XVII əsr ictimai-siyasi fikir tarixində humanist ideyaları mühüm yer tutan Saib Təbrizi haqq dünyasını tərənnüm etmiş, haqsızlığı kəskin tənqid etmişdir. Görkəmli Azərbaycan alimi Aqşin Quliyev yazır: "Saibin humanist fikirlərində Nizami ideyalarının əks-sədası, bu təfəkkür yaxınlığının mayası həm onun bağlı olduğu tarixi ənənələrdən, həm də ictimai həyatdan gəlirdi. Saib dövründə də uzun sürən müharibələrin ağırlığı geniş xalq kütləsinin üzərinə düşürdü. Əsl ideya və fikir fədailəri saraylardan kənarda yaşayırdılar. Nizaminin təbirincə, bu dövrdə "padşah elə atəş idi ki, onun odundan qorunmaq üçün ona ancaq uzaqdan baxmaq" lazım idi. Lakin nə hökmdarların zalımlığı, nə də, ümumiyyətlə hakim zümrənin həyasızlığı və aşağı təbəqəyə laqeydliyi mütəfəkkiri bədbinliyə vadar edə, onu əqidəsindən döndərə bilməmişdir. Saib dərindən dərk edirdi ki, həyatları nə qədər ağır olsa da, bütün nemətlərin yaradıcısı sadə və mərd insanlardır. Ona görə də xalqın zəhmətilə firavan həyat sürən əsilzadələrə deyil, əli qabarlı sadə insanlara bel bağlamaq lazımdır. Hökmdarlar, sultanlar və xaqanlar gəldi-gedər, xalq isə daimidir. Nə qədər çətin və əzablı olsa da qəddar hökmdarlara deyil, xalqa, onun mətin iradəsinə ar- xalanmaq, müdrik idrakına söyksnmək daha yaxşıdır. Çünki vətənə və torpağa hökmdarlardan daha çox zəhmətkeş xalq bağlıdır.
Hökmdar və onun yaxın ətrafı çox zaman xalqın avamlığından, əlacsızlığından məharətlə istifadə edirdilər. Vətənin başı üstünü təhlükə alanda, torpağa xain əllər uzananda, xalq həmişə ayağa qalxır və hökmdarının arxasınca gedir, onun çağırışına hamıdan tez hay verirdi. Başqa sözlə, xalq hökmdarların hər çağırışına həmişə ucadan səs vermişdir. Burnundan uzağı görməyən hökmdarlar isə xalqın bu etimadından həmişə sui-istifadə etmiş, ona həmişə nökər gözü ilə baxmış, ədalətsizliklərindən əl çəkməmişlər. Deməli, xalq hökmdarlara həmişə vətənin ağır günündə lazım olmuşdur. Xalqın bütün sədləri yıxıb keçəcəyinə bələd olan hökmdarlar onun vətənə və torpağa olan sevgisinin həqiqi mənasını dərk etməkdə çətinlik çəkmiş, elə buna görə də onu müti vəziyyətdə saxlamağa üstünlük vermişlər".
Müəllif qeyd edir: "Mütəfəkkirin ideyasına görə, xalqın ağır və dözülməz vəziyyətə düşməsinin səbəbi təkcə hökmdar ədalətsizliyi deyil, həm də zəmanənin sosial bəlalarının nəticəsidir. Xalqı hüquqsuz edən, onun bütün imkanlarını məhdudlaşdıran və yaşamaq üçün həyati vasitələrdən məhrum edən dövranın gərdişidir. Məhz dövran hər şeyi əsilzadələrə və qoluzorlulara vermiş, onları xalqın öz canı və qanı bahasına yaratdığı nemətlərin sahibi etmişdir. Biixtiyar xalqın nəsibi isə bütün zillət və zəlalətlərə dözməkdir.
Saib, ətrafında baş verənlərə və müşahidə etdiyi hadisələrə ictimai məna verdiyinə görə, onun nəzərindən heç nə yayınmır. Mütəfəkkiri əhatə edən mühit etibarsızdır. Zəmanə kimi, sanki bu mühitin də siması qaralmışdır. O, heç kimə rəhm etmir. Siması qara zəmanənin iti qılıncı yazığı, yoxsulu və kimsəsizləri parçalamaqda mahirdir. Zəmanənin etibarsızlığı və ağırlığı elə bir həddə çatmışdır ki, nə ziyalı, nə də yoxsul insan onunla mübarizə aparmaq iqtidarında deyil.
Saibin nəzərində məhbəsi xatırladan dünya qaranlıq bir aləmi xatırladır. Dünya, sinəsində hamıya yer verən dünya olsa da, o, məhz qəlbində və təfəkküründə nur gəzdirən insanlar üçün zülmət meydanına çevrilmişdir. Bu dünya yalnız fikri, sözü və əməli düz olan insanların bəxtinə, taleyinə doğmalı olan günəşin ziyası önünə qara pərdə çəkmişdir".
Balaş Azəroğlu yazır ki, humanist mütəfəkkirin fikrincə, "dərdi-dünya çəkənin ömrü-günü matəm olar". Çünki zəmanə əhli insanlığı iflic vəziyyətə salmışdır. Əzilən insanların öz haqları uğrunda mübarizə aparmaq əzmi qalmamışdır. Vəfasız zəmanə onların ümidini tamam qırmışdır. Edilən fəryadlar isə qəm və möhnət yükünü azaltmaq üçündür. Artıq bu yükü daşımaq üçün də sadədil insanlarda nəfəs qalmamışdır.
Xalq kütləsinin zülmə və zorakılığa qarşı kəskin etirazları onun özünə qarşı hakim zümrə və dövlət tərəfindən tətbiq edilən cəza maşınını hərəkətə gətirmək üçün bəhanə idi. Ölkədə qayda-qanun yaratmaq adı altında məzlum insanları, günahsız adamları amansız və ağır cəzalara məruz qoymaq hakimiyyət başında olanların sanki "gündəlik qayğısına" çevrilmişdi. Elə buna görə də gen və işıqlı dünya aqil insanlara qaranlıq zindanı xatırladırdı. Bütün bunlarla yanaşı, feodal məmurlarının özlərini xalq qədrini bilənlər kimi qələmə vermələri də Saibi hiddətləndirirdi. Əxlaqsız mühitin yetişdirdiyi fərddən alicənablıq və xeyirxahlıq gözləmək əbəs idi. Zəhərli əqrəbi xatırladan bu mənfur tiplər sancmaya bilməzdi. "Məzlum görünən zalimin hər zülmü yamandır" deyən mütəfəkkir, bununla belə öz müasirlərinə intiqam hissilə yaşamamağı tövsiyə edirdi. Saibin ideyasına görə, intiqam hissini boğmaq, səbrli və təmkinli olmağın özü də insan üçün əxlaqi sərvətlərdən biridir.
Kamilə və nadana, aqilə və cahilə fərq qoymayan zəmanə ədalətsiz bir münsif rolunu oynayırdı. Var-dövlət, bütün nemət və sərvətlər hakim dairələrin əlində cəmləşdiyi üçün güc və qüvvə də onların tərəfində idi. Zəmanə, ətrafından xəcalət çəkməyən bir rəqqas kimi xalqın qanına susayan feodal cəlladlarının çaldığı ilə oynayırdı. Çünki dövran onların dövranı, hökm onların hökmü idi. Saiblər və onun kimilər bu vəfasız dövranın həyat siyahısında adı olmayan insanlar idi. "Nə səbəbdəndir mənim qədrimi dövran bilməz?" sualı ilə müraciət edən böyük mütəfəkkir, zəmanəsinin haqsızlığına qarşı sanki fəryad qoparırdı.
Saib Təbrizinin nəzərində "ədalət" dünyanın nizamıdır. Ədalət insanların xoş güzəranı, ömrün və bütün dünyanın bəzəyidir. Ədalət olmasaydı, dünya qaranlıq bir aləmi və viranəliyi xatırladardı. O yerdə ki, ədalətin hökmü var, orada gözəllik və səadət vardır. Humanist mütəfəkkirin ideyasına görə, yer üzünün cənnətə çevrilməsi ədalətin hökmranlığının nəticəsidir. "Ədalət hökm edir dünya üzündə!" qənaətilə çıxış edən Saib, ədaləti, eyni zamanda da xeyirxahlığın, mərhəmətin və insanpərvərliyin etalonu qismində təsəvvür edir. Onun fikrincə, xeyirxahlıq, rəhm, mərhəmət, alicənablıq, səxavət və insanpərvərlik ədalətdən doğur. Belə etik keyfiyyətlərə malik olan insanlar daim qurub-yaratmaq həvəsilə yaşayır.
AKƏK-də göstərilir: "Saib xalqa yaxınlığı, onun dərdlərinə şərik olmağı və onun uğrunda əzmlə çalışmağı da sosial ədalətlə əlaqələndirir. Yalnız ədalət hissinə malik olan insanlar özünü həmişə xalqa yaxın bilir. Ədalətsizlik ona görə rəzalətdir ki, bunun daşıyıcısı olan adamlar özlərini xalqdan üstün tutmaqla, həm də ondan çox-çox uzaqlarda olurlar. "Xalqa yaxınlıq edən insaf əhli" adlandıran mütəfəkkir, ədaləti insana və insanlığa qarşı hörmət əlaməti kimi qiymətləndirir. Ədalətli adam heç vaxt başqalarını incitmir və elə bu rəftarına görə də həmişə hörmətli və şəfqətli olur. Saibin təbirincə, "o kəs hörmətlidi ki, milçəyi də incitmir".
Humanist mütəfəkkir insan amalının ancaq yaxşılıq olmalı olduğunu vurğulayır. Çünki yaxşılıq da ədalətin əsas şərtlərindən biridir. Məqsədi yaxşılıqlar etmək istəyən insanlar haqsızlığa yol verirlər. Torpağa yaxşılıq toxumu səpən insanların nəsibi həmişə yaxşılıq olmuşdur. Saibin fikrincə, insan həyatda ancaq yaxşılığı özünə peşə etməli, ömrü boyu bunun üçün çalışmalıdır. Torpaq laləzara çevrilsin deyə, "sən çalış yaxşılığın toxmunu ək torpaqda". Böyük mütəfəkkirin bu nəsihəti qəlbində, fikrində və əməli işində ədalət alovu gəzdirən insanların şüarı olmuşdur. Əlində ədalət məşəli gəzdirən insnaların çırağı dünyanı işıqlandırmış, ruhuna qaranlıq çökmüş aləmlərə həmişə ədalət şöləsi saçmışdır.
AKƏK-də qeyd edilir ki, S.Təbrizi, ədalətə sığınmağı zəiflik deyil, əksinə, hünər və şücaət hesab edirdi. Ədalət əməlisaleh insanların ən qiymətli sərvətidir. Ədalətli ürək sonsuz və dərin dəryaları xatırladır. "Kim taparsa haqqı, o, hər qətrədə dərya tapar" deyən mütəfəkkir, ədaləti insan mənəviyyatının dəyər meyarı qismində təsəvvür edir. Ədalət insanın qədr-qiymətini artıran tərəzidir.
Lakin Saibin üzləşdiyi dünya öz qoynunda ədalətsizliklər gəzdirən nəhəng səltənəti xatırladır. Belə dünyadan haqq-ədalət, mərhəmət gözləmək müşkül məsələdir. Ədalətsiz insanı haqsızlıq pərdəsinə bürünmüş dünya ilə eyniləşdirən mütəfəkkir, "vəfasızdan vəfa? Yox, gözləmə, əsla!" deməklə, onu eşidən biçarələrin ümid çırağını söndürmək istəmirdi. Saib sakini olduğu dünyadan mərhəmət gözləmədiyi üçün, bunu həmin təmənnada olan müasirlərinə də rəva görmürdü. Çünki zəmanənin bədxahlığından xəbərdar idi. Bir əli müftəxor və zalımlara bolluca sərvət verən dünyanın o biri əli məzlumları parçalayıb gəmirirdi. Bu gününü sürünə-sürünə başa vurub sabaha ümidi olmayan məzlumdan qoparacağı yeganə şey həyat neməti idi. Ədalətsiz dünyanın özündən razı qoluzorlu sakinləri məzlumdan bu neməti almağı da özü üçün qənimət hesab edirdi. Humanist mütəfəkkir insan həyatı və taleyi ilə oynayanların öz qanına qəltan olacağına inanırdı. Çünki əldən düşmüş zalımın gücü son həddə yalnız özünə çatar.
B.Azəroğlu yazır: "Böyük mütəfəkkirin ideyasına görə, hökmdarlıq insana cəmiyyəti zülm evinə, qaranlıq bir aləmə çevirmək üçün verilmir. Hökm edənin peşəsi hədə-qorxu gəimək, vahimə altında saxlamaq, fiziki və mənəvi cəhətdən şikəst etmək deyil, xalqı əmin-amanlığa çatdırmaq olmalıdır. "Saib çəkinmədən göstərir ki, hakim təbəqənin ləyaqətsizliyi və kütbeyinliyi üzündən xalqın güzəranı ağır keçir. ...Saib dövrün hakiminə öyüd-nəsihət verməyin faydasız olduğunu gördükdə, daha kəskin əsərlərlə çıxış edir. O, hökmdarlara üz tutub deyir ki, xalq sizdən sədəqə istəmir və sizin əlinizdə topladığınız iqtidar da, dövlət də xalqınkıdır. Siz onu geri qaytarırkən heç də fədakarlıq etmirsiniz. Xalq hər şeyə qadirdi. O, xəsislərdən sədəqə istəməz. Saib şahlara xatırladır ki, bu dünyaya çoxlu iqtidarlı adamlar gəlib getmişlər, onların hakimiyyətlərini də zəmanənin fırtınaları məhv etmişdir. ...Hökmdarların gözündə qarışqa timsalında görünən xalq isə yaşayır, özü də zəhmətinin bəhrəsi ilə yaşayır".
A.Quliyevin qeyd etdiyi kimi, Saib Təbrizinin sosial ədalətlə bağlı ictimai-siyasi ideyaların da xalq kütləsini üsyana, yaxud qiyama açıq çağırış motivlərinə təsadüf olunmur. Lakin xalqın ağır maddi və hüquqsuz vəziyyətini, bilavasitə özünün vəziyyəti kimi qəbul edən mütəfəkkir, belə dözülməz vəziyyəti sükutla və hərəkətsiz müşahidə etməyi rədd edirdi. Hərəkətsizlik üz vermiş zülm və zorakılıqla barışmaq demək olardı. Sosial bəlalara qarşı etirazlar yalnız kütləvi şəkil aldığı halda xalqın mübarizə və azadlıq əzmindən danışmaq olardı. Xalq kütləsinə "daha söz vaxtı deyil, indi əməl vaxtı çatıb" çağırışı ilə müraciət edən mütəfəkkir üstüörtülü şəkildə olsa da, onu fəal hərəkətə, ayağa qalxmağa səsləyirdi.
Göründüyü kimi, Saib Təbrizinin çağırışı inqilabi çağırış deyildi. Mövcud həyat şəraiti xalqın dərin hiddətinə səbəb olsa da, ona silaha sarılmağı tövsiyə etməyən humanist mütəfəkkir, qeyri-fəallığı da qəbul etmirdi. Onun firavan həyat, haqq və ədalət uğrunda çarpışmağa çağıran ideyaları hökmran təbəqənin kəskin ifşasına yönəldilsə də, həmin ideyalar normal həyat şəraitinin yaradılmasına sivill və dinc yolla nail olmağa çağırışlardan ibarət idi. Kütləni hərəkətə gətirmək öz haqqını tələb etmək istəyinin fəal forması idi. "Ağlamaqla de kimin dərdlərinə dərman olub?" deyə haray qoparan mütəfəkkirin ideyaları zəmanənin süstlüyünü, kütlənin hərəkətsizliyini aradan qaldırmaq məqsədinə xidmət edirdi.
"Ümumiyyətlə, orta əsrlərin qeyri-humanist şəraitində qabaqcıl fikrin tərənnümüçüsü olan bütün təfəkkür adamları öz humanist ideyalarını həyatda gördükləri ictimai gerçəkliyin təsdiqinə deyil, bəlkə də inkarına doğru yönəlmişdilər. Saibdə də hakim təbəqənin zülm və özbaşınalığına qarşı etiraz, kütlənin dözüm və ətalətinə qarşı tənqid elə buradan doğmuşdur". Saib Təbrizinin sosial-siyasi ideyalarında zorakılığın və qəddarlığın inkarı ilə xalqın qeyri-fəallığına və hərəkətsizliyinə tənqidi yanaşma arasında zahiri oxşarlıq olsa da, bu mövqeləri eyniləşdirmək düzgün olmazdı. "Saibin hakim təbəqənin zülmünü inkarı ilə xalqın səbatsızlığını tənqidi eyni mahiyyət daşımır. Mütəfəkkir rəiyyətə həqarətlə baxan, onun var-yoxunu əlindən alan hökmdarları öz evinin bünövrəsini qazıyıb divarlarına bəzək vuran axmağa bənzədir. Mütəfəkkir bu fikirdədir ki, zülm şahlığın bünövrəsini qazıyan bir hərəkətdir ki, bir gün onu məhv edəcəkdir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru