Görkəmli mütəfəkkir "ədalət"lə "azadlıq" arasında sıx qarşılıqlı bağlılıq görür, bu bağlılığın maliyyə və xüsusilə də ticarət münasiətlərində geniş olduğunu yazır: "Ədalət" üçün mal almaqda lazım olan şərtlər "hürriyyət" (azadlıq - A.Q.) üçün mal verməkdə lazım olan şərtlərin eyni olar. Bir şey alındıqda təsir etməyə oxşar, bir şey verildikdə, təsirə məruz qalmağa bənzər. Hürriyyət istəyənləri ədalət tələb edənlərdən daha çox nizama salarlar, nəinki hürriyyətlə" bu müştərəklik Tusini belə qənaətə gətirmişdir ki, ədalətin pislik və haqsızlıqları aradan qaldırması onun təbiətindən irəli gəlir, lakin o pisliyi və ya haqsızlığı bunların tamamilə əksini etməklə aradan qaldırır. Məsələn, şərin aradan qaldırılması onun pislənməsinə, pis hərəkətin qarşısının alınması yaxşı hərəkət etməklə baş verir. Azad və alicənab adamlar həmişə buna səy göstərirlər, çünki bu, əsasən onların ədalətli təbiətindən, daha çox azad olmalarından irəli gəlir. Mütəfəkkir bunu belə izah edir: "...Hər "azad" adam ədalətli olar, lakin hər ədalətli "azad" ola bilməz. Buna şəkk edib irad tutanlar olmuş və onlara cavab da verilmişdir, irad bundan ibarətdir: fəzilət və həqiqəti meydana çıxarıb təriflənməkdə "ədalət" ixtiyari olmalıdır; ağıllı adamlar ixtiyari olaraq, rəzalət və pislənməyə yol vermədikləri üçün "zülm" mövcud ola bilməz. Cavabında demişlər: zərərə səbəb bir iş tutmuş adam öz nəfsinə zülm etmiş olar, çünki xeyirli iş görməyə qadir olduğu halda, ağlı ilə məsləhətləşməyib, pis əmələ yol verər". Lakin fəzilət səadətinə sahib olmuş adamların ağılı heç vaxt məğlub olmaz, onlar həmişə xoşagələn, faydalı işlər görərlər".
N.Tusinin təliminə uyğun olaraq, ədalət bütün fəzilətlərin yekunudur. Deməli, o, bütün insani və əxlaqi keyfıyyətlərin həm də məcmu göstəricisidir. Elə buna görə də ədalətin mənsub olduğu yer ancaq "ortalıqdır". Bununla əlaqədar mütəfəkkir "azlığın" və "ortalığın" müqayisəsini apararaq yazır: "Azlıq "ortalıqdan" pis olduğu üçün, "ortalıq" da pislənməlidir, deməli, "ifrat" da mənfi hesab edilməlidir. Bunun cavabı budur: "artıqlıq" ədaləti azalmaq qorxusundan xilas etmək üçün bir "ehtiyat"dır və fəzilətlərin "ortalığı" ilə eyni vəziyyətdə ola bilməz...deməli, ədalət şərtləri yerinə yetirilməyincə artıqlığa yol vermək olmaz, əvvəl haqqını tələbi ödənilməli, sonra isə artıqlıq ona ehtiyat kimi saxlanmalıdır...".
Humanist mütəfəkkirin məntiqinə görə ədalət hissinə malik adamlar tamahkarlıqdan, xəbislikdən və paxıllıqdan uzaq olur, özlərindən daha çox, başqalarının faydalanmasına səy göstərirlər. Tusi: "...Aydın oldu ki, artıqlıq ədalətin çoxluğu deməkdir, artığı olan adam isə ədalət üçün ehtiyac toplamış şəxsdir, onun xasiyyəti elə olar: özünə az xeyir götürər, başqalarına çox mənfəət verər, özünə çox zərər vurar, başqalarına az zərər yetirər. Beləliklə, aydın oldu ki, artığı olmaq ədalətdən daha şərəflidir, bu ədalətə daxil olmadığı üçün deyil, əlavə olduğu üçündür". Mütəfəkkir haqqını, ödənilməsini hər bir halda zəruri hesab edir. Artıqlığa o halda yer verilə bilər ki, əvvəlcə ədalətin bütün şərtləri yerinə yetirilsin. Belə olmadıqda, artıqlığın özü ədalətsizlik törədir. Artıqlıq həmişə, bir qayda olaraq, haqqın tələbinin ödənilməsindən sonra təzahür etməli, haqqın bir növ ehtiyatına çevrilməlidir. Tusi, məsələn, lazım olanın ehtiyacı olmayana verilib, əksinə, ehtiyacı olanın sıxıntı içində saxlanmasının onun məhv edilməsinə bərabər tutur və bunu "artıqlıq" deyil, alçaqlıq kimi qiymətləndirir.
N.Tusinin məntiqinə görə, ədalət məcmu (tam) halda götürülməli və onun şərtləri kompleks şəkildə yerinə yetirilməlidir. Hər hansı qərarın verilməsində ədalətin şərləri həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə bir-birini tamamlamalıdır. Kəmiyyətin keyfiyyətə üstün gəlməsi, yaxud əksinə, keyfiyyətin kəmiyyətə uyğun gəlməməsi ədalətin dərəcələri arasında uyğunsuzluq yaratdı, bərabərləşdirici qanunauyğunluqların pozulmasına səbəb olur. Bərabərliyin, tarazlığın müəyyən həddi olduğu kimi, ədalətin şərtlərinin yerinə yetirilməsi zamanı da müəyyən həddə əməl edilməlidir. Bu, bir tərəfdən artıq-əskikliyin qarşısını alır, digər tərəfdən də ədalətin hərtərəfli yerinə yetirilməsini təşkil edir. Tusi öz mülahizələrini islami ədalətin hüdudlarının genişliyi nöqteyi-nəzərindən ifadə edərək yazır: "...Ədalətin qəddi yerdən-göyə qədərdir, məqsəd ədalətli küll halda, ümumi şəkildə təyin etməkdən ibarətdir ki, ilahi əmrə uyğun gəlsin. Ümumi artıqlığa tərif verməmişdir, çünki çoxluq və artıqlığın həddi-hüdudu olmaz, ədalət isə məhduddur, çünki "bərabərliyin" müəyyən həddi vardır, artıqlığın isə yoxdur; bundan əlavə artıqlıq hey çoxalmağa meyil göstərər, aid olmaz, ədalət isə hamıya şamil olar. "Artıqlığın" ədalət üçün "ehtiyat" və mübaliğə olduğunu dediyimiz hökmün özü də ümumi deyildir. Bu "ehtiyat" ədalətin özündən başqa heç nəyə nəsib ola bilməz, məsələn, əgər iki düşmən arasında hakim olsa, heç tərəfə artıqlıq verməz; mütləq ədalətə, sərrast bərabərliyə riayət etməkdən başqa qalan hər şey ədalətsizlik olardı".
N.Tusi ədalət şərtlərinin tam şəkildə yerinə yetirilməsini hər bir fərdə aid edir. Cəmiyyətlə isə, ədalətli hərəkət və davranışı insanın yüksək əxlaqi keyfiyyətlərindən biri hesab edən humanist mütəfəkkir göstərir ki, ağıllı adam ədalətli tam şəkildə yerinə yetirilməlidir, yəni əvvəlcə, şəxsən özünə tətbiq etməli, bu üsulla isə o qüvvətlənib vərdişə çevrilməlidir. Dediyimiz kimi, ədalət vərdiş nəticəsində qüvvətlənməsə, şəhvət onu mülayimliyə, qəzəb onu əksinə, qəddarlığa sövq edər, bunun nəticəsində müxtəlif, zidd tələblər ortaya çıxar, tərəddüd, təşviş, iztirab yaranar, ikitərəfli şər və zərərli qüvvələr cuşa gələr; harada işləri nizama salan, artıq-əskiyi aradan qaldıran, Allahın kölgəsi hesab edilən qüdrətli bir rəis yoxsa, orada həmişə belə olar və işlərə ziyanı dəyər". Görkəmli mütəfəkkir ədaləti insanın anadangəlmə keyfiyyəti hesab etmir. O, əxlaqi keyfiyyətlərin insanda formalaşmasının mənbəyini ailə tərbiyəsində, insanı əhatə edən mühitin sağlam iqlimində, mükəmməl tərbiyədə və tədricən əmələ gələn müsbət vərdişlərdə (Tusi burada sənət və peşə vərdişlərini də daxil edirdi) görür və bütöv bir sistem təşkil edən bu mənbənin mühafizəsini tövsiyə edirdi. Tusinin fikrincə, heç kəs anadangəlmə fəzilət sahibi olmur, fəzilət təcrübə nəticəsində əldə edildir. Katib və ya tacir olmaq istəyən adam bu sahədə çalışıb müəyyən təcrübə qazandıqdan, onun qayda-qanunlarını öyrənib səmərəli istifadə üsullarına yiyələndikdən və bu peşə onun qanına keçdikdən sonra etibar edilib işin mütəxəssisi adlandırıldığı kimi, fəzilət sahibi olmaq istəyən adam da həmin fəzilətin əsaslarını öyrənib mənimsəməli, onun nəfsində bu sahədə bir vərdiş və sistem əmələ gəlməli, həmin fəzilətin tələb etdiyi əməlləri asan və kamil şəkildə yerinə yetirməyə qadir olmalıdır, yalnız bundan sonra o adam həmin fəzilətin sahibi adlana bilər. Bir sözlə, insanda xeyirli və ədalətli davranış vərdişləri müəyyən sosial mühitdə, özü də sağlam şəraitdə tədricən formalaşır, son nəticədə müsbət vərdişlərə çevrilir.
Fəzilətlərə yiyələnməyin dərəcələri və yolları haqqında məsələni nəzərdən keçirən böyük mütəfəkkir şəxsiyyətin əxlaqi keyfiyyətlərinin müəyyən edilməsi zamanı onun mənfi və müsbət cəhətlərinin paralel şəkildə araşdırılmasını vacib sayır. O. əvvəlcə praktikanın, sonra isə qazanılmış təcrübə əsasında nəzəri məsələlərin aşılanmasını zəruri hesab edir. Tusi yazır: "...Fəzilət sahibi olmaq istəyən adamı əvvəlcə "şəhvət qüvvəsi", sonra "qəzəb qüvvəsi" baxımından tədqiq etmək lazımdır, hər iki qüvvənin fitri olaraq mötədil olub-olmamasına diqqət yetirilməlidir. Bu qüvvələr mötədil olarsa, onu saxlamağa səy göstərməli və bu qüvvələrdən doğa biləcək yaxşı əməllərin vərdişə keçməsinə çalışılmalıdır. Mötədil olmasa, əvvəl onu mötədilliyə qaytarmalı, sonra onu vərdiş halına salmaq lazımdır. Bu iki qüvvə tərbiyə edilib qurtardıqdan sonra nəzəri qüvvəni inkişaf etdirməyə başlamalı, o da nizama salınmalıdır.
Fəzilətlərə yiyələnmə prosesində elmlərin öyrədilməsi ardıcıllığına ciddi diqqət yetirilməsini zəruri hesab edən Tusi bunu şəxsiyyətin əqli təfəkkürü və formalaşan vərdişlərinin püxtələşməsi dərəcəsilə əlaqələndirir. Hər hansı fənnin öyrədilməsi zamanı insan beynini yoran deyil, əksinə, qavramaya kömək edən və ya mənimsəməni sürətləndirən predmetlərin tədrisindən başlamağı məsləhət görür. Çox maraqlı cəhətdir ki, zehni qüvvənin itiəşməsi və əqli qanunların bir-birinə kömək etməsi nöqteyi-nəzərindən, o, elmlərə yiyələnmənin başlanğıcı kimi, məhz fəlsəfənin tədris edilməsini qeyd edərək yazır: "...Beyin düzgün zövqə gəldikdən, lazımi həqiqətlər dərk edildikdən sonra obyektiv varlıqların təliminə, onların mahiyyət və xüsusiyyətlərinin təhlilinə başlanmalıdır. İlk növbədə, hissi kateqoriyalardan başlayıb, sonra maddi varlıqların əsaslarını öyrətməklə bu bəhsə yekun vurmaq lazımdır. Bu mərtəbəyə çatdıqda hər üç qüvvənin saflaşdırılıb cilalandırılması başa çatmış olar".? Yalnız bu proses başa çatdıqdan sonra, mütəfəkkir sosial ədalətin tələb və şərtlərinə əməl edilməsinə dair biliklərin aşılanmasını zəruri hesab edir. Onun fikrincə, insanın yaradıcı, hikmət və fəzilət sahibi adına layiq görülməsi üçün ona ədalət qanunlarına riayət etməyi, onları qoruyub saxlamağı, ədalət qanunlarının təbiətinə uyğun hərəkət edib fəaliyyət göstərməyi, başqaları ilə qarşılıqlı ünsiyyət, mübadilə və digər münasibətlərdə ədalət qanunlarının tələb və şərtlərinə uyğun davranmağı aşılamaq lazımdır. Tusinin qənaətinə görə, "belə adam həm xarici, həm də daxili səadət uğrunda çalışmasa, nur ələnur olar, əks-təqdirdə iş-gücünü buraxıb füzulluq (əllaməlik) eləməyinə dəyməz".
Bundan sonra mütəfəkkir, ümumiyyətlə, səadətin təsnifatını verərək, nəfsi, cismani və mədəni səadətin ətraflı izahını vermişdir. Maraqlıdır ki, o, cəmiyyətin və mədəniyyətin inkişafı ilə əlaqədar olan məsələni mədəni səadətə aid etmişdir. Tusi yazır: "mədəni səadət o elmlərdə olar ki, millətin, dövlətin və cəmiyyətin işlərini nizama salmağa xidmət etsin..." Mədəni səadətin cəmiyyət və dövlət işlərinin tənziminə aid hissəsinin hüquq elminin (hüquqşünaslığın) predmetinə aid olduğunu birbaşa qeyd etmişdir.
Fəzilətlərin tam əksi olan rəzalətlərin aradan qaldırılması yollarının müəyyən edilməsinə böyük diqqət yetirən Tusi, bunu insan nəfsinin xəstəliklərdən müalicə olmasına bənzədirdi. Çünki məhz insan nəfsini korlayan rəzalətlər mövcud ədalətsizliklərin mənbələrindən biri kimi çıxış edir. Məsələnin digər cəhəti isə rəzalətlərin kəmiyyət etibarilə fəzilətlərdən nisbi, şərti çoxluğundadır. Mütəfəkkir yazır: "Fəzilətlər dörd, rəzalətlər səkkiz olmuşdur. Bir şeyin ki, əksi birdən artıq ola bilmədiyindən (çünki əksliklər iki şeyin son həddə bir-birinə tam zidd olması deməkdir), bu baxımdan, yalnız şərti olaraq rəzalətləri fəzilətlərin əksi hesab etmək olar, lakin eyni fəzilətin iki (qarşı) tərəfi olan rəzalətlərə, biri ifratın son həddində, digəri çatışmazlığın son həddində tam əkslik kimi baxmaq olar.
Ədalətsizliyə aparan rəzalətlərin növləri içərisində Tusinin izahı üzərində ətraflı dayandığı məsələlərdən biri də qəzəb hissidir. Onun fikrincə, "qəzəb" nəfsin şəhvət və intiqam hissindən doğan hərəkətidir. Mütəfəkkirin məntiqinə görə, qəzəb şiddətləndikcə hirs alovlanır, beyin qızır, ağıl başdan çıxır və şüurun fəaliyyəti zəifləyir. Bu zaman insan təbiətindən asılı olan vəziyyət sanki barıt qutusunu xatırladır və o, hər hansı pislikləri törətməyə hazır vəziyyətdə olmaqla, hər an alovlanmaq dərəcəsinə gəlib çatır. Qəzəbli insanın daha da çaşması böyük zərər vurulması ilə müşahidə olunur. Tusi burada Həzrət Əlinin belə bir kəlamını xatırladır: "Qəzəb və hirs bir növ dəlilikdir, çünki sahibini peşman edər, peşman olmasa, deməli, əsl dəlidir". O, insanda qəzəb hissinin cilovlanmasından ötrü, ilk növbədə onun səbəblərinin aradan qaldırılmasını tövsiyə edir: "Qəzəbin əlacı səbəbləri aradan qaldırmaqdır, çünki səbəb gücləndikcə, onun nəticəsi də güclənər, səbəb aradan qalxdıqda, xəstəlik (Tusi burada xəstəliyi də qəzəbin və hirsin nəticələrindən biri hesab edir -A.Q.) də aradan qalxar. Səbəb aradan qaldırıldıqdan sonra bu xəstəlikdən bir az qalsa, onu ağılın tökdüyü tədbir vasitəsi ilə müalicə etmək asan olar".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru