzində bu seçimə sadiq qalmışdır; heç də təəccüblü deyildir ki, bu ölkələr - Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadır (lakin Yeni Zelandiya 1993-cü ildə bu sistemdən imtina etmişdir).
Amerika variantı: seçkilərinin HQÇ sistemi üzrə keçirildiyi prezident idarəetməsi.
Amerika Birləşmiş Ştatları "qocaman demokratiya" ölkələri arasında yeganə dövlətdir ki, bu kombinasiyadan istifadə edir, ona görə, bu sistemi Amerika variantı adlandıracağıq. Beş-altı "yeni demokratiya" ölkəsi də bu sistemə üstünlük vermişdir.
Latın Amerikası variantı: seçkilərinin PN sistemi üzrə keçirildiyi prezident respublikası. Prezident idarəetmə sisteminə açıq-aşkar üstünlük verən Latın Amerikası ölkələri ABŞ-ın təklif etdiyi konstitusiya yolu ilə getmişdir. Lakin XX əsrdə seçki sisteminin seçimində onların çoxu Avropa variantı üzərində dayanmağı üstün tutmuşdur. Nəticədə, 90-cı illərin əvvəllərində az-çox "saz işləyən" demokratik institutları olan 15 Latın Amerikası dövləti başlıca konstitusiya modeli qismində prezident idarəetmə sistemi ilə PN sisteminin kombinasiyasını qəbul etmişdir. Bu modeli biz Latın Amerikası variantı adlandırırıq."
Müəllif qeyd edir ki, nə qədər qəribə olsa da, Kosta-Rika istisna edilməklə, "qocaman demokratiya" ölkələrindən heç biri bu modeli seçməmişdir. "Qocaman demokratiyalar"ın PN-ə güclü meyil etməsinə baxmayaraq, onlar prezident idarəetmə sistemini yekdilliklə rədd etdilər. Təkrar edirəm ki, bu sırada Kosta-Kika istisinadır. Latın Amerikasının demək olar ki, bütün dövlətlərindən fərqli olaraq, bu ölkədə XX əsrin 50-ci illərinin əvvəllərində möhkəm və sabit demokratiya bərqərar olmuşdu, buna görə də onu "qocaman demokratiyalar"a aid edirəm. Lakin Kosta-Rika yeganə ölkədir ki, prezident respublikası və PN kombinasiyasına üstünlük verir.
Başqa kombinasiyalar. Konstitusiya quruluşunun bu az və ya çox dərəcədə "xalis" növündən əlavə, "qocaman demokratiyalar"a aid olan bir neçə ölkə bir sıra mühüm xüsusiyyətləri ilə fərqlənən sistemləri yaratmışdır. Onlar bu yolu "xalis növlərin" bütün üstünlüklərindən bəhrələnmək və eyni zamanda, xoşagəlməz nəticələri minimuma endirmək üçün seçmişlər. Bu cür "konstitusiya ixtiraçılığına" qabarıq nümunə kimi Fransa, Almaniya və İsveçrəni göstərmək olar.
Beşinci Fransa Respublikasının konstitusiyası eyni zamanda həm bütün xalq tərəfindən seçilən və böyük səlahiyyətləri olan prezident, həm də parlament qarşısında məsuliyyət daşıyan baş nazir variantını nəzərdə tutur. Bundan əlavə, Fransa HQÇ sistemini modifikasiya etmişdir. Parlamentə seçkilər zamanı namizədlərdən heç birinin səs çoxluğuna (50 faiz üstəgəl bir səs) nail olmadığı seçki dairələrində təkrar seçkilər keçirilir. İkinci turda, qeydə alınmış bütün seçicilərin səslərinin 12 faizdən çoxunu toplamış bütün namizədlər iştirak edirlər. Bu sistem zamanı, birinci turda mandata yiyələnmək üçün yetərincə səs toplamış kiçik partiyalar, adətən iki əsəs rəqibdən birinə qoşularaq tərəfdarlarını ona səs verməyə çağırır.
Almaniyada Bundestaq deputatlarının bir yarısı HQÇ sistemi üzrə, digər yarısı isə PN sistemi üzrə seçilir. Bu variant cüzi dəyişikliklərlə İtaliyada və Yeni Zelandiyada da tətbiq edilir.
İsveçrə, öz siyasi sistemini çoxmillətli əhalisi olan ölkənin xüsusiyyətlərinə uyğunlaşdırmaq üçün icra hakimiyyətinin kollektiv orqanını yaradıb. Bu təşkilat parlament tərəfindən dörd il müddətinə seçilən yeddi müşavirdən ibarətdir. "Qocaman demokratiya" ölkələri arasında bu variant özünə görə yeganə olaraq qalmaqdadır.
R.Dahl daha sonra yazır ki, "qocaman demokratiya" ölkələrinin əvvəlki iki fəsilədə nəzərdən keçirdiyimiz təcrübəsi əsasında aşağıdakı nəticələrə gəlmək olar.
Konstitusiya sistemi özlüyündə ölkənin əsas problemlərini həll edə bilməz. Heç bir konstitusiya demokratiya üçün son dərəcə əlverişsiz şəraitin hökm sürdüyü ölkədə demokratiyanı qoruyub-saxlaya bilməz. Əlverişli şəraitin ölduğu ölkə isə öz əsas demokratik institutların qoruyub saxlaya və alternativ konstitusiyaların geniş dairəsindən istənilən variantı seçə bilər. Konstitusiyanın incədən-incəyə düşünülmüş və yerləşdirilmiş müddəaları təyinedici şərtlərin həm əlverişli, həm də əlverişsiz olduğu ölkələrdə təməl demokratik institutların qorunub saxlanmasına kömək edə bilər (Bu barədə sonrakı fəsildə ətraflı danışılacaqdır.)
• Fundamental demokratik sabitliyin qorunub saxlanması nə qədər vacib olsa da, o, "konstitusiyanın keyfiyyətinin" yeganə meyarı sayıla bilməz. Digər meyarlar arasında ədalətli nümayəndəlik, şəffaflıq və anlaşıqlıq (hökumətin qəbul etdiyi qərarları dərk etməyin mümkünlüyü), hökumətin hesabat verməli olması, onun effektivliyi meyarları da böyük önəm daşıyır. Bütün bu dəyərlər konstitusiyada öz yerini tapıbsa, onda onlar həyata keçirə bilər və keçəcək.
Qüsursuz konstitusiya sistemi yoxdur. Elə bir konstitusiya sistemi yoxdur ki, bütün meyarlara istisnasız uyğun gəlmiş olsun. Demokratik nöqteyi-nəzərdən istənilən konstitusiya həmişə qeyri-kamil olacaqdır. Bundan əlavə, yeni konstitusiyanın qəbul edilməsi və ya artıq mövcud olana dəyişikliklər edilməsi məlum qeyri-müəyyənliklə əlaqədardır. Deməli, konstitusiyanın yaradılması və ya dəyişdirilməsi məqsədlər və bu dəyişikliklərlə bağlı risk arasında kompromisin əldə olunmasını tələb edir.
Görünür ki, yüz il ərzində amerikalılar, onların prezident-parlament idarəetmə sisteminin, HQÇ seçki sisteminin, federalizm sisteminin effektvliyini təmin edən siyasi mədəniyyət, vərdişləri və prosedurları lazımınca inkişaf etdirə bilmişlər. Amerikanın siyasi sistemi hədsiz mürəkkəbdir və elə buna görə, başqa ölkədə bu cür saz işləyə bilməyəcəkdir. Hər halda, o, geniş yayıla bilməyib və çox güman ki, yayıla bilməzdi də.
Bəzi alimlər bu nəticəyə gəlmişlər ki, Latın Amerikası dövlətlərinin siyasi quruluşu üçün səciyyəvi olan variant-prezident respublikası ilə PN tipli seçki sisteminin kombinasiyası Mərkəzi və Cənubi Amerikada demokratik rejimlərin tez-tez çökməsinə səbəb olmuşdur. Cəmiyyətin siyasi qütbləşməsinə və böhranlara konstitusiya sisteminin və ya əlverişsiz hallar məcmusunun səbəb olduğunu müəyyən etmək çətin olsa da, görünür, demokratik ölkələr bu məsələyə ehtiyatla yanaşmalı və Latın Amerikası variantından qaçmalıdır.
Fransa və Amerika inqilablarından ruhlanmış Tomas Cefferson bir dəfə qeyd etmişdi ki, hər bir nəsil üçün inqilab yaşamaq faydalıdır. Bu romantik baxışın əsassızlığı mövcud yüzillikdə faciələr, yaxud miskin uğursuzluqlar, yaxud da despotik rejimlərin qurulması ilə başa çatmış silsilə inqilablarla sübuta yetirildi. Lakin görünür, pis olmazdı ki, demokratik ölkə ildə bir konstitusiya hüququ mütəxəssislərini, siyasi liderləri, səriştəli vətəndaşları bir yerə toplayıb, öz konstitusiyasını bir növ təftiş etsin. Özü də o, bu işi yalnız öz şəxsi təcrübəsi işığında deyil, digər demokratik ölkələrin təcrübəsi hesabına əldə edilmiş və sürətlə artmaqda olan biliklər məcmusu əsasında həyata keçirməlidir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru