PDF Oxu

MİA

  • 8 653

Azərbaycanın XVII əsr ictimai-siyasi fikir tarixində insan haqları və azadlıqları ideyası

image

XVII əsr Azərbaycan ictimai-siyasi fikir tarixində ənənələri və müasirliyi özündə əks etdirən ideyaların tərənnümü əsas yer tuturdu. Bunlardan S.Təbrizinin insan hüquq və azadlıqlarının müdafiəsi ideyasını göstərmək olar.

Görkəmli Azərbaycan tədqiqatçısı Aqşin Quliyev yazır: "Məhəmmədəli Saib Təbrizi XVII əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndəsidir. Onun böyük demokratik ənənələrlə bağlı olan sosial-siyasi ideyaları xalqımızın ictimai-siyasi təfəkkür tərzinə yeni nəfəs gətirmişdir. XVI yüzilliyin sonu və XVII yüzilliyin birinci yarısında ictimai-siyasi fikirdə təzahür edən yeni demokratik ənənələr dövrün sosial-iqtisadi, fəlsəfi, hüquqi və mədəni tələblərinin sosial-siyasi görüşlər, ideyalar aləmində inikası idi.

Görkəmli mütəfəkkirin sosial-siyasi görüşlərindəki yeni ideoloji xətt onun yüksək ideallar uğrunda mübariz fikirlərinin ifadəsidir. O, təkcə öz xalqının deyil, bütün Yaxın və Orta Şərq xalqlarının ictimai-siyasi fikrində yeni məzmunlu demokratik və humanist ideoloji istiqamət yaratmaq yolunu tutmuşdur. Tərəddüd etmədən söyləmək olar ki, Saib Təbrizi XVII əsr sosial-siyasi fikrimizin ən öncül nümayəndəsi və bayraqdarıdır.

XVII yüzilliyin mütərəqqi ideologiyasının fəlsəfi əsasını erkən orta əsrlərdə və feodalizmin inkişafı dövründə (XII-XVI yüzilliklər) olduğu kimi, panteizm (konteist fəlsəfə) təşkil edirdi. Panteizmin azadfikirli nümayəndələri öz fəaliyyətində və yaradıcılığında həmişə sosial ədalətin bərqərar olmasına meyil etmişlər. Panteist fəlsəfənin qabaqcıl və insanpərvər nümayəndələri kimi, Saib də həmişə insanlığın haqq işinə xidmət etməyi özünə borc bilmişdir. O, panteizmin humanist yönümlü qanadının daşıyıcısı olmaq etibarilə, hətta ədalətli qayda-qanuna itaəti ibadətdən üstün tutmuşdur. "İtaət eylə sən hər qaydaya mətanətlə" deyən mütəfəkkir, qanunlara tabeliyi şəxsiyyətin əxlaqi keyfiyyətlərindən biri hesab edirdi".

Müəllifin fikrincə, humanizm bütün əsrlərdə bəşəri bir mövzu olmaq etibarilə ədəbiyyatın qabaqcıl nümayəndələrinin tərənnüm etdiyi bir ideal olmuşdur: "Azərbaycan ədəbiyyatında Xaqani, Nizami, Nəsimi və Füzuli kimi dahilərin yaradıcılığında zaman-zaman təbliğ olunan bu ideya XVII əsrdə Azərbaycan poeziyasının söykəndiyi ən qüdrətli ənənələrdən biri idi. Bu da Saib kimi qüdrətli sənətkarların yaradıcılığında özünün yeni inkişaf formalarını tapırdı...".

Saibin tərənnüm etdiyi ideyalar insanın istək və arzularının ifadəsidir. Bu, adi canlının, yaranmışın deyil, əzəməti ilə təbiətin və cəmiyyətin sirlərinə hakim olan, hər şeyə qadir insanın məqsəd və məramından, amalından doğan arzulardır. Mütəfəkkirin təsvir etdiyi insan taleyi, əslində bütöv bir xalqın həyatının təsviridir. Saib fəlsəfəsində insan və xalq məfhumları bir-birindən ayrılmazdır. Namərd dövran hərəni bir yana atsa da, bunu yalnız nadanlar ayrılıq kimi təsəvvür edə bilər. İnsanlar bir-birindən nə qədər uzaq olsalar da, onlar hər yerdə birdir. Bu məqsəd, amal birliyidir. Azadlıq, bərabərlik və ədalət uğrunda mübarizə insanları həmişə birləşdirmişdir. Belə birlikdən yalnız nadanlar uzaq olmuşdur. Ümumbəşəri idealları qəbul etməyən, insanlığın ali və yüksək dəyərlərinə laqeyd olan rəzil adamlar məqsəd birliyinə malik olan insanlarla birləşə bilməzlər. Öz şəxsi mənafeyini güdən adamlar həmişə xalqdan qaçmış, özünü xalqdan, mənafeyini isə xalqın mənafeyindən üstün tutmuşdur. Cahil və nadan adamlar bərabərliyi özləri səviyyəsində olanların arasında görmüşdür.

Saib insanları həmişə birliyə səsləmişdir. O, səadəti, xoşbəxtliyi, sosial bərabərliyi və insan qüdrətinin əyani təzahürünü birlikdə görürdü. İnsandan, insanlıqdan uzaq olan ədalətdən də uzaqdır. İnsan öz varlığını, güc və qüdrətini xalqın arasında hiss edə bilər. Ədalət o yerdə zəfər çalır ki, insanlar öz gücünü bir yerə toplayır, xalqın kədərini öz kədəri, xoşbəxtliyini isə öz xoşbəxtliyi hesab edir. Saib öz dövrünün zəngin mənəviyyata malik şəxsiyyəti kimi belə birliyin tərəfdarı idi. B.Azəroğlu yazır: "Xalqa yaxınlıq, özünü xalqın bir hissəsi hesab etmək ümuminsan məfhumundakı bərabərlik fikrindən doğurdu. Bu, dinlərdən, əqidələrdən yüksəkdə duran bərabərlik idi". Saib xalqa ruhən yaxın olduğuna görə özünü onun ayrılmaz bir parçası hesab edirdi. O özünü yoxsullara, ağır zəhmət adamlarına bərabər tuturdu. Bu, insan sadəliyinin klassik nümunəsidir. Dünyası sadə insanların idarə etməsindən danışan mütəfəkkir, məhz həmin insanların (və özünün) kölə vəziyyətində olmasına təəssüflənirdi.

A.Quliyev daha sonra yazır: "Saibin sosial-siyasi görüşlərinin səciyyəvi xüsusiyyətlərindən biri cəsarətli fikir sərbəstliyidir. Bu, sosial-siyasi fikir tariximizdə XIII yüzilliyin böyük mütəfəkkiri Mahmud Şəbüstəridən sonra atılmış yeni, orijinal bir addımdır. Qeyd etmək zəruridir ki, qədim və zəngin tarixə malik olan Azərbaycanın sosial-siyasi fikrində XVII yüzillik üçün yeni olan bu xətti müəyyən etmək heç də sadə və asan iş olmamışdır. Belə qüdrətli təfəkkür sahibi olan Saib öz ideallarının reallaşması üçün bütün çətinliklərə və təzyiqlərə güclü bir şəxsiyyət kimi nəinki tab gətirmiş, hətta zalımlığı və əzazilliyi cəsarətlə pisləmişdir.

Azərbaycanın XVII yüzillikdə formalaşan sosial-siyasi fikrinin ən qaynar nöqtəsi Saib yaradıcılığıdır. Saib yaradıcılığı zaman-zaman və damla-damla yığılıb çağlayan ideyalar dənizini xatırladır. Böyük mütəfəkkirin sosial-siyasi ideyaları öz həyatiliyi ilə seçilir, çünki həmin ideyaların daşıyıcısı həyata bütün varlığı ilə bağlı idi. Elə bunun nəticəsidir ki, Saibin sosial-siyasi ideyaları həyati, xəlqi olduğu qədər də humanistdir. Saib humanizmində insana və onun taleyinə münasibətdə dərin mərhəmət və xeyirxahlıq ruhu vardır. Bu, tərbiyə edən, insanları saflaşdıran və cəmiyyətin ictimai həyat aləminə ədalət toxumu əkən humanizmdir.

Öz dahi sələfi, Füzulidə olduğu kimi, Saibin də qəlbinə və ruhuna çökmüş kədər şəxsi deyil, ictimai kədərdir. Mütəfəkkiri kədərləndirən və ona iztirab verən başlıca amil cəmiyyətdə hökm sürən qeyri-insani münasibətlərdir. Bu münasibətlər acizlərə yardım etməyi, insanlarla ədalət və mərhəmətlə davranmağı qəbul etmirdi".

Saib Təbrizinin sosial-siyasi görüşlərini rövnəqləndirən, onun bütün yaradıcılığını nurlandıran, mütəfəkkirin dahi Füzuli yaradıcılığından yetərincə faydalanmasıdır. İctimai-siyasi fikrimizin poetik dildə inikasının Füzulidən sonrakı dövrdə ən layiqli nümayəndəsi məhz Saib Təbrizidir.

Füzuli deyəndə, adətən klassik ədəbiyyatımızın qəm və kədər şairi gözlərimiz önündə canlanır. Hamının, bütün el-obanın kədərini özününkü hesab edən Füzuli, öz kədəri ilə xalqı bezdirməsindən də kədərlənirdi. B.Azəroğlu haqlı olaraq yazır: "...Füzuli kədəri məşhurdur. Bu kədər məyusluq, tərkdünyalıq, həyata və hadisələrə laqeydlik doğuran kədər deyil, əksinə, Füzuli poeziyasındakı kədər müqəddəsdir, həyata, yaşamağa çağıran, insan daxilini paklaşdıran, hərəkətverici kədərdir. İstər ...fərdi-daxili kədər olsun, istərsə də mütəfəkkirin ictimai həyatla bağlı olan ümumbəşəri kədəri, bunların hamısında bir daxili qürur, bir vətəndaşlıq duyğusu vardır". Saib də vətəndaş mütəfəkkirdir. Orta əsrlərdən gələn və XVII yüzillikdə də qalaqlanan kədər ondan yan keçə bilməzdi. Əgər bu ictimai kədər Saibi tapmasaydı, əvvəl-axır Saib onu tapacaqdı. Çünki bu, mütəfəkkir üçün müqəddəsliyi tapmaq, ona qovuşmaq və öz dahi sələfinin yaradıcılıq yolunun cığırına düşmək demək idi. "Saib, aldanma ki, dövran sənə rahat keçəcək" deyən humanist mütəfəkkir, cəmiyyətin qüsurlarına və haqsızlıqlarına öz etirazlarını bildirmək və mövqeyini daha da kəskinləşdirmək üçün kədər hisslərindən istifadə etmişdir.

Saib kədəri ədalətsizliyə, zülmə və zorakılığa qarşı fəryad qoparır. Bu fəryad dağları-daşları silkələsə də, zalım və zülmkarların qəlbində mərhəmət hissi oyatmır, vicdanı susanların vicdanını oyatmır.

AKƏK-də göstərilir ki, Füzulinin sosial-siyasi görüşlərində olduğu kimi, Saibin də analoji baxışlarında hamının qəmi və ələmi sayılan kədəri görməmək, ondan yaxa qurtarmaq mümkün deyil. Saib öz böyük müəlliminin əqidə tərzinə və vətəndaşlıq mövqeyinə sadiqlik nümayiş etdirərək, üz verən dərin kədər müqabilində dünyadan heç nə ummur. "Gözünü dikmə, bu dünya sənə nemət verəcək" deyən mütəfəkkir, bunu gözütoxluğun əlaməti hesab etmir. Dövranın gərdişini yaxşı bilən, lakin ictimai bəlaların həqiqi kökündə məhz hansı səbəblərin dayandığını bütün təfərrüatı ilə aşkar edə bilməyən Saib Təbrizi, üz verən haqsızlıqları dövranın özünün təbiətində görürdü.

Aqşin Quliyev qeyd edir ki, insana məhəbbət kimi qabaqcıl dünyanın poeziyada tərənnümünün tarixi Azərbaycan ədəbiyyatında qədimdir. Bu ideya dahi şair Nizaminin humanist poeziyasından qidalanaraq inkişaf etməkdədir. Dünyəvi meyillərin məhəbbət poeziyasında güclənməsində ədəbi mühitin təsiri ilə yanaşı, ictimai həyatın qarşısıalınmaz tələbləri də böyük rol oynamışdır. Saib Təbrizi sələfləri kimi özünün ictimai ideyalarını, siyasi və humanist görüşlərini də məhəbbət qəzəllərində vermişdir. Bu qəzəllər ilk baxışda adi, məhəbbətlə bağlı müxtəlif lirik hissləri tərənnüm edən əsərlər kimi qəbul edilsə də, bir qədər diqqət etdikdə, həmin şeirlərdə vəsf olunan eşqin ictimai fikirlər, bəşəri ideyalar və insanların həyatının müxtəlif cəhətləri ilə bağlı olduğunu görürük.

Təsadüfi deyildir ki, Saibin zəmanənin ədalətsizliklərindən bəhs edən əsərlərinin də rüşeymində humanizm hissi dayanır. Onun əsərlərinin təbliğ etdiyi ideyalar insana və insanlığa hörmətin və məhəbbətin poetik ifadəsidir. İnsanpərvərlik ruhlu əsərlərinin qəhrəmanı, bilavasitə Saibin özüdür. O, insan, onun xoşbəxt gələcəyi, azad və bolluq içində yaşaması naminə fədakarlıqlar göstərir. Mütəfəkkir yanır ki, istisinə xalq qızınsın, alovlanır ki, şöləsi aləmə və bütün dünyaya işıq saçsın.

XVII yüzillikdə sosial həyatda baş verən hadisələrə, cəmiyyətdə mövcud olan haqsızlıqlara kəskin tənqidi və ifşaedici müxalifətdə olan Saib, ətrafında tüğyan edən ziddiyyətli məqamları nəzərindən qaçırmamışdır. O, həssas bir müşahidəçi kimi xalqın dözülməz maddi vəziyyətinə, hökmdar ədalətsizliyinə və sosial bərabərsizliyə, hüquqsuzluğa, xalqın azadlıq hisslərinin boğulmasına, onun haqqının tapdalanmasına laqeyd qala bliməmişdir. Buna görə də mütəfəkkirin sosial-siyasi ideyalarında feodal cəmiyyətinin ciddi qüsurlarının, sosial zülmün və feodal özbaşınalıqlarının, zorakılıqlarının hərtərəfli ifşasını görürük.

Tədqiqatçıların yazdıqlarından aydın olur ki, dövrünün alim-mütəfəkkiri kimi tanman Saib yüksək mədəniyyətli, insanlara qarşı qayğıkeş, mehriban, hazırcavab və ...şirin mübahisələrə meyil göstərən bir adam olmuşdur. Lakin biz belə həlim bir insanın əsərlərində təkrar-təkrar zəmanəsilə üz-üzə duran, dövrün hakimləri ilə mübahisəyə girişən, onları haqsızlıqda ittiham edən fikirlər görürük. Təəccüblü heç nə yoxdur. Saib mənən mülayim bir insan olsa da, mübariz ruhlu, daxilən məğrur, hakimlərə baş əyməyən, qüdrətli bir mütəfəkkir olmuşdur. Biz bunu onun insanları başucalığa, minnətsiz yaşamağa çağıran etik məzmunlu əsərlərində də görürük. Tamamilə aydındır ki, Saibin əsərlərindəki mübarizlik ruhu ictimai bərabərsizliyin və dövrün məhsuludur. Humanist mütəfəkkirin yaşadığı quruluş elə bir çirkaba batmışdır ki, onun düzələcəyinə və saflaşacağına ümid qalmamışdır. Məsələ burasındadır ki, dövrün, zəmanənin sağalmaz dərdə düşməsinin səbəbkarı olan ağalar və hökmdarlar yaxasını kənara çəkmişdir. Bütün ağırlıq yenə də məzlum insnaların üzərinə düşmüşdür. Ömrü-günü dərd çəkməklə keçən yoxsul təbəqə hələ cəmiyyətin dərdlərini də öz çiyinlərində daşımalı idi. Bu, heç də təsadüfi hal deyildi. Dünyanı zindana çevirmiş feodal hakim dairələri xalqı bu dərdləri çəkməyə məhkum etmişdi. Bu, sanki məzlumlar üçün ömürlük cəza idi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər