Din məsələlərində kalvinist etiqad fərdi tamamilə öz ixtiyarına buraxsa belə kalvinizmdə "ayrıca bir adam" və "etika arasında ixtilaf" məlum deyildir (Syeren Kerkeqorun anlamında)...
Maks Veber yazırdı: "Tamamilə aydındır ki, gec-tez hər bir dindar eyni sualla qarşılaşmalıdır: mən seçilmişəmmi? Və mən seçilmiş olduğumu necə dəqiqləşdirim?.. Dindar kalvinistlərin geniş təbəqələri üçün seçilmişlik faktının müəyyən edilməsi imkanı mənasında xilas olmağa inam bütün başqalarını arxada qoyan ən əhəmiyyətli mütləq məsələyə çevrilmişdir, doğrudan da, (Allah tərəfindən) öncə müəyyənetmə haqqında təlimin hakim olduğu hər yerdə hökmən "electi" (seçilmişlər-lat.) dairəsinə məxsus şəksiz əlamətlərin mövcud olmasına dair məsələ qalxırdı...
Müti günahkarları - Lüterin əgər təzədən din və tövbə yoluna qayıtsalar, özlərini Allaha tapşırsalar, Allahın onları bağışlayacağını vəd etdiyi bu günahkarları indi kapitalizmin qəhrəmanlıq dövrünün yenilməz tacirlərinin simasında puritanizmin yetişdirdiyi "müqəddəslər" əvəz edirdi; onların ayrı-ayrı nümayəndələri bizim günlərə qədər qalmışdır... Xilas olacağına daxili inamın əldə olunması üçün ən yaxşı vasitə kimi öz peşəsinin çərçivələri daxilində daimi fəaliyyət götürülür. O və yalnız o, dini xarakterli şübhələri qovur və özünün seçilmişlərdən olduğuna inam yaradır...
Kalvinin baxışlarına görə, hiss və əhval-ruhiyyə nə qədər yüksək olsa da, aldadıcıdır, inam özünü obyektiv hərəkətlərdə təsdiq etməlidir. Yalnız onda o, xilas olacağına inam üçün möhkəm əsasa çevrilə bilər. Savoya Bəyannaməsinə görə o, "fides efficax" (fəal inam), xilas olmağa meyil isə "effectual calling (kəsərli meyil - red.) olmalıdır. Əgər sonra soruşulsa ki, hansı bəhrələrə görə reformatlar həqiqi imanın şübhəsiz olduğunu duyurlar? Cavab belə olacaqdır: xristianın Rəbbimizin əzəmətinin daha da yüksəlməsinə yönəlmiş davranışı və həyat tərzi..."
Müəllif qeyd edir ki, xeyirxah işlərin xilas üçün vasitə ola bilməməsi (çünki seçilmiş adam məxluq olaraq qalır və onun bütün əməlləri Allahın tələblərindən hədsiz uzaqdır) qədər də bu xeyirxah işlər seçilmişlərin əlaməti kimi vacibdir. Xeyir işlər xoşbəxtlik əldə etmək üçün deyil, insanı ölümdən sonra gözləyənlər qarşısında qorxunu boğmaq üçün texniki vasitədir. Bu mənada, çox vaxt deyirlər ki, o, "ruhu xilas etmək üçün lazımdır", yaxud onu "Allahın rəhmi"ni əldə etməklə bağlayırlar. Əslində bu, onu bildirir ki, Allah öz-özünə kömək edənə kömək edir, kalvinist, beləliklə, öz xilasına özü "nail olur", daha düzgün desək, xilasa əminlik (biz, doğrudan da, belə fikirlərə rast gəlirik) elə xilasın özüdür, ancaq o, katolisizmin tələb etdiyi kimi ayrı-ayrı ləyaqətli əməllərin toplanması ilə əldə oluna bilməz, o, dindarı daim alternativ qarşısında - seçildi, yoxsa rədd edildi - qoyan sistematik özünənəzarətin nəticəsi olaraq əldə edilir.
Katolikə kilsə ayinləri vasitəsilə Allahın rəhmini əldə etmək, bununla da insan təbiətinin naqisliyini aradan qaldırmaq imkanı verilirdi: ruhani xilasetmə möcüzəsi törədən və əlində "cənnətin açarları olan maq" idi; tövbə etməyə hazır olan dindar ona müraciət edə bilərdi; ruhani rahatlığa, xilasolmaya ümid verir və bununla da kalvinistin ömürlük qisməti olan ağlasığmaz gərginliyi katolik üçün aradan götürürdü. Kalvinistə insanın bu cür mərhəmətlə ovundurulması yad idi və o, katolik və hətta lüterançı kimi ümid edə bilməzdi ki, zəiflik və axmaqlıq dəqiqələrini sonradan azad iradənin səfərbər edilməsi ilə "sahmanlayacaq".
M.Veberin fikrincə, kalvinistin Allahı öz seçilmişlərindən ayrı-ayrı "xeyirxah əməllər" deyil, sistem səviyyəsinə qaldırılmış müqəddəslik tələb edirdi. Burada nə katolisizm üçün xarakterik və insan təbiətinə xas olan günahın peşmançılığını, tövbənin, günahların bağışlanması və yenilərinin törədilməsinin əvəzlənməsindən, nə də bütün həyatın ayrı-ayrı cəzalar, yaxud kilsənin ixtiyarında olan nemətlər vasitəsilə nizama salınmasından söhbət gedə bilərdi. Kalvinizmin praktiki etikası dindarın gündəlik həyatından plansızlıq və sistemsizliyi kənarlaşdırır və bütün həyat davranışının ardıcıl metodunu yaradırdı... Belə "müqəddəsin həyatı" yalnız dərk olunmayan məqsədə - axirət xoşbəxtliyinə yönəldilirdi, lakin məhz buna görə onun bu dünyada həyatı rasionallaşdırılmış və yeganə istəklə - yerdə Allahın şöhrətini yüksəltmək istəyi ilə doldurulmuşdu və əvvəllər heç vaxt bu ideyaya belə ciddiliklə yanaşılmamışdı...
Praktiki həyat etikasının sistemləşdirməsi həm kalvinist protestantizminə, həm də səmərəli həyat tərzləri ilə seçilən katolik ordenlərinə xasdır, lakin kalvinizmdə bu sistemləşdirmə özünün xarici ifadəsini elə üsulda tapır ki, onun vasitəsilə "xırdaçı puritan" öz seçilmişliyini daim nəzarətdə saxlaya bilir. Düzdür, bütün günah və sapmaların ardıcıl olaraq, bəzən isə cədvəl şəklində yazıldığı dini gündəliklər təkcə kilsənin tələblərini canfəşanlıqla yerinə yetirən islahatçıların arasında deyil, eyni dərəcədə yezuitlərin yaratdığı müasir katolik möminliyi çərçivəsində (məsələn, Fransada) yayılmışdı. Lakin əgər katolisizmdə bu cür gündəliklər keşiş qarşısında edilən vaxtaşırı tövbələrin tam yerinə yetirilməsi üçün istifadə olunur, yaxud dini rəhbər üçün onun xristian, yaxud (daha çox) xristian qadınlar üzərində avtoritar hakimiyyətinin əsası rolunda çıxış edirdisə, reformat etiqadlı xristian bu gündəliklərin köməyi ilə "özü öz nəbzini yoxlayırdı"... Sonrakı dövr puritanı yalnız öz davranışına deyil, Allahın da davranışına nəzarət edir və həyatındakı hər hadisəyə Allahdan qismət kimi baxırdı. O, tam dəqiqliyi ilə bilirdi ki, Allah bu və ya digər qərarı nə üçün qəbul etmişdir (bu, həqiqi Kalvin təliminə yad idi). Bununla, həyatın müqəddəsləşdirilməsi işgüzar müəssisəyə uyğunlaşdırılırdı. Kalvinizmin lüterançılığın əksinə olaraq həyat praktikasına tətbiq etdiyi etik davranışda bu metodikliyin nəticəsi bütün insan həyatının dərin xristianlaşdırılması oldu. Kalvinist təsirin xarakterini düzgün başa düşmək üçün həmişə yadda saxlanmalıdır ki, bu metodiklik dindarların həyatına təsir göstərilməsində həlledici amil olmuşdur...
İndi isə peşə meyilinin puritan ideyasının dini əsasları ilə qısa tanışlığa cəhd etdikdən sonra fikrimizi bu ideyanın sahibkarlıq fəaliyyəti sahəsinə göstərdiyi təsirin öyrənilməsinə yönəldək.
M.Veber qeyd edirdi ki, Kalvin ruhanilərin varlı olmasını nəinki onların fəaliyyətinə maneə hesab edirdi, əksinə, var-dövlətə onların nüfuzunu artıracaq vasitə kimi baxır, onların öz əmlakını sərfəli işlərə qoymasına icazə də verirdi, bir şərtlə ki, bu, ətrafdakıları qıcıqlandırmasın. Puritan ədəbiyyatından sərvət və maddi nemətlərə hərisliyi pisləyən istənilən sayda nümunə gətirmək və onları öz xarakteri ilə daha sadəlövh orta əsr etik ədəbiyyatına qarşı qoymaq olar. Bütün bu nümunələr ciddi xəbərdarlıqları bildirir; iş, fəqət, bundadır ki, onların həqiqi etik əhəmiyyəti və şərtlənməsi yalnız bu sübutların diqqətlə öyrənilməsindən sonra aşkar edilir. Arxayınçılıq və əldə olunanla kifayətlənmək, zənginlikdən həzz almaq və ondan irəli gələn nəticələr (fəaliyyətsizlik və şəhvani əyləncələr və hər şeydən əvvəl "müqəddəs həyata meyilin zəifləməsi") - bütün bunlar mənəviyyatsızlıq kimi pislənilməlidir. Mülkiyyət yalnız ona görə şübhə doğurur ki, o özü ilə fəaliyyətsizlik və arxayınlıq təhlükəsi gətirir. Çünki "müqəddəsləri" "əbədi rahatlıq" o dünyada gözləyir, bu dünyada isə insan özünün xilasına əmin olmaq üçün nə qədər ömrü varsa, onu göndərənin işləri ilə məşğul olmalıdır. Fəaliyyətsizlik və nəşə deyil, yalnız fəaliyyət, Allahın iradəsinin aydın ifadəsinə görə, Onun əzəmətinin yüksəlməsinə xidmət edir. Deməli, vaxtın səmərəsiz keçirilməsi ən əsas və ən ağır günah hesab olunur. İnsan həyatı son dərəcə qısa və qiymətlidir, o öz meyilinin "təsdiq olunmasına" sərf edilməlidir. Bu, vaxtın dünyəvi əyləncələrə, "boş çərənləmələrə, dəbdəbələrə", hətta artıq yuxuya (altı, on çoxu səkkiz saatdan artıq olmamaqla) sərf edilməsi mənəvi cəhətdən yolverilməzdir. Burada Bencamin Franklinin əsərində verilən "vaxt puldur" ifadəsi hələ özünə yer tapmamışdır, ancaq mənəvi baxımdan bu ideya xeyli möhkəmlənmişdir; vaxt olduqca bahadır, çünki hər itirilən saat Allahdan kəsilib alınır, Onun əzəmətinin artırılmasına verilmir. Buna görə də seyrçilik hər halda peşəkar fəaliyyətinə ziyan verdiyi zaman boş, bəzən isə zərərli məşğuliyyət hesab olunur. Çünki seyrçilik Allahın iradəsinin peşə çərçivələri daxilində yerinə yetirilməsinə nisbətən Ona daha az gərəklidir. Özü də belə məşğuliyyətlər üçün bazar günləri vardır...
Puritanizmin seksual asketizmi rahiblərin bu məsələyə münasibətində əsaslı prinsipi ilə deyil, dərəcəsinə görə fərqlənir. O, nikah həyatına da aid olduğuna görə fəaliyyət dairəsi daha genişdir. Çünki nikahda cinsi əlaqələr də Allahın şöhrətini artırmaq üçün Onun məsləhət bildiyi işlərdən sayılır. "Doğub-törəyin və artın. Fiziki şəhvətə qarşı da dini şübhələrin aradan qaldırılmasına xidmət etməli olan təsirli vasitə təklif olunur: pəhriz, bitki qidaları və soyuq vanna ilə yanaşı, daha bir göstəriş verilir: "Qan-tər içində öz yolunda çalış".
O yazır: "Ancaq əmək öz əhəmiyyətinə görə bu çərçivələrdən kənara çıxır, çünki o özlüyündə Allah tərəfindən insan həyatının məqsədi kimi müəyyən edilmişdir. Apostol Pavelin "işləməyən dişləməz" sözləri əhəmiyyətli və zəruri göstərişə çevrilir. İşləmək arzusunun olmaması bərəkətin yoxluğunun əlaməti idi...
Seçilmişlik insafda ifadə olunur, o isə, öz növbəsində peşə borclarının dəqiq və metodik şəkildə yerinə yetirilməsində əks olunur. Allahın istəyinə elə-belə əmək deyil, yalnız peşə daxilində səmərəli fəaliyyət uyğundur. Peşəkar fəaliyyətə Allah tərəfindən qabaqcadan müəyyən edilmiş qismətə boyun əyilməsi kimi baxan Lüterdən fərqli olaraq, peşəkar meyil haqqında puritan təlimində vurğu peşə asketizminin metodik xarakterinə edilir. Buna görə də puritan təlimi bir neçə callingsin (meyillərin) nəinki birləşdirilməsini müdafiə edir (bir şərtlə ki, bu, ümumi və şəxsi firavanlığa yardım edəcək, heç kəsə zərər yetirməyəcək və bu peşələrdən hər hansı birinin çərçivələri daxilində vəzifələrin yarıtmaz yerinə yetirilməsinə səbəb olmayacaqdır), həmçinin bir peşədən digərinə keçənlərin də (əgər bu, yüngüllükdən deyil, Allaha daha gərəkli olan işlə məşğul olmaq istəyindən irəli gəlirsə) pislənilməsini qəbul etmir. Daha bir ən vacib məsələ: peşənin faydalılığı və buradan da Allaha gərəkliliyi, ilk növbədə mənəvi baxımdan, sonra isə onun çərçivələri daxilində istehsal olunan nemətlərin "bütün cəmiyyət üçün vacibliyi dərəcəsinə görə müəyyən edilir"; bununla yanaşı, üçüncü və əslində, daha vacib olan meyar peşənin "gəlirliliyidir". Çünki əgər Allah (puritan bütün şəraitdə baş verənlərə Onun müəyyən etdiyi qismət kimi baxır) özünün seçilmiş bəndələrindən kiməsə gəlir götürmək üçün imkan verirsə, o, bunu müəyyən niyyətləri əsas tutaraq edir. Dindar xristiansa yuxarıdan gəlmiş göstərişə əməl etməli və ona verilmiş imkandan istifadə etməlidir. "Əgər Allah sizə bu yolu göstərirsə və siz bu yolla getməklə öz ruhunuza və başqalarına xələl gətirmədən, qanuni qaydada, başqa yoldakına nisbətən daha çox qazana bilərsinizsə və onu rədd edib daha az gəlirli yolu tutursunuzsa, onda siz bununla meyilinizin (calling) məqsədlərindən birinin həyata keçirilməsinə mane olur, Allahın məsləhət bildiyi işlər müdiri (steward) rolunu və Onun bəxşişini götürməkdən imtina edirsiniz... Siz, şəhvani əyləncələr və günahkar nəşələr üçün deyil, Allah naminə çalışmalı və varlanmalısınız. Sərvət yalnız tənbəlliyə, fəaliyyətsizliyə və günahkar dünya nəşələrinə həvəsi özündə gizlətdiyinə görə, sərvət toplamaq istəyi isə yalnız qayğısız və şən həyat məqsədi güddükdə pislənilir. Peşə borcunun yerinə yetirilməsi nəticəsində əldə olunan sərvətə isə nəinki mənəvi cəhətdən bəraət qazandırılır, hətta toplanması məsləhət görülür. Bu haqda, ona verilmiş gümüş minanı (qədim yunan pulu - red.) artıra bilmədiyinə görə cəzalandırılmış qul barədə rəvayətdə guya aydınca danışılır. Yoxsul olmaq istəyi, tez-tez göstərildiyi kimi, xəstə olmaq istəyinə bərabərdir... İşləməyə qadir adamın dilənçilik etməsinə gəldikdə isə, bu, təkcə fəaliyyətsizlik günahı deyil, həm də, apostolun sözlərinə görə, öz yaxınını sevmək məsləhətinin pozulması deməkdir.
M.Veberin qeyd etdiyi kimi, daimi peşənin asketik əhəmiyyətinin vurğulanması müasir peşə ixtisaslaşmasının etik cəhətdən idealizə olunmasına xidmət etdiyi kimi, qazanc istəyinin İlahidən gələn bir şeyin olduğu kimi izah olunması da işgüzar adamın tərənnümünə xidmət edir. Asketik əhval-ruhiyyəli puritanları eyni dərəcədə həm əyanın aristokratik səliqəsizliyi, həm də qəfildən varlanmış gədanın lovğalığı iyrəndirir. Ayıq burjua - self-made man (özünə borclu olan adam - red.) tam etik rəğbətlə qarşılanır...
Bunu da nəzərə alaq ki, puritanizmə orta əsr və müasir yəhudi təsərrüfatı etikası da yaddır, özü də bu fərq, xüsusilə hər iki dini təlimin kapitalizm etosunun inkişafına həlledici təsir edən xüsusiyyətlərə münasibətdə özünü göstərirdi.
Yəhudilər siyasi, yaxud möhtəkirliyə istiqamətləndirilmiş "avantürist" kapitalizmin dairəsində idilər: onun etosu, əgər səciyyələndirməyə cəhd etsək, kapitalist parilərin etosu idi; puritanizm isə rasional burjua işgüzarlığı və əməyin səmərəli təşkili etosunu təmsil edirdi və yəhudi etikasından, o, yalnız onun istiqamətlənməsinə uyğun gələnləri götürmüşdü...
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə deməyi mümkün hesab edirik ki, protestantizmin dünyəvi asketizmi sərvətdən nəşələnmək üçün istifadə olunmasını qətiyyətlə rədd edir və istehlakın azaldılmasına (xüsusilə də, o, israfçılığa çevriləndə) çalışırdı. Bununla yanaşı, o, qazanc yığıcılığını ənənəvi etikanın psixoloji əsarətindən azad edir, qazanc meyilini məhdudlaşdıran qandalları dağıdır və onu nəinki qanuni, həmçinin Allaha gərəkli (yuxarıda deyilən mənada) məşğuliyyətə çevirirdi.
Əgər istehlakın məhdudlaşdırılması azad edilmiş qazanc meyili ilə birləşərsə, onda bunun obyektiv nəticəsi asketik qənaətə məcbur etmək yolu ilə kapital toplanmasından ibarət olacaqdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru