PDF Oxu

MİA

  • 12 441

Nəsirəddin Tusi yaradıcılığında bərabərlik və azadlıq ideyası

image

N.Tusi fəlsəfəsində "bərabərlik" kateqoriyası ortalığın təyin olunmasının meyarlarından biri hesab olunur. Ortalığın dürüst müəyyən, təyin edilməsinə nail olmaq, eləcə də onun dərk edilməsi sayəsində hər hansı əyintiyə, yaxud çatışmazlığa yol verilməməsi yalnız bərabərlik vasitəsilə mümkün olur. Tusi bunu "vicdan səsi" (ilahi namus) adlandırır və yazır ki, əslində "bərabərlik və ədalət "vicdan səsindən", ilahi namusdan ibarətdir, çünki onun da mənbəyi mahiyyəti birlikdə olan böyük yaradandır".

A.Quliyev yazır: "Yuxarıda adları xatırladılan digər fəzilətlərlə müqayisədə "əlalət" kateqoriyasının təhlilinə xüsusi və geniş yer verən böyük mütəfəkkir, ilk növbədə bu mühüm kateqoriyanın fəlsəfi, sosial-siyasi və müəyyən dərəcədə də hüquqi təbiətini ətraflı aydınlaşdırmağa səy göstərmişdir".

"Ədalət" anlayışına tərif verdikdən sonra Tusi cəmiyyətdəki qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesinə ədalətin tətbiqi məsələsinə toxunur. İnsanlar arasında bərabərliyin mövcudluğunu vicdanın varlığı ilə əsaslandırır, "dinar", yəni pul və "insani hakim", yəni ədalətli münsifin zəruriliyini aşağıdakı kimi əsaslandırırdı.

"...Mədəni adamlar təbiətcə yaradıcıdırlar, məişətcə isə bir- birinə kömək etmədən dolana bilməzlər. Kömək ondan ibarət olar ki, biri o birisinə xidmət edər, birindən alıb o birinə satarlar, elə edərlər ki, müvazinət tarazlıq və bərabərlik pozulmasın. Məsələn, xarrat öz əməyinin məhsulunu rəngsaza verər, rəngsaz da, öz növbəsində əməyin məhsulunu ona təklif edər. Bu zaman xarratın hazırladığı şey rəngsazınkından daha yaxşı, daha çox və ya əksinə ola bilər, buna görə zəruri olaraq bir tarazlaşdırıcı, bərabərləşdirici vasitəyə ehtiyac meydana çıxar, o da "dinar" (pul) olar. Deməli, dinar (pul) xalq arasında adil və bərabərləşdirici vasitədir, lakin "dilsiz" adildir, ona görə də bir "dilli" adilə ehtiyacı vardır. "Dilsiz" olan pul mübadilə edən tərəflər arasında razılıq əmələ gətirə bilməyəndə, "dilli" adilin köməyinə müraciət edərlər, o, pula kömək edər, mübadilədə qayda-qanun və düzlük yaradar. Bu "dilli" adil insandır. Buna görə bir hakimə ehtiyac yaranar. Bütün bu deyilənlərdən aydın oldu ki, xalq arasında ədaləti qorumaq bu üç şey, yəni "ilahi namus", "insani hakim" və "pul" olmadan mümkün deyildir".

Müəllifin fikrincə, pulun tarazlaşdırıcı və bərabərləşdirici vasitə olmaqla yanaşı, onun eyni zamanda da, ədaləti təmin edən vasitə səviyyəsinə qaldırılması Tusinin maliyyə məsələlərinə dair görüşlərinin etik əsasına xidmət edir. Mütəfəkkirin məntiqindən belə bir nəticə çıxarmaq olar ki, dinar (pul) dilsiz, yəni susan ədalət, insan isə dilli, yəni danışan ədalətdir. İnsan bu tarazlığı, bərabərliyi yaradarkən öz vicdanının səsinə uyğun hərəkət etməlidir.

N.Tusinin mülahizəsinə uyğun olaraq pul qarşılıqlı mübadilə zamanı fərqləri aradan qaldırır, alqı-satqı əməliyyatını tənzimləyir, ümumiyyətlə, o, mübadilədə iştirak edən tərəflərin ortaq bir məxrəcə gəlməsinin mərkəzində dayanır. Deməli, pul həm sosial, həm iqtisadi, həm də mədəni-hüquqi tarazlıq və ya bərabərlik yaradır. Pul, həmçinin alqı-satqının baş tutmasına şərait yaradır və bununla da anlaşılmazlıqları aradan qaldırır. Tusi yazır: "Dinar (pul) bəzilərindən bəzilərinin üstünə qoyduğu üçün tarazlıq yaradar, xarratla rəngsazın alveri baş tutar, bərabərlik əmələ gələr və bu mədəni ədalət hesab edilər. Buna görə deyiblər ki, dünyanın abadlığı mədəni ədalətin, xarabazarlığı isə mədəniyyətsizliyin məhsuludur".

A.Quliyev yazır: "Mütəfəkkirin ideyasına görə, ortaq məxrəcə bərabərliyə riayət etməklə gəlmək olar, bir şərtlə ki, bu, başqalarının da mənafeyinə uyğun gəlsin. Ortalığın gözəlliyi də məhz bundadır. Alqı-satqı prosesində ortaq bir məxrəcə gələ bilməmək bərabərliyə əməl etməməyin nəticəsidir. Tusinin fikrincə, "ortalığın hüsnü ona deyilir ki, alverdə, xərcdə bərabərliyə riayət edilsin, bu başqalarının da istəyinə uyğun gəlsin". Məhz namütənasib və namünasib şeyləri mütənasib və münasib vəziyyətə salanları ədalətli insan sayırlar. Elə buna görə də humanist mütəfəkkir ədalətsizliyə ədalətszliklə cavab verməyi təqdir etmirdi. Onun fikrincə, nəfsin ağayanalığı mülayim və, qeyri-mülayim işləri nizama salmağı bacarmaqdadır".

N.Tusinin məntiqinə görə, ədalətin və bərabərliyin bərpa edilməsi üçün buna yol vermiş insana eyni haqsızlıqla cavab vermək ədalətsizliyin əvəzi, mükafatı ola bilməz. "Mükafat ona deyilir ki, ... pislik müqabilində, əksinə daha az pislik edilsin". Mütəfəkkir belə mürəkkəb vəziyyətlərdə də "qızıl orta"nı müəyyən etməyin zəruriliyindən danışır və öz mülahizəsini belə əsaslandırır:

"... Əgər bir düz xətti iki müxtəlif hissəyə bölsələr və sonra bunları bərabərləşdirmək istəsələr, onda gərək, mütləq, uzundan ayırıb qısanın üstünə qoysunlar, azlıq və çoxluğu aradan qaldırsınlar ki, bərabərlik əmələ gəlsin; bunu isə yalnız o adam bacarar ki, "orta" nöqtəni tapmağı bilsin və orada tərəfləri təyin etsin; yüngüllük, ağırlıq; qazanc, zərər, artıqlıq, əskiklik və başqa əyintilər də belədir. Deməli, əgər yüngül və ağırlıqda ağırdan götürüb yüngülün üstünə qoysalar tarazlıq, bərabərlik əmələ gələr, əgər bərabər olsalar, bir tərəfdən azaltsalar, yüngülləşər, o tərəfə artırsalar ağırlaşar, elə də qazanc və zərərdə: haqqından az olsa, zərərə düşər, çox olsa, qazanar".

N.Tusi sosial ədalətə insan mənəviyyatını, əqidəsini saflaşdıran və insana ruhi təskinlik, rahatlıq verən keyfiyyət kimi qiymətləndirir. Ədalət Tanrının öz bəndəsinə bəxş etdiyi nemətlərdən biridir. Təmənnasız bəxş edilmiş bu nemətin əvəzinin verilməsini insanların borcu hesab edən Tusi, bunu da ədalətin şərtləri sırasına daxil edir. Bu mənəvi borc insanı daxilən zənginləşdirir, onun cəmiyyət qarşısında məsuliyyət hissini və öz-özünə tələbkarlığını artırır. Mütəfəkkir yazır: "Böyük yaradanın ... haqqını qaytarmağın mənası ondan ibarətdir ki, ədalət şərtləri yerinə yetirilsin... Deməli, ədalət, haqq tələb edir ki, o böyük yaradanın... bizə əta etdiyi sonsuz nemətlər qarşısında biz də öz bacarıq və imkanımız daxilində onun əvəzini çıxaq; ... sonradan isə ara vermədən hər an insana əl tutan böyük yaradana, bütün bunların qarşısında heç bir şükür, raz-niyaz, ya haqgüzəranlıq edilməsin. Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əksiklik baş verməsin, üzr gətirilməsin".

A.Quliyev yazır: "Qeyd etmək lazımdır ki, Tusinin cəmiyyətə baxışlarının ideoloji əsasına yüksək əxlaqilik və ədalətlilik prinsipləri səciyyəvidir. Mütəfəkkir istər cəmiyyətin, istərsə də dövlətin mənafelərinə zidd olan qəbahətlərin hamısını ədalətsizlik kimi dəyərləndirir və bu mövqeyində ardıcıllıq nümayiş etdirir. O, cəmiyyətin müxtəlif təbəqələri arasında ahəngdar münasibətlərin yaradılmasında sosial ədalət prinsipinə əməl edilməsini mühüm şərtlərdən biri hesab edirdi.

"Dövlət" və "cəmiyyət" anlayışlarını bir-birilə eyniləşdirən Tusi dövlətin uzunömürlülüyünü ədalətlə əlaqələndirir. Onun fikrincə, dövlətlərin meydana gəlməsində insanların gücünü bir yerə cəmləşdirmək zərurəti mühüm rol oynamışdır. Burada sosial ədalət prinsipləri və əmək ümumiliyi də əsas şərtlərdən biri olmuşdur". Mütəfəkkir qeyd edir ki, "dövlətlərin bünövrəsinin ittifaq olmasının səbəbi ondan ibarətdir ki, hər adamın gücü təklikdə az olar, hamısı ittifaq bağlayıb çoxaldıqca onların qüvvələri ən azı hər adamın gücü qədər artar". Mütəfəkkirin məntiqinə uyğun olaraq bu birlik və ittifaq ədalət üzərində bərqərar olmalı, insanların haqq işinə xidmət etməlidir. O, ölkədaxili ziddiyyətlərin və qeyri-sağlam mühitin iki səbəbini göstərərək yazır: "Biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda".

N.Tusinin ideyasına görə, insan birlikləri öz tərkibi və quruluşuna görə canlı insan orqanizmini xatırladır. Bədən orqanizmin bir üzvü ilə öz funksiyasını yerinə yetirə bilmədiyi kimi, təklikdə qalan insan da özünə qarşı çevrilmiş qüvvələrə müqavimət göstərmək, öz varlığını qoruyub saxlamaq iqtidarında olmur. Mütəfəkkirin "güc birlikdədir" zərb-məsəlini xatırladan bu fikri rəqib qüvvələrə qalib gəlmək üçün təşkilatlanmağın və ya ittifaq bağlamağın zəruriliyini nəzərə çatdırır. Lakin əldə olunmuş qələbəni qoruyub saxlamaq üçün bu da azlıq edir. Belə şəraitdə də ədalətli olmağın vacibliyini qeyd edən mütəfəkkir yazır: "Bir camaat qələbə çalıb hakimiyyət başına keçsə, nizam-intizam yaradıb, əhali ilə xoş rəftar etsə, ədalətli olsa, etibar qazansa, onların dövləti bir müddət yaşaya bilər, əks halda tez dağılar. İttihad və ittifaqa səbəb olan amillərin yoxluğu həmişə dağılmağa və parçalanmağa səbəb olur".

A.Quliyevin fikrincə, N.Tusi ədalətli dövlət quruluşunu hökmdar, ümumiyyətlə, idarəetmə siyasəti ilə əlaqələndirir. Onun ideyasına görə ölkə qəddarlıqla deyil, ədalətlə idarə olunmalıdır. Əslində, qəddarlıq ölkəni idarə etməyin əksidir. Burada qəddarlıq ölkəni təkbaşına idarə edən hökmdarın "siyasi rejimi" kimi təqdim olunur. Qəddar səltənətə malik dövlətdə zalımla məzlum bir-birindən fərqlənmir. Belə ki, zalım həmişə zülm etdiyinə görə təriflənir. Qəddar idarəetmə rejimi şəraitində alçaq və cinayətkar adamlara hər yerdə hörmət edilir ki, bu da cəmiyyət üçün həmişə kədər doğurur. Tusi yazır: "Ölkə dolandırmağa məsul olan adam bir şeyi qəti bilməlidir ki, dövlətlərin bünövrəsi qarşılıqlı kömək və əmək əsasında birləşən, beləliklə, bir bədənin üzvləri yerində olan insanların ümumi ittifaqı zəminəsində yaradılmışdır. Bu ittifaq ədalətli olsa, dövlət haqq, olmasa, dövlət nahaqq yaradılmışdır". Bu, onu göstərir ki, Tusi də Platonun dövlət haqqında layihəsində olduğu kimi, ədalətli dövlətin varlığının əsas amillərindən biri qismində dəyərləndirmişdir. Doğrudur, Tusi dövlətin ədalətli olmasını onun bünövrəsinin, bağlanan sazişin özünün ədalətli olmasında görür və qeyd edir ki, yalnız ədalətli ittifaqın məhsulu olan dövlət ədalətli ola bilər. Ədalətsiz ittifaqın nəticəsi olan dövlət isə yaşamağa qadir olmur. Bu nöqteyi-nəzərdən antik yunan mütəfəkkiri Platonun aşağıdakı fikri diqqətəlayiqdir. O yazırdı: "Öz dövlətinə qarşı ən böyük cinayət ədalətsizlik deyilmi?"

N.Tusi dövlətin əsasında ədaləti şamil etməklə bir növ dövlətin təsnifatını verməyə səy göstərmişdir. Mütəfəkkirin dövlətin növlərinə dair fikirləri Aristotelin və əl-Fərabinin həmin problemlə bağlı mülahizələri ilə demək olar ki, üst-üstə düşür.

A.Quliyev yazır: "N.Tusinin dövlət haqqında təliminə uyğun olaraq ədalətli və ədalətsiz (haqq və nahaqq) dövlət mövcuddur. Əgər dövlət ədalətli ittifaq nəticəsində yaradılmışdırsa, o, haqq, düzgün dövlətdir. İnsanların mənafelərinin qorunmasına, ümumi rifahının yüksəldilməsinə, xoşbəxtliyinin təmin olunmasına, ədalət qanunlarının bərqərar olmasına yalnız belə dövlət xidmət edə bilər. Bu müddət uzun müddət yaşamağa qadirdir. Onu məğlub etmək qeyri-mümkündür. Əksinə, əgər dövlət ədalətsiz ittifaqın nəticəsi kimi meydana gəlmişdirsə, o, nahaq dövlətdir. Belə dövlətdə insanların bir- birinə qarşılıqlı yardımından, xalqın yüksək rifahından, azad əməkdən və əmin-amanlıqdan danışmaq mümkün deyil. Tusi belə dövləti yalnız insana bənzədir və göstərir ki, o, son nəticədə təklikdə qalaraq məhv olur. Möhkəm birliyə və ədalətli ittifaqa malik olmayan dövlətlər "yalqız adama oxşar və tək-tək məğlub olarlar". Buna görə də mütəfəkkir insanların xoşbəxtliyini, ruh yüksəkliyini, rifahının təminatını və onların bir-birinə qarşı xoş rəftarının, eləcə də qarşılıqlı münasibətlərinin mötəbərliyini ədalətli ittifaqda, ədalət qanunları üzərində bərqərar olan siyasi birlikdə görürdü". Onun fikrincə, əgər insanların "... öz təşkilatları, öz ittifaqları olsa, müqavimət göstərməyə kifayət qədər gücləri çatsa", onları heç bir qüvvə məğlub edə bilməz və ittifaqları həmişə möhkəm olar.

N.Tusinin sosial ədalətlə bağlı fikirləri onun dövlətin idarəçilik formalarına münasibətində də öz parlaq ifadəsini tapmışdır. Göstərmək zəruridir ki, Tusi müasiri olduğu dövrün digər mütəfəkkirlərindən fərqli olaraq, dövlətin idarəçilik formalarına özünəməxsus formada yanaşmışdır. Belə ki, mütəfəkkirin dövlət haqqında təlimində onun konkret olaraq hansı idarəçilik formasına tərəfdar çıxması bir qədər qeyri-müəyyəndir. Həmin qeyri-müəyyənlik mütəfəkkirin maarifçi monarxiyadan, bəzi hallarda silki nümayəndəli monarxiyadan, daha sonra isə demokratiyadan bəhs etdiyi fikirlərində təzahür edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər