Fransız liberalizminin ideoloqu, yazıçı və siyasi xadim Bencamin Konstan de Rebek 18-ci əsrin sonu - 19-cu əsrin başlanğıcında Fransada baş verən böyük tarixi hadisələrin müasiri olmuşdur.
İsveçrədə ortabab zadəgan ailəsində doğulmuş Konstan sonralar Almaniya və Fransada mükəmməl təhsil alır. 1799-cu ildə əqidəsi üzündən hersoq Braunşveyqin yanındakı işi ataraq inqilab cəbhəsinə qoşulur. 1799-cu ildə Napoleon onu öz yanında qulluğa dəvət edir. Lakin tezliklə Konstan diktatora qarşı müxalifətə keçir və 1803-cü ildə 11 il müddətinə Fransanı tərk etməli olur. O, mühacirətdə olarkən, Höte və Şillerlə yaxşı ünsiyyət yaradır, iki dövri nəşrə redaktorluq edir, fəal təbliğat işi aparır. Konstan vətənə yalnız 1814-cü ildə - monarxiya bərpa edildikdən sonra qayıdır. Lakin möhkəm əqidəli respublikaçı olan Konstan "heç nəyi unutmaq və heç nəyi öyrənmək" istəməyən monarxistlərlə ümumi dil tapa bilməyib onlardan üz döndərir.
Konstanın cəmiyyətdəki nüfuzu o qədər böyük idi ki, Napoleon onunla köhnə ədavətinə baxmayaraq, hakimiyyətə "yüzgünlük qayıdışı" dövründə yeni Konstitusiyanı tərtib etməyi məhz ona tapşırır. Monarxiyanın ikinci bərpasından sonra Konstan yenə Fransanı tərk etməli olur. Lakin bu mühacirət uzun çəkmir, tezliklə o, vətənə qayıdır və öncül demokrat publisistlərdən biri olur. 1819-cu ildə o, Deputatlar Palatasına (qanunverici məclis) üzv seçilir və kral partiyasına qarşı müxalif fraksiyanın liderinə çevrilir. 1830-cu il inqilabından sonra Konstan Fransa Dövlət Şurasının sədri seçilir, lakin elə həmin il də dünyasını dəyişir.
Konstanın parlament qarşısındakı çıxışından aşağıda verdiyimiz parçada o, insanın yalnız siyasi azadlıqlarının deyil, şəxsi azadlıqlarının da qorunması zərurətini inandırıcı şəkildə sübuta yetirir. Onun antik demokratiya və müasir liberal demokratiya arasındakı fərqlərlə bağlı apardığı parlaq təhlil liberal publisistikanın klassik nümunəsi sayılır.
Konstanın fikrincə, qədim yunanlar və romalılar onun müasiri olan avropalılarla müqayisədə daha geniş siyasi hüquqlara yiyələnmişdilər. Lakin onların, demək olar ki, heç bir şəxsi azadlığı (özünüifadə, sərbəst hərəkət etmək, peşə fəaliyyəti azadlığı) yox idi. Konstan öz müasirlərini monarxiyaçıların can atdıqları kimi, şəxsi azadlıqları məhdudlaşdırmaq, sabitlik naminə bu azadlığı qurban vermək, yaxud Fransa inqilabı dövründə olduğu kimi, kollektiv mənafelər naminə bu azadlığı saya salmamaq kimi təhlükəli meyillərdən çəkindirmişdir.
Konstan təkidlə söyləyirdi ki, siyasi azadlıqlar bizim şəxsi azadlığımızın təminatçısı olmalıdır. Şəxsi azadlığı olmayan insan bədbəxtdir, onun ləyaqəti alçaldılır, bundan əlavə, onun qabiliyyətlərinin inkişafı və deməli, onun həyat şəraitinin yaxşılaşdırılması qeyri-mümkündür.
Fərdi müstəqillik müasir insanın əsas tələbatıdır: deməli, heç vaxt ondan siyasi azadlığın bərqərar olması naminə hər hansı qurbanlara getməyi tələb etmək olmaz.
B.Konstan yazır: "Əvvəlcə, cənablar, özünüzdən soruşun ki, ingilis, fransız və Amerika Birləşmiş Ştatları vətəndaşı "azadlıq sözü altında nə başa düşür? Onlardan hər biri üçün bu, yalnız qanunla təqib olunmaq və hər hansı fərdin, yaxud fərdlərin özbaşınalığı üzündən həbs oluna, saxlanıla, edam edilə bilməmək, yaxud qəddarlığa məruz qala bilməmək hüququ deməkdir.
Bu, hər kəsə öz fikrini bildirmək, sənət seçmək və ondan istifadə etmək, mülkiyyətdən qurtulmaq və hətta ondan israfçılıqla istifadə etmək hüququ deməkdir; bu, icazəsiz gedib-gəlmək və öz hərəkətlərinə görə izahat verməmək hüququ deməkdir. Bu, hamının başqa şəxslərlə öz maraqları ilə bağlı məsələləri müzakirə, yaxud onların öz həmfikirləri ilə birlikdə seçdikləri dini təbliğ etmək, yaxud hətta sadəcə olaraq, öz meyil və istəklərinə uyğun bu cür vaxt keçirmək üçün birləşmək hüququ deməkdir. Nəhayət, bu, hər kəsin bütövlükdə, yaxud konkret hakimiyyət nümayəndələrini seçməklə və ya hakimiyyət orqanlarının bu və ya başqa şəkildə diqqət yetirməli olduqları nümayiş, petisiya, tələblər vasitəsilə hökumətin fəaliyyətinə təsir etmək hüququdur. İndi isə bu azadlığı qədim insanların azadlığı ilə müqayisə edin.
Qədim insanların azadlığı tam suverenliyin bir neçə ünsürünün kollektiv və birbaşa həyata keçirilməsindən, şəhər meydanında müharibə və sülh məsələlərinin müzakirəsindən, xarici dövlətlərlə ittifaq bağlanılmasından, qanunlar qəbul olunması və hökmlər çıxarılmasından, magistratların xərcləri, fəaliyyəti və idarəçiliyinin yoxlanılmasından, onların mühakimə, ittiham edilməsi, yaxud işdən kənarlaşdırılması üçün xalq yığıncağına çağırılmasından ibarət idi. Bu deyilənləri qədim insanların təbirincə azadlıq kimi qəbul etsək, göstərməliyik ki, onlar hakimiyyətin şəxsiyyəti əsarətdə saxlamasının kollektiv azadlıqla uyğunlaşdırılmasını mümkün hesab edirlər. Siz bütün bunların içərisində bir az əvvəl gördüyümüz və müasir insanların azadlığını təşkil edən cəhətlərdən, demək olar ki, heç birini görə bilməzsiniz. Bütün şəxsi işlər ciddi nəzarətə götürülürdü. Nə fikrə, nə əməyə münasibətdə, nə də hər şeydən əvvəl, dində şəxsi müstəqilliyə əhəmiyyət verilirdi. İnsanların dini meyillərini müəyyənləşdirmək hüququ - bizim daha dəyərli hesab etdiyimiz bu hüquq qədim insanlar üçün cinayət və kafirlik kimi görünürdü. Bizim daha vacib saydığımız sahələrdə xalq hakimiyyəti fərdlərin şəxsi həyatına müdaxilə edir və onların öz iradəsini yerinə yetirməsinə mane olurdu".
Spartada Ferpandr eforların qorxusundan öz lirasına bir tel belə əlavə edə bilmirdi. Xalq hakimiyyəti insanların ən incə şəxsi işlərinə də müdaxilə edirdi. Gənc makedoniyalı öz adaxlısı ilə də azad görüşə bilmirdi. Romada senzor cəmiyyətdə ailə həyatını ciddi nəzarət altında saxlayırdı. Adətlər qanunlarla nizamlanırdı, adətlər isə həyatın bütün sahələrini əhatə etdiyinə görə qanunların toxunmadığı, demək olar ki, heç nə qalmırdı.
Müəllifin fikrincə, qədim insan dövlət işlərində, əsasən suveren olmaqla yanaşı, bütün şəxsi münasibətlərdə kölə idi. Vətəndaş kimi o, müharibə və sülh məsələlərini həll edirdi; şəxsiyyət kimi isə bütün hərəkətlərində məhdudlaşdırılır, nəzarətə alınır və sıxışdırılırdı. Xalq hakimiyyətinin bir hissəsi kimi o öz magistratlarını və rəislərini istintaqa çəkir, istefaya göndərir, mühakimə və ya əmlakdan məhrum edir, sürgünə, yaxud ölümə məhkum edirdi; amma xalq hakimiyyətinin təsir obyekti kimi o özü də mənsub olduğu cəmiyyətin rəyi ilə statusdan, imtiyazlardan məhrum, sürgün edilə, edam oluna bilərdi. Müasir insanların içərisində, əksinə, hər kəs şəxsi həyatında müstəqildir, lakin hətta ən azad ölkələrdə belə yalnız zahirən suverendir. Onun suverenliyi məhduddur və demək olar ki, həmişə fəaliyyətsizdir. Əgər hər hansı qısa vaxt ərzində o, məhdudiyyət və maneələrin əhatəsində yenidən bu suverenliyini həyata keçirirsə, bunu həmişə yalnız ondan imtina etmək üçün edir...
Fərdi müstəqillik müasir insanın əsas tələbatıdır; deməli, heç vaxt ondan siyasi azadlığın bərqərar olması naminə hər hansı qurbanlara getməyi tələb etmək olmaz. Buradan belə nəticə çıxır ki, antik respublikaların fərdi azadlığa əngəl törədən çoxsaylı və yüksək dəyərləndirilən təsisatlarının heç biri müasir dövrdə məqbul deyildir.
Cənablar, əvvəla, siz düşünə bilərsiniz ki, bu, aydın həqiqətdir. Bəzi müasir dövlətlər antik respublikalara meyil edənə oxşamır. Düzdür, respublika təcrübəsini xoşlayan dövlətlər çox deyil, lakin bu təcrübəyə xas olan cəhətlərin bəzilərinə onların müəyyən bağlılığı hiss olunur.
Narahatlıq doğuran budur ki, onlar məhz qovmaq, sürgün və qarət etmək imkanlarını xoşlayırlar. Mən xatırlayıram ki, onlar 1802-ci ildə xüsusi tribunallar haqqında qanuna bir maddə salmışdılar. Həmin maddəyə görə, Fransada yunan ostrakizm institutu təsbit olunurdu. Bir Allah bilir ki, bu düzəlişi müdafiə edən neçə bəlağətli natiq Afina azadlığı və fərdlərin bu azadlıq naminə verməli olduqları böyük qurbanlardan danışırdı!
Elə bu qaydada, bir az əvvəl mənfur hökumət, cəsarətsiz olsa da, seçkiləri saxtalaşdırmağa cəhd edirdi; respublikaçılıq meyili ilə seçilməyən jurnallardan biri bütün təhlükəli rəqibləri sıradan çıxarmaq üçün ölkədə Roma senzurasına oxşar senzuranın qoyulmasını təklif edirdi...
B.Konstan yazır: "Fransada senzorluq kimi özbaşına bir institut dərhal gərəksiz və dözülməz bir şeyə çevrilərdi. Müasir ictimai şəraitdə əxlaq incə, dəyişkən, görünməz nüanslarla formalaşır. Bu nüansların daha dəqiq müəyyənləşdirilməsinə edilən hər hansı cəhd onların sonsuz sayda təhrifinə gətirib çıxarardı. Yalnız ictimai rəy onları başa düşə bilər; yalnız ictimai rəy onları mühakimə edə bilər, çünki hər ikisinin təbiəti eynidir. Onu daha dəqiq müəyyənləşdirməyə çalışan hər hansı hakimiyyət üsyanla üzləşməyə məhkumdur. Əgər müasir insanların hökuməti Roma senzorları kimi vətəndaşı özbaşına senzuraya məruz qoyarsa, bütün millət hakimiyyətin qərarını təsdiq etməməklə bu qaydalara qarşı etiraz edərdi.
Müasir dövrdə senzuranın bərpa edilməsi haqqında dediklərimin hamısı ictimai təsisatların bir çox digər aspektlərinə da aiddir. Burada antik dövrlə müqayisə daha tez-tez və daha böyük həvəslə aparılır. Məsələn, təhsil; yeni nəslin idarə olunması ixtiyarının hökumətə verilməsinin (hökumət də onu kefi istəyən kimi formalaşdırsın) zəruriliyi haqqında nələr eşitmirik! Və bu nəzəriyyəni müdafiə etmək üçün nə qədər gözəl iqtibaslar gətirilmişdir! Farslar, misirlilər, qallar, Yunanıstan və İtaliya bir-birinin ardınca qarşımızda dayanırdı. Lakin cənablar, biz despotun idarə etdiyi fars, kahinlərə tabe olan misirli, druidlərin qurban gətirdikləri qall, nəhayət, dövlətin idarə edilməsində iştirakı ilə şəxsi köləliyinə görə təsəlli tapan yunan, yaxud romalı deyilik. Biz öz hüquqlarından istifadə etmək istəyən müasir insanlarıq. Bu hüquqlardan hər biri başqa adamlara zərər yetirmədən öz imkanlarımızı daha yaxşı inkişaf etdirmək, təbiətən bağlı olduğumuz uşaqların qabiliyyətinin təkmilləşdirilməsi üçün zəruridir, çünki maarif həyat deməkdir. Biz elə hökumət istəyirik ki, bizə yalnız ən ümumi təlimatlar versin, hansı yolla gediləcəyini deyil, yalnız ümumi marşrutu qəbul edən yolçular kimi baxsın.
Dini də keçmiş əsrlərin nümunəsi əsasında qurmağa çalışırlar. (Dini) yekdillik doktrinasının bəzi müdafiəçiləri yad allahlara qarşı qədimlərin qanunlarından iqtibaslar gətirir və katolik kilsə hüququnu müdafiə edirlər. Onlar politeizmə zərbə vurduğuna görə Sokratı öldürmüş afinalıları və ataların dininə sədaqəti tələb edən və ilk xristianları şirlərə yem edən Avqustu nümunə göstərirlər.
İcazə verin, cənablar, qədimlik qarşısında bu məftunluğa inanmayım. Müasir dövrdə yaşayırıqsa, mən müasir dövrə uyğun azadlıq istəyirəm; indi ki, monarxiya şəraitində yaşayırıq, mən bu monarxiyadan acizanə xahiş edirəm, bizə zülm etmək üçün antik respublikaların vasitələrini rəva görməsin.
Şəxsi azadlıq, təkrar edirəm, bizim günlərin əsl azadlığıdır. Siyasi azadlıq onun təminatıdır, deməli, siyasi azadlıq zəruridir. Lakin müasirlərimizdən qədimdə olduğu kimi, siyasi azadlıq naminə bütün şəxsi azadlıqlarını qurban verməyi xahiş etmək onları şəxsi azadlıqlardan dərhal məhrum etmək deməkdir; nəticə əldə olunduqdan sonra isə onları siyasi azadlıqdan da məhrum etmək çox asan olacaqdır...".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru