PDF Oxu

MİA

  • 34 811

Əvhədi yaradıcılığında düzlük, ədalət anlayışları və insan haqları

image

Əvhədinin nəzərində düzlük də ədalətdəndir. Əqidəsi düz olan insanın sözü, əməli də düz olur. Özü üçün düzlük yolu seçmiş insan ədalətsizlikdən uzaq olur. Yalnız düzlüklə bütün çətinliklərə qalib gəlmək olar. Öz gücünü və qüdrətini düzlükdə görən insan heç vaxt məğlub olmur, çünki bütün hərəkətlərində insaflı, mürüvvətli olur. Əvhədi ona görə də qurtuluşu və baş ucalığını düzlükdə görür.

A.Quliyev yazır: "İnsanları düzlüyə və mərdliyə səsləyən humanist mütəfəkkir onlara çirkin əməllərdən, zərərli məşğuliyyətlərdən əl çəkməyi tövsiyə edir. Onun fikrincə, insan üzüağ yaşamalı, mərhəmətli və şəfqətli olmalı, hər işdə düzlük və sədaqət nümunəsi olmalıdır. Bütün güc və qüvvəsini xalqa xidmətə və faydalı işlərə sərf etmək, bir-birinə köməklik və yardım göstərmək, zəiflərə və kimsəsizlərə əl tutmaq, büdrəyənlərin qəddini düzəltmək, namuslu, vicdanlı və doğrucul olmaq böyük mütəfəkkirin nəzərində insanların mənəvi borcudur. Sədaqəti insan mənəviyyatının aynası kimi qiymətləndirən Əvhədi, insanı öz əqidəsindən dönməməyə çağırır.

Bu müdrik kəlamlar görkəmli mütəfəkkirin təsadüfi mülahizələri deyildi. Bu, zəngin həyat təcrübəsinə malik, sosial həyatın bəzi ağrı-acılarını dadmış humanist bir insanın ürək çırpıntıları, geniş dünyagörüşlü mütəfəkkir-filosofun sosial-siyasi mövqeyidir. Əvhədinin ideyasına görə, bütün fərdlər bir-birinin qarşılıqlı köməyinə və yardımına möhtacdır. Başqasının dəstəyinə ehtiyac duymayan, öz həmvətənlərinin xeyirxahlığına söykənmək istəməyən insan tapmaq çətindir. Dünya insanların qarşılıqlı ünsiyyəti əsasında pərvəriş tapır. Bütün insanlar bir-birinin dayağıdır və dayağı da olmalıdır. Məgər Yaradan insanı məhz hər kəsin, hamının və bütün bəşər övladının xoşbəxt yaşaması üçün xəlq etməmişdir? İnsanların qarşılıqlı əlaqəsinin bəhrəsi deyildirmi? İnsanların birliyi Tanrı istəyidir, özü də mərhəmətli və ədalətli istəkdir. Tanrının bu istəyinin arxasında insanlardan nəyi ummaq deyil, əksinə, onlara bütün gözəllikləri və zəruri nemətləri vermək dayanır. Həmin nemətlərdən biri də ədalətdir. Deməli, Tanrı insanın və bütün insanlığın xoşbəxt yaşayışının möhtacıdır. O, insanı saf və günahsız xəlq etmişdir ki, bu xoşbəxt həyatı məhz onun özü qursun, ədalət yaratsın və öz həmnövünün qayğısına qalsın".

Müəllifin fikrincə, Əvhədinin ideyasına görə, insanın ən nəcib keyfiyyətlərindən biri insanilikdir. İnsan özünü insanlığın bir parçası qismində görmək üçün mərdlik nümunəsi olmalıdır. Əsl insan ancaq özü üçün deyil, insanlıq üçün yaşayandır. Elə buna görə də mütəfəkkir insanı və mərdliyi bir-birindən ayırmır. Əksinə, onları qarşılıqlı vəhdətdə, qırılmaz bağlılıqda təsəvvür edir. Məhz belə qarşılıqlı bağlılıq insanı insanlıq zirvəsinə ucaldır. O, mərdliyin əvəzolunmaz nümunəsinə çevrilir. Başqa sözlə, insanın amalı və əqidəsinin ən parlaq göstəricisi insanlıq olmalıdır.

Göründüyü kimi, insan və insanlıq da mütəfəkkirin təsəvvüründə bir-birindən ayrılmazdır. Bu bağlılıq Əvhədinin ümumbəşəri ideallarının əsas həqiqətlərindən birini təşkii edir. Lakin onu düşündürən suallardan biri insanlığın, bilavasitə özünün nədən ibarət olmasıdır: "İnsanlıq nədir? Məgər o, ancaq eyibləri örtməkdən, igidlikdən ibarətdir?" Əvhədi bu suala birmənalı cavab verir. İnsanlıq "xeyirin ardınca getmək" deməkdir.

Mütəfəkkirin fikrincə, insanlıq və mərdlik bir-birilə əkiz yaranmışdır. Comərdlik də məhz bu birliyin bəhrəsidir. Comərdliyin rəmzi isə düzlükdür. Mərd insanların comərdliyi öz təmizliyi və düzlüyü ilə bütün əyrilikləri aradan qaldırır, insanı pis və çirkin əməllərdən çəkindirir.

A.Quliyev göstərir ki, tüfeyliliyi və sərsəri həyat sürməyi müasiri olan insan üçün qüsur kimi qiymətləndirən humanist mütəfəkkir faydalı işlər görməyi, xeyirxah əməllər ardınca getməyi hər bir fərdin bir növ insanlıq borcu hesab edir və göstərir ki, "namuslu, zəhmətkeş insan hər şeyə qadirdir, başqasının boynunda yük olmaqdan nə fayda?.. İnsan bu dünyaya işlə məşğul olmaq, elm öyrətmək üçün gəlmişdir". İnsana münasibətdə yüksək xeyirxah idealların carçısı olan Əvhədi bədxahlığı və xudpəsəndliyi insan və insanlıq üçün qeyri-adekvat keyfiyyətlər hesab edir. Bu dünyaya qurub-yaratmaq üçün gəlmiş insan insanlığa sədaqətlə xidmət etməli, qeyri-əxlaqi sifətlərin daşıyıcısı olmalıdır.

Əvhədinin mülahizəsinə uyğun olaraq insan əmin-amanlığın, asayişin və xoşbəxtliyin timsalıdır. Onun dünyaya gəlişi, təsadüfi deyil, zəmanənin özünün seçimidir. İnsan öz nicatını, səadət açarını və ümumi rifahını ancaq insanlığın qoynunda tapa bilər. İctimai həyatda bunun başqa bir alternativi yoxdur. İnsanlıqla birgə addımlamaq və ona arxa olmaq üçün yaranmış insanın yeganə söykənəcəyi də elə insanlığın özüdür. İnsanlıq məsləkdaşı, həyatdakı xeyirxah bələdçisi ancaq insanlıq ola bilər.

A.Quliyev yazır: "Görkəmli mütəfəkkirin nəzərində həyatı və azad varlıq kimi canlanan insan xeyirxahlıq naminə bütün eyibləri örtəndir. Onu buna sövq edən elmi və kamalıdır. Kamil insan öz xeyirxahlıqlarını təmənnasız nümayiş etdirir. Öz xoşniyyətli əməllərilə heç vaxt öyünməyən kamil insan məhz buna görə rəzilliyi və alçaqlığı həmişə rədd edir. Belə insanın kamilliyi və böyüklüyü insanlara və insanlığa qarşı sevgisindən irəli gəlir.

Müasiri olduğu dövrdə insanlıq hisslərinin tədricən yox olmasından kədərlənən Əvhədi, yaşadığı zəmanədə pisliklərin getdikcə baş qaldırmasına, insanlığın isə keçmişdə qalmasına təəssüflənirdi. Adları dilə belə gətirilməyən həqiqətpərəst insanların yoxluğu sanki düzlüyü və paklığı da özü ilə dəfn etmişdir. Deməli, dünyanın, zəmanənin bugünkü vəziyyətə düşməsi düzlüyün, mərd və ədalətli insanların az olmasının, yoxluğunun nəticəsidir. Bu isə onun nəticəsidir ki, dünyada həqiqətlərin carçısı olan pak insanlar yox dərəcəsindədir. İnsanlığın üzərinə çökmüş qaranlıq düzlüyə və təmizliyə iynə ucu qədər yer qoymamışdır. Zəmanəni öz əvvəlki təbii vəziyyətinə qaytarmaq üçün pak və əməlisaleh insanların fəaliyyəti lazımdır".

Müəllifin fikrincə, sosial-siyasi ideyalarının məzmunundan parlaq şəkildə aydın olur ki, Əvhədi düzlüyün və saflığın, mənəvi paklığın və insanlığa yad olmayan bütün gözəl əxlaqi keyfiyyətlərin carçısı olmuşdur. O, natəmizliyi və sosial çirkinlikləri zülm qədər mənfur hallar kimi qiymətləndirmişdir. Yüz hiylə pərdəsi altında təmiz və xeyirxah insanlar arasına ədavət toxumu səpib nifaq salan ünsürləri kəskin tənqid edən mütəfəkkir fitnəkarların axıtdıqları nahaq qanlar üçün məsuliyyət daşıyanı olmayan zəmanəni hiddətlə lənətləyir.

Bütün bunların nəticəsi idi ki, insanlar arasında bir-birinə inam və qarşılıqlı etibar ölüb getmişdir. Mövcud haqsızlıqlar, zülm və zorakılıq insan mənəviyyatını zəhərləmişdi. Zəngin daxili aləmə malik olan insan "zülmün zülmətindən" hisdən qaralmış daş parçasına çevrilmişdir. Həmişə ədalətin nur və parlaqlıq verdiyi insan çöhrəsi indi gecənin qaranlığı kimi zülmətə bürünmüşdür. Zülm və ədalətsizliyin insan nəslinin davamı üçün son dərəcə təhlükəli olduğunu bəyan edən humanist mütəfəkkir qurtuluşu və insanlığın xilasını haqq, ədalət yoluna qayıtmaqda görür.

Cəsarət və əyilməzlik Əvhədinin bir vətəndaş kimi əxlaq keyfiyyətlərini və şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərdir və o, qarşılaşdığı haqsızlıqlardan ani olaraq sarsılsa da, siyasi idealına xas olan mövqe ardıcıllığından yayınmır. Məsələn, zəmanənin sitəmlərindən səbri tükənən mütəfəkkir "...xəlvətdə oturub ağla", deyərək öz kədərini gizlədə bilmir. Bununla belə, bütün əzab-əziyyətlərə qatlaşaraq qəddarlıqlara sinə gərməyi tövsiyə edir. Bundan ötrü hər bir fərd insanlığa yad olan bir sıra naqisliklərdən uzaq olmalıdır. Cəmiyyəti məhvə sürükləyən naqis keyfiyyətləri bütün ədalətsizliklərin səbəblərindən biri kimi səciyyələndirən Əvhədi insanın yalnız öz insan adına layiq olan işlərlə məşğul olmasını nəsihət edir.

Özünün ideyaları aləmində ən sadə insanı şərafətə mindirən, onu həmişə ucalıqda görmək istəyən Əvhədi nəfsi təhlükəli keyfiyyət hesab edir. O da öz dahi sələfi Tusi kimi insanı ancaq nəfslərdən çəkindirməyə çalışır, ümumiyyətlə, nəfsi qorumağı insanın və insanlığın şərəfinin, hünərinin vacib şərtlərindən biri hesab edir. Buna görə də mütəfəkkir öz nəfsini cilovlamağa qadir olmamaları ucbatından yalançılıq, fırıldaq və yüz hiylə yolu ilə özünə sərvət toplayanları, heç bir işlə məşğul olmayan müftəxorları cəsarətli tənqidə məruz qoyur. Sadə zəhmət adamlarının hesabına yaşayan tamahkar varlılar Əvhədinin nəzərində mənəvi cəhətdən yoxsul, cəmiyyət üçün faydasız adamlardır. Bu qəbildən olan adamlar öz nəfsinin köləsinə çevrilənlərdir. İnsan əməyinin və bu əməyin nemətlərinin mənsəbpərəstlər, acgözlər tərəfindən mənimsənilməsini pisləyir.

A.Quliyev yazır: "Əvhədinin ideyasına görə, öz nəfsinin ardınca gedənlərdən bundan artıq heç nə gözləməyə dəyməz. Öz nəfsinə əsir olanlardan mərdlik gözləmək qeyri-mümkündür. Öz nəfsilə bütün insani keyfiyyətlərə dönük çıxan insan özündən savayı qeyrisinin taleyi barəsində düşünmək hisslərindən məhrumdur. Nəfsi ağlını üstələyən kəsin "müqəddəs" hesab etdiyi yeganə "nemət" öz tamahının gözlərini qapadığı var-dövlətdir. Başqalarının zəhmətini yemək hərisliyi onun acgöz, mənfur niyyətlərini cilovlayan yeganə "qüvvədir". Əvhədi müasirlərini belə hallardan uzaq olmağa çağırır.

Humanist mütəfəkkirin məntiqinə uyğun olaraq nəfsi öldürmək, onu cilovlamağı bacarmaq insanın mənəvi qələbəsidir. İnsanın nəfsinə qalib gəlməsi onu kamillik zirvəsinə qaldırır. Kamil insan isə həmişə qurub-yaratmaq, başqalarını xoşbəxtliyə çatdırmaq həvəsilə yaşayır. Onun məramı və məqsədi insanlığın ümumi rifahına öz payını verməkdən ibarət olur. Məhz bütün bunlardan ötrü nəfsi öldürmək dəfn etmək lazımdır".

Əvhədinin fikrincə, ədalət tamaha nifrət etməyi, düşmən olmağı tələb edir. Tamahkarlıq insanı haqq yolundan döndərir. O, ədalətə aparan yolda maneədir. Tamahkarlıqla qazanılan haramdır. İnsan isə "bu dünyada harama rəğbət göstərməməli, nə mala, nə də şöhrətə meyil etməməlidir". Bir parça çörək üçün başqasını incitmək haqqı tapdalamaqdır. İnsan özünü pis deyil, yaxşı amallar uğrunda fəda edə bilər. Nəfsin ucbatından həm özünü, həm də başqasını əzab və iztiraba düçar etmək insana və insanlığa yaraşmaz sifətlərdir. Haqq ilə yaşayanların dostu və sirdaşı isə həmişə ədalət olmuşdur. Deməli, haqqdan uzaq düşmək ədalətdən uzaq olmaq deməkdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

1

Digər xəbərlər