PDF Oxu

MİA

  • 26 863

Əvhədi Marağayinin yaradıcılığında insan hüquqlarının müdafiəsi məsələsi

image

Əvhədi Marağayinin yaşayıb-yaratdığı illər Azərbaycan xalqının həyatında mürəkkəb və ağır bir dövr olmuşdur. Monqol qəsbkarlarının zülmü uzun müddət davam etmiş, Azərbaycanın iqtisadiyyatı və mədəni sərvətləri demək olar ki, tamamilə dağıdılmış, ağır zərbəyə məruz qalmışdı. Hökm sürən qanlı təqiblər, aramsız qətl-qarətlər, əhalinin kölə vəziyyətinə salınaraq uzaq ölkələrə aparılması, alimlərin, müxtəlif peşə adamlarının və sənətkarların doğma vətən torpaqlarından yad dövlətlərə aparılaraq oralarda zorla elmi fəaliyyətə cəlb edilməsi xalqın maddi, mədəni və mənəvi həyatında dərin izlər buraxmışdı.

Belə bir şəraitdə Azərbaycanda elm və mədəniyyət, o cümlədən sosial-siyasi fikir dövrün mövcud ictimai-siyasi hadisələri fövqündə təzahür edirdi. Həmin dövrün siyasi-hüquqi fikrinə dair tədqiqatlar aparmış A.Q.Rzayev yazır ki, ictimai-siyasi proseslər meydana gələn siyasi və hüquqi təlimlərə böyük təsir göstərirdi. Həmin dövrdə xarakterinə görə müxtəlif dini-siyasi cərəyanlar, müxtəlif məzmunlu hüquqi aktlar meydana gəlirdi. Hakim ideologiya feodal-patriarxal quruluşunu müdafiə edir, feodal hakimiyyətin möhkəmlənməsinə xidmət göstərirdi.

Görkəmli Azərbaycan alimi Aqşin Quliyev yazır: "Əvhədinin dərin sosial-fəlsəfi və siyasi məzmuna malik olan əsərləri XIII yüzilin sonu və XIV yüzilin əvvəlində ölkənin elmi-mədəni həyatında böyük təsir qüvvəsinə malik olmuşdur. Görkəmli mütəfəkkirin əsərləri dünyada xeyirli işlər görməyi təbliğ edir. O öz fikirlərinin səmimiliyini sübuta yetirmək üçün tarixdə baş vermiş hadisələrdən dəlillər gətirir, onlardan ibrət götürməyi tövsiyə edirdi. Tarixdə öz pis və bədxah əməlləri, hərəkətləri ilə ad qoymuş insanların cinayətlərini onların zatında axtarır.

Marağayinin elmi mühitindən, xüsusilə də, N.Tusinin siyasi-fəlsəfi irsindən mükəmməl bəhrələnmiş Əvhədi "Dəhnamə" adlı əsərini Tusinin nəvəsi Ziyaəddin Yusifə ithaf etmiş, kitabda öz dahi sələfi Tusini tərifləmişdir. Bundan başqa, əsərdə elmin insan həyatındakı əvəzsiz rolunun, eləcə də, biliklərə yiyələnməyin təbliğinə geniş yer verilmişdir.

Mütəfəkkirin yaradıcılığında mühüm yer tutan, onun beş min beytdən ibarət olan "Cami-Cəm" məsnəvisidir. Əsərin adı maraq doğuran əfsanə ilə bağlı seçilmişdir. Belə ki, "Cami-Cəm" ("Cəmşidin camı") əfsanəvi İran padşahı Cəmşidin camına işarədir. Rəvayətə görə, həmin cam özündə hər şeyi əks etdirmək keyfiyyətinə malik olmuşdur. Öz əsəri üçün bunu ad kimi seçən mütəfəkkir burada cəmiyyət həyatında mövcud olan bütün problemlərin həlli yollarının olduğunu ifadə etmək istəmişdir. "Cami-Cəm" həqiqətən də sosial həyatın bir çox qaranlıqlarının üzərinə işıq saçan, bağlı mətləblərə aydınlıq gətirən, həmçinin bir çox sosial bəlaların səbəblərini müəyyənləşdirməyə imkan yaradan bir əsərdir".

A.Quluzadənin fikrincə, "Cami-Cam" məsnəvisi Nizaminin "Sirlər xəzinəsi" ilə səsləşir. Məsnəvidə Əvhədinin siyasi-fəlsəfi, dini-əxlaqi və sosial görüşləri, bütövlüklə dünyagörüşünün səciyyəvi xüsusiyyətləri öz parlaq ifadəsini tapmışdır. "Cami-Cam"də bütün digər ictimai problemlərlə yanaşı, sosial ədalətin də tərənnümü xüsusi yer tutur. Mütəfəkkir bu əsərində müasiri olduğu cəmiyyətin nöqsanlarının, o cümlədən feodal üsul-idarəsinin, feodal ədalət mühakiməsinin və orta əsr məhkəməsinin, eləcə də, hökmdar ədalətsizliyinin tənqidinə geniş yer vermişdir.

Mütəfəkkir dövlət və qanun kimi mühüm sosial hadisələrin mahiyyətinə münasibət bildirməmişdir. Nəhayət, məsnəvidə beynəlxalq münasibətlərin (müharibə və sülh məsələsi) qismən də olsa işıqlandırılması, onun müəllifinin insanlığın ümumi problemlərinə laqeyd qalmamasının təzahürüdür. Göstərilənlərlə yanaşı, Əvhədi öz əsərində Nizaminin və Tusinin maarifçilik ideyalarını da inkişaf etdirmişdir. Qeyd etmək zəruridir ki, böyük mütəfəkkir toxunduğu bütün problemlərin həllinə sosial ədalət mövqeyindən yanaşmaya üstünlük vermişdir. Görkəmli mütəfəkkir həyatı və yaradıcılığı boyu humanist ideyaların və azadfikirliyin carçısı, insan haqlarının və qanuni mənafelərin müdafiəçisi olmuşdur.

İnsanları həmişə ədalətli, öz qürurunu qoruyub saxlamaq, mənəvi paklığa və əxlaq təmizliyinə səsləyən mütəfəkkir öz mənəviyyatını və zəngin daxili aləmini nümunə göstərmişdir.

A.Quliyev daha sonra yazır: "Nizaminin siyasi-fəlsəfi doktrinasında dərin kök salmış demokratiklik Əvhədinin sosial-siyasi fikirlərində çox aydın hiss olunur. Nizami təliminin əsasını təşkil edən "xalq" və "ədalətli hökmdar" problemi Əvhədinin sosial-siyasi mövqeyinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Nizami müasiri olduğu dövrün hökmdarlarına xalqın qəzəb və hiddətindən çəkinmək barədə xəbərdarlıq edir, şahları, sultanları və xaqanları zülm etməməyə çağırırdı. Xalqın qüvvə və bacarığından məqsədəuyğun şəkildə istifadə etmək ona ən etibarlı və möhkəm dayaq kimi arxalanmaq, ondan ədaləti əsirgəməmək Əvhədinin də öz dövrünün hökmdarlarına verdiyi əsas tələblər idi.

Əvhədinin sosial-siyasi görüşləri, hər şeydən əvvəl, özünün dərin ideya məzmunu və zənginliyi ilə diqqəti cəlb edir. Onun siyasi mövqeyinə xalqın ən köklü mənafeləri və bu mövqeyin özündəki dərin həyatilik ruhu hakimidir. Buna görə də, o, feodal üsul-idarəsinin nöqsanlarına, dövrün haqsızlıqlarına, zülmə və zorakılığa qarşı mübarizədə həmişə ardıcıl mövqe tutmuşdur. Öz əqidəsinə, məslək və dönməz idealına möhkəm sadiqlik nümayiş etdirən Əvhədi riyakarlığı, ikiüzlülüyü və fırıldaqçılığı kəskin tənqidə məruz qoyurdu.

Əvhədi həyatı dərindən sevən, öz əsərlərində dünya zövqünü tərənnüm edən sənətkardır. Lakin onun sosial-siyasi məzmun daşıyan əsərləri, xüsusilə də qəzəlləri bədbinlikdən, həyatdan küskünlüyünü əks etdirən motivlərdən də azad deyildir. Zəmanənin ağırlıqlarına, haqsızlıqlarına qarşı etirazlar qələmə alınsa da, mütəfəkkirin lirikasında dünyanın vəfasızlığı, etibarsız olması haqqında şikayətlərə, giley-güzarlara da təsadüf olunur. O, bir növ mübarizə meydanından uzaqlaşmağa çalışır, insan birdən-birə onun gözlərində acizləşir və o, öz səadətini yaşadığı cəmiyyətdə deyil, ondan uzaqlarda, gizli və kimsəsiz bir aləmdə axtarmağa səy göstərir. Əvhədinin siyasi dünyagörüşündəki bu məhdudluq dövrün, bilavasitə özünün təbiətindən, tarixi şəraitindən irəli gəlirdi. Bu, mütəfəkkirin müasiri olduğu cəmiyyətdə hökm sürən sosial bərabərizliyin, haqsızlıqların və insan ləyaqətini alçaldan quruluşun simasızlığının nəticəsi idi. Bu, təkcə sağlam düşüncəli və qabaqcıl fikirli ziyalıların, zəhmətsevər sadə insanların deyil, bütövlükdə feodalizm cəmiyyətinin müsibəti idi. Qanunsuzluqlar və ədalətsizliklər məngənəsində sıxılan cəmiyyət, qabaqcıl azad fikir sanki məhbəsdə olan kimi hayqıraraq fəryad qoparırdı".

Görkəmli mütəfəkkir qəsidələrinin birində sual dolu təəccüblə, "vəfası olmayan şeyin qəmini nə üçün çəkirlər" - deyə şikayətlənir, qurtuluşu və istibdaddan xilası gözəgörünməz bir qüvvədə axtararaq yazır: "Zülm edənləri ruzigarın əli zorla kökündən qazıyasaq". Bununla belə, Əvhədinin sosial-siyasi ideyalarının əsas məzmununu feodal dünyasına, onun üsul-idarəsinə və qayda –qanunlarına mənfi münasibəti təşkil edir. İnsana və onun şəxsiyyətinə qayğı, hörmət, insan mənəviyyatının və nüfuzunun qorunması, habelə ədalət prinsiplərinə əməl edilməsi Əvhədinin sosial-siyasi görüşlərinin ən səciyyəvi cəhətlərini özündə ehtiva edir. Mütəfəkkirin görüşlərindəki asketizm motivləri ona mənsəbpərəstləri və şöhrətpərəstləri, müstəbidləri və zalımları, əliəyriləri və fırıldaqçıları, özbaşınalıq və qanunsuzluqlar törədəndəri, elmi və mədəniyyəti, insanı və insan əməyini qiymətləndirməyənləri ifşa etmək, dövlət başçılarını haqqa, ədalətə, insanpərvərliyə və düzlüyə dəvət etmək üçün lazım idi.

Müəllif göstərir ki, Əvhədi dövlət işləri və düzgün siyasi işlər sahəsində özünəməxsus görüş dairəsi olan müdrik şəxsiyyətlərdən biri olmuşdur. Buna görə də sosial-siyasi hadisələrlə bağlı olan məsələlərə münasibət onun yaradıcılığı xaricində qalmamışdır. Xaqani və Nizami kimi Əvhədi də öz əsərlərində, xüsusilə qəsidələrində sonsuz məhrumiyyət və yoxsulluq içində yaşayan xalq kütlələrinin iztirablarını dərin ürək ağrısı, vətəndaş yanğısı ilə qələmə almış, sadə insanlara sonsuz rəğbət hissini gizlətməmişdir. O, sadə zəhmət adamlarının ağır əməyi hesabına sərvət toplayan, lakin bu sərvətdən xalqın ümumi inkişafı, elmin və mədəniyyətin tərəqqisi üçün istifadə etməyənləri acgöz, tamahkar və müftəxor adlandıraraq ifşa etməkdən çəkinməmişdir.

Böyük mütəfəkkir öz qəsidələrində konteist ideyalardan istifadə etsə də, həmin ideyaları sosial həyatla və onun problemləri ilə əlaqələndirirdi. O öz fəlsəfi fikirlərində varlığın sirlərini aydınlaşdırmağa çalışırdı. Siyasi-fəlsəfəni sosial həyatın həlli zəruri olan problemləri ilə əlaqələndirməyə səy göstərən Əvhədin ilk növbədə insanın taleyi, habelə dünya xalqlarının həyatını düşündürürdü. O, fəlsəfənin əsas məsələsini idealist mövqədən həll edir və materiya ilə müqayisədə şüura birincilik verirdi. Marağanın elmi-fəlsəfi mühitinə qədim yunan fəlsəfi fikrinin təsiri təbii ki, Əvhədinin də fəlsəfi dünyagörüşündə müəyyən izlər buraxmışdır. Onun Platonun fəlsəfi təlimindən bəhrələndiyini güman etmək olar.

Bununla yanaşı, toxunduğu fəlsəfi problemlər öz orijinallığı ilə seçilir. Əvhədinin fəlsəfi düşüncələrində materializmin və dialektikanın bir çox elementlərinə təsadüf olunur. Mütəfəkkirin ideyasına görə, Tanrının yaratdığı, xəlq etdiyi insanın qəlbində Allah xofu var. Bu, qorxu və ya vahimə xofu deyil, özünüdərkə və özünütəsdiqə, yüksək əxlaqiliyə və möhkəm əqidəyə, başqalarına köməyə və hörmətə, dərin ədalət hissinə yönələn ciddi məsuliyyət xofudur. Bu xofu hiss edən insan həmişə xeyirxahlığa, qarşılıqlı yardıma və səmimi münasibətə, ünsiyyətə meyil edir. Allah xofu insanı daxilən zənginləşdirir və gözəlləşdirir, onu mərhəmətli edir. A.Quliyev qeyd edir ki, Əvhədi insanın şərəfini bütün yaranmışlardan üstün tutur. Onun fəlsəfəsinə görə insan yaranmışların ən alisi və qüdrətlisidir. O, ağıl və zəkaya malik olduğu kimi, həm də yenilməz gücə malikdir. İnsan, ilk növbədə özünü dərk etməlidir. Yalnız özünü dərk edən, təkmilləşməyə meyil edən insan təbiətin sirlərini öyrənə bilər. "Dünyada müşkülü asan edən" insandır. İnsan "varlığın ən yüksək nümunəsidir". Mütəfəkkirin ideyasına görə, insan qüsürsuz və qənirsiz yaranır. O, tarixin möhtəşəm divarlarından ən güclü tufanların belə silə bilmədiyi bir yazıdır. İnsanın ağlı günəş qədər enerjili, ruhu isə ay qədər təmiz və aydındır. Onun lütfü və ədaləti isə bütün saraylardan ucadır.

İnsanda yüksək əxlaqi keyfiyyətlərin, zəngin mənəviyyatın, xeyirxahlığın, insanpərvərliyin, ədalətin, insaf və mürüvvətin, nəcibliyin və düzgünlüyün tərbiyə edilməsini vacib sayan Əvhədi bunu etikanın başlıca vəzifəsi hesab edirdi. Görkəmli mütəfəkkir maddi və mənəvi substansiyalar arasında keçilməz hədd qoymurdu və belə hesab edirdi ki, dünyada hər şey bir-birilə, bilavasitə, yaxud dolayısı ilə qarşılıqlı əlaqə və vəhdətdədir. Bu nöqteyi-nəzərdən təbiətin ayrılmaz hissəsi olan insan onun qanunluqlarına tabe olmalı, zəruri çərçivədən kənara çıxmamalıdır. Yaradan insana gücü və qüdrəti yaranmışları məhv etmək deyil, bütün maddi və mənəvi mövcudatı yaxşılığa doğru dəyişdirmək və yeniləri qurub-yaratman üçün vermişdir. İnsan bütün bunlara qadir olan varlıqdır.

Müəllifin fikrincə, zəmanəsində insana, onun şəxsiyyətinə və yaradıcı qüdrətinə lazımınca qiymət verilmədiyindən kədərlənən mütəfəkkir, bununla belə, insanın heç olmasa özünün öz qədir-qiymətini qorumasını tövsiyə edirdi. Çünki mövcud quruluş insana münasibətdə gözlə görünənlərdən artığını etmək iqtidarında deyil. Zəmanə insanı yalnız istədiyi qədər əzə bilərdi, lakin onu ucaltmaq və ona istədiyi haqqı vermək ənənəsindən uzaq idi. Buna görə də əsl kimliyini unutmamaq insanın bilavasitə öz üzərinə düşürdü. Bu nöqteyi-nəzərdən Əvhədi, bilavasitə insanın özündən də çox şey gözləyirdi. Onun fərdə verdiyi tələb, ilk növbədə, insanın özünüdərki və özünütəsdiqi ilə bağlıdır. Zəkaya və ifadəyə malik insan həyatda bir iz qoymalıdır. Yəni o, ömrünü hədər keçirməməli, mənalı yaşamalı və hər şeyə qadirliyini sübut etməlidir. Mütəfəkkirin məntiqinə görə, əsl insan bir vətəndaş kimi bu həyatda özündən sonra yaxşı ad qoymalıdır.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər