PDF Oxu

MİA

  • 5 131

Nəsirəddin Tusidə dövlət idarəçilik formaları və insan haqları

image

Böyük mütəfəkkirin dövlətin idarəçilik formalarına münasibətdə bir-birindən nisbi fərqli (qeyri-məhdud və silki-nümayəndəli monarxiya ilə bağlı) mövqeyini onun siyasi-hüquqi görüşlərində tədricən baş vermiş təbəddülatla izah etmək olar. Lakin bununla belə, biz onun ümumi elmi və siyasi-hüquqi dünyagörüşünün mərhələli məqamlarına təsadüf etmirik. Onun siyasi-hüquqi görüşlərinin formalaşması və inkişafı arasındakı aralıq dövrdə siyasi-hüquqi ideallarında elə bir əsaslı dəyişikliklər nəzərə çarpmır. Ona görə də fikrimizcə, Tusinin dövlətin idarəçilik formalarına münasibətdə mövqeyindəki qeyri-müəyyənliyi onun dövlətlərin tipologiyasına münasibətlə də əlaqələndirmək olar. Belə ki, mütəfəkkirin ağıllı, müdrik və ədalətli hökmdarla bağlı mülahizələri onun maarifçilik ideyalarının təzahürü kimi çıxış edir.

Göstərilənlərlə yanaşı, humanist mütəfəkkirin daha çox maarifçi monarxdan (ağıllı, müdrik və ədalətli hökmdar) bəhs etdiyini də qeyd etmək zəruridir. Çünki müdrik, elmli və fəzilətli dövlət başçısı haqqında ideyanın təbliğ edilməsi onun siyasi-hüquqi görüşlərinin başlıca xüsusiyyətlərindən birini təşkil edir. Məsələn, mütəfəkkirin aşağıdakı fikri onun maarifçi-monarx hakimiyyətinə üstünlük verməsinə heç bir şübhə yeri qoymur. "Əgər bir padşah aqil və alim ola, onun siyasətinin nəticəsində bütün məsləklər və ölkələr əmin- amanlıqda yaşaya, ədaləti bütün dünyaya yayılıb şöhrət qazana, himayəsində olanlar mehriban yaşaya, zülm aradan qalxa, xalqın rifah halını yaxşlaşdırmağı bir an da olsun yaddan çıxarmaya, elə edə ki, onun xeyri həm bütün rəiyyətə, həm yoxsullara, həm varlılara, həm qüvvətlilərə, həm zəiflərə çata, xüsusilə kimin nəyə ehtiyacı varsa, onu da ala. Belə adama necə sitayiş etməmək olar, ona görə məmləkət əhlindən hər kəs bu mükafat qarşısnda ayrıca olaraq öz borcunu verməlidir, bu işi yerinə yetirməkdə kahıllıq - zülm və ədalətsizliyə aparıb çıxarır. Rəiyyətin peşə və sənətini mükafat hesab etdiyi üçün o, cəmiyyət, təşəkkür, qardaşlıq, təşkilatçılıq və istedadının tərifi, səy və xeyirxahlığının mədhi, sözsüz itaət, açıq və gizlində müxalifətdən uzaq olmaq, hakimiyyət altında olan əhali və tayfaların mənzil və ya başqa yaşayış vasitəsilə təmin etmək üçün imkan və bacarıq daxilində ona canla-başla xidmət etməkdən başqa bir şey istəməz; belə bir şəraitdə hökmdarla birlikdə olmamaq, qəsdən, billə-ilə onun əmrlərini yerinə yetirməmək, onu pisləyib hörmətdən salmaq xəyanətdən, əsl cəzadan, ədalət qayda-qanunlarını tapdalamaqdan başqa bir şey olmaz".

Göründüyü kimi, maarifçi monarxiya Tusinin nəinki müdrik və ədalətli hökmdar barəsindəki idealına cavab verir, həm də onun mütərəqqi ideyalarının özünütəsdiq kontekstində çıxış edir. O, maarifçi monarxiya quruluşunda müdrik və adil hökmdara onun ölkəni ədalətlə idarə etməsi müqabilində xalqın ona qeyd-şərtsiz tabeliyini vəzifə və borc kimi dəyərləndirirdi.

Böyük humanist dövləti ədalətlə idarəetmə üsullarından danışarkən, belə bir nəticəyə gəlirdi ki, dövləti qüsursuz idarə etmək tarixən mümkün deyildir. Hər bir dövlətin özünəməxsus qayda-qanunları vardır. Odur ki, ölkədə ədələt prinsiplərinin mühafizəsi və özbaşnalıqların aradan qaldırılması üçün idarəetmədə mümkün qədər nöqsanlara yol verilməməlidir.

N.Tusinin dövlət haqqında təlimində idarəçilik formalarına münasibətinin əsas göstəricilərindən biri olan maarifçi monarxiya mütəfəkkirin təkcə maarifçi-monarx deyil, ümumiyyətlə, onun hökmdarlar, onların keyfıyyətləri, təbiətləri ilə bağlı mülahizələri ilə sıx bağlıdır. Humanist mütəfəkkirin görmək istədiyi hökmdar dövlət başçısına xas olan bütün zəruri keyfiyyətləri özündə ehtiva etməlidir. Bu nöqteyi-nəzərdən Tusinin siyasi-hüquqi konsepsiyasının səciyyəvi cəhətlərindən birini, ilk növbədə "müdrik hökmdar" və "hökmdar müdrikliyi" ideyası təşkil edir. Hökmdar xalqın və dövlətin taleyinə məsul bir şəxs kimi adi insan deyildir. O, hər şeydən əvvəl, hərəkət və davranışının hüquqiliyi ilə seçilməlidir. Onun rəftarı da əxlaqi və təbii olmalıdır. Dövlət başçısı öz ciddiliyi və mədəniyyəti, zəhmi və fəhmi, ağlı və iradəsi ilə seçilməli, dövlətin digər yüksək rütbəli məmurlarına nümunə olmalıdır. Onun ən başlıca və əsas keyfiyyət göstəricisi isə ədalətliliyidir. Buna görə də hökmdarı fərqləndirən cəhətlərdən biri onun hər cür ədalətsizliyə və haqsızlıqlara qarşı amansızlığı və barışmazlığıdır. Tusi yazır: "Adil padşah və hakim ona görədir ki, haqsızlıq və cinayətlərin qarşısını alsın, ədaləti qorumaqda "ilahi namusun" xəlifəsi olsun, yəni özünə başqalarından çox xeyir götürüb, az cəza verməsin. Ona görə də deyiblər ki, "xəlifəlik" düzlükdür. Camaat o adamın hakimiyyətinə üstünlük verər ki, ya əsli-nəcabəti şərafətdə məşhur olsun, ya da özü həddən artıq xalqın etibarını qazansın. Ağıl sahibləri və işdən başı çıxanlar hikməti və ədaləti bu vəzifəyə ləyaqətin əsas şərti hesab edərlər, çünki bu halda mükafat və cəza həqiqi olar, onlarda artıq-əskikliyə yol verilməz".

Hökmdarları yalnız xeyirxah, müdrik və elmli olan dövlətlərin uzun müddət yaşamasından danışan Tusi, zəmanəsinin dövlət başçılarına xəbərdarlıq edirdi ki, insani keyfiyyətlərdən üz çevirən hökmdarların ölkəsində həmişə hərc-mərclik olar. Ölkə başçısının yeritdiyi siyasətin mahiyyəti onun böyük bir ölkəyə rəhbərlik etməsində deyil, siyasətin düzgünlüyündə və verdiyi qanunların humanizmliyinə görə mütəfəkkir göstərir ki, "hakim, hökmdar sözündəki məqsəd o adamın böyük həşəmətə və ya məmləkətə sahib olması deyildir, o deməkdir ki, ölkədə onun haqlı hökmləri yerinə yetirir. Əgər o, bir şey deyir, yerlərdə valiləri başqa cür edırlərsə, onda qayda-qanun pozular, hərc-mərclik yaranar zülm ərşə dayanar".

Yüksək mədəniyyət, qabiliyyət və bacarıq nöqteyi-nəzərindən hökmdarlara ciddi tələbkarlıqla yanaşan Tusi, dövlət başçısı olmaq iddiasında olan şəxsi və onun fəaliyyətini, habelə idarəetmə mədəniyyətini aşağıdakı kimi təsəvvür edirdi:

1) padşah adil və alim olmalıdır;

2) onun siyasətinin nəticəsində bütün ölkələr əmin- amanlıqda yaşamalıdır;

3) padşahın ədaləti bütün dünyaya yayılıb şöhrət qazanmalıdır;

4) onun himayəsində olanlar mehriban yaşamalıdırlar;

5) padşahın xeyri bütün rəiyyətə - həm yoxsullara, həm də zəiflərə çatmalıdır, xüsusilə də ehtiyacı olanlar təmin edilməlidir;

6) əhaliyə canla-başla müxtəlif xidmətlər göstərməlidir.

Beləliklə, Tusinin təliminə uyğun olaraq şah rəiyyətin halına diqqət yetirməli, onun halına qalmalı, ədalət şərtlərinə əməl etməlidir. Dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Ədalətin birinci şərti odur ki, xalqın müxtəlif təbəqələri arasına uyğunluq yaradılsın. İnsanın sağlamlığı dörd ünsür arasındakı tənasüblükdə olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin - qələm əhlinin (ziyalıların), qılınc əhlinin (ordunun, hərbçilərin), müalicə əhlinin (tacirlərin, maliyyəçilərin) və zirət əhlinin (əkinçilərin, maldarların) qarşılıqlı müvafıqliyində olar. Bu dörd dəstə birgə. Əlbir, ahəngdar fəaliyyət göstərdikdə mədəniyyət, fəzilət və səadət sistemi əmələ gələr.

Ədalətin ikinci şərti ondan ibarətdir ki, şəhər əhalisinin vəziyyətinə və təbiətinə diqqət yetirilsin, hər kəs ləyaqətinə və istedadına görə vəzifəyə təyin edilsin.

Böyük mütəfəkkir ədalətin üçüncü şərti ilə bağlı mülahizələrini, əsasən maliyyə məsələlərinə, o cümlədən dövlət gəlirlərinin proporsional bölgüsünə həsr etmişdir. O yazır: "Ədalətin üçüncü şərti odur ki, hər sinfin arasında uyğunluq yaratdıqdan sonra və hər adamın ləyaqət və ya istedadına görə rütbə verdikdən sonra, onlar arasında olan ümumi gəliri mühafizə etməyə, hərənin öz payına düşəni özünə verməyə səy göstərilməli, burada haqqa və xidmətə fikir verilməlidir. Ümumi gəlirin mühafizə edilməsi, dövlətin, kəramətin və buna bənzər şeyləri salamat qalmasına səbəb olar. Ümumi gəlirdə hər adamın müəyyən payı olar, bundan artıq və əskik vermək zülmə aparıb çıxarar, amma bir şey var ki, az verdikdə şəxsə zülm olar, çox verdikdə şəhər əhlinə, əksinə demək olar, yəni şəhər əhlinə az qaldığı üçün ona zülm edirlər. Ümumi gəliri bölməkdən baş ayıldıqdan sonra verilən bu nemətləri qoruyub saxlamağa diqqət yetirilməlidir. Bu, o deməkdir ki, bu nemətlərin sahibinə. Ya şəhər əhalisinə zərər verə biləcək şəkildə əldən getməsinə yol verilməməlidir".

N.Tusi ədalətin üçüncü şərtinə əməl olunması ilə əlaqədar fikirlərini yekunlaşdıraraq göstərirdi ki, hər şey əvəzli, qarşılıqlı olmalı, birinin haqqı digərində qalmamalı və ədalətin mövcud olması üçün hər kəsin haqqı özünə qaytarılmalı, haqqı tapdalayanlar isə cəzalandırılmalıdır. Mütəfəkkir yazır: "Xülasəsi budur ki, əvəzli mal sahibinə çatdırılmalıdır, ya o maldan, ya da başqa maldan; elə etmək lazımdır ki, ədalət bərpa edilsin, mal yerinə qaytarılsın. Lakin bu, elə bir şəkildə ona qaytarılmaldır ki, şəhər əhlinin xeyrinə olsun və ya heç olmasa, ona zərər vurmasm. Əgər haqq geri qaytarılarkən şəhərə zərər dəyirsə, bu haqq deyil, zülm sayılmalıdır və bu zülmü edənləri cəzalandırmaq lazımadır".

Göründüyü kimi, Tusinin siyasi-fəlsəfi təlimində ədalət kateqoriyası tarazlaşdırıcı, bərabərləşdirici və müəyyən dərəcədə də bölüşdürücü meyar qismində çıxış edir. Bundan başqa, ədalət ziddiyyət və anlaşılmazlıqları aradan qaldırır, ixtilaflı və ya münaqişəli məqamlarda barışdırıcı rol oynayır. Təbiətcə ədalətli olan insanlar həmişə haqqın və düzlüyün tərəfdarı olduqları üçün yersiz mübahisələrdən çəkinirlər. "Deməli, ədalət sahibinin, öz təbiəti etibarilə, haqq namusunun sahibi ilə heç bir ixtilaf və ziddiyyəti ola bilməz, çünki ədalətin bütün fəaliyyəti onun razılığı, köməyi və nəzarəti altında olar, ondan bərabərliyi əxz edər, onun təbiəti tarazlığa meyil edər". Lakin bərabərlik tək fərdə aid deyil. O, yalnız ən azı iki nəfərin arasında yarana, təzahür edə bilər. Qarşılıqlı saziş, bir-birinə kömək və münasibətləri nəzarət altında saxlamaq bərabərliyi meydana çıxaran əsas amillərdir. Nəyinsə şərikli görülməli olduğu və ya görüldüyü hallarda bərabərliyə, xüsusilə böyük ehtiyac yaranır. Bu zaman şərtlərin müəyyən edilməsində qeyri-bərabərliyə yol verilməsi, yaxud onlara düzgün əməl olunması ədalətsizlikdən savayı bir şey ola bilməz. Bütün bunlar eyni dərəcədə tarazlığa da şamil olunur. Bərabərliyin təzahürü, eyni zamanda da tarazlığa nail olmaq deməkdir. Belə ki, ədalətin şərtlərinin yerinə yetirilməsində bərabərlik tarazlığa nail olmağın səbəbi, tarazlığın yaranması isə nəticə qismində çıxış edir. Bu isə başlıca məqsədə çatmanın - ədalətin qələbəsinin təmin olunması deməkdir.

Diqqəti cəlb edən maraqlı cəhətlərdən biri Tusinin "ədalətli işlərin ədaləsizlikdən" yarandığını təsdiq etməsidir. Mütəfəkkirin bu təsdiqi əksliklərin mübarizəsi, ziddiyyətlərin vəhdəti müddəalarına əsaslanır. Onun fıkrincə, "...ziddiyyətlər (vəhdəti) baxımından qüvvət və mərifət eyni hesab edilər, çünki ziddiyyətlərə əsaslanan elm və güc eyni olar. Lakin bir əksliyin qarşılığı olan heyətin eyni deyildir. Bütün fəzilətlərin bu elmin sirlərindən olduğunu güman etmək lazımdır".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər